Hüseyn Abdullayevdən fərqli olaraq – Foto-Video

adil əliyevlə9

Adil Əliyev: “Mən heç kimə qoşulmaram”

Deputat Adil Əliyev gözləntilərimizin əksinə olaraq, bizi incitmədi, yormadı, get-gələ salmadı. Əlaqə saxladıq, danışdıq, vaxtlaşdıq və görüşdük. Bəzi siyasi partiya sədrlərinin köməkçiləri kimi kimsə bizə hansı sualı verib hansı sualı verməməli olduğumuz haqqında xəbərdarlıq da etmədi. O, ən maraqlı deputatlardan biridir. Parlamentə seçilmə tarixi də var – 2003-cü ilin prezident seçkilərində ən çox səs alan 2-ci adamı udub. Bu seçkilərin nəticələri hələ də danışılır və maraqlıdır ki, onun seçkiləri udduğu haqqında fikirlər də səsləndirilməmiş deyil. Belə bir adamla müsahibə etmək, onunla iqtidaryönlü deputat kimi danışmaq bizə də maraqlı idi.

“Gözlədiyimiz cavabları verdimi?” “Onda təxmin etdiyimiz potensialı gördükmü?” “Həqiqətən parlamentə, millət vəkili olmağa laqiydirmi?” kimi suallara cavab vermədən bircə şeyi deməliyəm ki, Adil Əliyevlə müsahibə maraqlı alınıb. Onu izləməyə və dinləməyə dəyər. O zaman bütün sadaladığım suallara cavab verə biləcək əlahəzrət Oxucu.

Hə, o da maraqlıdır ki, söhbətin sonunda Adil Əliyevdən ən tərs sualların müəlliflərinə bir təklif də gəldi: “”Qaynar Qazan” o sual müəlliflərini bir araya gətirsin, onlarla hansı suallar ətrafında istəyirlərsə, polemikaya davam edək”. İddialı və maraqlı təklifdir. Onunla ən tərs sualların müəlliflərini də bir araya gətirməyə və müzakirəni davam etdirməyə çalışacağıq.

Bu, Adil Əliyevdir. Əli İnsanovdan Məhərrəm Əliyevə, Abdulla Abdullayevdən Hüseyn Abdullayevə – hamısından danışan, ölkədə müəyyən bir təbəqəyə qarşı ədalətsizlik olduğunu deyə bilən, siyasi məhbuslar problemindən bəhs edən deputat.

Baxaq…

Əvəz Zeynallı

II-sonuncu hissə

adil əliyevlə7

I hissəni bu linkdə axtarın: “Mən udmuşam deyə İsa Qəmbərin plakatlarını mən cırdırmışam?” https://www.xural.com/?p=26920

Müxalifət partiyaları adlanan partiya sədrləri mənə zəng edib ki…

– Əmrah Vətənsevər deyir: “Adil bəyi heyf ki, tanımıram, amma son günlər onun haqqında bəzi insanlardan tərif dolu söhbətlər eşitmişəm. Buna baxmayaraq, bir sualım var: Adil bəy, sizə yardım üçün indiyədək müxalifətdən kimsə müraciət edibmi, edibsə, sizin təpkiniz necə olub?”

– Mən bayaq da dedim ki…

– Bəli, bayaqkı sualın davamı da demək olar…

– Mənə çox yerdən belə müraciətlər olub. Müxalifət partiyaları adlanan partiya sədrləri mənə zəng edib ki, sənin ərazində bir nəfər var, vəziyyəti, durumu ağırdır. İrana müalicəyə getməlidir və yaxud da ev, balkon problemi var… Ya da qonşu, qaraj, məsələn, müəyyən sənəd problemi var. Biz onların hər birinə gücümüz çatan qədər köməklik etmişik.

– Maraqlıdır, müxalifət partiyaları sizə müraciət ediblər?

– Bəli, müxalifət partiyasının sədri şəxsən mənə zəng vurub və məndən xahiş edib ki, filan məsələyə kömək edim.

– Adını çəkmək olar?

– Yox, yox, təbii ki, olmaz. Elə şeyləri demərik. Ancaq prinsipə düşsələr, həmin adamlarla görüşdürə bilərəm.

– Vüsal Səid Rzazadə israrla bir neçə dəfə mənə sual verdi. Mən də bildirdim ki, bu sualı necə vermək olar? Amma o yenə də israr etdi ki, siz bunu Adil müəllimə deyin ki, ona minnətdaram və soruşun ki, Vüsal sizə qardaşlıq, qan borcunu necə ödəsin? Mən bilmirəm, söhbət nədən gedir? Heç onu da bilmirəm ki, Vüsalı tanıyırsınızmı?

– Yox, tanımıram.

– Görünür, ona nə vaxtsa yaxşılığınız keçib, yardımınız toxunub. Rüstəm İsmayılov soruşur ki, Adil Əliyevdən söruşun ki, bölgələrdə müxalifət namizədlərinə və onlara imza verən sıravi şəxslərə fiziki və mənəvi təzyiqlərin olması haqqında məlumatı varmı? Yəni yenə belə çıxmırmı ki, hakimiyyət bir daha Milli Məclisi tam müxalifətsiz edəcək? Hal-hazırda həm mətbuatda, həm də sosial şəbəkələrdə, həqiqətən də əyalətlərdə və Bakıda olan bəzi təzyiqlər haqqında danışılır, yazılır…

– Bilirsinizmi, məsələ necədir? O müxalifəti təmsil edən insanlar da – imza verən, səs verən adamı heç kim izləmir – bilə-bilməz ki, filankəs filankəsə imza verdi, səs verdi. Əgər o insan istəmirsə, mən istəmirəmsə sizə səs verəm, məni zorla məcbur edə bilərsinizmi? O yerlərdə baş verən belə məsələlərdə orada həmin insanların hörmətlərinin olmamasından irəli gəlir. Əgər həmin adam o bölgədə namizədliyini irəli sürmək istəyirsə, o zaman ondan soruşurlar ki, sən kimsən ki, bura gəlmisən? Bura nəyə görə gəlməlisən? Mən sənə nəyə görə imza verməliyəm? Bir insanın istəyini dövlətin istəyi kimi qələmə vermək düzgün deyil axı…

