Hüquq müdafiəçisi təzyiqlə üzləşdi

Keçmiş deputatlığa namizəd, hüquq müdafiəçisi Səyyarə Heydərova dekabrın 13-də saat 14.10 radələrində mağazadan yaşadığı Xətai rayon Xudu Məmmədov ev 21-ə qayıdarkən binanın zirzəmisinə dolan suyu və binaya dəyən təhlükənin şəklini çəkərək FHN-nə təqdim etmək istəyib. Bu zaman blokun girişində dayanan 3-4 nəfər ona yaxınlaşaraq, onunla kobud rəftar edib və əlindəki cüzdanını almağa çalışıb. Səyyarə Heydərovanın sözlərinə görə, ona təzyiq göstərən bu adamlar binanın 8-ci blokunda yaşayan falçının yanına gələn müştərilər olub: «Yəqin onlar elə güman etdilər ki, mən zirzəmini deyil, onların şəklini çəkirəm. Amma dəfələrlə bu haqda izah etməyə çalışsam da, mənə qulaq asan olmadı və sol əlimi yuxarı nayihədən buraraq və haqqımda nalayıq söyüşlər edərək məni zor gücünə tünd çəhrayı rəngli Opel markalı, dövlət nömrə nişanı AZ 10 MZ 630 olan maşına soxmağa başladılar. Onların biri qadın idi və o özünün yüksək vəzifəli adam olduğunu iddia edirdi. O mənə tez-tez, “gör sənin başına nə oyun açacağam” deyirdi.  Mən hay-küy salandan və mobil telefonla 102-yə zəng vurmağa çalışandan sonra isə onlar əlimdəki 2 mobil telefonumu aldılar. Bu zaman mənim səsim 102 xidmətində də qeydə alınıb. Mənə təzyiq göstərən adam kənarda bu hadisəni müşahidə edən və mənə köməyə gəlmək istəyən adamlara özünü polis əməkdaşı kimi təqdim etdi və qanunsuz hərəkətində haqlı olduğunu göstərməyə çalışdı» Səyyarə Heydərova təxminən 20 dəqiqədən sonra hadisə yerinə Xətai rayon 36-cı Polis Bölməsinin əməkdaşlarının gəldiyini və tərəflərin polis bölməsinə aparıldığını bildirib. Polis Bölməsinin rəisi Məhəmməd Əliyevlə görüşərkən S.Heydərovanın cüzdanı və iki mobil telefonu ona təzyiq göstərən «polis əməkdaşı»nın anasının əlində olub. Səyyarə Heydərovanın etirazlarından sonra cüzdanı və mobil telefonları özünə qaytarılıb. S.Heydərovanın sözlərinə görə, Polis Bölməsinin tədqiqatçısı, polis kapitanı Müqəddəs Rəsulzadə müvafiq izahatları alandan sonra onu Məhkəmə Tibb Ekspertizasına baxış üçün göndərib. Ekspertizanın rəyindən sonra müvafiq qərar qəbul olunacaq.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button