İctimai Palata mülkiyyət hüquqlarının pozulması üzrə işçi qrupu yaradıb

“Son 18 ildə mülkiyyət hüquqlarının pozulması ölkənin aktual problemlərindən biri olaraq qalır. Bu müddətdə yüz minlərlə adam daşınmaz əmlakdan məhrum olub. Son illər bu proses daha geniş miqyas alıb”, – Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli çərşənbə axşamı Media Mərkəzində keçirilən “dəyirmi masa”da bildirib.
O xatırladıb ki, ötən ay İP bu məsələyə dair xüsusi dinləmələr keçirib. Dinləmələrin yekunlarına əsasən işçi qrupunun yaradılması haqda qərar qəbul olunub. Qrupa palata üzvləri -iqtisadçılar Rövşən Quliyev, Nemət Kərimli, İlham Hüseynli, hüquqşünas Fəxrəddin Mehdiyev və fəal Başxanım Abbasova daxildir.
Qrup mülkiyyət hüquqlarının pozulması və öz hüquqlarının müdafiəsində vətəndaşlara yardım göstərilməsi faktlarının ümumiləşdirilərək araşdırılması ilə məşğul olajaq.
AXCP liderinin fikrincə, “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi bəhanəsi ilə hakimiyyət vətəndaşların evlərini dağıdır, müsabiqənin keçirilməsi üçün iş adamlarından “xərac” alır.
Ə.Kərimli mülkiyyət hüquqlarının pozulmasına son qoyulması tələbi ilə imzatoplama kampaniyasına başlamaq planlarından danışıb.
İP-nin üzvü, hüquqşünas Vidadi Mirkamal bildirib ki, mülkiyyət toxunulmazlığına baxmayaraq, məmur-mafioz qrupları kütləvi qaydada vətəndaşların daşınmaz əmlakını dağıdır.
İşçi qrupunun üzvü, vəkil Mehdiyev deyib ki, mülkiyyət hüquqlarının pozulması təkcə daşınmaz əmlakın götürülməsi ilə deyil, həm də mövcud evə mülkiyyət hüququ üçün sənədin alınmasının qeyri-mümkünlüyü ilə həyata keçirilir.
“Kür” vətəndaş qərargahının üzvü Oqtay Gülalıyev diqqəti ötən il Kür və Araz çaylarının daşması nəticəsində aran rayonlarında zərər çəkən vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına yönəldib. Belə ki, FHN yalnız 2700 ailəyə ev tikib, halbuki, yaşayış yerindən məhrum olanların sayı daha çoxdur. Hazırda onların çoxu məhkəmə qaydasında öz hüquqlarını bərpa etməyə çalışır.
Ekspert Rövşən Quliyev ölkədə özəl və bələdiyyə mülkiyyəti hüquqlarının kütləvi pozulduğunu qeyd edib. Onun sözlərinə görə, məhkəmələr mülkiyyətçilərin pozulmuş hüquqlarını bərpa etmirlər. Onun fikrincə, vətəndaşlar özləri və vətəndaş cəmiyyəti mülkiyyət hüquqlarının müdafiəsi üçün birləşməlidir.
İşçi qrupunun üzvü Başxanım Abbasova (siyasi məhbus Tural Abbaslının anası) öz mülkiyyət hüquqlarının pozulmasından danışıb.
Abbasovun sözlərinə görə, onların Səməd Vurğun küçəsi, 49 ünvanında yerləşən evləri 1867-ci ildə inşa edilib və memarlıq abidəsi sayılır. Buna baxmayaraq, hakimiyyət onu sökür, əvəzində cüzi kompensasiya təklif edir. Abbasovların qonşuları təzyiqlərə dözməyərək köçüblər və binada ancaq bu ailə qalıb. “Bizi sıxışdırmaq üçün hədə-qorxu gəlirlər, təzyiq göstərirlər, yanğınlar törədirlər”, – Abbasova qeyd edib.
Müsavat Partiyasının lideri İsa Qəmbər işçi qrupunun yaradılmasının əhəmiyyətini qeyd edib. Belə ki, qrup vətəndaşların mülkiyyət hüquqlarının müdafiəsində mühüm rol oynaya bilər.
Öz növbəsində işçi qrupunun üzvü Hüseynli Turan-a bildirib ki, işçi qrupu dəyən zərərin qiymətləndirilməsi, konsultativ yardımın göstərilməsi məqsədilə zərərçəkən vətəndaşlarla görüşlər keçirəcək.

CONTACT

13.12.2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button