Hüquqşünas: “Dövlət istəsə, erkən nikahların qarşısını ala bilər”

Yayımlandı: 28 Sentyabr 2022 16:28

Kəmalə Ağazadə: “Sərtləşdirilmiş qərarlar verməyin vaxtıdır”

2021-ci ildə Azərbaycanda 15-17 yaşında olan 5 qadın boşanıb.

Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncləri” statistik məcmuəsində bu barədə məlumat dərc olunub.

Bildirilib ki, 2021-ci ildə boşananların ümumi sayı 17191 nəfər olub.

Onlardan 3107 nəfəri 15-29 yaşlarında olan kişilərdir.

15-29 yaşda boşanan qadınların sayı isə 6642 nəfərdir.

Onlardan beş nəfəri 15-17, 175-i 18-19, 2207-si 20-24, 4255-i 25-29 yaşında olub.

Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycanda 15-17 yaşında 137 gəlin nikaha daxil olub.

2021-ci ildə Azərbaycanda ümumilikdə 56314 nikah qeydə alınıb.

Nikaha daxil olan kişilərdən 35418-i 15-29 yaşda olub.

Nikaha daxil olan kişilərdən biri 15-17, 169-u 18-19, 9842-si 20-24, 25406-sı 25-29 yaşda olub.

2021 nikaha daxil olan qadınların sayı 46708 olub.

Onların 137-si 15-17, 11399-u 18-19, 22642-si 20-24, 12530-u 25-29 yaşında olub.

Hüquqşünas Zibeydə Sadıqova Meydan TV-yə deyib ki, Azərbaycan qanunvericiliyində qadın və kişi üçün nikah yaşı on səkkiz müəyyən olunub. 18 yaşdan aşağı nikaha daxil olmağa icazə verilmir:

“15 yaşında nikaha girən vətəndaşı hansı dövlət reyesteri qeydiyyata alıb? Ailə Məcəlləsinin 10-cu maddəsində qeyd olunub ki, ancaq 18 yaşında nikaha daxil ola bilərsən. Üzrlü səbəblər olarsa, ancaq müvafiq icra hakimiyyəti orqanının xahişi ilə minimum bir il azaldıla – 17 yaş ola bilər. Tutaq ki, qız hamilədir və nikahı rəsmiləşdirmək istəyirlər, bu halda bir yaşı nəzərə ala bilərlər”.

Zideydə Sadıqova. Foto: Meydan TV

Hüquqşünas deyir ki, erkən evlililklərin qarşısını almaq baxımından dövlətin geniş imkanları var:

“Qurumlar, televiziyalar, təhsil sistemi, səhiyyə – dövlətin əlində cəmlənib. Dövlət istəsə, çox rahatlıqla bunun təbliğatını apara, qarşısını ala, ən azı sayını azalda bilər. Yəni qız uşaqlarının təhsildən yayınmasının qarşısını ala, hər evdən məktəbə gedənlərin statistikası aparıla bilərlər. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ombudsman Aparatına əlavə səlahiyyətlər verilməlidir ki, bu qurumlar bu problemlərlə birbaşa məşğul ola bilsinlər. Prezident həmişə tədbirlər planı imzalayır. Tədbirlər planı içərisində erkən nikahların qarşısını almaq üçün mütərəqqi tədbirlər olur. Amma bu tədbirlərin nə vaxt reallaşacağı barədə heç kimdə məlumat yoxdur. Ona görə də bu problemlər bu ildən növbəti illərə keçir, həllini tapmır”.

“Dövlət Statistika Komitəsi tərəfindən belə bir rəqəmin səsləndirilməsi qeyri-mümkündür. Burada söhbət qeyri-rəsmi münasibətlərdən gedir”,- deyə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Meydan TV-yə bildirib.

Kəmalə Ağazadə
Foto: Kəmalə Ağazadənin şəxsi arxivindən

Onun sözlərinə görə, erkən nikah dedikdə burada ailələrdə davranışların, əxlaq kodeksinin aşağı olmasından söhbət gedir:

“Biz bu gün belə uşaqlarla çox qarşılaşırıq. Bu kimi halların da kökündə ailə dəyərlərinin çox aşağı olması dayanır. Sərtləşdirilmiş qərarlar verməyin vaxtıdır. Bu il xeyli sayda qaçmış, qaçırılmış, oğurlanmış qızlarla bağlı məlumatlar oldu. Bunların əksəriyyəti regionlarda baş verib. Səkkiz-on birinci sinif şagirdləri olan qızlar idi. Nikahda yaş həddinin bir yaş azaldılmasının çox ciddi monitorinqi aparılmalıdır. Mən məktəb direktorları ilə görüşlərimdə deyirəm ki, ilk növbədə həssas ailələri müəyyən etmək lazımdır. Həssas ailələrin məlumat bazası yaradaılmadığı müddətdə biz erkən münasibətlərdən dünyaya gələn uşaqları da, artan statistik rəqəmləri də görəcəyik”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button