Hüsnü Mübarək!

Bəydadaş Cəfərli
Azərbaycan Yazıçılar birliyinin üzvü

Hüsnü Mübarək

Sənə get söyləyir Hüseyn Barak,
Eşit adaşını, Hüsnü Mübarək!
Yaman yapışmısan vəzifədən bərk,
Xalqın tələbiylə çıxıb getginən,
Millət nə istəyir onu etginən.

Seçimi düzgün et, dayanma çaş-baş,
Müəllimin olsun səksən iki yaş,
Yetər millət ilə açdığın savaş,
Məkrin imarətin yıxıb getginən,
Millət nə istəyir onu etginən.

Otuz ildə səndən razı qalıb kim,
Nifrət edir sənə müəllim, həkim,
Vulkana bənzəyir ürəyində kin,
Son dəfə qəzəbi boğub getginən,
Millət nə istəyir onu etginən.

Sən güllə-barana verirsən qərar,
Millətinə özgə olur havadar,
Görmürsən ki dünya eləyir israr,
Səddam taleyinə baxıb getginən,
Millət nə istəyir onu etginən.

Tiran tanımıram səninlə eyni,
Əzabdan pozulub millətin beyni,
Gətir göz önünə Səddam Hüseyni,
Edam stoluna baxıb getginən,
Millət nə istəyir onu etginən.

Sələflərin kimi dönüb quduza,
Əzabkeş milləti verdin güdaza,
Qarlı qış olmusan, indi dön yaza,
Mərhəmət yağışı yağıb getginən,
Millət nə istəyir onu etginən.

04.02.2011-ci il

Hüsnü Mübarək

Yol verin ağsaqqala, Hüsnü Mübarək gedir,
Öz xoşuyla istəmir, ona təpgi bərk gedir,
Şahların ünvanına gör nə yaxşı görk gedir,
Millət yazıqdır axı, bəsdi çapıb taladın
Otuz ildir Misirin qəlbində od qaladın.

Pərişandı Nil şayı, Qan ağlayır Qahirə,
Ürəkləri odlayan qəzəb çıxıb zahirə,
Səksən milyonluq ərəb ruzi deyir zəhərə,
Sənin isə, ay qoca, qızıldandı xalatın
Otuz ildir Misirin qəlbində od qaladın.

Millət haqqın istəyir əl atırsan silaha,
Xalqına düşmən olan axı batır günaha,
Rəcəb Teyyub Ərdoğan and içibdi Allaha,
Bəsdi dini-imanı cin-şeytana caladın
Otuz ildir Misirin qəlbində od qaladın.

Dünya başbilənləri sənə yaxşı yol deyir,
Ömründə bircə dəfə ədalətli ol deyir!
Ver istefa, getginən, çək sənədə qol, deyir,
Rumon Çauşeskunu bir yadına salaydın
Otuz ildir Misirin qəlbində od qaladın.

Sənin kimi qan içən heç Firon da olmayıb,
Yüz milyardı yığmısan məgər cibin dolmayıb?
Tiranlıq eləmisən rəbbi yada salmayıb,
Səni padşah edəni quduz olub daladın
Otuz ildir Misirin qəlbində od qaladın.

Fağır edib ərəbi qalamısan odlara,
Talan edib sərvətin paylamısan yadlara,
Toy elədin ad-sanı pis çəkilən adlara,
Heç olmasa yaddaşda yaxşı kimi qalaydın
Otuz ildir Misirin qəlbində od qaladın

05.02.2011-ci il

Hüsnü Mübarək

Xalq “istefa” hayqırır “Azadlıq” meydanında,
Üzüsulu getməyin heç yox imiş qanında,
Sorğu-sualın vardı Allahın divanında,
Keçmişi yaxşı-yaxşı düşün, daşın, Mübarək!
Meydanı ver gəncliyə, ötüb yaşın, Mübarək!

Baqidə, həm fanidə lənət camını içib,
Fironların zamanı Misirdə çoxdan bitib,
Azadlıq istəyini sənin tankların biçib,
Ayıbdı xalqın ilə bu savaşın, Mübarək!
Meydanı ver gəncliyə, çoxdur yaşın, Mübarək!

Millətdən taladığın trilyonla ölçülür,
Öz xalqını soyanlar kim olursa kiçilir,
Tiranlığın sonluğu onsuz da ki, heç olur,
Ətəyindən zülümün tulla daşın, Mübarək!
Meydanı ver gəncliyə, çoxdu yaşın, Mübarək!

Meydanda həlak olan axı ərəb oğludu,
Onların istədiyi azadlığın yoludu,
Neyləyirsən sərvəti, sərvətin ki doludu,
Çəkindən ağır gələn var daş-qaşın, Mübarək!
Meydanı ver gəncliyə, çoxdu yaşın, Mübarək!

Kəfən geyən mücahid Fatihəni oxuyub,
Əcəl torunu sənə kor tamahın toxuyub,
Diktatura rejimi çoxdan ölüb, qoxuyub,
Fərqində olmalıydı varsa başın, Mübarək!
Meydanı ver gəncliyə, ötüb yaşın, Mübarək!

Tərsinə fırlatdığın dünya yönə dəyişir,
Ədavət ordusuyla tək ədalət döyüşür,
Millətlər bir-biriylə azadlığı bölüşür,
Üstünə dünya gəlir, var təlaşın, Mübarək!
Meydanı ver gəncliyə, ötüb yaşın, Mübarək!

10.02.2011-ci il

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button