İctimai Palatanın növbəti sessiyası gərgin keçdi

Əli Kərimli: “Xalqı sülalə hakimiyyətinin boyunduruğunda qalmayacaq”

Dünən İctimai (İP) Palatanın növbəti sessiyası keçirildi. Toplantı Azərbaycan himninin oxunması ilə başladı. Sessiyanın aparıcısı İP Koordinasiya Şurasının (KŞ) üzvü Hacı İlqar İbrahimoğlu toplantının gündəliyini elan etdi.

“Azərbaycan xalqı sülalə hakimiyyətinin boyunduruğunda qalmayacaq”

AXCP sədri Əli Kərimli KŞ-a rəhbərlik etdiyi müddətdə görülən işlər haqqında məlumat verdikdən sonra hakimiyyəti sərt tənqid etdi: “Azərbaycanda növbəti dəfə qiymət artımı dalğası başlanır. Bir çox ekspertlər deyirlər ki, bu hələ başlanğıcdır. Nəyə desən pul tapılır, lakin 20 illik əmanətlər qaytarılmır. İllərdir Azərbaycan hökumətini müxalifət ifşa edirdisə, indi onu təbiət də ifşa edir. Ən zəif hava belə bunu üzə çıxardı. Dünyanın 20-dən artıq ölkəsinə neft-qaz satan ölkənin vətəndaşlarının qazı yoxdur. On minlərlə insanın evləri dağıdılır”.
Ə.Kərimli gənclərin simasında Azərbaycan hakimiyyətinə qarşı yeni cəbhə açıldığını qeyd etdərək 9 gəncin həbsinin təsadüfi olmadığını bildirdi. Ə.Kərimli hakimiyyətin inanclı insanları da təqib etdiyini vurğuladı: “Mən Ziyalılar Forumunun “Biz susa bilmirik” devizini xatırlayıram. Azərbaycan hakimiyyətinə qarşı daha bir cəbhə vəkillərin simasında ortaya çıxdı. Bu da etiraza qarşı yeni cəbhədir, cəmiyyətin bütün təbəqələri baş verənlərə qarşı öz etiraz səslərini ucaltmağa başlayıb”.
Əli Kərimli çıxışında hakimiyyətin tək partiyalı sistemə keçidə cəhd göstərdiyini bildirərək baş redaktorun və jurnalistlərin həbsdə olduğunu xatırlatdı. Əli Kərimli İP-in sessiyasından ölkə başçısı İlham Əliyevə müraciət etdi: “Baxın dünyaya, hansı diktator tək özünü bədbəxt edir?! Ətrafındakı yüzlərlə insanı, ailəsini, uşaqları cəzalanmayacaqmı? Bu cəzasızlıq çox çəkməyəcək. Azərbaycan xalqının susqun olmasına arxayın olma! Bu xalq o xalqdır ki, ilk 17 günlük inqilabını edib. Azərbaycan xalqı sülalə hakimiyyətinin boyunduruğunda qalmayacaq”.

Rafiq Tagının yad edilməsinə imkan verilmədi

İP-nin üzvü Xaliq Bahadır sesiya başlayarkən Rafiq Tağının xatirəsinin yad edilməməsini tənqid etdi: “Onun üç uşağı yetim qaldı. İndiyə qədər Azərbaycanın ən yaxşı oğullarını itirmişik. Bu məsələ İP-in gündəmində olmalıdır ”.
Hacı İlqar isə dedi ki, R.Tağının qətlinin dindarlarla bağlanması cəmiyyətdə qarşıdurma yaratmağa hesablanıb: “Rafiq Tağı ilə dindarlar arasındakı məsələ 2006-cı ildə bitib. Onun ölümündən sonra “facebook” və digər sosial şəbəkələrdə dindarlara qarşı terror başlayıb”.
Zaldan R.Tağının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması təklifləri səsləndirildi. Sessiyanın aparıcısı Hacı İlqar R.Tagının yad edilməsinin əleyhinə cıxdı.
R.Tağının xatirəsinin yad olunmaması İP üzvləri arasında narazılıqla qarşılandı. Zalda bir müddət gərginlik yaşandı.

