İbrahimov qardaşları iflasın eşiyində!

Hacı İbrahim İbrahimovun adamını kim və niyə öldürdü?

Bu qətlin son zamanlar tikinti materialları bazarı uğrunda gedən savaşın tərkib hissəsi olduğu deyilir

Həftənin ortasında Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən yüksək mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşən ofisə silahlı basqın oldu.

Hadisə nəticəsində 1 nəfər öldü, 1 nəfər isə yaralandı.

Hadisəni törədən şəxsin və ya şəxslərin kimliyi hələ də müəyyən edilməyib. Yalnız fotorobot hazırlanıb.

Əldə olunan məlumata görə, hadisə günorta saatlarında qeydə alınıb. Qətlə yetirilən isə “Azər-Ross İK” MTK-nın təsisçisi Əflatun Yasin oğlu Piriyev idi. O, güllə yarasından keçinib. Yaralanan isə şirkətin baş mühasibi, 1944-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini Əmiraslan Allahverdi oğlu Əhmədovdur. O, qarın nahiyəsindən güllə yarası alıb.

Məlumat üçün bildirək ki, “Azər-Ross İK” MTK-nın təsisçisi Əflatun Piriyev əslən Naxıçvan MR Ordubad rayonun Nehrəm kəndindəndir. Onun rəhbəri olduğu şirkət isə tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin «Avesta» Konsernin tərkibindədir.

Qeyd edək ki, AVESTA konserni 1996-cı ildən fəaliyyət göstərir. Konsernin tərkibinə “Azər-Ross” MTK, “Günel LTD”MMC, “Həsən-96” MTK, “Hüseyn-94” kiçik müəssisəsi,  “İlkan”MMC, “Azər-Ross İk ”MMC və “SHIG INVESTMENT LTD” daxildir.

Sonuncu şirkət  Naxçıvan MR Ordubad rayonunun Ağdərə və Papaqçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı, ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir-tikinti işlərinin aparılması işləri ilə məşğuldur. 18 Aprel 1996-ci ildə bütün firmalar birləşərək “Avesta” Konsernini təsis edib.

AVESTA konserninin prezidenti tanınmış iş adamı Hacı İbrahim Nehrəmlidir. Rəsmi olaraq adı İbrahimov İbrahim Hüseyn oğludur. O, 1995-2000-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı seçilib.

Əflatun Piriyevi kim öldürüb?

Elə mərhumun təsisçisi olduğu şirkəti də 16 Dekabr 2004-cü ildə İbrahim Nehrəmli təsis edib. Bu şirkət Rusiyadan Azərbaycana lazım olan elektrik, tikinti materialları, neft sənayesi üçün lazım olan avadanlıqlar gətirməklə məşğuldur. Nəsimi rayonu ərazisində 16 mərtəbəli kompleks yaşayış binalarının tikintisi ilə məşğuldur. ”Azərbaycan Beynəlxalq Bankı”nın Sənaye filialı ilə əlaqəli fəaliyyət göstərir. Apardığımız araşdırmalar nəticəsində həmçinin o da məlum oldu ki, Hacı İbrahim Nehrəmli  23 Fevral 2005-ci ildə “Azər-Ross ” Mənzil Tikinti Kooperativini təsis edib. Bu şirkət Bakı şəhərində Atatürk prospektindəki 1104-cü məhəllədə 12 mərtəbəli yaşayş binasını gözəl memarlıq üslubu ilə inşa edib. ”Azal” SKB ilə əlaqəli fəaliyyət göstərir.

Hər halda baş vermiş bu qətlin böyük biznes mübahisəsi zəminində baş verməsi ehtimalı böyükdür.

Aldığımız bilgilərdə isə qətlə yetirilən iş adamı Əflatun Piriyevin Hacı İbrahim Nehrəmli ilə yaxın qohum olduğu söylənilir. Bu qohumluq əlaqələrini dəqiqliyi ilə müəyyən edə bilməsək də, daxil olan informasiyalar görə, «Avesta» Konserninin əksər işlərini də məhz mərhum və hadisə zamanı yaralanan mühasib həyata keçirirmiş. Dünən bütün günü bu şirkətin son zamanlar hansısa iqtisadi mübahisəyə görə, məhkəməyə müraciət etdiyini və ya verildiyini dəqiqləşdirə bilmədik. Lakin son bir həftə ərzində redaksiyamıza daxil olan çoxsaylı informasiyalardan belə aydın olurdu ki, artıq tikinti sektorunda, xüsusilə də tikinti materiallarının idxalı ilə bağlı hakimiyyətin ən yüksək dairələrində bir oliqarx-məmur konkret olaraq işə başlayıb. Həmin məmurun da son zamanlar əsasən Ordubaddan olan və tikinti materiallarının idxalı ilə məşğul olan distrübütor şirkətlərlə əlaqələrinə qarşı çıxması barədə informasiyalar dolaşmaqdadır.

Rüstəm Behrudinin «Behrud» inşaatı təhlükədə?!

