İcraçı direktor:“Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir”

“Yarış çox yaxşı keçdi, yetərincə ötmələr vardı. Başlanğıcda bir qədər sakitçilik olsa da, sonradan maraqlı mübarizə izləyə bildik”.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin nəticələri barədə danışarkən deyib.

Onun sözlərinə görə, yarış ərzində ötmələr, qəza və digər elementlər görmək olub: “Daniel Rikkardonun yoldan çıxandan sonra bolidini geri verən zaman Daniil Kvyatın maşını vurması maraqlı idi. Yarış insidentsiz keçdi, çox böyük publika vardı. Ötən mövsüm olduğu qədər ajiotaj vardı. Əvvəlki illərdə insanlar daha çox konsert proqramlarına maraq göstərirdilərsə, bu dəfə əsas fikirlərini yarışa yönəltmişdilər. Fikrimcə, bu ilki yarışla bağlı daha çox təsnifat mərhələsi yadda qalacaq”.

A.Rəhimov birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassellin idarə etdiyi bolidin trasdakı kanalizasiya lyukunun qapağına ilişərək zərər görməsinə də toxunub: “Lyukla bağlı olayı “Formula 1”də son 20 ildə 6 və ya 7-ci dəfədir baş verir. Bu, şəhər traslarında tez-tez olur. Monakoda iki dəfə, eləcə də Çin və Malayziya kimi qeyri-şəhər traslarında yaşanıb. Bizim səhvimdir, heç bir insident baş vermədən yoluna qoyduq”.

İcraçı direktor SOCAR Azərbaycan Qran-prisinin 2020-ci ildə hansı tarixlərdə baş tutacağını bilmədiklərini deyib: “Formula 1” rəhbərliyi ilə danışırıq. Onlar bizə ilkin təqvimlərini verməlidirlər. İstənilən halda, elə edəcəyik ki, Bakıda “Formula 1”lə AVRO-2020-nin final mərhələsinin oyunları eyni həftəyə düşməsin”.

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisinin qalibi “Mercedes”in pilotu Valtteri Bottas olub/Report

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button