Hüquq müdafiəçisi: “Oğurluq hadisəsi baş vermiş ofisdə oğurluq əşyalar saxlamaq absurddur”

Elçin Məmməd özünün məhkəməsində hüquq müdafiəçilərinə müraciət etdi.
Avqustun 14-də hüquq müdafiəçisi Elçin Məmmədə qarşı cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsində proses keçirilib. Onun hüquqlarını vəkil Fariz Namazlı müdafiə edib. Hakim Pərviz Hacıyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. O bildirib ki, Elçin Məmməd özgə əmlakını talamaq məqsədilə cari ilin mart ayında zərərçəkmişin əl çantasından 5.993 manat dəyərində qızıl zinət əşyalarını oğurlamaqla sonuncuya xeyli miqdarda ziyan vurub. Dövlət ittihamçısının sözlərinə görə, həmin əşyalar təqsirləndirilən şəxsin rəhbərlik etdiyi QHT-nin ofisindən aşkarlanaraq götürülüb.
Bundan əlavə, həmin ofisdən istintaqa məlum olmayan mənbədən doqquz ədəd makarov tipli silahdan atəş açmaq üçün nəzərdə tutulmuş kalibrli patronlar da tapılıb.
Sonra hüquq müdafiəçisi ifadə verdi. Elçin Məmməd ilk öncə yerli hüquq müdafiəçilərinə yazılı müraciət ünvanlayıb. Müraciətində bildirib ki, ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmir və bəraətini tələb edir. O, hesab edir ki, barəsində açılmış cinayət işi hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır və yaydığı tənqidi hesabatlarına adekvat cavabdır. Onun sözlərinə görə, bu cür səriştəsiz gedişlər sadəcə ölkəmizin beynəlxalq nüfuzuna kölgə salır.
Elçin Məmməd müraciətində onu da bildirib ki, qanunsuz həbs olunmasının araşdırılması üçün dəfələrlə aidiyyəti orqanlara müraciəti nəticəsiz qalıb. Ev dustaqlığına buraxılması ilə bağlı ərizələrinə müsbət cavab verilməyib. “Buna baxmayaraq, məhkəmənin cinayət işinin tam obyektiv və hərtərəfli araşdıracağına ümid edir” – deyə Elçin Məmməd müraciətində bildirib.
Elçin Məmməd hesab edir ki, məhkəmənin məsələyə ədalətli yanaşması ölkə başçısı İlham Əliyevin son dövrdə məhkəmə hüquq sistemindəki islahatlarının və minlərlə şəxsin alternativ tədbirlərlə azad olunması üçün gördüyü işlərin ruhuna uyğun olardı. Elçin Məmməd həmçinin bildirib ki, səhhəti pisdir və onun həbsdə qalması vəziyyətini daha da ağırlaşdıracaqdır. Yerli hüquq müdafiəçilərindən barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesini diqqətdə saxlamağı xahiş edib. Müraciət hüquq müdafiəçilərindən Novella Cəfəroğluya, Arzu Abdullayevaya, Səidə Qocamanlıya, Səadət Bənənyarlıya ünvanlanıb. Daha sonra Elçin Məmməd ifadəsini davam etdirərək bildirib ki, ittihamlarla razılaşmır və cinayət işi üzrə özünü təqsirli bilmir. Rəhbərlik etdiyi təşkilatın ofisindən “aşkarlanan əşyalar”dan isə xəbəri yoxdur. Və şübhə var ki, həmin əşyalar öncədən yerləşdirilib. Hüquq müdafiəçisi qeyd edib ki, üç il öncə adı çəkilən ofisdə oğurluq hadisəsi baş verib və bir sıra mühüm əşyalar götürülüb. İndiyə qədər hadisənin iştirakçıları tapılmayıb və guya araşdırma davam edir. O bildirib ki, oğurluq hadisəsi baş vermiş ofisdə qızıl əşyaları və qanunsuz patronların saxlanması absurddur. Elçin Məmməd ofisində baş vermiş oğurluq hadisəsinin araşdırma nəticələri barədə məlumat verilməsi üçün Sumqayıt şəhər polis idarəsinə ünvanladığı məktubu hakimə təqdim edib. Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, ittiham olunduğu cinayət işi üzrə evində və ofisində axtarış aparılması barədə məhkəmə qərarı olsa da, ancaq ofisdə bu həyata keçirilib. Belə çıxır ki, həmin əşyaların məhz ofisdə olması barədə öncədən məlumat olub.
Elçin Məmməd onu da bildirib ki, bu il keçirilmiş növbədənkənar parlament seçkilərində namizəd olub və axtarış aparılan ofis seçki qərərgahı kimi fəaliyyət göstərib. O, burada seçicilərlə mütəmadi görüşüb, seçki pozuntuları ilə bağlı şikayətlər hazırlayıb. Bu şəraitdə hansı məntiqlə qanunsuz işlərlə məşğul olub ofisdə qızıl və patronlar gizlətməlidir? Elçin Məmməd ona da toxunub ki, martın 26-da polisə çağırılıb və barəsində oğurluqla bağlı şikayət olduğunu bilib.
Axtarış isə martın 30-da aparılıb. Elçin Məmməd dərhal həbs edilib. Oğurluq törədən şəxsin bu zamana qədər əşyaların ofisdə götürməməsi ağılsızlıq olardı. Qeyd edək ki, şahid qismində prosesə cəlb edilmiş ofisdə axtarış aparan Sumqayıt şəhər cinayət axtarış şöbəsinin rəisi Haqqverdi Zeynalov, 1-ci polis bölməsinin rəisi Azər Əhmədov və digər polis əməkdaşları məhkəmədə iştirak etməyiblər.
Növbəti məhkəmə prosesi avqustun 21-də zərərçəkmiş şəxsin və şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button