– Amma pasportlar, şəxsiyyət vəsiqələri yığılır, sonra da imza verən incidilir…

– Vallah, o imza verən də incidilmir. Bu gün mənə imza vərəqəsinə imza verən zaman ərazidən mənə  çoxlu sayda adam müraciət elədi ki, bura gəliblər, imza toplayırlar. Dedim ki, verin də imzanızı. İmza səs deyil ki… Mənim nə qədər alternativim çox olarsa, mən bir o qədər güclü rəqabət aparacam. Qoy olsunlar. Yəni bu gün insanları tanımırlar, gedirlər, sonra da şikayətlənirlər. Onlara deyirəm ki, indi mən nə edim, o adamlara deyim ki, sənə imza versinlər, səs versinlər? Axı, desəm, özümə deyərəm də… Azərbaycanda bir günün içində, bir neçə saatın içində bəlkə də imza toplayan adam çox ola bilər, amma özümdən demək kimi çıxmasın, onlardan biri də mənəm. Gəlin, bu gün burada oturaq, ya da gedək, özünüz görün ki, bir günün içərisində nə qədər imza vərəqi toplaya bilirəm.

– İmzanı neçə günə topladınız?

– Bir günə. Çünki artıq 10 ildir ki, mənim hər ərazidə öz vəkilim olur.

 

adil əliyevlə2

Bəzi şeylər var ki, mətbuat üçün deyil

 

– Mən yanlış bilmirəmsə, siz ilboyu işləyən bir mexnizmə sahibsiniz. Bəlkə də ona görə çətin deyil?

– Müəyyən şeylər var ki, onlar mətbuat üçün deyil. Yəni mən işimi elə qurmuşam ki, mütəmadi olaraq insanlarımızla, seçicilərimlə geniş görüşlərimiz olur. Belədə də bütün xeyir və şər işlərdə mən insanların yanındayam. Elə insanlar da var ki, ötən 10 ildə mən onların səsini də eşitməmişəm, özünü də görməmişəm. Ancaq bu o demək deyil ki, bu, 43-46 min seçiciyə şamil olunur. Eləsi də var ki, hər gün görürəm. Mənim qərargahım hər gün seçicilərimlə doludur. İndi mən elə mexanizm fikirləşmişəm ki, – indi görəcəksiniz – elə start verəcəm ki, heç Azərbaycanda elə start verən yoxdur, olmayıb da…

– Yəni daim işləyir seçki qərargahı?

– Təbii… Mən daim ərazidəyəm. Mən seçicilərimlə daimi bir yerdəyəm.

– Fərid Cabbarlı soruşur: “İcra başçısı olsanız, daha çox iş görmək olar yoxsa, millət vəkili kimi daha çox iş görürsünüz?”

– Mən icra başçısı olmağın heç arzusunda deyiləm, açığı… Heç vaxt da icra başçısı olmaq arzusuna düşməmişəm, olmaq da fikrim yoxdur. Təbii ki, sabah dövlətimiz deyərsə ki, hansısa sahə zəif sahədir, burada işləmək lazımdır, canla-başla dövlətimizin istənilən əmrinə tabe olub işləyəcəm. Ancaq mən icra başçısı olmaq arzusunda olmamışam və təbii ki, icra başçısı konkret bir rayon üçün işləyə bilər, ancaq millət vəkili bütün Azərbaycan üçün çalışır, bütün azərbaycanlılar üçün çalışır. Mən seçim qarşısında qalsam, bütün Azərbaycan üçün gördüyüm işləri kənara qoyub, bir icra başçısının gördüyü işləri üzərimə götürmək fikrim yoxdur.

– Türkel Azərtürk deyir ki, Adil müəllimin bir müsahibəsi var idi, o, jurnalistin, “siyasətdən bir az uzaqlaşdınız?” – sualına, “heç siyasətlə məşğul olmağa vaxt var ki?” – deyə cavab vermişdi. Deputat da siyasətə qarışmırsa, o zaman siyasətlə kim məşğul olmalıdır?

– Mən bitərəf millət vəkiliyəm. Siyasi partiyaların Azərbaycanı təmsil edən Yeni Azərbaycan Partiyası var. Hansı ki, siyasi işlərlə məşğul olur, siyasi məsəslələri müzakirə edirlər… Yəni hər şeyi də siyasiləşdirmək olmaz. İnsanlar elə bilirlər ki, dövlət işilə məşğul olmaq siyasətdir. Siyasətlə partiya nümayəndələri daha çox məşğul olmalıdır. Ki, mən də heç bir partiyanın üzvü olmamışam. Bugünkü günə qədər də üzvü deyiləm, üzv olmaq fikrimdə yoxdur.

adil əliyevlə1

Heç bir partiyanın üzvü deyiləm, çox sərbəst və rahatam…

– Bu heç bir partiyanın üzvü olmamaq, parlamentdə sizə hər hansı bir sərbəstliyi verirmi?

– Çox sərbəstəm, çox rahatam…

– Yəni heç kimin bir sözü, bir iradı yoxdur ki?

– Heç kim mənə irad tuta bilməz, nə partiya tərəfindən, nə də bir başqası… Vaxtım daha çoxdur. Onsuz da bizim iclaslarımızın, şəxsi işlərimizin, Federasiyamızın işinin çox gur vaxtında, üstəlik bir partiyanın da işi üstünə gəlsə, çətin olardı. O iclasdan çıxdım gəldim Federasiyanın iclasına, partiyanın da üzvü olsaydım, buradan da çıxıb getməli idim partiyanın  iclasına… Yəni o baxımdan, mən çox sərbəst, çox rahatam.

