İdeologiyasızlıq və ideya-siyasi psixopatiya-FƏLSƏFƏ

Əbülhəsən ABBASOV,
Fəlsəfə elmləri doktoru, professor

Dünya xalqlarının həyat və mübarizə tarixi, dövlətçilik və idarəetmə təcrübəsi, elmi yaradıcılıq potensialı və fəlsəfi-mədəni ənənəsi, ədəbiyyat və incəsənət nümunələri məndə həmişə israrlı maraq doğurub. Maraqlandıqca da daha böyük sirlərlə, dərindən öyrəniləsi məna və xüsusiyyətlərlə üzləşmişəm. Onların bir xalq, millət olaraq xarakteri, özünəməxsusluğu, koddaşıyıcı elementləri, habelə, ləyaqət və döyüşkənlik ruhu, fərdi suverenliyi tapdalamadan ümumini qorumaq iradəsi və qabiliyyəti, fəzilətlərə yol açan daxili imperativləri, yüksək ictimai borc təsəvvürləri, həqiqətən də, olduqca cəzbedicidir; burada öyrəniləsi, mənimsəniləsi ibrətamiz, pozitiv məqamlar, nümunə götürüləsi səciyyəvi xüsusiyyətlər kifayət qədərdir. Aşağıda öz həyatımla bağlı gətirdiyim misal söylədiyim bu fikirlərə bir sübut ola bilər.

Ali məktəbdə (rus bölməsində) vyetnamlılarla beş il bir yerdə oxumuşam. İki qrupdan ibarət “potok”da 18 vyetnamlı vardı, hamısı da, istisnasız, universiteti əla diplomla bitirdi. Çox məsuliyyətli, doğruçu, zəhmətsevər, maddiyyata münasibətdə azla qane olan, intizamlı, səmimi, habelə, olduqca qürurlu-məqrur, mərd və cəsarətli tələbələr idi. Haramı, yalanı, riyakarlığı sevməzdilər, ədaləti-haqqı pozmaqdan çəkinərdilər, layiq olduqlarından əlavə nəyəsə sahiblənməyə can atmazdılar, əksinə, yerindəcə etiraz edərdilər. Yadımdadır, dördüncü kursda ən çətin fənnlərdən olan “riyazi fizika tənlikləri”indən imtahan verirdik, nəsə, indiyə qədər güclü tələbə kimi tanınan Tyenimtahana çox yorğun-solğun gəlmişdi və sualları özünə layiq səviyyədə cavablandıra bilmədi. Allah ona rəhmət eləsin, olduqca yüksək elmi və pedaqoji kamilliyə sahib olan, ciddi tələbkarlığı ilə fərqlənən Niyaz müəllim Məmmədovun Tyenə “yaxşı” yazmağa əli gəlmədi. Heç bir şərh vermədən Tyenə “əla” yazmaq istədi, çünki tələbəni gözəl tanıyırdı və düzgün də qiymətləndirirdi. Lakin vyetnamlı gəncin özü buna etiraz etdi və imkan vermədi. Bu hərəkətin zirvəsindən mən indi də təkcə bir fərdin keyfiyyətini deyil, bütün vyetnamlıların mahiyyətini nəzərdən keçirir, böyük bir xalqın qəsbkarlara, işğalçılara, azğın imperializmin səlib yürüşünə qarşı örnək olası mübarizəsini dəyərləndirirəm. Onu da vurğulayım ki, vyetnam xalqı “bir ovuc erməniyə qarşı” müqavimət göstərmirdi!

Potokun rəhbəri kimi mən onlarla daha çox ünsiyyətdə olurdum, asudə vaxtlarda birgə oturub-durur, müxtəlif aktual məsələlər barədə söhbətlər aparırdıq. Bir sözlə, gözəl münasibətlərimiz vardı. Ona görə də bu tələbə yoldaşlarımı yaxşı tanıyırdım. Tanıyaraq da onlara məxsus keyfiyyətlərə heyran qalırdım, açığını deyim, hətta qibtə edirdim. Ürəyimdə “bizim uşaqlar da belə fədakar və əzmkar olsalar, nə dərd” deyirdim. Mən özüm bu vyetnamlı dostlarımdan çox şey öyrənməyə çalışdım, ancaq az şey mənimsədim. Buna da təəssüflənirəm.