Bu məlumatlar yayılmazdan bir neçə gün əvvəl də informasiya almışdıq ki, bəzi adamlar özlərini hakimiyyətdə yüksək post tutan oliqarx-məmurlardan birinin adamı kimi təqdim edərək ölkəyə tikinti materialları idxal edən iş adamlarına işlərini təhvil vermələrini istəyiblər. Maraqlıdır ki, bu məlumatlar arasında həm də «Behrud» İnşaatın adı keçirdi. Məlumatlarda bildirilirdi ki, «Behrud» İnşaata gələn şəxslər qısa bir zamanda distrübitoru olduqları firmalarla işlərini onlara devr etməlidirlər. Əks təqdirdə isə birləşdirmədən sonra onlara qara qəpik də verilməyəcək. Qeyd edək ki, «Behrud» İnşaat şirkəti tanınmış şair Rüstəm Behrudinin qardaşına məxsusdur. Bu şirkətin «Knauf» Alçipan və Fransanın məhşur firmaları ilə Onduline satışını təşkil edirlər. Həmçinin də «Behrud» İnşaat Bakıda çoxmərtəbəli binalar inşa edir. Maraqlıdır ki, «Behrud» İnşaatın Bakı şəhər meri Hacıbala Abutalıbovla da yaxın əlaqələrinin olduğu, hətta konkret olaraq bəzi hallarda bu şirkətin qeyri-rəsmi sahibi olduğu barədə məlumatlar verilir.

«Behrud» İnşaat mətbuata 500.000 manat reklam pulu ayırıbmış..

Qeyd edək ki, aldığımız məlumatlara görə, «Behrud» İnşaat yaxın zamanlarda distrübütoru olduğu şirkətlərdən aldığı 500 min avroluq reklam büdcəsini hətta müstəqil qəzetlər arasında da bölüşdürmək qərarı veribmiş. Bu şirkətin rəhbərliyindəki şəxslərin millətçilər olması, onların hər zaman demokratik mətbuatla yaxından dost təmasları görünür kimlərdəsə narahatlıq yaradıb.

Mənbəmiz məlumat verir ki, tikinti sektorunda «vahid əl» prinsipini tətbiq etmək istəyən oliqarx-məmur konkret olaraq işə başlayıb. Məhz Əflatun Piriyevin ölümünün də həmin ismarıc yollanan iş adamlarına görk olması üçün baş verdiyi barədə versiyalar var. Bildirilir ki, artıq «Behrud» İnşaat oliqarx-məmurun qazancın 5 faizini saxlamaqla birləşmə təklifinə razılıq verib. Bildirilir ki, analoji təklif Hacı İbrahimə də göndərilibmiş. Lakin iş adamı bu təklifi qəbul etməyib.

Bu arada Hacı İbrahimin «Yeni Müsavat» qəzetinə verdiyi kiçik açıqlamasındakı bir-birini təkzib edən məqamlara da diqqət yetirmək istəyirik. İş adamı deyir ki, qatillərin görüntüləri «Avesta»nın ofisində olmayıb. Ona guya hansısa başqa təhlükəsizlik kameralarının görüntülərindən qatilləri göstəriblər. Amma iş adamı nədənsə rəhbəri olduğu ofisin təhlükəsizlik kameralarında həmin qatillərin görüntülərinin olmamasından danışmır. Daha sonra Hacı İbrahim deyir ki, «Azər-Ross İK» MTK sadəcə olaraq onların binalarında kirayənişin kimi yerləşibmiş. Lakin rəsmən bizə məlumdur ki, «Azər-Ross İK» MTK və «Azər-Ross» MMC birbaşa Hacı İbrahimin sahibi olduğu «Avesta» Konserninin tərkibində məhz bu iş adamının təsisçiliyi ilə yaradılıb. Adam təsisçisi olduğu şirkəti öz ofisində necə kirayənəşin saxlaya bilər?

Hacı İbrahim nə demək istəyir?

Bundan başqa, Hacı İbrahim cinayətkarların guya Gürcüstandan olduqlarını deyir. Hansı ki, hələlik istintaq bununla bağlı bir kəlmə də olsun açıqlama verməyib. Görəsən, Hacı İbrahim bu açıqlama ilə nə etmək və ya nə demək istəyib?

Amma görünən odur ki, iş adamı ağır bir təzyiqlə üz-üzədir. Bu təzyiq isə çox yüksək çinli bir oliqarx-məmurun tikinti materialları bazarını tam olaraq ələ keçirməsi uğrunda savaşından doğan təzyiqdir. Hacı İbrahim artıq ilk zərbəni aldı. Haraya qədər duruş gətirəcək, onu görəcəyik. Yazılanlarla bağlı «Avesta»nın prezidentinin və «Behrud» İnşaatın mövqelərini də dinləməyə hazırıq.

Xatırlatmaqda fayda var ki, Hacı İbrahimlə bağlı son günlər mətbuatda bir çox yazılar dərc olunmaqdadır. Onun Bakının çıxacağında yeni bir şəhər saldığı haqqındakı xəbərlər yayılmışdı və Hacı İbrahimin özü bu xəbərləri təsdiqləmişdi. Təbii ki, 30.000.000.000-lıq şəhər tikəndə bu cür «söz-söhbətlər» də olur…

Mövzu diqqətimizdədir.

 

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button