Hüquq-müdafiə təşkilatının mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulmasına dair hesabatı

Siyasi Məhbusların Monitorinqi Mərkəzi (SMMM) qeyri-hökumət təşkilatı vətəndaşların hüquqlarının dövlət qulluqçuları tərəfindən pozulmasına dair hesabatı açıqlayıb.

Monitorinq rayonların və şəhərlərin icra hakimiyyəti orqanlarını əhatə edib.

15 səhifəlik araşdırmada məmurların torpaq sahələrini zorla alması, renovasiya layihəsi çərçivəsində sakinlərin məcburi köçürülməsi, yaşıllıqların kəsilməsinə dair çoxsaylı faktlar ortaya qoyulub.

Belə ki, Ağcabədi rayonunun Sarıcalı kəndində rayon rəhbərliyi 2 min ha qış otlağının təyinatını dəyişərək özəl şirkətə verib.

Gədəbəy rayonunda biznesmen Fəxrəddin Bağırov ona məxsus kommersiya obyektinin sökülməsilə bağlı yerli administrasiya rəhbərliyinin qərarından şikayət edib.

Rayon məmurları tərəfindən sui-istifadələr və onların mülkiyyət hüquqlarını pozması Bakı rayonlarında da geniş yayılıb.

Bakının Sabunçu rayonunda yerli hakimiyyət yaşıl massivin özəlləşdirilməsinə dair müqavilə bağlayıb. Belə ki, ərazidə tikinti işlərinin aparılması planlaşdırılıb.

Mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması evlərin renovasiyası üzrə “pilot layihə” çərçivəsində baş verir.

Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami Yasamal, Səbayel, Pirallahı və Xəzər rayonlarında yüzlərlə ailə zorla öz evlərindən çıxarılıb.

Həmin adamların bir müddət sonra yeni mənzillərlə təmin olunacağına heç bir zəmanət yoxdur. Çünki köhnə evlərin yerində tikiləcək binalarda mənzillərə ev veriləcəyi barədə müqavilələr notarial qaydada təsdiqlənmir.

Rayon hakimiyyəti nəinki müqavilənin yerinə yetirilməsinin qarantı kimi çıxış etmir, həm də razılaşmayan sakinlərin sıxışdırılması prosesində fəal iştirak edir.

Adamları evlərindən çıxmağa məcbur etmək üçün elektrik enerjisini, qazı, suyu, telefon xəttini kəsirlər. Məmurlar evlərdə qalan və xüsusi qayğıya ehtiyacı olan yaşlıları və uşaqları nəzərə almır.

SMMM-in rəhbəri qeyd edir ki, bütün bunlar mülkiyyət toxunulmazlığı barədə Avropa İnsan Hüquqları Konvensiyasının maddələrinə və Azərbaycan Konstitusiyasına ziddir.

E.Həsənovun sözlərinə görə, Nazirlər Kabinetinin Mənzil Fondunun yenilənməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər haqqında qərarına görə, fiziki və hüquqi şəxslərin mülkiyyəti yalnız onların razılığı ilə, eyni zamanda mülkiyyətin tam dəyərinin ödənilməsi və ya digər adekvat daşınmaz əmlakın verilməsilə alına bilər.

E.Həsənov təəssüflə qeyd edib ki, məhkəmələr vətəndaşların hüquqlarını təmin etmir.

Hətta məhkəmələr vətəndaşların xeyrinə qərar çıxarırsa, söküntünün dayandırılması barədə qərar qəbul edirsə belə, bu qərarlar yerinə yetirilmir.

Hesabat müəllifləri hakimiyyəti Avropa konvensiyası və Konstitusiya normalarına, qanunlara əməl etməyə, mülkiyyətin alınması zamanı bazar qiymətlərinə uyğun kompensasiya ödənilməsinə çağırırlar.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş vicdan məhbusu tərəfindən yaradılıb.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button