Vyetnamlı tələbə dostlarım böyük maddi sıxıntı içərisində yaşayırdılar, ciddi qənaət etmək məcburiyyətində idilər, Azərbaycana gəldikləri altı il ərzində (bir il rus dilini öyrənmək üçün hazırlıq kurslarını keçmiş və beş il bilavasitə ali təhsil almışlar) bir dəfə də olsun vətənlərinə qayıda bilməmiş, yalnız universiteti bitirdikdən sonra doğmaları ilə görüşmək onlara nəsib olmuşdu – ölkələrində ağır müharibə gedirdi, vyetnam xalqı ABŞ kimi supergüclü dövlətin amansız işğalçı hərbi maşınına qarşı ölüm-dirim mübarizəsi aparır, bütün dünyanı heyran edən şücaət və qəhrəmanlıq göstərirdi.Əfsuslar ki, böyüməkdə olan indiki nəsil, Qarabağ uğrunda, güya, mübarizəyə hazırlaş(dırıl)an, əsl vətənpərvərlik dərsləri almalı olan gənclərimiz imperialistlərin Vyetnama qarşı apardıqları müharibədən, vyetnamlıların bəşər tarixi və bütün xalqlar üçün parlaq nümunə olan mübarizəsindən bixəbərdirlər. Ancaq qətiyyən belə olmamalıdır, çünki, sözün həqiqi mənasında, bu mübarizə tarixə qızıl hərflərlə yazılmış bir möhtəşəm nümunədir, dərindən öyrəniləsi, təbliğ və təşviq olunası bəşəri hadisədir.

Nə etməli ki, gecə-gündüz “biz müharibə şəraitində yaşayırıq!” deyən ağırçəkili məmurlarımızın gülməxmər balaları İspaniyanın cənnət guşələrində bir milyon ikiyüz min avroluq saatlarla veyllənmələri ilə gənclərimizə haqq-ədalət, doğma torpaq uğrunda “mübarizə dərsləri” verirlər! Bu azmış kimi, aidiyyəti bir məsul şəxs, dövlət orqanı tapılmır ki, belə bir biabırçı hadisəyə reaksiya versin, ciddi tədbir görsün. Cənablar, bu xalq övladlarını hansı istiqamətdə, hansı müstəvidə və necə böyütsün, məramınız-niyyətiniz nədir?! Topa-topa yığışıb məscidlərdə namaz qılmağınızın mənası nədir, Allahımı aldatmaq istəyirsiz!? Üstəlik də, bu məqamda deputatın biri prokuratura işçilərinin, digəri deputat pensiyalarının artırılması zərurətindən danışırsa, baş verən biabırçılığa nə deyəsən!? Bilmirəm, bəlkə də, keçmişdə müstəqillik və demokratiya aşiqləri olub, sonralar isə onilliklər boyunca millət vəkilləri qismində fəaliyyət göstərən bu odlu-alovlu vətənpərvərlərin vaxtilə müəllimlərindən aldıqları dərsin, təlim-tərbiyənin məğzi elə bundan ibarət imiş? Hər nə, sizi siyasi müstəviyə çıxaran adama sədaqətiniz budurmu, əlahəzrət deputatlar!?

ABŞ-ın onilliklər boyunca ayrı-ayrı xalqlara qarşı apardığı müharibələrin fonunda Vyetnam müharibəsi tədricən kölgəyə gedir. Lakin, buna baxmayaraq, milli özünüdərkin və vətənpərvərliyin hətta ən müasir silahlarla hücum edən güclü düşmənin üzərində qələbə çalmasının parlaq nümunəsi olaraq qalır. Vyetnam müharibəsi müasir hərb tarixində ən uzunmüddətli hərbi toqquşma olmuş, təxminən 20 il davam etmişdir: 1955-ci ilin 1 noyabrından Sayqonun çöküşünə, 30 aprel 1975-ci ilə kimi. 1964-1975-ci illər bu qanlı-qadalı müharibənin xüsusi mərhələsini təşkil edir. Yalnız 1968-ci ilin mayında amerikalıların itkisi 2415 nəfər olmuşdur. Bu nisbətdə, özünüz fikirləşin, gecə-gündüz başlarına bombalar yağdırılan vyetnamlıların itkisi nə qədər olmuşdur!?

