İçində iblis olanlar!

nurəddin xoca

Nurəddin Xoca

Ana haqqı, Tanrı haqqı!

Atalarımız “ Ana haqqı, Tanrı haqqı” deyəndə onun heç bir zaman ödənilməyəcək bir haqq olduğunu nəzərdə tutmuşdular. Müqəddəslər “Cənnət anaların ayağı altındadır”  deyəndə ananı müqəddəsləşdirmişdilər. Bəs görəsən, biz nə edirik? Bu gün anaların hansısa haqqı varmı övladlarının yanında? Əlbəttə, mən bu haqqı unutmayanlardan, sona qədər öz övladlıq borcunu yerinə yetirənlərdən yazmayacağam. Ehtiyac da yoxdur. Necə ki, biz körpə olanda analarımız bizim nazımızla oynayıb, sevə-sevə boya-başa çatdırıb, biz də borcluyuq ki, onları yaşlananda sevək və axır mənzilə qədər ehtiramla yola salaq. Bu, təbiidir. Bəs bu Allahın və təbiətin qanunlarına zidd gedənlər? İçlərində bir iblis yatarkən insan arasında mələk çildində gəzənlər? Bəs nədən bu gün qocalar evi analarla doludur? Nədən bu gün övladları olan anaları biz qocalar evində görməliyik? Hərdən tanıdığın biri olanda soruşursan, ay filankəs, niyə ananı qocalar evinə qoymusan?

Min cür bəhanələr uydururlar. Amma nə bəhanə ola bilər? Axı o, ANA-dır. Bəli, böyük hərflərlə yazılan, haqqı Tanrı haqqı ilə eyni tutulan, ayaqları altında cənnət olan ANA! Bu hərəkətə nə adla, nə bəhanə ilə olursa olsun, haqq qazandırmaq olmaz. Çünki iblis hərəkətidir bu hərəkət.

1988-ci ildə meydanda olanların hamısının yadında qalan bir qadın var. Ağsaçlı Zəhra ana! Hər gün “peraşki” pişirib gətirir, meydanda bizə paylayırdı. Sonralar da Milli Azadlıq Hərəkatı zamanı çox yerlərdə onu görmək olardı. Axır vaxtlar hər il rəhmətlik Elçibəyin ildönümündə qəbir üstündə həmişə onu görərdim. Bu il görmədim. Fikirləşdim ki,  ya mən geçikmişəm, ya da o bizdən sonra gələcək. Qadınlardan Zəhra ananı soruşdum. Dəhşətli, sarsıdıcı bir xəbər eşitdim: “Zəhra ana qocalar evində ölüb!” Ölüm xəbəri özü-özlüyündə dəhşətli xəbər deyil. Hamımız bir gün öləcəyik. Xüsusən də qocayıqsa… Amma Zəhra ana qızı tərəfindən küçəyə atılmış və xeyirxahlar ona qocalar evində yer düzəltmişlər. Bax, dəhşət budur. Meydanın və doğma qızının anası olasan, qocalar evində tək–tənha öləsən!!!

Anamın bir rəfiqəsi var idi – Tamara müəllimə. Bir oğlu və bir qızı vardı. Oğlu Eldar Qarabağda şəhid olmuşdu. Qizi ilə tək qalmışdı. Qızı böyüdü, ərə getdi. Tamara müəllimə bir övladına nə etməli idisə, ikiqatını etdi. Qızının övladı oldu. Sonda oğlunu evləndirdi və evin darısqallığını bəhanə gətirərək Tamara müəlliməni qocalar evinə atdı. İllərlə övlad böyüdən ana, müəllimə qocalanda tək-tənha qocalar evində ölümə məhkum edildi!!!

Nədir bunun adı?! Budurmu ANA-nın haqqı? Bunlar aramızda gəzən iblislər deyilmi?

İ.S. Mən minlərlə hadisələrdən ikisini qələmə aldım. Kimliyindən asılı olmayaraq hər kəs ağır vaxtında anasını çağırır. Xəstəxanalarda olmusunuzmu? Ağır xəstələr ağrının şiddətindən qovrulanda “anam vay” deyirlər. Zindanda yatan məhbuslar həmişə analarını gözləyirlər. Bilirlər ki, anaları onları atmaz. Düşməninə xəbər göndərən “ananı ağlar qoyacam” deyir. Övladı üçün hər cür fədakarlığa gedərkən, övladının nankorluğuna nə ad qoymaq olar? Xüsusən də bu, qız övladıdırsa. Anaya daha yaxın, özü də gələcəyin anası…

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button