– Heç bir təklif-filan olmayıb ki, partiyanın üzvü olmağa?.. Bir söz demirlər ki?

– Rəhmətlik ulu öndər demişdi ki, “bitərəflər bizim “Qızıl Fond”umuzdur…”

– Yəni bu mənada siz özünüzü “Qızıl Fond”a aid edirsiniz?

– Bəli, mən əgər bu dövləti təmsil edirəmsə, özümü bu dövlətin əsgəri hesab edirəmsə, bu hakimiyyətin əmrinə tabe olan insanamsa, hesab edirəm ki, partiya üzvü oldum, ya da olmadım, mən partiyanın qərarlarını təsdiqləyirəm, dəstəkləyirəm. O demək deyil ki, mən partiya üzvü deyiləmsə, mən buna müdaxilə edə bilmərəm. Partiya Azərbaycan naminə, dövlətçilik naminə çoxlu işlər görür və o qərarları da mən dəstəkləyirəm. Ancaq partiya üzvü deyiləm.

“Ölkədəki rejimin əbədi olmadığını bilirlərmi?”

– Teymur Həsənov  soruşur: “Ölkədəki rejimin əbədi olmadığını bilirlərmi? Əgər bilirlərsə, o zaman nə üçün o Milli Məclisdə daha çox xalqın yox, hakimiyyətin maraqlarına uyğun qərarlar çıxarılır?”

– Vallah, hakimiyyətin marağı xalqın marağıdır. İnsan ömürlük deyil, əgər 150 il yaşayan insan mənə göstərsəniz, o zaman mən də deyərəm ki, mən də 150 il yaşayacam və yaxud da kredit kartımı o dünyada da işlədəcəm. Bilirsinizmi, hər şeyə baxmaq, yanaşmaq prizması var. Təbii ki, elə adam var, işin içində görür, yanaşır, biri də var qıraqda durur, yanaşır. İşin içində olan daha açıq-aydın görə bilir. Qıraqdan baxan isə hamısını görə bilmir. Əgər bu insanlarla biz oturub bir yerdə söhbət eləsək – mən istəyərəm ki, 10-20-30-50 belə insan yığışsın və mən də o insanlarla görüşüm. Mən sizi inandırıram ki, o sağlam təxəyyüllü insanlar, sağlam fikrə malik olan insanların 90 faizinin fikrini dəyişəcəm.

– Maraqlı fikirdir. Biz bu təklifi məhz həmin adamlar üçün edərik. Yəni deyirsiniz ki, şəxsi söhbətlərdə onları daha çox inandırmaq imkanı olar?

– Bəli, ola bilsin ki, onlar bir sual verirlər, mənası başqa cürdür, mən başqa cür cavab verirəm. Ancaq yerində müzakirə eləsək, yerində sorğu-sual olsa, elə bilirəm ki, biz bu məsələləri daha ətraflı müzakirə eləyə bilərik.

adil əliyevlə

Mənim vicdanım təmizdir

– Səfər Cavadov soruşur: “Millət vəkili olduğu dönəmdə Xocalı soyqırımının dünyaya tanıdılması üçün hansısa işləri görübmü? Belə məsələlərdə bizim parlament niyə passiv görsənir?” Məncə, siz bu sahədə fəalsınız, amma…

– Mən, Azərbaycan-Niderland dostluq qrupunun rəhbəriyəm. Azərbaycan-Niderland dostluq qrupunun rəhbəri olduğum müddətdə Haaqa şəhərindəki Xocalı abidəsinin açılışında, Xocalı ilə bağlı Niderland parlamentində apardığımız müzakirələr, parlament səviyyəsində yox, təbii ki… ancaq parlament binasında keçirdiyimiz tədbirlərdə bu məsələləri müzakirə etmişik. Deməli, mütəmadi olaraq, 7 il, 8 il dalbadal mən dostluq qrupuna daxil olan ölkələrin parlamentlərinə, senatlarına hər Xocalı soyqırımı, 20 Yanvar, Dünya Azərbaycanlılarının soyqırımı günü münasibətilə müraciətlər eləmişəm, təkliflər göndərmişəm. O məsələlərin gündəmə çıxarılmasını, hüquqi qiymət verilməsini  istəmişəm.  Bu kimi müraciətlərim həmişə olub. Ola bilsin ki, sual verən bu insanın Xocalıdan xəbəri var. Amma çox adam var ki, Xocalı haqda məlumatı olmadan sual verirlər. Xocalı faciəsinə hüquqi qiymət verilməsi üçün dövlət də nə qədər işlər görür. “Xocalıya ədalət!” kampaniyası dövründə biz nə qədər işlər gördük, nə qədər çalışdıq. Biz şəxsi vəsaitlərimiz, tanışlarımızın şəxsi vəsaitlərilə Azərbaycana gətirdiyimiz hər bir idmançıya, hər bir qonağımıza biz Xocalını, şəhidlərimizi, Quba soyqırımı, Azərbaycanın başqa acı həqiqətlərini anlatmışıq. Qaçqın-köçkünlərimiz, torpaqlarımızla bağlı işlər görmüşük. Bu hər bir insanın daxilində formalaşan bir fikirdir. İnsandan insana fərq var. Azərbaycana adamın elə qonağı gəlir ki, halbuki o qonağın bir müsahibəsi bütün dünyanı qarışdırar, ancaq qonaq gələndən sonra da Azərbaycan həqiqətləri heç yadlarına da düşmür. Elə o restoranı gəzir, bu restorandan da çıxıb gedir. Qonaq da qalır anlaşılmazlıqda. Əgər həmin adama burada olarkən bircə kəlmə bəyanat verdirsən, bir intervü verdirsən ki, Azərbaycanda belə bir problem var, belə bir inkişaf var, belə məsələlər var, o zaman dünya bir-birinə qarışar. O hər bir insanın özünə bağlı olan məsələdir. Məsələn, mənim vicdanım təmizdir. Ona görə təmizdir ki, bu məsələlərdə mən çox müzakirələr aparmışam, çox məsələlər də qaldırmışam.

