Hüseyn Abdullayev həbsdən prezidentə məktub yazıb: “Siyasi ambisiyam yoxdur…”

Yayımlandı: 12 Avqust 2022 15:50

Keçmiş deputat vaxtından əvvəl azadlığa çıxma ilə bağlı qanunun verdiyi imkandan istifadə edə bilmədiyini deyir

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev Prezident İlham Əliyevə müraciət edərək, siyasi ambisiyası və heç bir qrupla əlaqəsi olmadığını bəyan edib. O hesab edir ki, müəyyən qüvvələr onun haqqında prezidentə yalan məlumat verib. Sabiq deputatın fikrincə, son 5 ildə onun başına gətirilənlərdən dövlət başçısının xəbəri yoxdur. Hüseyn Abdullayev avqustun 12-də prezidentə ünvanladığı məktubda yazıb:

“Təəssüf ki, hakimiyyətdən uzaqlaşdırılmış bəzi qüvvələr sizin siyasətinizə zidd gedir, ölkəmizin nüfuzuna böyük xələl gətirir. Uzun illərdir haqqımda sizə yalan və böhtan xarakterli məlumatlar veriblər, mənə qarşı ədavətlərini davam etdiriblər.

Bilirəm ki, mənə verilən əzabdan və misli görünməmiş iztirablardan xəbəriniz yoxdur və heç vaxt da bunu istəməzsiniz. Özünüz şahidsiniz ki, mən bu dövlətin təməlini bərkidən və mərhum atanızın ən güvəndiyi ilk, əsas silahdaşlarından biri olmuşam. Hətta Naxçıvanda yaşayarkən atanızın müdafiəsinə qalxdığım üçün 1991-1992-ci illərdə silahlı basqınlara məruz qalmışam, Culfa şəhərində ailəmlə yaşadığım evə od vurularaq yandırılmışdı…”.

2018-ci ilin aprelində Türkiyədə saxlanılıb zorla Azərbaycana gətirildiyini, saxta ittihamlarla həbs olunduğunu vurğulayan Hüseyn Abdullayev yada salıb ki, BMT-nin Qanunsuz həbslərlə bağlı İşçi Qrupu da onun həbsinin qanunsuz olduğunu bəyan edib, azad edilməyini istəyib.

Keçmiş deputat deyir ki, ona kəsilmiş əsassız cəzanın üçdə iki hissəsini də çəkib, lakin qanunun vaxtından əvvəl azadlığa çıxma ilə bağlı verdiyi imkandan da istifadə edə bilmir. Hesab edir ki, onunla ədavəti olan qüvvələr buna imkan vermir:

“Bu şəxslər, hətta Azərbaycanın öz qanunlarına da məhəl qoymurlar. Barəmdə çıxarılan məhkəmə hökmünün tam qanunsuz olmasına baxmayaraq, verilmiş cəzanın üçdə iki hissəsi keçib və mən artıq ölkə qanunvericiliyinə əsasən də azad edilə bilərəm. Əsl haqqım bəraət olduğu halda, bu hüququmun belə təmin edilməsi yubadılır”.

Hüseyn Abdullayev müraciətinin sonunda İlham Əliyevə çatdırır ki, siyasi ambisiyası yoxdur, barəsində ona deyilənlər də yalandır:

“Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur. Ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də sizə müraciət edirəm. İnanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız, zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz”.

2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button