Hüquq müdafiəçisinin məhkəməsi keçirilir

Elçin Məmməd : “Mənə qarşı qərəzli münasibət ölkə rəhbərinin islahatlarının ruhuna ziddir”

Xural.com xəbər verir ki, iyulun 30-da “Sumqayıt Gənclərinin Hüququ Maarifləndirilməsi” ictimai birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmmədə qarşı qaldırılan cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsində hazırlıq prosesi baş tutub. Hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilmiş prosesdə hüquq müdafiəçisinin vəkili Fariz Namazlı iki vəsatət qaldırıb.
Məhkəmə baxış ərəfəsində azad edilmə barədə təqdim olunan vəsatətini vəkil onunla əsaslandırıb ki, cinayət prosesində iştirak edən şəxslərə təsir göstərmək, məhkəmədən gizlənmək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən şəxslərə təsir göstərmək vəya saxtalaşdırmaq mümkün deyildir.
Belə ki, hüquq müdafiəçisi özünü təqsirli bilmir, cinayət işi üzrə oğurlandığı iddia olunan əşyalar polis tərəfindən şikayətçiyə təqdim olunub. Sonuncunun işə də əlavə olunmuş ərizəsində qeyd edilib ki, Elçin Məmmədlə bağlı hər hansı şikayəti yoxdur. Vəkil növbəti dəfə vəsatətində göstərib ki, ofisdən çıxarılan patronlar odlu silahın kompleks hissəsi hesab edilə bilməz. Çünki silahın özü yoxdur və bu epizod üzrə cinayət işinə xitam verilməlidir. Fariz Namazlı bununla bağlı Avropa İnsan Haqları məhkəməsinin Eynulla Fətullayevin işi üzrə qərarında göstərilənləri presedent olaraq göstərib.
Hakim hər iki vəsatəti təmin etməyib. Məhkəmədə çıxış edən Elçin Məmməd qeyd edib ki, məhkəmə baxışının normal gedişinə mane olmaqda maraqlı deyil, çünki onunla bağlı yaranmış vəziyyətdə ədalətin bərpasını istəyir.
Hüquq müdafiəçisi əlavə edib ki, cəmiyyətdəki nüfuzu, bu il keçirilmiş seçkilərdə deputatlığa namizəd olması və hüquq müdafiəçisi kimi fəailliyəti cəmiyyət üçün təhlükə yarada biləcək əməllərə yol verə bilməz.
Məhkəmə baxışı avqustun 14-ə təyin edilib. Xatırladaq ki, Elçin Məmməd bu ilin martında həbs edilib və ona qarşı oğurluq, qanunsuz silah saxlama maddələri ilə cinayət işi açılıb. Hüquq müdafiəçisi ittihamları qəbul etmir və hesab edir ki, bütün bunlar ölkədəki insan haqlarının vəziyyəti ilə bağlı yaydığı tənqidi hesabatlara qarşı bəzi qurumların adekvat cavabıdır. Bu da prezident cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsindəki fəaliyyətinin, məhkəmə hüquq sistemində atdığı islahatların ruhuna ziddir.
Elçin Məmməd hesab edir ki, son dövrdə mindən çox məhkumun şərti azadlığa buraxılması, bir o qədər də şəxsin ev dustaqlığına və alternativ tədbirlərlə azad olunması məhz prezidentin humanist siyasətinin tərkib hissəsidir.
Hüquq müdafiəçisi məhkəmənin barəsində humanist qərar çıxaracağına inanır və ümid edir ki, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri nəzərə alınacaqdır.
Qeyd edək ki, bəzi beynəlxalq təşkilatlar və yerli hüquq müdafiəçiləri Elçin Məmmədin müdafiəsinə qalxıblar və onun azad olunması üçün səy göstərirlər.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button