İctimai fəalin saxlanıb buraxıldığı deyilir

NİDA Vətəndaş Hərəkatının üzvü Nicat Əmiraslanov iyunun 15-də saxlandığını, iki gün sonra isə sərbəst buraxıldığını bildirir.

Amma o, dedikləri ilə bağlı detallar açıqlamır, vəkili ilə məsləhətləşəcəyini bildirir.

Deməsinə görə, onu hüquq-mühafizə orqanların əməkdaşları saxlayıb: “Hazırda sərbəstəm. Təfərrüatlar barədə, hələlik, məlumat verə bilmərəm”.

N.Əmiraslanovun dediklərinə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bir gün əvvəl, iyunun 16-da isə NİDA Vətəndaş Hərəkatı N.Əmiraslanovun saxlanması ilə bağlı bəyanat yaymışdı.

“Daxili İşlər Nazirliyinin rəsmiləri bizə bildirdilər ki, Nicat Əmiraslanovun harada olması ilə bağlı onlarda məlumat yoxdur. Bu, onun taleyi və sağlamlığı ilə bağlı narahatlığı daha da artırır”, – hərəkatın bəyanatında qeyd edilirdi.

Hərəkat Əmiraslanovun saxlanmasını “əsassız” hesab edir və bunu “son aylarda Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı həyata keçirilən repressiya dalğasının davamı” kimi qiymətləndirirdi.

Vəkil Zibeydə Sadıqova da iyunun 16-da “Amerikanın Səsi”nə bildirmişdi ki, iyunun 15-dən N.Əmiraslanovun harada saxlandığı barədə məlumat almağa çalışıb: “Dünəndən dörd dəfə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə zəng etmişəm. Hələ də Nicat Əmiraslanovun harada saxlanılması ilə bağlı məlumat ala bilməmişəm”.

2017-ci ildə Əmiraslanov Qazax rayonunda 30 sutka inzibati qaydada həbs edilmişdi. Həmin vaxt sosial şəbəkələrdə onun saxlandıqdan sonra işgəncələrlə məruz qaldığı bildirilsə də, həmin iddiaları rəsmi qurumlar təsdiqləməmişdi.

N.Əmiraslanov həmin vaxt haqqında deyilənlərə münasibət bildirməmişdi.

Ötən ilin noyabrından bəri Azərbaycanda aralarında “ToplumTV”, habelə “Abzas Media” nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə basqılara məruz qalmır.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 300 civarında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri də qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button