Hüseyn Abdullayevin parkı

Əvəz Zeynallı

Hakimiyyət obyektini söküb park elədi, xalq “Hüseyn Abdullayevin parkı” dedi

Ölkənin gündəmində olan adamdır. Son 20-25 ili hər zaman belə olub. Onun və digər bəzi adamların adları mitinqləri dağıtmaqda, mövcud hakimiyyəti qeyri-leqal hərbi birləşmələr yaratmaqla qorumaqda çəkilib. Zamanında belə olub deyirlər. Amma Hüseyn Abdullayev də daxil olmaqla, kimsə bu ittihamı qəbuıl etmir. Zatən bunun sübutu da dövlətin özü işə qarışmasa mümkün deyil. Heydər Əliyev ciddi dövlət adamı idi. Adamlar ona inanaraq ölümə belə gedirdilər və Heydər Əliyevin ətrafında ona sədaqətlə xidmət edirdilər. Heydər Əliyevdən sonra nizam dəyişdi.

Dövlətdə davamlılıq əsasdır, amma bu davamlılıq Heydər Əliyevdən sonra bəzi sferalarda qorunub saxlanılmadı. Sirrlər açıldı, sistem pərakəndə düşdü, sədaqətli adamlar bir-bir cəza yağışına tutuldular. Hətta Heydər Əliyevin zor zamanlarında öz evini ona təklif edən adam ölümə tərk edildi, onu ağır günlərində qarşısına çıxıb qarşılayan adam məmləkətə ölü gətirildi. Belə olan halda “başlı başını saxlasın” prinsipi ilə nə olub-bitdiyini anlamayan sədaqətli adamlar, bir-bir yaxalandılar. Hüseyn Abdullayev də belə oldu…

Onu Milli Məclisdə Fəzail Ağamalı təxribata çəkdi və bu təxribata verilən cavab Hüseyn Abdullayevin həbs olunması ilə nəticələndi. Və… düşüş başladı. Zaman-zaman bir çox malvarlığını aldılar, iqtisadi gücünü sarsıtdılar, biznesinə əngəllər törətdilər və bu, təkcə Hüseyn Abdullayevə xas olub onun başında olmadı. Zamanın tərsinə çevrildiyini anlayan Hüseyn Abdullayev başını götürüb sakitcə ölkədən getdi. İndi Almaniyada siyasi mühacir həyatı yaşayır…

xxx

Hüseyn Abdullayevin indiki hakimiyyətin içində ayrıca bir komandası var. Onun kadrları o qədər vacib yerlərdə, strateji vəzifələrdə təmsil olunublar ki, bəzən adama elə gəlir ki, elə ölkəni idarə edən onlardır. Hazırda vurulan və bütün əmlakı əl dəyişdirən sabiq nəqliyyat naziri Ziya Məmmədov onun adamı olub. Ölkənin ali rəhbərliyinə Ziyanı Hüseyn təqdim edib.

Vilayət Eyvazov da elə olub. Hüseyn Abdullayevin həndəvərində olan və onun bir sözünü iki etməyən, indi “Vilayət Eyvazovun komandası” sayılan bir qrup var ki, onlar da Hüseyn Abdullayevin kadrları hesab oluna bilər.

Ölkə mediasının və qeyri-hökumət təşkilatlarının, siyasi partıyalar və ictimai-siyasi sektorun şəriksiz kuratoru, artıq ölkə boyu “fəxr etdiyi” şirkətləri ilə Azərbaycanı bir şəbəkə kimi bürüyən qüdrətli adam Əli Həsənov da Hüseyn Abdullayevin birbaşa kadrı olub. Hətta işçisi olub. Hətta qapançı işləyib Hüseyn Abdullayevin şirkətlərində. Qapançı tərəziyə baxandır. Yəni bir zamanlar Hüseyn Abdullayevin mallarının tərəzisinə baxan adam, indi ölkənin tərəzisinə baxır və çox təəssüf ki, çəkisi və ədaləti rəvan olmur bir çox hallarda. Ölkəyə yiyəlik edən bu adam da Hüseyn Abdullayevin kadrıdır və onun təqdimatı ilə uca dağların başına qalxıb.

Ölkəmizin neft patronu, Azərbaycanın ən qüdrətli adamlarından biri hörmətli Rövnəq Abdullayev də Hüseyn Abdullayevin adamlarından biri olub. Hüseyn Abdullayev ona canını etibar edib – sürücüsü kimi. Yaxşı sürücü həm də yaxşı mühafizəçi deməkdir və güman ki, Rövnəq Abdullayev həm də yaxşı mühafizəçi olub.