vyetnam

Ümumi götürdükdə, bu müharibədə 58 200 ABŞ hərbçisi həlak olmuş, 304 min nəfər isə yaralanmışdır. 1875 amerikalı itkin düşmüşdür. Həlak olanlardan 11465 əsgərin yaşı 20-yə çatmamışdı. 1995-ci ilin avqustuna ABŞ-ın Vyetnam müharibəsi veteranlarının sayı, öz hesablamalarına görə, 1 713 823 nəfər olmuşdur.

Vyetnamlı mülki əhalinin itkisi bu günə qədər dəqiq məlum deyil, təqribi hesablamalara əsasən ölənlərin sayı 5 milyondan çoxdur. Müharibə Kambodja və Laosda da itkilərə səbəb olmuş, böyük sayda dinc əhali qırılmışdır ki, bu barədə də dəqiq məlumat yoxdur. Bir sıra müəlliflərin fikrincə, bu ölkələrdə həlak olanların sayı yüz minlərlə ölçülə bilər.

Vyetnam müharibəsi gedişində ABŞ hələ 1925-ci ildə hərbi məqsədlər üçün qadağan olunmuş “Agent Oranc” adlı kimyəvi maddədən istifadə etmişdir ki, yalnız onun təsirindən 400 min vyetnamlı dünyasını dəyişmişdir. Ümumiyyətlə, amerikanlar vyetnamlılara qarşı müharibədə alışdırıcı vasitələrdən, kimyəvi və bioloji silahdan geniş istifadə etmişlər. İmperializmin önundə gedən ABŞ-ın demokratiyası və humanizmi, görünür, buna tam imkan verirmiş! Bu “humanist”lər görünməmiş demokratikliklə 16 mart 1968-ci ildə Vyetnamın Sonqmi adlı kəndini tamamilə məhv etmiş, 504 nəfəri, böyüklü-kiçikli, xüsusi qəddarlıqla öldürmüşlər. Bu hərbi cinayətə görə vur-tut bir adam mühakimə edilmiş, o da üç gündən sonra prezident Riçard Niksonun personal fərmanı ilə azadlığa buraxılmışdır.

1964-1975-ci illərin savaşı 5 mart 1946-cı ildən başlamış “soyuq müharibə”nin ən mühüm hadisələrindən sayılır. Onun gedişi və nəticələri nəinki Cənub-Şərqi Asiyada, deyərdim ki, bütün dünyada baş verəcək gələcək hadisələri şərtləndirmişdir. Müharibə, bir tərəfdən, imperializmin məkrli, amansız və qəddar mahiyyətini bütün çılpaqlığı ilə açıqlamış, pul-gəlir ideologiyasını rəhbər tutan, istismarçılıq xislətilə yaşayan kapitalizmin hansı antiinsani dəyərlər sahibi olduğunu göstərmişdir. Digər tərəfdən, qat-qat hərbi və iqtisadi cəhətdən düşmənləri ilə müqayisədə zəif olan bir xalqın işğalçılar üzərində qələbə çalmaq mümkünlüyünü sübuta yetirmişdir. Vyetnamlıların göstərdikləri tarixi nümunə ibrətamiz hadisə, öyrəniləsi bir məktəb deyilmi? Başqa xalqlar da bu nümunədən bir şey əxz edə bilməzlərmi, yoxsa, elə bizim kimi, torpaqlarını özündən xeyli kiçik düşmənə ərməğan edib ABŞ-dan, Rusiyadan, İngiltərə və Fransadan imdad diləməlidirlər? Cənəblar, biz müsəlmanları rəzil, yazıq vəziyyətə salan nədir? Səbəb nədir ki, müsəlman deyilən kəs erməninin, yəhudinin, rusun, ingilisin, fransızın, amerikanlının əlində əsir-yesir qalıb, nəinki hansısa kənd və şəhərlərini, hətta ölkəsini-dövlətini yadellilərə təslim edib, Vətən dediyi məkanın dağıdılıb, viranə qalmasına elə özü, ilk növbədə də, ideoloji psixopatiya ucbatından yardımçı olub?

