Hürufilər Şah İsmayılı niyə tərk etdilər?-EHTİMAL

Şah İsmayılın məliküş-şüarası, yəni şairlər şairi Həbibi hürufilik təriqətindədir. Şah İsmayılı və onun babalarını mədh edın Süruri və Tüfeyli onun saray şairləri idi. Şah İsmayılın özü Nəsimini bir neçə şeirində rəğbətlə yada salır, hətta özünü onun ruhunun daşıyıcısı da sayır. O, şeirlərinin birində qeyd edir ki, əgər dediyimə inanmırsınızsa, onda Nəsiminin sözünə müraciət edin. Yəni Nəsiminin sözü və özü onun nəzərində çox ali məqam sahibidir. Şah İsmayıl Fəzlullahın da adını çəkir.

Kult.az xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Teleqraf.com-a geniş müsahibəsində deyib. O bildirib ki, araşdırmalar nəticəsində Şah İsmayılı hakimiyyətə gətirən batini zümrələrin içində hürufilərin də olduğu qənaətinə gəlib:

“Çünki hürufilərin hər zaman müxtəlif üsyan və etiraz hərəkatları ilə bağlılıqları olub. Şah İsmayılın Fəzlullaha, Nəsimiyə bu qədər rəğbəti həm də onu çevrələyən insanların etiqadından qaynaqlanır.

Hürufilər uzun illər, yəni Çaldıran döyüşünə qədər Şah İsmayılın ətrafındadırlar. Çaldıran məğlubiyyətindən sonra Həbibi Anadoluya aparılır, Süruri Şah İsmayılın sarayını tərk edir, yaxud onu da aparırlar – bu barədə dəqiq məlumat yoxdur. Nəbati hürufi şairidir, çox güman Çaldırandan sonra döyüşlərdə iştirak etdiyindən əsir tutulub Anadoluya götürülür. Bircə Tüfeylinin Çaldırandan sonrakı taleyi bilinmir.

Yəni hürufilər Şah İsmayılın tərəfdarları kimi onun ətrafında idilər. Şah Abbasın dövründə baş verənlərsə artıq başqa hadisədir”.

O qeyd edib ki, Çaldırana qədər hürufilər Şah İsmayılın çevrəsində idilər və tədricən müxtəlif səbəblərdən onu tərk edirlər:

“Hürufilərin Şah İsmayılı tərk etməsinin əsas səbəbini bilmirəm. Tarixi qaynaqlarda qeyd olunur ki, Şah İsmayıl hakimiyyətə gələndə geniş müzakirələr təşkil olunur. Şiəlik məzhəbinimi dövlətin əsas ideyası götürəcəyik, yaxud səfəvilik təriqətinimi deyə fikir mübadiləsi aparılır.

Səfəviyyə kök etibarilə sünni təriqəti idi, amma Şah İsmayıla qədır şiəliyə yönəlmişdi. Müzakirələrdə belə qənaətə gəlinir ki, təriqəti seçsələr, onların ardınca gələn az olacaq, ona görə məzhəbə üstünlük verirlər. Şah İsmayılın dövləti təriqət dövləti olmur. Bu, hürufilərin böyük ümid bəslədiyi dövlət idi.

Vaxt ötdükcə Şah İsmayıl doğru olaraq məzhəb yönünü seçir. Məsələn, hürufilərin davamçıları olaraq nöqtəvilər bir də Şah Abbasın dövründə üzə çıxırlar. Nöqtəvilər 7 il boyunca Şah Abbasla müttəfiq olurlar.

Şah Abbas hakimiyyətə çox gənc yaşında gəlir, daim nöqtəvilərin məclislərində iştirak edir. Günlərin birində həmin təriqətdən olan Yusif Sərrac, ona Yusif Nöqtəvi də deyilir (M.F.Axundovun “Aldanmış Kəvakib”dəki Yusif Sərrac obrazının prototipi – red.), gizli məqsədlərini açır. O, sirri açanda məlum olur ki, onların məqsədi hakimiyyətə yiyələnməkdir.

Nöqtəvilər hürufilərdən də kəskin siyasiləşmişdilər. Bunu başa düşəndə Şah Abbasın məsləhətçiləri qəti qərar verirlər ki, nöqtəvilər ya həbs olunmalı, ya da öldürülməlidir. Yusif Sərracın ölüm məsələsi çox maraqlıdır, Mirzə Fətəli Axundov “Aldanmış kəvakib”də hadisəni tarixi köklərə uyğun şəkildə verir. Yusif Sərracın camaatın içində nüfuzu yüksək idi, eynən Nəsimi kimi, onu birdən-birə öldürə bilmir, oyun oynayırlar. Xalq istəyirdi ki, Şah Abbası devirib yerinə Yusif Sərracı hakimiyyətə gətirsinlər.

Yusif Sərrac doğrudan şah elan edilir. Halbuki o, ev dustağı idi. Üç gün boyunca heç təzə şahla ünsiyyət yaradıb məlumat ala bilmir.

Nəhayət, hadisələri elə qururlar ki, guya sarayda çaxnaşma baş verir, ulduzların hökmü ilə Yusif Sərrac aradan götürülür”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button