Mən hələ bunları saydım, amma bilirəm ki, Hüseyn Abdullayevin bu ölkənin ən müxtəlif və strateji məqamlarında adamları var ki, onlar həm də kifayət qədər güclüdürlər. Sonradan onun üzünə ağ olub, ona xilaf çıxsalar da…

xxx

Bu yazını yazmağıma səbəb var. Bu günlərdə bir keçmiş və etibarsız dostumla görüşməli idim. Harada görüşək, harada görüşək, məni bir yerə dəvət etdi. Bura Mərkəzi Neftçilər Xəstəxanası ilə üzbəüz istiqamətdə, Ali Məhkəmənin yanında yerləşən bir park idi. Park çox xoşuma gəldi. Amma mən buraları tanıyırdım, burada belə bir park olmamalı idi. Soruşdum: “Nə yaxşı parkdır, niyə indiyə qədər görməmişəm buranı?” “Bura Hüseyn Abdullayevin obyekti idi, söküb park elədilər, sən o zaman həbsxanada idin” dedi. Sonra maraqlandım. Hüseyn Abdullayevdən buranı tələb ediblər, verməyib, yerlə-yeksan edib park ediblər. Maraqlı gəldi…

xxx

Kimsə burada “etdiyini bulur” deyə bilər. Kimsə fərqli cür düşünə bilər. Ona qarışmıram. Zatən Sezən Aksu demiş, “masum deyiliz heç birimiz”. Məlumdur, ola bilər ki, Tanrının işləkləridir, amma biz Tanrının nə zaman nə edəcəyini bilə bilmərik axı. Mən bütün bu düşüncələrdən kənarda bircə onu düşündüm ki, siz insanlarla mübarizə aparmaq və onun qarşısını almaq üçün doğru yol tutmayıbsınız, əziz hakimiyyət nümayəndələri. Nədən ki, bir adamın əlindən ala bilmədiyiniz obyekti darmadağın edib, onun yerində park salarsınız, xalq da o parka “Hüseyn Abdullayev parkı” deyər. Bu qədər sadədir hər şey.

Anlaşılan, obyekti əlindən alınan Hüseyn Abdullayev qəm yeməməlidir – artıq Bakının gözəl yerlərindən birində onun adını xatırladan park var və ətrafda yaşayan insanlar o parka “Hüseyn Abdullayev parkı” deyirlər.

xxx

Bu, ibrət dərsidir. Hamımıza görk olmalıdır. Tarixdə Əli Həsənovla, Rövnəq Abdullayevlə qalınmır. Onlar gün gəlir Ananın üstünə hücum çəkirlər, ona ölkədən çıxış qadağası tətbiq edirlər, mal-mülkünə əl qoyurlar. Yox, yüzlərlə qoluzorlulara da inanmayın, gün gəlir, onlar sizin özünüz üçün böyük təhlükə mənbəyi olurlar. Yüzlərlə hüzurunuzda mil dayanan yaltaqlar sürüsünə də inanmayın, sizi ilk daş-qalaq edən onlar olacaqlar…

Yazıya dəxli olmayan bir haşiyə:

Nobel qardaşlarının biri ölür. Qəzetlər yanlışlıqla başqa qardaşın, Avropanın dinamit kralı Alfred Nobelin öldüyünü yazırlar. Bütün Avropa mətbuatı Alfred Nobelin dinamit biznesindən, onun ölüm və qan gətirdiyindən yazır və Alfredi öldürücü tənqidə məruz qoyaraq bərbad edir. Alfred heyrətlər içində bunu izləyir və həmin gündən sonra var-dövlətinin böyük hissəsini xeyriyyəçiliyə ayırır və dünyaca məşhur “Nobel mükafatı” belə yaranır. Alfred özünə kənardan baxır və qərar verir. Tarixdə başqa adla qalmamaq üçün. İndi dünya Alfredi başqa cür tanıyır. Dinamit tarixdə qaldı…

Xalq bilir və qiymətləndirir. Yanlış da bir naxışdır, Hüseyn Abdullayev başqa olmaqla bir zamanlar bu hakimiyyəti qurub-möhkəmlədənlər, eləcə də indi bu millətə qan udduranlar – hamılıqla düşünməlidir. Hamımıza qalan bu xalq olacaq. Məsumca dostlarının dağıtdığı obyekti “Hüseyn Abdullayev parkı”na çevirən bu möhtəşəm xalq!

Sürücü və qapançılarla tarixdə qalmaq olmaz!

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button