Hüquq müdafiəçiləri vəkillərə təzyiqləri pisləyirlər
Xural.com Turan-a istinadən xəbər verir ki, Siyasi Məhbusların Monitorinq Mərkəzi (SMMM) tanınmış vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasını pisləyib.
Bu addım məhkəmələrdə vətəndaşların hüquqi nümayəndəliyinin məhdudlaşdırılmasının hüquqi müdafiənin keyfiyyətinin, vəkillərin fəaliyyətinin effektivliyinin artırılmasına və onların sayının artmasına yönəlməsi ilə bağlı hakimiyyətin fikirlərinin tutarlı olmadığını göstərdi.
Əslində vətəndaşların hüquqi müdafiəsini zəiflədən addım atılıb. “Belə ki, siyasi məhbusların hüquqlarını müdafiə edən azsaylı vəkillərdən biri Yalçın İmanov müdafiədən kənarlaşdırılıb”, – SMMM-in rəhbəri Eşlən Həsənov bildirib.
O, hakimiyyətə sərf etməyən vəkillərin kənarlaşdırılmasında Vəkillər Kollegiyasından istifadə olunmasını acınacaqlı hal adlandırıb. Bundan öncə bu yolla Əlaif Həsənov, Aslan İsmayılov, Xalid Bağırov, Elçin Namazov və başqaları vəkillik səlahiyyətindən məhrum ediliblər.
Vəkil Əlabbas Rüstəmov uydurma ittihamla həbs edilib. Siyasi məhbusları müdafiə edən digər vəkillər – Nemət Kərimli, Əsabəli Mustafayev, Fəxrəddin Mehdiyev, Aqil Layicov, Elçin Sadıqova qarşı inzibati çəkişmələrə təşəbbüs göstərilib.
E.Həsənov diqqəti ona yönəldib ki, vəkillərə təzyiqlər müstəqil mediaya növbəti hücumlarla eyni vaxtda baş verir.
“Əflatun Amaşovun rəhbərlik etdiyi Mətbuat Şurası vasitəsilə ifadə azadlığına qanunsuz təzyiqlər edilir. Siyasi məhbusların hüquqlarının pozulmasını işıqlandıran saytlar “qara siyahı”ya daxil edilir. Belə ki, Mətbuat Şurasının tövsiyəsi ilə məhkəmə qərarı olmadan realliq.info,realliq.az, NİA.az,neytral.az, politika.az, vediinfo.az, obyektiv.org, sonolay.org, ulus.az, qanunxeber.az,infoaz.org, xalqinsesi.com, aztoday.az saytları bloklanıb.
“Biz, keçmiş siyasi məhbuslar vəkillərə və KİV-ə qarşı repressiv metodları pisləyirik, vəkillərin hüquqlarının bərpa edilməsini, jurnalistlərə təzyiqlərə son qoyulmasını tələb edirik”, – bəyanatda deyilir.
Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş vicdan məhbusu tərəfindən yaradılıb.