İcra başçısının oğlu insan ölümündə ittiham olunur

Hakim Ramella Allahverdiyeva
Hakim Ramella Allahverdiyeva

 20.04.2015

Şahid Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin yüksək sürətlə maşını idarə etdiyini təsdiqlədi

Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Əsgərlinin və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən və barələrində ev dustaqlığı qətimkan tədbiri seçilən hər iki şəxs məhkəmədə iştirak edib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxslər ifadə verib. Təqsirləndirilən İlham Əsgərli özünü təqsirli bilmədiyini qeyd edib. O bildirib ki, Qala yolunda avtobobillə hərəkət edərkən, qarşıda gedən “Howo”  markalı yük maşınını keçmək istəyərkən, yük maşını qəfildən sağa dönüb və bu səbəbdən hadisə baş verib. Əsgərlinin bildirdiyinə görə, həmin yerdə dəmir maneələr götürülərək, qanunsuz dönmək üçün yer düzəldilib və yük maşını da ordan dönmək istəyirdi.

Daha sonra digər təqsirləndirilən – “Howo” markalı yük maşının sürücüsü Əhliman Süleymanov ifadə verib. O bildirib ki, şirkətə məxsus avtomobili idarə edib. Həmin gün şirkətə məxsus 3 yük maşını Qala yolunda hərəkət edib. “Mənim arxamca Nurlanın sürdüyü avtomobil, onun arxasınca isə Ayazın avtomobili gəlirdi. Mənim qarşımda başqa bir “ZİL” avtomobili gedirdi. Mən yolun sağı ilə 50-60 km sürətlə hərəkət edirdim. Qarşıdakı avtomobili ötmək üçün sola çıxsam da, arxadan gələn bir avtomobilin “marqat” edərək işarə ilə yol istədiyini gördüm və yenidən “povarotnik”i sağa yandırdım və sağa çıxaraq ona yol vermək istədim. Elə bu zaman həmin avtomobil mənim maşınımın arxa sağ təkərinə çırpıldı. Daha sonra düşüb maşında olanları çıxardıq” – deyən Ə.Süleymanov kimin harada oturmasını dəqiq xatrlamadığını vurğulayıb. O, həmçinin suallara cavab olaraq bildirib ki, onun sağda olan qanunsuz keçiddən yola dönmək fikri olmayıb və buna şirkətdən də icazə verilməyib.

O, həmçinin suallara cavab olaraq deyib ki, İ.Əsgərlinin idarə etdiyi avtomobil çox böyük sürətlə – təxminən 180-200-lə hərəkət edirmiş. “O qədər böyük sürət vardı ki, zərbə nəticəsində mənim sürdüyüm 15 tonluq yük maşının qaldıraraq kənara tulladı.

Daha sonra “Howo” markalı yük maşının məxsus olduğu şəxs – Nizami Aslanov zərərçəkmiş şəxs qismində ifadə verib. O, bildirib ki, hadisə ilə əlaqədar telefon zəngindən sonra Qaladan hadisə yerinə gəlib. “Mən gələndə yaralıraı çıxarmışdılar. Biri lap ağır idi. Onu yolun kənarına uzatməşdılar. Ətrafda adamlar vardı. Təcili Yardım gec gəldiyi üçün yaralıları özümüz maşına qoyaraq xəstəxanaya aparmaq istəsək də polislər icazə vermədi ki, təcili yardımı gözləməliyik” – deyən N.Aslanov bildirdi ki, istintaqla onlara 1280 manat ziyan dəysə də, heç bir tələbi yoxdur.

Daha sonra hadisə şahidləri dindirilib. Şahid Mahmud Quliyev bildirdi ki, həmin gün oğlunun idarə etdiyi avtomobillə Qala yolu ilə hərəkət edərkən “Mercedes” markalı avtomobil işığı yandırıb söndürməklə işarə verərək onlarldan yol istəyib. “Biz yol verdik keçdi. Bir az gedəndən qarşıda toz qalxdı və hadisənin necə baş verdiyini görmədik. Yaxınlaşıb saxladıq gördük ki, həmin maşın alışır. Mən maşına yaxınlaşaraq sürücü tərəfdən qapını açmaq istəsəm də, açılmadı. Daha sonra ürəyim xəstə olduğu üçün baxa bilmədim” – deyən şahid avtomobilin yüksək sürətlə hərəkət edtdiyini bildirdi. Prokurorun “Yüksək sürət deyəndə nə qədər nəzərdə tutursunuz” sualına şahid “təxminən 110-120 km sürətlə” cavabını verdi.

