İcra başçısı «Yeni Müsavat»a təxribatçılar yolladı

Salyanın icra başçısı Tahir Kərimov

Salyanın icra başçısı Tahir Kərimovun «ştatlı ağsaqqalları» redaksiyada kolelktivi təhqir etdilər

 Dünən səhər saatlarında Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov “Yeni Müsavat” qəzetinin redaksiyasına xüsusi təlimat almış üç nəfər təxribatçı göndərib. Bu barədə qəzetimizə redaksiyadan məlumat verilib.

Özlərini rayon ağsaqqalları kimi təqdim edən həmin adamlar icra başçısı haqda qəzetin yazdıqlarına etiraz bildirmək üçün gəldiklərini deyiblər. Özünü Rayon Ağsaqqallar Şurasının sədri kimi təqdim edən İmanov Beydulla və onunla bərabər gəlmiş Qulam Sadıqov, Nadir Rüstəmov (sonuncu iki nəfər müəllim olduqlarını dedilər) baş redaktorun birinci müavini Azər Ayxanla görüşüblər.

Onlar A.Ayxandan tələb ediblər ki, bir də “Yeni Müsavat”da T.Kərimov haqda tənqidi planda heç nə yazılmasın. Baş redaktor müavini bunun səbəbini soruşduqda qəribə cavabla üzləşib: “Tahir müəllim rayonda abadlıq işləri aparır. Salyanda analoqu olmayan quruculuq gedir. Xörək bişirməyə qaz yox idi, bu kişi gələndən sonra rayona qaz çəkilir. Ona görə də sizin yazdıqlarınız yalandır, bu cür icra başçısına böhtan atırsınız”. A.Ayxan gələnlərin nəzərinə çatdırıb ki, bu işlər ölkə başçısının sərəncamı ilə və dövlət büdcəsindən ayrılan pullar hesabına həyata keçirilir. Bunun icra başçısına dəxli yoxdur. İcra başçısının xüsusi təyinatlı ağsaqqalları bu arqumentə özlərinəməxsus şəkildə cavab veriblər. Deyiblər ki, T.Kərimov hazırda Salyan ərazisində tunc dövrünə aid qəbirlərin aşkar edilib tədqiq olunması haqda vacib işlər görür. Qəzetin baş redaktor müavini bu işin də icra başçısına heç bir aidiyyatının olmamasını qonaqların diqqətinə çatdırıb. Bundan sonra “ştatlı ağsaqqallar”ın biri – Qulam Sadıqov Azər Ayxanla kobud danışıb və onu ağır ifadələrlə təhqir edib. Bundan sonra A.Ayxan onlarla söhbətin alınmayacağını bildirərək hər üç şəxsdən redaksiyanı tərk etmələrini tələb edib.

Əslində, bu proses iki gün öncədən başlayıb. Oktyabrın 12-də “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluna özünü Salyan ağsaqqalı kimi təqdim edən bir nəfər 050 377-98-00 nömrəsindən zəng edib. Həmin adam R.Arifoğlunu hədələyib ki, icra başçısı haqda yazdığımıza görə redaksiyaya basqın edəcəklər. Baş redaktor isə ona tövsiyə edib ki, bu cür biabırçı və qanunsuz fəaliyyətdən vaz keçsin. Zəng vuran adam israrla bildirib ki, onlar icra başçısını sonadək müdafiə edəcəklər.

A.Ayxan baş vermiş olaya münasibət bildirərək deyib ki, rayon icra hakimiyyətlərinin başçıları və digər yerli məmurlar insanların ağır sosial vəziyyətindən istifadə edərək onları pulla və digər vasitələrlə ələ alıb müstəqil mətbuatın üstünə göndərirlər: “Mən bu insanlara acıdım. Yaşlarının bu vaxtında beş-on manat pul alıb bu cür qanunsuzluğa sövq edilən adamlar bilməlidirlər ki, mətbuatla məmurun münasibətləri ağsaqqallıq missiyaları ilə tənzimlənmir. Ölkənin pis-yaxşı qanunları var, o cümlədən, Mətbuat Şurası fəaliyyət göstərir. Tahir Kərimov üstümüzə öyrədilmiş adamlar göndərdiyinə bizə müsahibə versin və yazdıqlarımızın yalan olduğunu isbatlasın. Yaxud məhkəməyə müraciət etsin. Bunu da istəmirsə, Mətbuat Şurasının müvafiq komissiyasına bizdən şikayət versin. Daha durub üstümüzə ştatlı ağsaqqallar göndərməsin. Tahir müəllimin yaşlı adamlardan öz çirkin məqsədləri üçün istifadə etməsi heç bir ölçüyə sığışmır”. A.Ayxan dedi ki, gələnlərin bütün arqumentlərini əllərindən alandan sonra onlar təxribata əl atdılar: “Deməyə sözləri qalmadığını görəndə məni təhqir etməyə başladılar. Sonda onlardan soruşdum ki, niyə ölkə başçısının barəsində mətbuatda tənqid gedəndə onu bu şəkildə müdafiə etmirsiniz, amma icra başçısını müdafiə etmək adı ilə qanunsuz bir əmələ qoy qoyursunuz? Bir-birilərinin üzünə baxdılar. Axırda da qəzetin, mənim və əməkdaşların ünvanına ağızlarına gələni söyləyib getdilər”. Azər Ayxan qeyd edib ki,  redaksiya rəhbərliyi bununla bağlı aidiyyatı qurumlara müraciət edəcək.

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button