Necə olur ki, müsəlmanın döşünə döyən “lider”inin birini quyudan (öz canının hayında olan “rəhbər-kişi” özünə bunker tapıb!), o birisini isə borudan dartıb çıxarırlar!? Nədəndir ki, son anda Çilinin lideri Salvador Alyende özünü güllələyir, Afqanıstanın rəhbəriMəhəmməd Nəcibulla isə fanatiklərə təslim olaraq özünün axtalanmasına, alçaldıcı işgəncələrə məruz qalmasına və qardaşı ilə bir yerdə asılmasına gedir. Budurmu gecə-gündüz şərəf və ləyaqətdən dəm vuran müsəlman liderlərinin “Şərəf Kodeksi”. Adama deyərlər: “Yaxşı, ay müsəlmanın lideri, əməlli-başlı idarə edə bilmirsən, ətrafına qarğa-quzğunu yığmaqla xalqı ədalətsizlik qazanında qovurursan, lazım oldu-olmadı Cona, Smitə və İvana yarınırsan, sərvət toplamaqdan gözün doymur, qohumların ağlağəlməz hoqqalar çıxarır, rüşvəti və korrupsiyanı idarəetmənin mövcudluq üsuluna çevirirsən, barı son anda rəhbərə yaraşan şərəflə öl!! Adam kimi ölməyi də bacarmırsan!? Kişiliyin bu qədər idisə, liderliyə can atmağın, öndər-rəhbər olmağın nəydi!?”

Deyəcəksiniz ki, özünəqəsdi İslam dini günah sayır. İnanmıram ki, Mütləq Qüvvə belə bir cəfəngiyatı şərtsiz-filansız məzlum bəndələrinə sırısın. Hər halda, belə deyim var, “qanun öz istisnaları ilə gözəldir”. Necə yəni, başqalarını paçka-paçka şilküt etmək, öldürmək olar, özünə gələndə isə dinə istinad edib deyəsən: “Allahın sənə verdiyi cana qəsd edə bilməzsən!” Vallah, burada bir məntiqsizlik, ədalətsizlik, dolaşıqlıq var. Mən din adamı deyiləm, ola bilsin ki, nəyisə dərinliklərinə kimi anlamıram. Ona görə də bu sahə üzrə aidiyyəti şəxslərdən, ilahiyyətçilərdən xahiş edirəm: bu müəmmaya bir aydınlıq gətirin, özü də, yalnız ehkamlardan çıxış edərək yox, məntiqi dəlil-sübutlarla.

Yoxsa, belə gedişlə, qonaq qabağına çıxarılası və fəxrlə barmaq uzadılası liderlərimiz qalmayacaq. Çıxılmaz vəziyyətdə, özünü öldürməsə də, bu varianta üstünlük verəcək – başını götürüb qaçacaq, xalqın mənən üzüldüyünü, məşəqqətlər və sarsıntılar içində çabaladığını bir yana ataraq, aradan çıxacaq – həmin xalqa izahat vermədən, ondan əfv diləmədən, situasiyaya aydınlıq gətirmədən! Müəmma üstünə müəmmalar qalaqlayaraq, qaranlıqları artıraraq. Ey millət, çabala bu müəmmalar içində, əlləş bu kələflənmiş kələklə! Darıxma, bir 26 il də keçər, zaman yetişər, Novellə xanımlar sənə bu siyasi tapmacaların sirlərini açarlar!

