«Human Rights Watch» qondarma ittihamlarla həbsə atılanların azadlığa buraxılmasını istədi

27.11.2013
Georgi Qoqiya: “«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı irəli sürülən qondarma ittihamla o, tənqidi yazılarına görə 9 il müddətinə azadlıqdan məhrum edilib”.
Bir neçə gün əvvəl Azərbaycanın dövlət başçısı İlham Əliyevə «jurnalistlərin dostu» mükafatının verilməsi yerli mediada geniş diskusiya səbəb olduğu kimi, beynəlxalq medianın da diqqətindən kənarda qalmayıb. «Human Rights Watch» təşkilatının Cənubi Qafqazda insan haqları üzrə eksperti Georgi Qoqiya bununla bağlı məqalə ilə çıxış edib. Məqalə təşkilatın rəsmi internet saytında yerləşdirilib. Məqaləni diqqətinizə çatdırırıq:

Azərbaycanın dövlət başçısı jurnalistlərin “dostu” deyil

“Mən Azərbaycanın prezidenti İlham Əliyevə yerli mətbuat işçilərinin «jurnalistlərin dostu» mükafatını təqdim etdiyi barədə xəbəri oxuduqdan sonra təqvimi yoxlamaq qərarına gəldim. Çünki dəqiqləşdirmək istəyirdim: bu, 1 aprel zarafatı deyil ki?

Bu adda mükafatı təqdim etməyə bundan «uğurlu» namizəd tapa bilmək üçün çox fikirləşmək lazım idi. Niyə? İzah edim. Azərbaycan müstəqil və müxalif KİV-lərə qarşı sərt dövlət siyasətinin yürüdülməsiylə bağlı uzun tarixə malikdir. Yüksək çinli dövlət məmurları hakimiyyəti tənqid edən media işçilərinə, hüquq müdafiəçilərinə qarşı Cinayət Məccələsindəki şər və böhtan kimi maddələrdən uğurla istifadə edir. Son altı ildə dövlət məmurları tərəfindən qaldırılan işlər üzrə onlarla jurnalist qondarma ittihamlarla cinayət məsuliyyətinə cəlb edilərək, ya həbs olunub, ya da külli miqdarda cərimələnib.

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə, insan haqları müdafiəçilərinin fəaliyyətinə dəfələrlə müdaxilə olunaraq, onlar polis və mülki geyimlilərin fiziki təzyiqlərinə məruz qalıblar. Müvafiq strukturlar heç kimi jurnalistlərin döyülməsi faktına görə məsuliyyətə cəlb etməyib.

Yalnız bu il ərzində «Human Rights Watch» təşkilatı 7 nəfər jurnalistin tənqidi araşdırma yazılarına görə həbs edildiyi barədə hesabatla çıxış edib. Həmin jurnalistlərdən biri «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. Ona qarşı irəli sürülən qondarma ittihamla o, tənqidi yazılarına görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şər və böhtan Azərbaycanda hələ də cinayət əməli kimi tanınır. Halbuki 2012-ci ildə Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərə görə Diffamasiya haqqında qanunun qəbul edilməlidir. Amma bunun əksinə olaraq Azərbaycan parlamenti 2013-cü ildə qəbul etdiyi qanunla internetdə səslənən fikirlərə görə də cinayət məsuliyyətinin nəzərdə tutulmasını elan etdi. Yaranmış vəziyyətdən irəli gələrək Azərbaycanda bir çox jurnalistlər yüksək çinli məmurlar və ailə ilə bağlı şirkətlər barədə yazanda özünüsenzura həyata keçirirlər. Xədicə İsmayılın da şantajla üzləşməsinə səbəb onun tənqidi araşdırma yazıları olub.

İlham Əliyevin jurnalistlərin dostu olması üçün onun yalnız bir mükafat alması kifayət deyil. Qondarma ittihamlarla həbsə atılanların azadlığa buraxılması bu istiqamətdə yaxşı başlanğıc olardı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button