Bəs biz kiminlə əməkdaşlıq edək?

– Gülşən Şərif soruşur: “Azərbaycanın Rusiyaya tərəf yaxınlaşması, Qərbə və Avropaya qarşı sərt davranış sərgiləməsinə münasibəti necədir? Hal-hazırda Rusiyanın durumunun o qədər də yaxşı olmadığını görürük. Azərbaycanın Rusiyaya yaxınlaşma cəhdi bir risk sayılmazmı? Və bu riskin kökündə Qarabağ münaqişəsinin mövcudluğu əsas yer tuta bilərmi?”  Hər halda bu son günlərin aktual məsələlərindəndir…

– Bəli, bu, son günlərin aktual məsələlərindəndir. Bu məsələ elə bir məsələdir ki, Azərbaycan bu gün kiminləsə ittifaq bağlamalı, kiminləsə əməkdaşlıq etməlidir. Bu gün əgər Avropa, Amerika Azərbaycana qarşıdırsa, o zaman oturaq 3 milyon azərbaycanlının yaşadığı Rusiyanı da özümüzə qarşı çıxaraq? O zaman nə edək? İran bu tərəfdən başımızın üstünü kəsib, Ermənistan bu tərəfdən… Bəs biz kiminlə əməkdaşlıq edək? Heç bir zaman Azərbaycan indiki qədər uğur əldə etməyib, heç bir zaman bugünkü qədər güclü olmayıb. Azərbaycan bu gün güclü dövlətdir. Azərbaycanın öz strategiyası var, Azərbaycan öz müstəqil siyasətini həyata keçirir. Bu siyasətin də həyata keçirilməsində Azərbaycan dövləti, Azərbaycan hökuməti olaraq böyük işlər görülür. Azərbaycanda hələ seçkilər keçirilməyib, Avropa Şurası Azərbaycanla bağlı bəyanatlar yayırlar, seçkilərin ədalətsiz keçiriləcəyini iddia edirlər. Əşşi… Qoyun hələ bir seçki başlasın da…

– Yəni bunu Azərbaycana təpki hesab edirsiniz?

– Bəli, hələ ortalıqda bir şey yoxdur, deyirlər ki, Azərbaycan niyə Rusiya ilə ittifaqa meyllidir? Nə qədər azərbaycanlı var ki, Rusiyadan dolanır. Nə qədər azərbaycanlı bu gün Rusiyada yaşayır. Biz bu gün öz müstəqilliyimizi, öz siyasətimizi heç kimə qurban vermərik. Yəni inanmıram ki, dövlət tərəfindən, dövlət başçısı tərəfindən Azərbaycanın ziyanına olan addımlar atılsın, qərarlar qəbul edilsin. Bu gün Azərbaycan müstəqil siyasətini həyata keçirir, Azərbaycan öz sözünü deyir və başqalarına da Azərbaycan həqiqətlərinə uyğun olaraq, öz dilində danışmağa məcbur edir.

– Yeganə Əmiraslanlı soruşur: “100 faiz eyni cəbhədə olduqları Hüseyn Abdullayevin başına gətirilənlərə etiraz etməmək, ən azı etibarsızlıq deyilmi?” Münasibətləriniz yaxşı olub, səhv etmirəmsə…

– Münasibətlərimiz? Mənim münasibətim nə yaxşı, nə də ki, pis olub. Yəni belə bir dostluğum, qardaşlığım olmayıb, belə bir düşmənçiliyim də olmayıb. Hüseyn Abdullayevi tanımışam təbii ki… Ancaq Hüseyn Abdullayevlə bağlı həmin ərəfədə çıxarılan qərarda mənim dəsti-xəttim, öz fikrim olub. Mən demişəm ki, əgər Hüseyn Abdullayevə qarşı müəyyən tədbirlər görülürsə, o zaman alternativ olaraq o münaqişə yaradan başqa millət vəkilinə də olmalıdır. Bu fikri mən demişəm…

adil əliyevlə13

Fəzail Ağamalı da cəzalandırılmalı idi…

– Fəzail Ağamalı ilə olan hadisədə?

– Bəli… Bəli… Həmin ərəfədə. Təbii ki, Hüseyn Abdullayev Azərbaycana qarşıdır. Bu gün sən kimdənsə inciyə bilərsən, bu, o demək deyil ki, sən Azərbaycana, dövlətə, dövlətçiliyə qarşı olmalısan. Əgər mən bu gün bu dövləti təmsil edirəmsə, bu dövlətin şəxsiyyət vəsiqəsini cibimdə gəzdirirəmsə, mən özümə azərbaycanlı deyib, pasportunu cibimdə gəzdirirəmsə, bu dövlətin himnini öz himnim sayıramsa, dövlət dilini öz dilim sayıramsa, mən bu dövlətə qarşı heç vaxt çıxmaram. Bu gün mən o adamları qınayıram ki, o adamlar bu gün deyirlər ki, mən əliyevçiyəm, mən bu dövlətin adamıyam, sabah da gedib başqa partiyalara qoşulur. Əgər bu dövlət məni istəməsə, sıralarından məni çıxarsa, xaric eləsə, mən o zaman çalışaram ki, mənə qoşulsunlar… Mən heç kimə qoşulmaram.

– Yəni deyirsiniz ki, Hüseyn Abdullayev yanlış edir müəyyən məqamlarda?

– Yəni mən fikrimi dedim, kim necə istəyirsə, elə də başa düşsün.

 

124 min peyğəmbər bu dünyanın yaşayışını, güzəranını düzəldə bilməyibsə…

 

– Adil müəllim, Əli İnsanov var idi, sizin  münasibətləriniz də yaxşı olub. Hüseyn Abdullayev, Abdulla Abdullayev bir zamanın çox önəmli adamlarından olublar. Onların bəziləri həbsdədir, bəziləri ölkədən gedib. Onlar haqqında nə fikirləşirsiniz, hansı düşüncələriniz var?