Digər şahid Yusublu Rövşən də oxşar ifadə verib. O bildirib ki, hadisəni görən kimi maşından düşərək Fövqəladə Hallar Nazirliyinə, polisə və təcili yardıma telefonla məlumat verib. “”Mercedes”in arxası dəmir arakəsmələrin üstündə idi, mühərrik hissəsi əvvəl tüstüləndi, sonra yanmağa başladı. Yanğını su ilə söndürməyə çalışdıq. Ancaq 1 saatdan artıq gözləsək də təcili yardım gəlmədi” – deyə şahid bildirdi.

Şahid Ayaz Hacızadə bildirdi ki, həmin gün Əhliman Süleymanovla eyni reysdə olub. Öndə Əhliman, arxasınca Nurlan, daha sonra mən gedirdim. “Mən onlardan arxaya qalmışdım, görmürdüm onları. Yolda məndən “Mercedes” yol istədi. Yol verdim keçdi. Bir az gedəndən sonra gördüm ki, qabaqda hadisəni baş vediyini gördüm.  Yaxınlaşıb yaralıları çıxarmağa kömək etdik. Əhliman da kömək edirdi. Sonra təcili yardım gəldi. Əvvəlcə ağır yaralını, apardı, sonra digər təcili yardım gələrək o biri yaralıları apardı” – deyə şahid bildirdi.

Digər şahid Nurlan Məmmədov da sürücü yoldaşı – təqsirləndirilən Ə.Süleymanovla eyni məzmunlu ifadə verib. “Mən Əhlimanın arxasınca gedirdim. Aramızda maşın yox idi. Əhlimanın qarşısında isə “Zil” markalı yük maşını gedirdi. Əhliman onu ötmək üçün sol yola çıxdı. Bu zaman arxadan sürətlə gələn “Mürcedes” “marqat” edərək yol istədi. Əhliman da yenidən sağ yola qayıdaraq ona yol vermək istədi. Mecedes isə yüksək sürətlə onun maşınının arxa təkərinə çırpıldı. Əhlimanın maşını qaldıraraq sağ tərəfə atdı. Özü isə arxası dəmirə tərəf qalxaraq qaldı. Mühərrik hissəsində yanğın başladı. Su tökərək birtəhər söndürdük. Sonra yaralıları çıxardıq. Qabaq hissədə sürücünün yanında olanın vəziyyəti lap ağır idi. 30-40 dəqiq sonra gələn təcili yardım ilk olaraq onu apardı. Sonra digər sərnişini də təcili yardım apardı. Daha sonra qara rəngli bir avtomobil gəldi və sürücünü apardılar”…

Hadisədə dünyasını dəyişmiş Sənan Mirzəyevin atası Maqsud Mirzəyev ondan hansı marka maşın olmasını və “AA” seriyası ilə başlayıb-başlamamasını soruşdu. Şahid bildirdi ki, qara rəngli “A“ seriyahsı ilə başlayan “Hyunday” avtomobili idi.

Suallara cavab verən şahid əlavə etdi ki, “Mercedes”in sürəti təxminən 180-200 olardı.

Proses 23 aprel saat 10.00-da davam edəcək.

İttiham aktına əsasən, ötən il sentyabrın 29-da İlham Əsgərlinin sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes S500” markalı avtomobillin Zığ-aeroport yolunda yük maşını ilə toqquşaraq qəza törətməsi nəticəsində özü və Pərvin Fətullayev xəsarət almış, Sənan Mirzəyev isə xəstəxanada dünyasını dəyişmişdir. Belə ki, “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb. Hadisə ilə bağlı təqsirləndirilən şəxslərə 263.1. (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və  263.2-ci (263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ititham irəli sürülmüşdür. Hər iki şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, ötən prosesdə çıxış edən zərərçəkmişin hüquqi varisi Maqsud Mirzəyev oğlunun İlham Əsgərlinin günahı ucbatından qəzaya düşməsinindən sonra normal tibbi yardım göstərilməməsi səbəbindən dünyasının dəyişdiyini bildirib. O, vurğulayıb ki, oğlu hadisədən sonra Sabunçu xəstəxanasına deyil, daha yaxşı tibb mərkəzinə yerləşdirilsəydi, sağ qala bilərdi.

Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button