Hüseyn Abdullayev xalqa müraciət etdi: “Məqsədim İlham Əliyev hakimiyyətini dəyişməkdir”

Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev seçki platformasını açıqlayıb. Xural.com Hüseyn Abdullayevin facebook səhifəsində paylaşdığı seçki platformasını təqdim edir:

Əziz həmvətənlərim, dəyərli bacı-qardaşlar və sevimli Azərbaycan xalqı!!!
Xatirinizdədirsə mən keçən yazılarımın birində 2018-ci ildə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar öz namizədliyimlə bağlı fikirlərimi və platformamı açıqlayacağıma söz vermişdim. Bu gün bunu etməyimin vaxtı olduğunu, lakin bəri başdan bir neçə mühüm amilin də altını cızmağımın doğru olduğunu düşünürəm. Əvvəla, məni sevən və hər zaman dəstəkləyən dostlarıma bildirim ki, öz namizədliyimin qeydə alınmasından ötrü mubarizəmi aparıb, sonuna qədər gedəcəyəm. Amma bununla yanaşı, hesab edirəm ki, əgər bizlər prezident seçkilərinə qədər bir araya gəlməsək, lazımi milli iradəmizi ortaya qoyub hakimiyyətin istefasını tələb etməsək, yenidən İlham Əliyev kimi bir despot və diktatorun seçkini saxtalaşdırmasına imkan versək, nəinki mənim, digər namizədlərin də seçki kampaniyasını aparması, yaxud da seçkidə qalib gəlməsi mümkün olmayacaq. Bu baxımdan, fikirləşirəm və əminəm ki, xalqımız kütləvi şəkildə Milli Şuranın təyin etdiyi mitinqlərə qatılmalı, heç bir təzyiqdən çəkinməməli və köləliyə son qoymaq məqsədi ilə bu rejimin dəyişməsinə nail olmalıdır. Hər kəs anlamalıdır ki, həmin kütləvi mitinqlərə qatılmaq, kiməsə səs verib onu prezident seçmək deyil. İnşallah, bunların hakimiyyətdən rədd olub getmələrindən sonra azad, şəffaf və sözün əsl mənasında demokratik bir seçki keçirərik, o zaman millətimiz kimi istəyərsə, kimə daha çox etimad göstərərsə, onu da seçər.

Bəziləri söyləyə bilər ki, Hüseyn Abdullayevə nə var ki, bu gün oturub Almaniyada istədiyini deyə bilir və ona bütün bunları söyləmək çox rahatdır. Məgər mən də başqa iş adamları, deputatlar və nazirlər kimi çəkilib kənarda dayanaraq, pulumu qazanıb, bütün dünyanı gəzib öz keyfimə baxa və ömrüm boyu çalışıb qazandığım mülklərimi qoruya bilməzdimmi? Bəs niyə bunu etməyib hər şeyə tüpürərək və Almaniyada deyil, elə Azərbaycanda bu rejimə qarşı çıxıb, parlamentdə üzlərinə üsyan etdim? Çünkü mənim üçün şəxsi marağın və şan-şöhrətin heç bir önəmi yoxdur. Bir istəyim və məqsədim varsa, o da çörəyi dizi üstündə olan, öz keçmişini unudan və hər birimizə şər-böhtan atmaqla qor-qoduğun ayağına verən İlham Əliyevin hakimiyyətini dəyişməkdir. Zənnimcə artıq öz platformamı təqdim etməyimin vaxtıdır.

Prezident seçilərəmsə, həllini qarşıma məqsəd qoyduğum əsas prioritet məsələlər bunlardır:
1. Ölkəmizdə tam qayda-qanun yaratmaqdan ötrü ən azı 2 illiyinə fövqəladə vəziyyət elan edəcəyəm. Və bu müddət ərzində bütün dövlət strukturlarında, xüsusilə də hüquq-mühafizə orqanları, məhkəmə, ədliyyə və gömrük-vergi sistemlərində kök salmış kriminal ünsürlərin cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəcəyəm.
2. Tək adam və ailə iradəsindən asılı olan Prezident üsul-idarəsini ləğv edib, Parlament üsulu ilə idarəetmə sisteminə keçidi reallaşdıracam. Elə bir Parlament olsun ki, başda dövlət başçısı, baş nazir və digər nazirlərdən hesab tələb etməyə, gərəkirsə kimliyindən asılı olmayaraq hər birini cinayət məsuliyyətinə cəlb etməyə səlahiyyəti və hüququ olsun.
3. Dövlət büdcəmizin sadəcə xammaldan (neft və qaz) asılılığını minimuma endirib, çoxşahəli ixrac modelinin yaradılmasına hər cür şərait və imkan yaradacağam. Müqayisə üçün qeyd edim ki, heç bir önəmli təbii sərvətə sahib olmayan Almaniya öz iqtisadiyyatını məhz bu istiqamətdə formalaşdırır. Təsəvvür edin ki, Almaniya milli şirkətləri “MADE İN GERMANY” brendi altında hər il orta hesabla 1 trilyon 400 milyard avro dəyərində mal ixrac edirlər. Azərbaycandakı mövcud rejimin 2018-ci il üçün nəzərdə tutdugu 11 milyard 837 milyon dollarlıq gülünc büdcə vəsaitindən fərqli olaraq.

Çox dəyərli dostlarım!.. 
Burada öz subyektiv fikrimi bildirərək deməliyəm və bu da bir acı reallıqdır ki, yuxarıda qeyd etdiyim amilləri həyata keçirmədən, heç bir güclü iqtisadiyyatdan, muasir standartlara cavab verən keyfiyyətli təhsildən, səhiyyədən və başqa vacib sahələrin səhmana salınmasından danışmaq qeyri mümkün olacaq.
Bu yazımı yekunlaşdırmadan əvvəl, “haqqın az” və “musavat.com” saytlarının mənim ünvanıma yönəltdikləri absurd və sifarişli iddialarına da cavab vermək istəyirəm.
Ey… Azərbaycanda tez-tez mövqe dəyişməkdə məşhur olan “Fazilətin cütlüyü” (Eynulla Fətullayev və Rauf Arifoğlu)!.. Son vaxtlar millətimizi çaşdırmaq məqsədi ilə mənimlə baglı şantaj, təhdid və agır ittihamlarla dolu əsassız məqalələr dərc edirsiniz. Əgər bu dediklərinizi sübut etməsəniz ŞƏRƏFSİZSİNİZ, NAMUSSUZSUNUZ, ALÇAQSINIZ. Bircə onu biləsiniz ki, bu camaat necə sizdən iyrənir və hər birinizə necə nifrət edir. Mənim heç zərrə qədər də şübhəm yoxdur ki, sizlər bir gün məhkəmə qarşısında hər atdığınız böhtana, şərə və yalana görə cavab verəcəksiniz. Amma hələlik nə qədər ki, tiran İlham Əliyev iqtidardadır, istədiyinizi yazın. Bir az da bol yazın.

O ki qaldı xalqımızın mənə etimad göstərib səs verib-verməməsinə, arxayın olun, ürəyinizi buz kimi saxlayın və bilin ki, əgər azacıq da olsa demokratik bir seçki keçirilərsə, sizin İlham Əliyevinizdən qat-qat artıq səs toplayaram. Bundan qəti şübhəniz olmasın.

Hüseyn Abdullayev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button