– Yenə deyirəm, səhvsiz insan bu həyatda yoxdur. İnsan gərək Allahdan özünə çoxlu səbr diləsin. Səbr. Bu günləri müəyyən yol polisi bizi də saxlayır, o zaman mən düşüm, dava edim ki, mən millət vəkiliyəm, bu mənə qarşı haqsızlıq, ədalətsizlikdir? Orada da münaqişə, söz-söhbət yaransın, münaqişə də keçsin dövlət səviyyəsinə çıxsın və Adil Əliyevi də dövlət məmurunun əleyhinə çıxan bir insan kimi qələmə verəcəklər. İndi mən durum etiraz edim? Mən yol polisi ilə münaqişədə olmuşam, dövlətlə münaqişədə olmamışam ki?

– Belə başa düşdüm ki, ən xırda məsələlərdə səbrli omaq lazımdır?

– Bəli, ən xırda məsələləri şişirdib, istənilən adamları… Sizin bayaq adlarını çəkdiyiniz adamları da, başqalarını da… Yenə deyirəm, bu həyat müvəqqəti bir həyatdır. 124 min peyğəmbər bu dünyanın yaşayışını, güzəranını düzəldə bilməyibsə, bütün o çətinlikləri də biz aradan qaldırıb düzəldə bilməyəcəyik. Bu gün insanlara deyirəm ki, Allah şükür edin ki, sabit və stabil bir dövlətdə yaşayırsınız. Nəyə görə? Suriyada, İraqda, Liviyada, Misirdə – başqa ərəb dövlətlərində yaşamırsınız. Məndən soruşurlar ki, sən niyə o ərəb dövlətlərini deyirsən, amma Avropa dövlətlərini, inkişaf etmiş dövlətləri demirsən? Mən də deyirəm ki, sən mənə Avropa dövlətlərinin icad etdiyi, Ginnesin Rekordlar kitabına düşən insanları qədər burada insan göstər, mən də səni onlarla yox, bu birilərilə “sravnivat” (müqayisə – Red.) eləyim… Axı bir millət, dövlət olaraq azərbaycanlıların bir çoxu hələ dərk edə bilmir ki, soy-kökü haradan gəlib, hansı millətə mənsubdur, bunun dili, dini, irqi nədir? Nə müsəlman kimi müsəlmançılıq edirlər, nə də türk kimi türkçülük…

– Çox problemlərimiz var hələ…

– Məhz bu məsələlər üzərində müzakirələr aparılmalıdır. Biz deyirik ki, problemlərimiz var. Var. Var, təbii ki, var. Elə bilirsiniz ki, biz istəyirik ki, bizim elə problemlərimiz olsun? O problemləri bizim üçün yaradırlar. Allah-təala öz sevimli bəndələrinə heç vaxt əzab verməz. Allah-təala öz sevimli bəndələrinə sınaq verər. Baxar, görər bu insanlar bu sınaqlardan necə çıxırlar. Biz bu sınaqlardan üzüağ çıxmalıyıq. Allaha qarşı üsyan etməməliyik, şükür etməliyik. Ağlımız çatırsa, deyən, müraciət edən insanların özləri mənə göstərsinlər görüm, bu həyatda – mən millət vəkilliyinə qədər gördüyüm işləri deyirəm – kim daha çox iş görüb. Çox iş görən də çoxdur. Mən demirəm ki, bu həyatda mən hamıdan çox iş görmüşəm və mən belə yeganə yaxşı oğlanam. Yəni iş görənlər çoxdur. Mən sadəcə o insanlara deyirəm ki, “gəl otur burada qardaş, de görüm, bu millətin, bu dövlətin, bu xalqın, bu qonşuların üçün nə iş görmüsən? Neyləmisən də sən bu millət üçün ki, indi də yapışmısan bu millətin yaxasından əl çəkmirsən?”

– İlkin Abbasov soruşur: “Adil bəy savadlı, qabiliyyətli adamdır. Amma məlumdur ki, hakimiyyətin komandasında yer almaq üçün savad, qabiliyyət sonuncu meyarlardandır. Bəs, onda Adil bəyin hansı keyfiyyətləri onun hakimiyyət komandasına düşməsində rol oynayıb? 1. İtaətkar və sadiq olması; 2. Naxçıvanlı olması; 3. Qardaşı Məhərrəm Əliyevin köməkliyi; 4. Pulu; 5. Yoxsa, bilmədiyimiz hər hansı bir keyfiyyəti?” Bu, həm də sanki bir testdir.

– Bunların hamısı bir yerdə cəmləşib.

– Yəni hamısı var da?

– Hamısı var. Bəli, hamısı var. Hamısı da olmalıdır və üstəlik də… İnsanın həyatında elə məqamlar olur ki… Hər bir insanın həyatında elə məqamlar olur. Hər bir insanın həyatında dönüş nöqtəsi olub…

– Ağır dönəmlər də olub…

– Bəli… O ağır dönəm olan dövrdə fikirləşirsən ki, ə… mən bu addımı ataram, bundan da pis olar mənim vəziyyətim və yaxud da mən bu addımı atsam, görəsən nə olacaq? Halbuki həmin addımı atmalıdır. Atsın və görsün ki, onun bütün problemləri geridə qalır. İnsan əgər dönüş vaxtında, dönüş nöqtəsində addımı atmırsa… Bir bənna 20 il eyni yolla gedib-gəlir. Bir gün Allaha yalvarır ki, mənim də ruzumu ver, mən də uşaqlarıma bir qismət çörək aparım. Allah-təala görür ki, bu əməli-saleh insandır, 20 ildir öz zəhmətilə çörək qazanır. Bir gün qərara gəlir ki, bunun keçdiyi körpünün üstünə pul kisəsi qoysun. Həmin gün bənna…

– Körpünü gözüyumulu keçir?..