Dünən “biz kəfənə bürünüb meydana çıxmışıq” bağıran demaqoqlardan haray-həşir salanlar da tapılacaq: aradan çıxan rəhbərin status-kvosunu saxlamağa çalışacaqlar, “elə oradan da idarə edə bilər!” deyəcəklər. Ancaq məntiqsizliyə necə don geyindirəsən!? Demaqoq isə ona görə demaqoqdur ki, Heçdən Varlıq yaradır. Nəsə, yadıma Jan Pol Sartrın əsəri düşdü. Yox, onun mürəkkəb əsərinə oxucunun diqqətini yönəltmək istəmirəm, yaxşısı budur ki, fəlsəfi praqmatizmdən bir dəyərli və aktual fikri xatırladım. Praqmatizmin amerikan dədələri deyərmişlər: “Cənablar, başınızı ağrıtmayın, həqiqət o şeydir ki, son nəticədə xeyir verir, əsl nəzəriyyə qaranlıq situasiyaları aydınlaşdırır, insanları tapmacalar qarşısında qoymur və cəngəlliklərə salmır. Həqiqi ideoloqluq və siyasətçilik də eləcə – insanların düşüncəsində, fəaliyyətində müəyyənlik yaradır, onları çaş-baş salmır”.

Görünür bizim “ideoloq-siyasətçi”lərimizə bu sadə, ancaq sanballı və ibrətamiz fikir gəlib çatmayıb, əks təqdirdə davamlı inadkarlıqla bu qədər cəfəngiyatlar, əsatirlər aləminə qərq olub özlərini gülünc vəziyyətə salmazdılar. Başa düşərdilər ki, ideologiya, siyasət, idarəetmə ən ağır çəkili və çoxölçülü məfhumlardır, biliklər müxtəlifliyi, məntiq sərrastlığı, təfəkkür çevikliyi, iradə gücü və əxlaq imperativləri ilə səciyyələnir. Böyük siyasət və böyük ideologiyaçılıq xüsusi subyektivlikdən müqayisəedilməz dərəcədə yüksəkdə dayanır, şəxsin (ideoloq-siyasətçinin) eqosu ilə çərçivələnmir və bu eqonun diktəsilə var olub, fəaliyyət göstərmir.

Ümumiyyətlə, xalqa və dövlətə xeyir verən ideologiya və siyasət ayrı-ayrı şəxslərin, o cümlədən, onların bilavasitə daşıyıcılarının (öndərliyə iddia edənlərin) nazı ilə, adiləşmiş istək və arzuları ilə müəyyənləşib-tənzimlənmir. İdeologiya və siyasətin öz daxili hökmvericisi və determinantları olur. İdeologiya(çılıq) və siyasət(çilik), əgər onların funksionallığı fərd və ya qrup maraqları səviyyəsinə endirilirsə, daxili monolitliyini, universallığını və paklığını itirir, get-gedə daha çox başlıca təyinatlarına cavab vermir, destruksiya və tənəzzülə uğrayır. İdeologiyanın tənəzzülü isə, uzun müddət davam edirsə, mütləq öz daşıyıcılarını da destruksiyaya çəkir, onların fəzilətli keyfiyyətlərinin deyil, qüsur və qəbahətlərinin artmasına səbəb olur. Məsələn, natiqlik – deyingənlik, sözbazlıq və demaqoqluğa, tədbirlilik isə nifrətedici fəndgirliyə, dələduzluğa, zəhlətökənliyə çevrilir. Getdikcə, ideya-siyasi dünyagörüşün məğzini daha çox kin-küdurət, intriqabazlıq, təkəbbürlük, özünəvurğunluq, özünə zahiri bəzək, “losk” vermək, hər vəchlə liderlik statusunu saxlamaq cəhdi və bu məqsədlə insanlardan xammal, “rasxodnıy” material kimi istifadə etmək meyli tutur. Xalqın və dövlətin maraqlarını ödəyəcək vəzifələrin icra olunması, fövqəl ağıl və cəsarət tələb edən ağır milli yükü daşımaq, milli missiyanı üzərinə götürmək kimi zərurətlər arxa plana keçir, “siyasətçi”də öz xüsusi subyektivliyindən doğan şəxsi ambisiyalarını həyata keçirmək eşqi-alovu güclənir, merkantil istəklər, ideya-siyasi mənfəətdarlıq və dalınca da maddiyyatçılıq get-gedə daha çox prioritetlik təşkil edir.

