İctimai Palatanın boynuna İP lazımdır!

Əhməd Oruc, “Azadlıq” partiyasının sədri

Bir az boz, bir az da sabunlu ip – özünü asmaq üçün…

Sizin hamınızın…
Həmişə soyuqqanlı avropalılara – almanlara, ingilislərə, pribaltikalılara, heç yerə tələsməyən çinlilərə, heç vəchlə özündən çıxmayan yəhudilərə baxıb düşünmüşəm və bu üçbucağın içində bizim niyə bu qədər səbrsiz, tez reaksiya verən olduğumuzu anlamağa çalışmışam. Bu məsələdə bizlə bir iqlim qurşağında olan İtaliya, İspaniya, Orta Şərq ərəblərinin də bizimlə eyni gündə olduğu heç kimə sirr deyil. Bəlkə bizdə o qədər haqsızlıqlar olur ki, əsəblər dözmür və sərt reaksiya veririk, bəlkə biz uşaq vaxtlarımızdan böyük dünya ilə təmasa hazırlanmırıq, bəlkə bu problemi ümumiyyətlə dərk eləmirik. Hər halda bizdə əsəblərini soyutmaq üçün söyənlərin sayı kifayət qədərdir və bəlkə də bu da bu iqlim qurşağında olanların, o cümlədən bizim də stress atmağımızın «milli yolu» hesab oluna bilər.

Son seçkilərdə 1/125 ana ola bilməyən «Ana müxalifət» bütün əqrəbaları ilə birlikdə 20 gündür ki, əllərində olan bütün vasitələrdən mənə söyüş söyməklə, mənə hücum etməklə məşğuldur. Hadisələrə yaxından bələd olmayan bir adam bu mətbuatı oxusa düşünər ki, yəqin seçkiləri mən saxtalaşdırmışam, bunların indiyə qədər növbə ilə parlamentdə icazəli «müxalifətçilik» etməsinə mən son qoymuşam, Qarabağ problemini bu vəziyyətə mən gətirmişəm, ölkədəki rüşvət və korrupsiyanın, Müsavatın birinci altılığa daxil olan liderlərinin 4-nün (66,67%) partiyanı tərk etməsinin də günahkarı mənəm, Müsavat başqanının birləşməklə bağlı söylədiklərindən imtina etməsinin də səbəbkarı mənəm, başqan müavininə başqan haqqında

«ruhi həyəcan vəziyyəti»

ifadəsini də mən öyrətmişəm (Qabil bəyin bu söylədiyi birbaşa informasiya kimi də qəbul oluna bilər, amma məsələyə bir qədər diqqətlə yanaşdıqda bu üç söz başqa bir ünvan göstərir. Bu sözləri bir-bir təhlil edək, ruhi – ruhi xəstə- ruhi xəstəxana – FHN, həyəcan – həyəcan siqnalı – yanğın, sel, təcili yardım, quş qripi – FHN, vəziyyət – fövqəladə vəziyyət – yenə FHN. Belə görünür ki, Qabil bəy Kəmaləddin müəllimin Müsavat Partiyasına müdaxiləsinə ehtiyac olduğunu şifrə ilə mərkəzə göndərib – ?!), AXCP-nin birləşməklə bağlı qurultay qərarının əlində qalmasında da mən günahkaram və s. və i. Bu yerdə beynimdən ildırım sürəti ilə rəhmətlik Baba Pünhanın

«mən nə dedim ki?»

rədifli şeiri gəlib keçdi və elə həmin sürətlə də yadıma düşdü ki, bəli, demişəm. “Xural”ın ötən sayındakı yazımda bir neçə generalın ünvanını xatırlamışdım. «…Bunlar xalqı itaətsizliyə çağırmır, qeyri-qanuni hakimiyyətə qarşı adekvat addımlar atmağa çağırmır, seçkilərdən iki ay keçir – bir dəfə üç nəfərlik piket belə keçirməyiblər, yenə bir gözləri əlinizə baxır, ayda bir dəfə yığışıb nəsə mızıldanırlar, bunlar Bin-Laden zaddı bəyəm. Bunların qəzeti Ramil müəllimin, proqramı Ramiz müəllimin, pulları Kamal müəllimin, özləri Eldar müəllimin. Belə də baxanda öz uşaqlarınızdı, özünüz bilərsiniz. Bu yazıqlar neçə illərdir liberaldır, horizontaldır, siz də düşübsünüz ki, radikal, vertikal… Yox bir vertolyot…»

Adları çəkilən “avtoritetlər” öz təbəələrinə hirslənib ki, ə, bəs sizə bu qədər pul, bu qədər qrant, bu qədər onnan, bu qədər bunnan, bə deyirdiniz «hər şey nəzarətimiz altındadır, müxalifət düşərgəsindən arxayın olun» , ə, o kimdir ki

«rəisin qızını yuxusunda görür»?!