– Yox, fikirləşir ki, 20 ildir o yolu gedir, qoy bir gün də getməsin və yolunu dəyişir. Və həmin günü o imkanını əlindən verir. Yəni bu gün insanlar səbr etmirlər. Allah–təala hər şeyi görür. Allah o insana əzab verirsə, deməli, onun qanunlarından çıxan insandır. Əgər  insan özünü Allahın bəndəsi kimi hesab edirsə, o əzabları özünə sınaq kimi qəbul edirsə, Allah da onun bir sınağını min qat mükafatlandıracaq.

– Adil müəllim, elə hiss elədim ki, o sınaqlardan, ağır dönəmlərdən keçdiyiniz zamanlar çox olub. Bir müddət qardaşınız Məhərrəm Əliyev işdən çıxdı…

– Bəli…

adil əliyevlə12

Mənə salam verməyiblər, millət vəkili ola-ola…

– Bir ara Əli İnsanov həbs olundu. O ərəfələrdə çoxlu sular axdı. Sonra Məhərrəm Əliyev ölkədən kənara getdi. Bütün bunların yükü, məncə sizin də üstünüzdə getdi. Bu ağır dövrlər idimi? Bəlkə də kənardan görünmürdü…

– Bilirsinizmi necədir? Azərbaycan mentalitetində belədir. 100 adamdan 50-si onun qohumuna görə salam verir. Tanımır e, səni… Gəlir ki, “aaa… bu bilirsən nə yaxşı oğlandır?” Març-murç, görüşüb-qucaqlamaq, qonaqlıq, hədiyyə… Bu, Azərbaycan həqiqətidir və bu, mənim heç sevmədiyim bir haldır. Birinə qohumuna görə salam verən adam, həmin qohumu vəzifdən gedəndən sonra bu olur, “xalq düşməni”… Həmin o qabağına qaçan adam, ona salam vermir, üstəlik də dalınca danışır. Yəni bu kimi hadisələrlə mən rastlaşmışam, görmüşəm.

– Hətta siz belə görmüsünüz…

– Mən belə görmüşəm. Hələ millət vəkili ola-ola… Bizim Allaha şükürlər olsun ki, bir cinayətimiz yoxdur, yenə şükürlər olsun ki, biz heç kimi incidib, pulunu əlindən almamışıq. Heç kimə qarşı xəyanət etməmişik. Dövlətimizi, millətimizi, xalqımızı, Prezidentimizi sevmişik, yanında olmuşuq. Biz hər zaman xalq naminə çalışmışıq. Heç bir zaman qəddarlıq eləməmişik – nə mən, nə də mənim qardaşlarım… Çoxu da görməyə-görməyə yanlış fikir formalaşdırır insanlarda… İnsanlar yanlış anlayırlar. Yanlış fikirlərlə bu insanların beynini doldururlar. Xoşagəlməyən bir adam gəlir hər kəsin yanında yalandan deyir ki, mən filankəsi gördüm, maşından düşdü, heç salam da vermədi. Vsyo… Bu birinə deyəcək, o da o birinə deyəcək… Görməyə-görməyə həmin adam haqqında yanlış fikir yaradacaqlar.

– Mənfi rəy formalaşdıra bilirlər…

– Bəli, mənfi rəy formalaşdırırlar. Yəni belə bir məqamlar var.

 

Bu sayt olub bizim başımıza bir bəla…

 

– Adil müəllim, son illər sizin mediaya da yaxın olduğunuz haqqında məlumatlar var. Tural İsmayılov soruşur ki, “necə oldu Adil Əliyev birdən-birə mediaya yaxın insanlardan birinə çevrildi? Bəs niyə bəzi deputatlar jurnalistlərdən qaçır?” Siz yəqin bunu deyə bilməzsiniz. Amma hər bir halda sizin media ilə yaxın münasibətlərinizin olduğu deyilir. Mediaya təmas edirsiniz, hətta bəzi saytlarınızın da olduğu deyilir. Bir iddianızmı var?

– İnanın ki, mənim bir saytım da yoxdur. O vaxt biz fikirləşib bir sayt açmaq qərarına gəldik, sonra da gördüm ki, bu saytın mənə xeyrindən çox, ziyanı var. Hətta o dərəcədə ziyanı oldu ki, hər yerindən duran mənə zəng vurub, “sənin saytın məndən filan şey yazıb”, deyə bildi. Mənim saytım nədir? Mən hara, sayt hara? Bəyəm mən yazı yazıram? Mənim saytdan xəbərimmi var? Bu gün bir dosta, qardaşa jurnalist olduğu üçün kömək etmək istəmişik. Dolanmaq istəyib, biz də onun bir iş yeri olaraq açdığı saytı müəyyən qədər dost-tanışlara tapşırıb, kömək etmişik. İndi bu sayt olub bizim başımıza bir bəla…

– Siz yəni kömək edirsiniz, bir dost olaraq?..

– Eləmişəm vaxtında… O sayt hansı ki, mənim adımla bağlı idi, həmin saytın mənə ümumiyyətlə, heç bir aidiyyatı yoxdur. Nə kömək edirəm…

– Hansı saytdır o?

– “Aznews”. Dostlarımın olduğu saytların adlarını hallandırmaq istəmirəm, yəni o saytlar, o insanlar olmamışdan öncə bir yerdə çay içmişik, çörək yemişik, yəni münasibətimiz olub. Ondan sonra da elə güman edirlər ki, əgər mən bu adamlarla görüşürəmsə… İndi də sizinlə bir-iki dəfə görüşüm, bir yerdə çayxanaya gedib çıxaq, bulvarda gəzək, əgər deməsələr ki, Adil, filan saytı, filan qəzeti maliyyələşdirir, onda mənə nə deyirsən de… Onu da deyəcəklər. İndi bu adam nə eləsin. Bu adamın işi-peşəsi budur… Bu adam jurnalistika ilə məşğuldur…

– Əslində nəyi pisdir ki? Mediaya dəstəyin nəyi pisdir ki?

