İctimai Palatada mətbuata təzyiqlərlə bağlı dinləmələr keçirildi

Mehman Əliyev:  “İlham Əliyevi  qabağa verib özləri arxaya çəkildilər”

 Bu gün İctimai Palatada Redaktorlar Birliyi ilə birlikdə  mətbuata təzyiqlərə dair dinləmələr keçirilib. Müsavat Partiyasının Mərkəzi Qərargahında keçirilən tədbirdə qəzet redaktorları, jurnalistlər və İP üzvləri qatılmışdı.

Toplantı zamanı hakimiyyətin azad mətbuata təzyiqləri doğuran səbəblər,  bu niyyətin arxasında duran məqamlar və problemin həlli istiqamətində təkliflər səsləndirildi.

AXCP sədri Əli Kərimli son dövrlərdə mətbuata olan təzyiqlərin artdığını bildirdi. AXCP sədri qeyd etdi ki, son olaraq “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs olunub. Ə.Kərimli dedi: “Son zamanlar nazir və məmurların sayəsində məhkəmələr də mətbuata qarşı fəallaşıb. Mətbuat orqanlarının çapında problemlər var”.

 Redaktorlar Birliyininin fəaliyyətinin bərpa edilməsinə  diqqət çəkən Ə.Kərimli  bunun mətbuatın özünümüdafiə mexanizmi  kimi yüksək qiymətləndirdi: “Təzyiqlərin artmasını nəzərə alaraq Rerdaktorlar Birliyi ilə belə bir müzakirə keçirmək qərarına gəldik”

 “Medianın böyük hissəsi hakimiyyətlə sövdələşməyə getmişdi”

 Məruzə ilə çıxış edən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev  Redaktorlar birliyinin sonuncu dəfə 2007-ci ildə toplaşdığını qeyd etdi : “Medianın böyük hissəsi hakimiyyətlə sövdələşməyə getmişdi. Toplantılar keçirilmirdi.  Redaktorlar Birliyinin yenidən bərpa edilməsi  mətbuata təzyiqlərlə bağlıdır. Senyabrda ilk toplantımızı keçirdik.  Bu hakimiyyəti narahat etməyə başladı. Oktyabrda vəziyyət gərginləşdi. Hakimiyyətin destruktiv addımlara atacaqlarını gözləyirdik.  “Xural” qəzetinə təzyiqlər də bununla bağlı idi.  Ramiz Mehdiyevin, Vüqar Səfərlinin də iddiaları daxil olmaqla öncə qəzet 19 min manat məbləğində cərimələndi, daha sonra redaktor həbs olundu .  Qəzetin əmlakı mayda bir dəfə qeydiyyata alındı. Bu daha çox R.Mehdiyevn tərəfindən gələn təzyiq idi. İlham Əliyevin “Əl-Cəzirə”yə müsahibsindən sonra Əvəz Zeynallının yazdığı məqaləni İlham Əliyevin qarşısına qoydular. Əvəz Zeynalı həbs olundu. İlham Əliyevdən isə  istifadə etdilər. İlham Əliyevi  qabağa verib özləri arxaya çəkildilər.  Həbslə bağlı dəlil-sübut ortaya qoyulmayıb. Jurnalistlərin Beynəlxalq Komitəsi bəyanat yayıb ki, Əvəz Zeynallı dərhal azadlığa buraxılmalıdır. Bu siyasi sifarişdir”.

M.Əliyev daha sonra mətbuata təzyiq vasitələrindən danışdı. Ekspert bildirdi ki,  yayımın qarşısını almaq məqsədilə qəzet köşkləri yığışdırılır, internet saytlarına hücumlar başladı.

M.Əliyev bildirdi ki, medianın iqtisadi dayaqları da dağıdılıb. Belə ki müstəqil və müxalif qəzetlərə reklam verən olmur: “2005-ci ildə  qəzetlərin pulla ələ  alınması  özünü daha çox göstərdi.  Mübarizənin birinci mərhələsi iqtisadi məsələlərlə bağlı olsa da, daha sonra jurnalistlərin qətlləri və döyülməsi başladı. Jurnalist Elmar Hüseynov öldürüldü. Qənimət Zahidin başına gələnləri, Bahəddin Həziyevin oğurlanıb döyülməsi medianı və cəmiyyəti qoxutmağa yönəlmişdi. İndi də qəzetləri məhkəmələrlə iflic vəziyyətinə salmaq istəyirlər. “Yeni Müsavat” qəzetinə qarşı küllü miqdarda cərimə tələb edən iddialar qaldırılıb”.

