Hüseyn Abdullayevin aclıq aksiyasını dayandırdığı bildirilir

Yayımlandı: 6 İyun 2024 14:53

Bu qərarı anasının səhhətinə görə verdiyi deyilir

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin aclıq aksiyasını dayandırdığı bildirilir.

Bu barədə iyunun 6-da vəkilləri Meydan TV-yə məlumat veriblər.

Onların sözlərinə görə, sabiq deputat aclıq aksiyasını anasının səhhətinə görə dayandırıb.

Hüseyn Abdullayev azadlığa çıxmasına 47 gün qalmış ona qarşı əsassız yeni bir ittihamın irəli sürülməsinə etiraz olaraq mayın 29-da aclıq aksiyasına başlamışdı.

Bundan sonra sabiq deputatın 74 yaşlı anası Zeynəb Abdullayeva da aclıq aksiyasına başlayıb.

Aksiyaya başlayandan sonra səhhətində ciddi problemləri olan Zeynəb Abdullayeva iyunun 5-də xəstəxanaya yerləşdirilib.

O, aclıq aksiyasını dayandırmaqdan imtina edib və bildirib ki, yalnız oğlu aclıq aksiyasını dayandırdıqdan sonra yemək yeyəcək.

Meydan TV-yə verilən məlumata görə, bu gün Hüseyn Abdullayev vəkillərinin israrlı tələblərinə əsasən anasının sağlamlıq vəziyyətini nəzərə alıb aclıq aksiyasını dayandırmağa razı olub.

Hüseyn Abdullayev nə zaman həbs olunub?

Almaniyada mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Həmin hökmlə onun 70 yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb.

Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilməyib, ittihamların saxta olduğunu bəyan ediblər.

Allah şahiddir ki, mən və yaşlı anam bu cür zülmü, 2007-ci ildən davam edən təqibi haqq etməmişik. Siz əmin olun ki, mənim heç bir siyasi ambisiyam yoxdur. Ölkəmizə qarşı düşmən mövqedən çıxış edən heç bir qüvvə və ya qruplarla əlaqəm olmayıb, ola da bilməz. Barəmdə iddia edilən məlumatlar tamamilə ağ yalan və düşünülmüş şər-böhtandır. Bu səbəbdən də sizə müraciət edirəm. İnanıram ki, bütün bu zorakılıqların qarşısını alacaqsınız, zəruri göstərişinizlə Azərbaycanın hüquqi dövlət olduğunu bir daha təsdiq edəcəksiniz”, – Hüseyn Abdullayev bir müddət öncə Prezident İlham Əliyevə məktubunda yazmışdı.

2018-ci ilin aprelindən həbsdə olan Hüseyn Abdullayev cəzasının müddəti başa çatsa da, o, azadlığa buraxılmayıb. Çünki martın əvvəlində onun haqqında yeni cinayət işi başlanıb.

Sabiq deputata qarşı bu dəfə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Vəkil Cavad Cavadov bildirib ki, müvəkkilinin aclıq etməsinin daha bir səbəbi Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun qərarının icra olunmamasıdır:

Həmin qərara əsasən, BMT-nin Cenevrə Konvensiyasına uyğun olaraq, onun siyasi sığınacaq pasportu olduğu və təqib olunduğu ölkəyə verilməsi qadağan edildiyi halda, heç bir deportasiya, ekstradisiya qərarı olmadan oğurlanaraq, 21 aprel 2018-ci ildə Türkiyədən Azərbaycana gətirilməsi, burada məhkum edilməsi qanunsuz hesab edilib. Onun azadlığa buraxılması tələb olunub”.

Hüseyn Abdullayev nə əvvəlki, nə də yeni cinayət işi üzrə ona verilən ittihamları qəbul edir. Yeni ittiham üzrə məhkəmə qarşısına çıxarılıb, ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilərkən Binəqədi Rayon Məhkəməsində hakimə deyib ki, özünü qətiyyən təqsirli bilmir, yeni cinayət işinin məqsədi onu həbsdən buraxmamaqdır.

Bu, Hüseyn Abdullayev haqqında üçüncü cinayət işidir. İlk dəfə o, 2007-ci ildə parlamentin iclasında digər deputat Fəzail Ağamalı ilə davaya görə həbs olunmuş, bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.

Azadlığa çıxandan sonra Almaniyaya mühacirət edən keçmiş deputat 2014-cü ildə orada sığınacaq almışdı.

Sabiq deputat 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Keçmiş deputat Bakı Hərbi Məhkəməsinin 2019-cu ilin oktyabrında çıxardığı hökmə əsasən, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilmişdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button