Tural Abbaslı İP-in Gənclər Təşkilatının sədri seçildi

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı İP-in Gənclər Təşkilatının yaradılmasına dair qərarı müsbət qarşıladığını bildirdi: “İP-in gənclər təşkilatının yaradılmasını təqdirəlayiq hesab edirəm. T.Abbaslını da təbrik edirəm. Zaman keçdikcə gənclərin münasibətləri daha da səmimiləşir. İP GT-nın fəaliyyəti elə qurulmalıdır ki, ölkənin 2 milyonadək gəncinin diqqətini İP-ə cəlb edə bilsin”.
T.Abbaslının İP-in Gənclər Təşkilatına sədr seçilməsi səsə qoyuldu. Bir nəfər əleyhinə olmaqla T.Abbaslı sədr seçildi.

Aşura günü dövlət səviyyəsində qeyd edilsin

Pənah Hüseyn çıxışına İP-in təşkilatlanması məsələsinə təklifləri ilə başladı. Daha sonra P.Hüseyn bildirdi ki, indiki hakimiyyət mənəviyyatsız və dinsiz bir hakimiyyətdir: “Hesab edirəm ki, Aşura günü qeyri-iş günü elan olunmalı və inanclı insanlara ritual üçün şərait yaradılmalıdır. İctimai Palatanın siyasəti radikallaşmalıdır. “Yol xəritəsi”ndə qeyd edilən platformanın həyata keçirilməsi üçün müəyyən addımlar atmalıyıq ki, iqtidar islahatlara getməyə məcbur olsun”.

“Biz axıra qədər gözləmə mövqeyində ola bilmərik”

Müsavat başqanı İsa Qəmbər çıxışının əvvəlində ilin sonuna qədər dörd diktatorun getdiyini bildirdi: “Təkcə Vaşinqtonda keçirilən konfransların və seminarların mövzusu Cənubi Qafqazda demokratiya və insan haqları məsələləridir. Avropa Birliyinin mesajları bir-birini əvəz edir. Bü günlərdə Avropa liberal-demokratlarının keçirdiyi konqresdə də Azərbaycan məsələsi ayrıca müzakirə olunub. Vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlı birmənalı mövqe ifadə edilib. Hətta qeyd edilib ki, vicdan məhbusları qısa müddətdə azadlığa buraxılmasa, Avropa Şurası və Azərbaycanın üzvü olduğu digər beynəlxalq təşkilatlar Azərbaycana qarşı sanksiyalar həyata keçirməlidirlər. Azərbaycan nümayəndəliyinin Avropa Şurasından çıxarılması təklifləri də olub.
Təzyiqlər gündən-günə artmaqdadır. Azərbaycan hakimiyyəti bunları nəzərə almayacaq qədər intellektdən kasaddırsa, bu çox böyük fəlakətdən xəbər verir. Vəziyyət uçuruma doğru gedir”.
İsa Qəmbər R.Tağının ölümünə də toxundu. Bildirdi ki, onun ölümünə nail olanların məqsədi Azərbaycan daxilində vəziyyəti gərginləşdirməyə, cəmiyyəti parçalamağa yönəlib.
Müsavat başqanı İP-in sərt mövqe tutmasına dair səslənən fikirlərə də münasibətini bildirdi: “Bu ideya İP-də dəfələrlə səslənib. Hakimiyyət daxildən olan çağırışlara məhəl qoymursa, “Yol xəritəsi” kimi konstruktiv sənədə münasibət bildirmirsə, biz axıra qədər gözləmə mövqeyində ola bilmərik. İP cəmiyyətin əsas ümidgahına çevrilməkdədir. Bu o demək deyil ki, cəmiyyət bizim mövqeyimizin nə zamansa sərtləşəcəyini gözləməklə məşğul olacaq. Bugünkü bəyanatımızda qeyd edilən məsələlər həll olunmayacaqsa, ölkədə baş verən gərginliyin, qarşıdurmanın məsuliyyəti İlham Əliyevin üzərinə düşəcək. Cəmiyyəti fəallaşdırmağın yolunu biz tapmalıyıq. Ona görə də hesab edirəm ki, piketlər də gündəmdə qalmaqla, bu ayı çox ciddi diskussiyalara yönəltməliyik. İnanıram ki, xalqın hakimiyyətini yaratmağa nail olacağıq”.
İsa Qəmbərin çıxışından sonra İP-in ölkədəki ictimai-siyasi vəziyyətə dair bəyanatı və İctimai Palatanın üç saylı protokolu qəbul olundu.

Əfqan Muxtarlı

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button