İctimai Palatanın “quqaz”ları

Mirzə Sakit

 İctimai Palatanın son iclasında yekdilliklə və qəzəblə belə bir qərar imzalandı: “Demokratiyaya Yumşaq Keçid”.
Di gedin indi a Yapçılar, görüm bu səfər bəhanəniz nə olacaq. Çox deyirdiniz ki, müxalifət radikaldır, nə bilim, dağıdıcıdır, bir yerdə duran deyillər. İndi gördünüzmü, bu unsanlar nəinki sizlərə qarşı, hətta bütün bəşəriyyətlə (Bəşər Əsəd yox) yumşaq dildə danışmaq niyyətindədirlər. Amma sizlər öz vəhşiliklərinizi davam etdirin. Döyün insanları, öldürün, zindanlara atın…
On gün öncə Yumşaq Keçidin rəmzini hazırlamaq üçün İctimai Palata müsabiqə elan etdi:
– Qu tükündən 400 ədəd döşək gətirilməli və Palatanın keçirildiyi iclas zalında yerə döşənməlidir. Üzvlərin hamısı iclas keçirilən gün oturacaqlarda yox, döşəyin üstündə uzanıb öz fikirlərini söyləməlidir. Arada kim mürgüləyib yuxuya gedərsə, ağzı üstə, böyrü üstə, yaxud da kəllə-mayallaq vəziyyətdə yata bilər…. Özü bilər. Sonuncu oyaq qalan adam öz-özünə də olsa nitq söyləyib özü-özünü alqışlamalıdır.
Bu minvalla qu tükündən döşək axtarışına çıxan üzvlər hərəsi bir tərəfə səpələnib axtarışa başlayıblar. İlk müjdəni molla Nurəddin (Nurəddin Məmmədli) verib. O, arxasına şəlləyib gətirdiyi döşəyi yerə ataraq, sevincək qışqırıb:
– Bu da bizə döşək, güc-bəla ilə axır ki, tapa bildim. Bundan ötrü səkkiz irayon gəzmişəm, sağ olsun yenə Balakəndəki Cicixanım nənəni, təmənnasız verdi ki, gedin uzanın yatın.
İP-in üzvlərindən biri döşəyin o üzünə-bu üzünə çevirib baxdıqdan sonra qəti etirazını bildirdi :
– Ay səni molla Nurəddin, bu ki qaz tükündəndir, qu tükü deyil. Beləmi bizə kəf gəlmək istəyirsən? Özünü ADP-dəmi hiss edirsən?
Nurəddin udquna-udquna dedi:
– Ayə, siz indi Cicixanım nənədən çox biləcəksinizmi, o arvad dedi ki, bir vaxtlar həyətimizdə bir cüt qu saxlayırdıq. Sonradan həmin qular bizim qazlarla cütləşdilər və nəticədə bir xeyli sayda “quqaz” əmələ gəldi. Bax bu döşəyin içindəki tüklər də həmin quqazların tükündəndir. Onsuz da bizim içimizdə o qədər qatışıq adamlar var ki, quqazlardan da betər… Ağlınızı itirməyin. Odureeeyy, Xalid Bahadır demədimi, bura agentura şəbəkəsidir. Vallahi, kişi düzcə dedi. Bir də ki, yeri gəlmişkən deyim, Cicixanım nənə məndən xahiş etdi ki, onu da İctimai Palataya üzv yazdırım. Bax bu da onun pasportu. Bəri başdan sizə bildirməliyəm, Cicixanım nənəmiz uzunömürlüdür, həm də siyasi məsələlərdə heç də bizdən geri qalmaz. Söz verdi ki, elə bizim kimi yumşaq və dəymə-düşər olacaq. Çox yaxşı da əl çalmağı var imiş. Əvvəlcə inanmadım, sonra nənə bir əl çalmaq çaldı ki, səsdən yerə sərildim. İnanın ki, o arvad İctimai Palatanın iclaslarında əl çalsa, Liderlərimiz tam şəkildə xoşbəxt olacaqlar. Arada bir Ramiz Kamal kimi beqafıl bərkdən “Rədd olsun Diktatura!” deməyi də var. Amma onun səsi Ramizinkindən çox gur çıxır… Eeeyyy, kaş oradakı qarılar bizim yerimizdə olaydılar…
– Necə yəni, qarılar bizim yerimizə olaydılar, bu nə sözdür danışırsan, noluf ki, bizə?
– O oluf ki, 400 nəfərə yaxın İP-in üzvü var, lakin mitinqə neçə nəfəri çıxır? Burada pafosla o qədər Cicixanım kimi nənələr danışa bilər ki, heç sizə ehtiyac olmaz. Yadımdan çıxmamış onu da deyim ki, Cicixanım nənə bərk-bərk tapşırdı ki, o İP-çilər niyə bu irayonlara çıxmıllar, qorxullar ki, tutulalar? Dedi ki, tutulmaqdan qorxullarsa, vallahi, mən kəndin bütün qarılarını yığıb onların yerinə mitinqə çıxacağam. Əmerkəyə-zada da bel bağlamasınlar, özümüz əliyevləri aşırda bilərik. Əmə, İP-dəki əlçalanlar sinfini ordan uzaqlaşdırın…
….Beləliklə, İP üzvləri yekdilliklə Cicixanım nənəni Palataya üzv seçdilər. Gurultulu alqışlardan sonra belə qərar verildi ki, Cicixanım nənə gələnə qədər işlər sahmanlansın və qaragüruh şoğəriblər uzaqlaşdırılsın.
Hörmətli və əziz-girami xalqımız da bilməlidir ki, millətimizin qoluzorluları peysərlilərin cangüdənləridir, ziyalıları uzunqulaqlara işləyir, fəhlələrimiz alçaq insanlara uca mərtəbəli evlər tikirlər, siyasətçilərimiz də səhnələrdə mütrüflüklə məşğuldular. Hamısı da Liderlik azarına tutulub. Elə bil qarınları əlli il idi ki, bu azzar uğrunda quruldayırdı….Sizə Cicixanım nənə qənim olsun…
Cicixanın gələcək, zülm bitəcək !!! (Gurultulu alqışlar)…

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button