İcra başçısının oğlu məhkəmədə kimlərin dindirilməsini istəyir?

bacm 122.04.2014

Medianın bu məhkəmə prosesi barədə yaydığı məlumatlar narahatlığa səbəb olub

Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bu prosesdə həm təqsirləndirilən, həm zərərçəkmiş, həm də şahidlərin dindirilməsi prosesi başa çatıb. Söhbət ötən il sentyabrın 29-da baş vermiş və “Mc Donald’s”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümünə səbəb olmuş yol qəzası üzrə məhkəmə prosesindən gedir.

Məhkəmə prosesinə sədrlik edən hakim Ramella Allahverdiyeva dünənki iclasda tərəflərə bu barədə məlumat verəndən sonra onların vəsatətlərinin olub-olmadığını soruşub. İlham Əsgərlinin hüquqlarını müdafiə edən vəkil Bəylər Məmişov məhkəmədə əlavə şahidlərin dindirilməsi haqda vəsatət qaldırıb. Xatırladaq ki, İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib. İlham Əsgərli ilə yanaşı, Əhliman Süleymanov da təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların hər ikisinin barəsində məhkəmə hökm verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib. Vəkilin məhkəmədə əlavə şahid qismində dindirilməsini istədiyi şəxslərin sayı dörd nəfərdir. Onlardan biri qəzadan sonra hadisə yerinə gələn Təcili Tibbi Yardımın həkimi, ikisi Xəzər rayon yol-patrul xidmətinin əməkdaşlarıdır. Daha bir nəfər – Rəşad Məmmədzadə adlı şəxsdir. Vəkil bildirib ki, bu şəxs ibtidai istintaq zamanı dindirilsə də, iş məhkəməyə göndərilərkən sübutlar siyahısına şahid kimi daxil edilməyib. Bəylər Məmişovun sözlərinə görə, adıçəkilən şəxs yaralıların maşından çıxarılması, Təcili Tibbi Yardımla xəstəxanaya göndərilməsində iştirak edib, xəstəxanada vəziyyətlə maraqlanıb. Buna görə həmin şəxsin dindirilməsi vacibdir. İş üzrə zərərçəkmiş olan Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyeva bildirib ki, vəkilin sadaladığı adamların şahid qismində dindirilməsinə ehtiyac yoxdur. Digər təqsirləndirilən – yük maşınının sürücüsü Əhliman Süleymanovun vəsatətə münasibəti isə belə olub: “Əgər gəlib burada doğru-dürüst danışacaqlarsa, etirazım yoxdur. İstintaqda iki şahid var idi, gəlib danışırdı ki, guya, qəza nəticəsində “Mercedes” yananda maşının söndürülməsi üçün kanaldan su gətirib və s. Halbuki, o adamlar ümumiyyətlə, orada görməmişəm”. Məhkəmə vəkilin vəsatətini təmin edərək, həmin şəxslərin dindirilməsinə qərar verib. İcra başçısının oğlunun vəkili bu məhkəmə prosesində baş verənlər barədə ictimaiyyəti məlumatlandıran jurnalistlərə də etiraz edib. Bəylər Məmişov iddia edib ki, məhkəmə prosesinə sədrlik edən hakimin audio-yazıya qadağa qoymasına baxmayaraq, media nümayəndələri səsyazma vasitələrindən istifadə edirlər: “Audio-vasitələrdən istifadə edərək, nöqtə-vergülünə qədər ağzımızdan çıxan hər şeyi yazırlar. Müdafiə etdiyim şəxs hələ təqsirləndiriləndir, amma onun barəsində mənfi rəy formalaşdırırlar. Bu da özünün, ailəsinin nüfuzuna xələl gətirir”. Buna cavab olaraq, hakim bir daha bəyan edib ki, səsyazma vasitələri qadağandır, yalnız qələm-kağızdan istifadə oluna bilər. Biz də öz növbəmizdə qeyd edək ki, sözügedən məhkəmə prosesində heç vaxt audio-yazıdan istifadə etməmişik. Səslənən fikirlər də yalnız kağız-qələm vasitəsilə qeydə alınıb.

Məhkəmə prosesi aprelin 23-də davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button