Hüseyn Abdullayevdən İlqar Məmmədova dəstək

Xural.com xəbər verir ki, hazırda Almaniyada siyasi mühacir ömrü yaşayan və 2018-ci il seçkilərində prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edən məşhur bəstəkar Hüseyn Abdullayev ona qarşı aparılan kampaniyadan yazıb. Özünə məxsus olan facebook səhifəsində yazı paylaşan Hüseyn Abdullayev hazırda həbsxanada siyasi məhbus kimi cəza çəkən ReAL Hərəkatının lideri İlqar Məmmədova dəstəyini ifadə edib. Xural.com statusu olduğu kimi təqdim edir: 

“Sevimli həmvətənlərim və dəyərli dostlar!
Məlumat üçün bildirim ki, bu ilin mart ayında start veriləcəyi gözlənilən seçki kampaniyası başlamadan, guya ”əbədi düşmən kimi görünən”, əslində isə bir bezin qırağı olan iqtidar və bəzi adlarını müxalifət qoymuşlar birləşərək, prezident seçkiləri ərəfəsində mənə qarşı birgə mövqe nümayiş etdirməyə başlayıblar.
Buna misal olaraq qeyd etməliyəm ki, həmin bu ünsürlər mənim və İlqar Məmmədovun şəklini sosial mediada paylaşaraq, öz aləmlərində seçki sorğusu aparıb, kimin daha çox səs yığacağı haqda fantaziyalar uydururlar. İlk başda onu deyim ki, mən İlqarın xətrini çox istəyirəm və onunla bağlı fikirlərim mətbuatda dərc olunub. Amma real düşünən hər bir dərrakəli insan anlayır ki, onun azadlığa çıxmadan bu seçkilərə qatılması mümkün görünmür. Və açığı, mən maraqlı olardım ki, İlqar tezliklə həbsdən çıxardı və biz birləşib, bu azğın rejimin dəyişməsinə nail olardıq. Bu öz yerində. Lakin mənə gülməli gələn məqam odur ki, nə əcəb məni sevmədiyim İlham Əliyev və İsa Qəmbərlə deyil, məhz əli-qolu bağlı olan və hörmət bəslədiyim İlqar Məmmədovla müqayisə edirlər? Görəsən, nədir bunları bu qədər narahat edən? Haradandır bunlarda bu cür yersiz qısqançılıq? Cənablar, hər fürsətdə mənə ləkə yaxmağınız və məni gözdən salmağa çalışmağınız sizə heç yaraşmaz. Bir daha o kar qulaqlarınızı açın, eşidin və bilin ki, mənim prezident seçilib seçilməyəcəyimin qərarını nə bu yaramaz iqtidar, nə də naftalin təfəkkürünə bürünmüş ”insanlar” verəcək. Buna ən çox haqqı olacaq və qərar verəcək birisi varsa, o da mənə inanan və bu məsuliyyətli vəzifənin öhdəsindən gələcəyimə əmin olan böyük Azərbaycan xalqıdır. Allah mənim millətimə və canım qədər sevdiyim Azərbaycanımıza yardımçı olsun.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button