İçindəki insan sevgisi

Rövşən Danyeri

“Romançılıq mənasız uzunçuluqdan başqa bir şey deyil. Ədəbi sicilləmələr, uzunçuluq heç vaxt məqbul sayılmayıb. Allah da bəşəriyyətə sözünü qısaca söyləyib”.
Bu fikirlər bıçaqlanaraq qətlə yetirilən yazıçı Rafiq Tağıya aiddir. O, digərlərindən fərqli olaraq, romançılığı heç də uğurlu hesab etmirdi. Yazarların demək istədiklərini daha qısa, lakonik çatdırmasının tərəfdarı idi. Buna görə də onun illərdi yazmasına baxmayaraq, yalnızca bir romanı mövcuddur.
Səbəbini belə izah edirdi: “Ac-yalavac hər kəs roman yazır. Ancaq düşünürəm ki, insanları artıq söz yığını ilə yormaq lazım deyil. Qısa şəkildə öz fikrimi izah edə bilirəmsə, romana nə ehtiyac var?”
Rafiq Tağının yaradıcılığının əsasını qısa hekayələr tuturdu. Onun yüzlərlə qısa hekayələri var idi. Məhz bu xüsusiyyətinə görə Rafiq Tağını ünlü yazar Çarlz Bukovski ilə eyniləşdirənlər də az deyil.
Onu Bukovski ilə birləşdirən digər bir səbəb isə hekayələrində insanın psixoloji vəziyyətininin, faciəsinin əsas yer tutmasıdır. Ümumilikdə Rafiq Tağı yaradıcılığında insana xüsusi dəyər verilir. Onu yazıçı və həkim olmağa məcbur edən şeyin içindəki insan sevgisi olduğu şübhəsizdir.
Rafiq Tağı ilə bir kəs qarşılaşmaq kifayət edərdi ki, onun insanlara qarşı olan sevgisini görəsən. Yazıçı həyatda insanlara qarşı nə qədər mülayim idisə, köşələrində bir o qədər sərt idi. Onun yaradıcılığında publisitikası ayrıca yer tutur. Bir çox yazıçılar, əsasən, ya yaxşı əsər yazır, ya da yaxşı publisist məqalələr. Ancaq Rafiq Tağı hər ikisinin öhdəsindən uğurla gələ bilirdi. Məqalələrinin hər biri cəmiyyətdə böyük rezonans doğurur, aylarca çəkən müzakirələrə səbəb olurdu. Bir çoxları yazıçının publisistikasının bu qədər səs-küyə səbəb olmasını onun yazılarının sərt olması ilə əlaqələndirsə də, bir çoxları ədəbiyyatda olan çəkisi və məqalənin öhdəsindən uğurla gəlməsi ilə izah edirdi. Onun son polemikası Mirzə Ələkbər Sabir ilə bağlı olmuşdu. Əslində o, Sabiri tənqid etməklə bütövlükdə cəmiyyətdə olan bütləşmənin əleyhinə çıxırdı. Rafiq Tağının sözügedən məqaləsi insanları silkələmiş və düşüncə tərzini az da olsa dəyişdirə bilmişdi. Bu baxımdan Rafiq Tağı yaradıcılığı bütövlükdə Azərbaycan ədəbiyyatı üçün həmişə soyuq duş rolunu oynayıb…

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button