İdeoloji qeyri-adekvatlığın və tənəzzülün doğurduğu neqativ qanunauyğunluğun ən təhlükəli tərəfi odur ki, daşıyıcı persona daxili və xarici güclər tərəfindən həyata keçirilən verbovka üçün yetişmiş olur. Lazımınca yetişməsə də, onu buna asanlıqla hazırlayırlar. Müvafiq texnologiyalar müxtəlif kəşfiyyat mərkəzləri tərəfindən, şükürlər olmasın, onilliklər boyunca işlənib və tətbiq olunub. Bu texnologiya və üsullarla silahlanmış mərkəzlər, siyasi dairələr ideya cəhətdən zəif personaları, necə deyərlər, göydə qapırlar. Ən çətin və hətta mümkünsüz olanı – güclü ideya daşıyıcısını verbovka etməkdir! “İdeyalılığı” şəxsi və ya qrup maraqları ilə məhdudlaşan şəxs (siyasət və yaxud idarəetmə aktoru olsun, fərq etməz!) heç bir professional verbovşik üçün çətinlik təşkil etmir. Onun üçün ideyasız adamları, şəxsi ambisiya dağarcıqlarını alıb-satmaq, qatlayıb cibə qoymaq su içmək kimi bir şeydir.

heyder

Təcrübəli siyasət ustası, habelə, peşəkar çekist Heydər Əliyev belə incəlikləri gözəl bilirdi və bilərək də məharətlə tətbiq edirdi. Bu hesaba idi ki, əvvəlcə onu israrla dəvət edib, sonra isə “biz vəzifələrimizi dondururuq” deyərək keçmiş partnomenklatura nümayəndələrinə gözəl şans verənləri qısa zaman çərçivəsində ipə-sapa düzdü, dövlət idarəetmə sistemindəki xaosun, dərəbəyliyin qarşısını aldı, prezident iradəsinə mütləq tabe olan, ciddi nəzarət altında fəaliyyət göstərən idarəetmə komandasını yarada bildi. Bəli, o, zərurət olduqda, sərt üsullardan, kəskin metodlardan istifadə edirdi və bu da tamamilə düzgün idi. Çünki əsl siyasətin, mümkünlük sənəti ilə yanaşı, həm də zərurilik sənəti olduğunu dərindən anlayırdı. Başlıca zərurət isə bu idi: vaxtilə İngiltərədə, Fransada, ABŞ-da, Almaniya və İspaniyada, digər ölkələrdə böyük ictimai təlatümlər və inqilablardan sonra həyata keçirilmiş termidora Azərbaycan da ehtiyaclıdır və bu, reallaşdırılmalıdır. Termidor isə, mahiyyətcə, yersiz və hədsiz arzuları, hissi-emosional motivasiyalı gözləntiləri çərçivələmək, hoqqabazlıqlara və ictimai hərc-məcliklərə rəvac verən, idarəetmə vahidliyini pozan əməllərin qarşısını almaq, yaranmış situasiyadan sui-istifadələrə son qoymaq, Vətən və millət adından spekulyasiyalara rəvac verib, hay-küy yaradanları aktiv siyasi səhnədən kənarlaşdırmaq, dövlət idarəetmə sisteminin daxili birliyini təmin etmək, vahid hərəkət kursunu müəyyənləşdirmək və səlisləşdirmək, sürətlilik və operativlik göstərərək mümkün olan ictimai nizamı yaratmaq deməkdir.