– Düzdür, mediaya dəstəkdir. Amma baxın, Azərbaycanda nə qədər jurnalist var, nə qədər media qurumu var, bunların hamısına dəstək olmaq, olar? Mümkündür?

 

adil əliyevlə4

Məni mətbuata tövbələtdirdilər…

 

– Yox, təbii ki…

– Mümkün deyil… Sadəcə bu insanlarda formalaşan fikri deyirəm. Götürüb bir jurnalist bir icra başçısı, bir nazirlik haqqında yazır… Baaahhhh, bunlar olurlar mənimlə düşmən – mənə zəng vururlar ki, “sənin saytın bizdən yazdı”. “Qardaş, nə yazıb?” Millət vəkilləri gecəynən mənə zəng vururlar ki, “Adil, heç səndən gözləməzdik, bu nədi?” Soruşuram ki, “axı, nə məsələdir, de görüm?”, “A, sayt belə yazıb…”, “Nə sayt? Hansı sayt?” Bəyəm, mən sayt oxuyuram? Bilmirəm, axı, xəbərim də yoxdur. Belə şeyləri görəndən sonra da tövbələdim.

– Əsaslandırmadan axı, necə demək olar?

– Hamının qulağına da pıçıldamaq olmur ki, ay qardaş, bir səhv idi də, oldu da, bitdi bu söhbət. (Gülür…) Mən indi durum, bir-bir azərbaycanlılara zəng vurub deyim ki, mənim saytım yoxdur? Hətta dediyim adama ki, qardaş, mənim o sayta aidiyyatım yoxdur, ondan soruşanda deyib ki, “əşşi deyir mənə aidiyyatı yoxdur, amma onunkudur”.

 

Mənə müraciət olunanda, reaksiya vermişəm…

 

– Son illər Azərbaycanın çox ciddi problemləri var- siyasi məhbuslar, vicdan məhbusları… Sizin heç səsiniz gəlmir, heç dəstək vermirsiniz. Niyə dəstək vermirsiniz? Bəzi insanları həqiqətən şərləyib tuturlar, bəzi insanların hökmlərində ciddi problemlər var, içəridə məhkumlar arasında çox belə problemlər var…

– Qardaş, kim deyir ki, hər yerdə – içəridə, məhkəmə sistemində hər şey elə gördüyümüz kimidir? Yəni müəyyən problemlər var və bu problemlərlə bağlı əgər bu gün müəyyən bir imzatoplama kampaniyasına qoşulurlarsa ki, filankəslə bağlı biz müraciət edirik, filankəsə kömək lazımdır – nə vaxt deyiblər, mən ona qoşulmamışam, qol çəkməmişəm?

– Qol çəkməmisiniz?

– Yox. Yəni mənə müraciət olunanda mən reaksiya vermişəm, dəstək də göstərmişəm. Elə insanlar var ki, heç özlərinin xəbərləri yoxdur, nə qədər mən onlara kömək eləmişəm. Bir daha deyirəm, zaman gələr, vaxt gələr, bilinər… Özü də ki, biz elədiyimiz şeyləri insan xatirinə, hörmət xatirinə, Allah rizası üçün edirik. Allah-təala axirətdə bizim mükafatımızı versin, inşallah. Biz bu məsələlərdə, yəni heç kim bizə irad tuta bilməz. Əgər irad tutulası adam varsa…

– “O mən deyiləm” deyirsiniz də yəni?

– Bəli…

– Yəni irad tutulası adam varsa, o mən deyiləm…

– Bəli…

– Nə oxuyursunuz? Son vaxtlar oxuduğunuz əsər, kitab varmı?

– Vallah, son vaxtlar üç kitab var – Xalid Hüseynlinin kitabını oxudum. Açığı, yalnız tətildə, məzuniyyət vaxtlarında kitab oxuya bilirəm. Ancaq bir də vaxt çatdırıb mətbuata baxa bilirəm.

– Bəzi deputatlar var ki, kitab yazır, qeydlər aparırlar. Sizin kitab yazmaq fikriniz, qeydlər aparmaq düşüncələriniz yoxdur?

– Var, niyə yoxdur ki… Baxın, bu mənim keçən il 45 illik yubileyimlə bağlı çıxan kitabdır (Haqqında çıxan kitabı göstərir – Red.). Bu kitabdan əvvəl mənim monoqrafiyam çıxdı. Mənim elmi işimin mövzusu, “Kütləvi iğtişaşlar – cinayət hüququ, kriminalogiya problemləri”dir. Üstəlik də baxın, bu gördüyünüz kitab, Erməni soyqırımı – mif və gerçəkliklər”…

– Bu, sizin kitabdır?

– Yəni mən tərcümə etdirmişəm.

– Dəstək vermisiniz?

– Bəli, dəstək vermişəm, dərc etdirmişəm. Azərbaycan və rus dilinə tərcümə etdirmişəm. Bu kitabda çox gözəl faktlar var: ermənilərin, ASALA-nın zaman-zaman türk diplomatlarının başına gətirdikləri faciələrdən, erməni soyqırımı ilə bağlı əsl həqiqətlərdən, zaman-zaman torpaqlarımızın mənimsənilməsi üçün çıxarılan qərarlardan, bağlanan müqavilələrdən danışılır. 45 illik yubileyimlə bağlı çıxan kitabda isə demək olar ki, mənim 5 illik fəaliyyətimin toplumudur…

– Xülasəsidir…

– Xülasəsidir… Demək olar ki, Adil Əliyev millət vəkili olduğu dövrdə hansı işlərlə məşğul olub.

– Maraqlıdır, mən bilmirdim.

Açığı, biz bu kitabı dost-tanışlarımız üçün keçən il – 45 yaşım olanda dərc etdirdik. Təbii ki, sonradan tələbat oldu, insanlar məndən bu kitabı istədilər və yenidən çap etdirdik.