Bunlar da qaranəfəs çoxdan getmiş qatarın dalınca bir ağız mızıldanmalıdılar, ya yox. Hər dəfə bu qaragüruh haqqında nəsə yazmağa məcbur olduqdan sonra həm əqidədaşlardan, həm dostlardan «nəyinə lazım, qoy rədd olsunlar, əsəblərini niyə korlayırsan, onları onsuz da hamı tanıyır, onlar düzələn deyil, o yazıqların çörəyi də ondan çıxır, əl çək onlardan» və s. iradlar eşidirəm və hər dəfə də, bir də bunlara vaxt ayırmağın doğru olmadığını düşünürəm. Amma elə səhərisi gün bunlar, özlərini elə aparır, elə hoqqalar çıxarırlar ki…

Bir söyüşün tarixçəsi…

Bir kənddə çox hörmətli bir adam olur. Bu adamın bir eybi söyüş söyməyi olur. İstəyənlər yığışır ki, bəs sən söyüş söyməməlisən, söyüş səni hörmətdən salır. Bir neçə kənd aralı bir pir varmış. Belə məsləhətləşirlər ki, kişi çimib təmizlənsin, pirdə and içsin ki, bir də söyüş söyməyəcək. Kişi razılaşır, başının dəstəsi ilə pirə gedir. Yolda bir kənddən keçəndə bir qadın qaçaraq atlıların qarşısına çıxır və «ay qardaş, dayanın!» deyir. Atlılar dayanandan sonra qadın içəri girir və xeyli keçdikdən sonra çıxıb deyir ki, «sağ olun, gedin!» Hamı atın başını çevirib getmək istəyəndə həmin söyüş söyən şəxs deyir ki, dayanın, bu sirri öyrənəcəyəm. Hamı deyir ki, əşşi gəl gedək, olmur. O, qadını çağırır və soruşur, «ay xanım, sir deyilsə söylə görək nə olmuşdu, bizi niyə saxlamışdın?» Qadın qayıdır ki, «bəs ölənlərinizə Allah rəhmət eləsin, rəhmətlik anam demişdi ki, toyuq kürt düşübsə, çıx yolda atlıları at üstündə saxla, gəl toyuğun altına yumurta qoy, bir saat da gözlə, sonra atlıları burax. Onda bütün yumurtalardan cücə çıxacaq. Bəs sizi də ona görə saxlamışdım». Həmin şəxs yanındakılara qayıdır ki, bəs atların başını çevirin, pirə gedəsi olmadıq. Yanındakılar nə qədər yalvarsa da, adam qadına «sənin ananın gorunu…, sənin var-yoxunu…» deyir və ölənəcən söyüş söyməyində davam edir.

Bunların toyuğu hər gün kürt düşür, biz də at belində, yol üstündə …
Di sizin hamınızın… Allah köməyiniz olsun…

Mənə qarşı qrantbazların son hücumları yenicə yaratdıqları, qırxı hələ çıxmamış İctimai Palatada (İP) KXCP-nin iştirak etməməsi ilə bağlıdır. Heç dəxli var? KXCP iştirak etsə də özü bilər, etməsə də. Mən neyniyim ki, KXCP sədri bunların İctimai Palatasına kinayə ilə «palatka» deyir. Doğrudur, mən bu yanaşımla razı deyiləm, həmin yığıntının vəziyyətinin nə «palatka»lıq, nə palatalıq olmadığı, artıq reanimasiyaya köçürülməsini daha doğru sayıram. Hər halda «palatka» niyyəti ilə yaradıblarsa, allah rəhmət eləsin.

Condan, Elvisdən biri gəlib layiq olduqları, gözlədikləri köməklikləri edər, onlar da klip çəkdirər, sonra da narıncı köynəklərini geyib Hollandiyada-zadda özlərinə sığınacaq alarlar, yox palatalıq olduqlarını başa düşüb yaradıblarsa, Allah yenə şəfa versin.

Mənə ikinci iradları ondan ibarətdir ki, guya bunlar İctimai Palata yaradıb Azərbaycanda feodalizmin bərqərar olmasına qarşı dayanıblar, bəs biz də niyə bunlara qoşulmamışıq? Bunların «feodalizm quran» adlandırdıqlarının ölkədə necə hakimiyyətə gəldikləri mənim gözlərimin qarşısında olub. Bu gün «palatka quranlar»ın başında duranların üçü 1993-cü ildə parlamentin sədri, baş nazir, dövlət katibi idi, o biri partiya isə Moskva KQB-sinin milli hakimiyyəti devirmək üçün təşkil etdiyi qiyamın iştirakçısı idi. Heydər Əliyev gəlməlidir deyə hay-həşir, istefa vermə, yer boşaltma, təyyarə göndərmə prosedurlarının başında bunlar dururdular. 20 il üstündən keçəndən sonra başa düşüblər ki, bəs feodalizm qurulur, qoymayın. Bu ağılda olanlar yenidən hakimiyyət iddiasındadır. Və maraqlıdır ki, bu adamlar 20 ildir «biz gəlirik» deyə nə qədər əbləhi aldadıblar. Adama bir işin səhv olduğunu başa düşmək üçün nə qədər vaxt lazımdır? 20 ildə də heç nəyi başa düşməyən bu yığnaqla nəyə nail olmaq olar?

Bir ikranı neçə dəfə yemək fikrindəsiniz, cənablar?

Bəli, hər şey qurtarıb, indi də feodalizmə qarşı mübarizə başlayıb…

Qayıdaq İctimai Palataya – İP. Heç nəyi düz olmasa da adını yaxşı tapıblar, bunlara ip çoxdan lazım idi. Bir az boz ip, bir az da sabunlu kəndir.

93-də milləti satdıqlarına görə, 20 ildə keçəbölüklük elədiklərinə görə…

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button