 “Bizim  prezidentin ayırdığı pullara ehtiyacımız olmamalı idi”

 “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu isə qeyd etdi ki, Azərbaycan hakimiyyəti azad medianı iqtisadi amillərlə boğur: “Qəzetlərə pul paylayırlar, onları ələbaxan öyrətməyə çalışırlar. İlham Əliyev jurnalistlərə ev tikdirir. Bu icra hakimiyyətinin rüşvət verilməsi halıdır”.

Çap mediasının satış hesabına yaşadığını deyən Ş.Çobanoğlu bildirdi ki, köşkləri yığışdırmaqla medianın  qan damarlarını kəsməməyə çalışırlar: “Azərbaycanda 1 milyon nəfərə 90,  Polşada 1250 köşk düşür.

Azərbaycana xarici nəşrlər də gəlir. Bizdə 1000 nəfər  ildə 267 nüsxə, Rusiyada 3000, Avropada bu 10000-dən yuxarı nüsxə oxuyur. Azərbaycanda qrip və yolxucu xəstəliklər qəzetlərdən daha tez yayılır. Bizim  prezidentin ayırdığı pullara ehtiyacımız olmamalı idi. Azərbaycan hakimiyəti öz siyasətində dəyişiklik etməlidir.

 Qrantlar müstəqil mətbuata yönəlsin

 “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahid dedi ki, Azərbaycanda azad  medianın elementlərini daşıyan 50-60 jurnalist var. Ramiz Mehdiyev iddia qaldırdı. Əvəz Zeynallı həbs olundu. Gülər Əhmədova xaricə getdi. İlham Əliyev  Əvəzi tutdurmaq kimi səfeh bir qərar verdi. “Azadlıq” qəzetinin saytına girənlərin sayı 10000-ə qalxanda  MTH-in xakkerləri  saytı dağıdırlar.

Mətbuat Şurası ayda bir dəfə yığışıb hansısa qəzeti rekert elan edir. Bunu bizə izah etsinlər. Prezident rüşvət alırsa, mediada da rüşətxorlar olacaq.

“Təzdlar” qəzetinin baş redaktoru  Asif Mərzli isə təklif etdi ki, Mətbuat Şurasına, Avrasiya Fonduna ayrılan qrantlar dayandırılmalıdır: “ Həmin qrantları müstəqil mətbuata yönəltmək lazımdır”.

 “Əvəz Zeynallının həbsi  Əliyev rejiminin son mərhələsini yaşadığını göstərir”

 Müsavat başqanı İsa Qəmbər  isə bildirdi ki, mətbuatla bağlı problemlərin günahkarı rejimdir: “Vəziyyət gərginləşməkdə davam edir. Əvəz Zeynallının həbsi  Əliyev rejiminin son mərhələsini yaşadığını göstərir.  Rejim 2008-ci ilin referendumundan sonra bu mərhələyə daxil olub. Parlament seçkilərindən sonra   özünün süqutunun qırmızı xəttini keçib. Gərginlik artdıqca hakimiyyətin səhvləri artacaq. Bu əsəb müharibəsidir. Çox qısa zamanda rejimin süqutunun iştirakçısı və şahidi olacağıq”.

 “Səylərimiz Əvəzin azadlığa çıxarılmasına yönəldilməlidir”

 Ə.Kərimli sonmda bildirdi ki, jurnalist həbsləri üzərində də monopoliya var : “Dövlət başçından başqa hansısa bir məmurun jurnalisti həbs etdirmək ixtiyarı yoxdur”.AXCP sədri sonda qeyd etdi ki,  mediaya təzyiqlərlə bağlı

beynəlxalq tədbir keçirməyə ehtiyac var: “Donor təşkilatların rəhbərlərini   Azərbaycana dəvət etməyə ehtiyac var. Bunu müzakirə etməliyik.  Səylərimiz çap və yayım üzərindəki monopoliyanın aradan qaldırılmasına, Əvəzin azadlığa çıxarılmasına yönəldilməlidir ”.

Əfqan Muxtarlı  

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button