Məhərrəm Əliyev mənim mayakımdır…

– Kitabın üzərində qardaşınız Məhərrəm Əliyevin çox maraqlı fikirləri yer alıb: “Qardaşımın əldə etdiyi uğurlarla fəxr edirəm. İnanıram ki, Adil dövlətinin və xalqının inkişafı naminə daha böyük işlər görəcək. Qarşısına qoyduğu yeni hədəflərin sayını artırmağa çalışacaq”. Yeri gəlmişkən, Məhərrəm Əliyevin indi işləri nə yerdədir?

– Məhərrəm Əliyev elmi iş yazmır ki, işləri də olsun. (Gülür…) Məhərrəm Əliyev elə bir insandır ki, mən onu özümə bir mayak kimi görmüşəm. Məhərrəm Əliyev mənim üçün nümunə olub – böyük qardaş nümunəsi, valideyin, qəhrəman nümunəsi… Ümumiyyətlə, qardaşım olduğu üçün demirəm. Mənim bu həyatda edə biləcəyim səhvlər bəlkə də daha çox ola bilərdi, Məhərrəm Əliyev o səhvlərin qarşısını almağa mənə kömək edib, yol göstərib, istiqamət verib. Məhərrəm Əliyev mənim üçün qardaşdan da əzizdir, qardaşdan da doğmadır və hesab edirəm ki, Məhərrəm Əliyev bu gün alnıaçıqdır, heç bir xoşagəlməyən hadisələrdə imzası, adı yoxdur və işlədiyi dövrdə də vicdanla, namusla çalışıb, xalqına, millətinə kömək edib. Bu gün də oturub öz işində, öz işini görür… Yəni boynuna düşən hansı işdirsə, o vəzifəni yerinə yetirir. İşlər nədir? Az qalır Məhərrəm Əliyevin 65 yaşının olmağına, – indi 64 yaşı var – gözütox adamdır. Yəni həyatda çox şeylər onun umrunda da deyil – Məhərrəm Əliyev heç vaxt deməz ki, bu evi istəmirəm, o biri evi istəyirəm. Və yaxud da bu maşını istəmirəm, o biri maşını istəyirəm. Elə bir adam deyil. Məhərrəm Əliyev Allahına şükür eləyir, oturub xalqına xidmət eləyir.

– Ortalama bir günlük fəaliyyətinizin nədən ibarət olduğunu deyə bilərsinizmi? Hansı işlərlə məşğul olursunuz gün ərzində?

– Bu yaxınlarda bir statusda yazmışdım ki, mənim günüm hansı işlərlə başlayır. Təbii ki, mənim günüm sübh namazından başlayır. İndi koridora (dəhlizə) baxsanız, görərsiniz ki, çoxlu sayda insanlar var ki, mənimlə görüşə gəliblər. Çoxları günə kofe ilə başladıqlarını deyirlər, mənsə yox. Mənim günüm namazdan başlayır. Ondan sonra da təbii ki, ilk olaraq, səhər idmanı ilə davam edirəm. Son günlər ayağımda zədə olduğu üçün hovuza gedirəm…

Elə olur ki, gün ərzində 5 toya çağırılıram

– O zaman deyərdilər… “Kim sevirsə idmanı, onun ağrımaz canı…”

– Hə, bəli… Yəni aşırı dərəcədə idman elədim deyə, bir az ağrıdım… Peşəkar idmanın xeyrindən çox ziyanı var. Düzdür, bir az xeyrini də gördük, indi də ziyanını çəkirik. Belimdə 3 dənə fıtıq-yırtıq var… Dizimdə “minsk” var, yəni müəyyən problemlər var. Və başlayır iş – qəbullar, iclas günlərimiz var, biz iclasa gedirik, iclasdan sonra da tədbirlər var, ora gedirik. Mütəmadi olaraq tədbirlər var – ərazidəki yaslar, axşamkı toylar. Demək olar ki, hər gün toy var. Elə olur ki, gün ərzində 5 toya çağırılıram, 5 toya dəvət alırıq.

– Hamısına da gedirsiniz?

– Hamısına da çatdırmaq olmur. Eləsi var Sumqayıtda, eləsi də var rayonda toy eləyir. Təbii ki, çatdırmaq olmur. Mən burada 3 toyu qoyub, ora gedə bilmərəm axı… Ora da adam göndərirəm. Bəzi məsələlər var, onları da yoluna qoyuram. Özü də birinci kim çağırıbsa, onu da nəzərə alıram. Əgər adam məni bir ay əvvəl çağırıbsa, deyibsə ki, mənim toyum olacaq, mütləq gəl, səni orada görmək istəyirəm, ora gedirəm. Biri var bir ay əvvəldən çağırır, arada da soruşur ki, yadından çıxmayıb ki… Biri də var, axşam toydur, səhər mənə zəng vurub deyir ki, toya gəl. Təbii ki, mən bir ay bundan əvvəl çağrıldığım toya gedəcəm. Yəni kim olduğuna baxmayaraq, ora gedəcəm. “İndi yadına düşmüşəm, indi çağırır” kimi fikirlər formalaşır məndə… Ona görə də iş qrafikimiz çox ağırdır. Hərdən çalışırıq yüngülləşdirək. Və təbii ki, axşam idmanlarımız da olur – toydan əvvəlki idman… Yəni iş həddən artıq çoxdur. Əgər mən istəməsəm, iş də olmaz.

Əgər istəməsəm, iş də olmaz…

– Təbii ki…

– Telefonumu da bağlayaram, ofisimin yerini dəyişərəm, bununla da hamısı bitdi. Nə iş var, nə toy var, nə yas var, nə başqa bir şey…

– Nə də tələbkar seçici təbii ki… O da ayrı bir problemdir …

– Təbii ki…

– Təşəkkür edirəm …

– Sağ olun… Sağ olun…

Son

“Qaynar Qazan”da Əvəz Zeynallı idi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button