Əlbəttə, bu “cüzi” tələbləri (bir elm olaraq) bilməklə yanaşı, vacibdir ki, onları həyata keçirməyi də bacarasan. Bu, həqiqi siyasətçinin atributiv keyfiyyətlərindəndir. Belə bacarıq, praktiki məharət yoxdursa, insan nə özünü, nə də milləti aldatmamalı, xəyalpərəstliyinin, quru-boş ambisiyalarının güdazına getməməli, ölkənin və xalqın geriləməsinə yol açmamalı, özünə müvafiq işlə məşğul olmalıdır. Bu, hər şeydən savayı, fərdi və ictimai əxlaq məsələsidir ki, siyasətdə və idarəetmədə xüsusi önəm daşıyır və əhəmiyyətə malikdir. Əxlaqlı adam ona yad olan, dərindən bilmədiyi işin, nəyin, nə vaxt və necə icra olunmasından başı çıxmayan vəzifənin altına girişmir. Girişirsə, deməli, özünü də, milləti və dövləti də bədbəxt edir, şərə və itkilərə yardımçı olur.

İstər-istəməz, belə adamın idraki-psixi kamilliyinə şübhə etməli olursan. Bir az da dəqiq desək, həmin anormal “həyat formulu”nun arxasında psixi qeyri-adekvatlığın, psixopatiyanın durduğunu etiraf etmək zorunda qalırsan. Yüz illər boyunca formalaşmış, müvafiq institut və ənənələri olan oturuşmuş cəmiyyətlərdə idarəetmə sisteminə bu cür psixopatiya daşıyıcılarının kütləvi transferi, demək olar ki, mümkün deyil. İşlək dövlət sisteminin özü bunun qarşısını alır. Yenicə müstəqillik qazanmış, zəruri strukturları lazımınca formalaşmamış ölkələrdə isə, aydındır ki, psixopatiya daşıyıcılarının dövlət idarəetmə sisteminə daraşmasının qarşısını alan etbarlı mexanizm və vasitələr olmur. Ən böyük təhlükələrdən də biri elə budur! Siyasətə və dövlət idarəçiliyinə can atan hər kəs, əgər millətini və dövlətini sevirsə, bu həqiqətləri nəzərə almalıdır. Siyasətçi olmadan da, xalqa xeyir verməyin yolları, formaları kifayət qədərdi. Pis peşə olmur, pis mütəxəssis, işçi, icraçı olur!

Sözün düzü, səsləndirdiyim tövsiyənin reallaşmasına özüm də şübhə edirəm. Belə ki, psixopatiya elə bir azardır ki, faktiki, müalicəsi yoxdur. Adamın canındadırsa, onu oradan yox etmək qeyri-mümkündür. “Ağıl duası”nın bir faydası olmur. Kənar təsir, əslində, onu daha da sırtıqlaşdırır və şiddətləndirir. Daşıyıcısı da, sanki, bu şiddətlənmədən, ictimai normalara divan tutmaqdan ləzzət alır. Həqiqətə qalanda, burada söhbət xəstəlik tarixindən yox, dəlilik tarixindən gedir. Siyasi-ideoloji psixopatiya isə, bütün başqa növləri ilə müqayisədə. ən sağalmazı və təhlükəlisidir. Stalin kimi dahi dövlət adamları bunu bacarmayıb, adi bəndələr nə edə bilərlər!? Ancaq, hər halda, o kişi psixopatiyanı bir xəstəlik kimi müalicə edə bilməyibsə də, psixopatların dövlət idarəetmə sisteminə sirayət etməməsi üçün xeyli uğur qazanıb. İlk növbədə də, ictimai ədalətlilik və ciddi tələbkarlıq prinsiplərinə söykənən sərt idarəetmə üsul və vasitələrilə. Əlbəttə ki, onun ideya təmizliyi və möhkəmliyi, şəxsi, ailə, qrup maraqlarından doğan xüsusi subyektivliyi birmənalı surətdə kənara atması burada öz müsbət və həlledici rolunu oynayıb. Dövlət idarəetmə sistemini psixopatların boşboğazlıq demokratiyasının diktəsinə vermək, xəstə adamların naz-qəmzəsinə dözmək, yaxud da ki, guya, “öz işini bilən” anadangəlmə “xişnik”lərin qucağına atmaq, faktiki, qısa zaman daxilində dövləti güdaza vermək deməkdir. Bunun başqa adı yoxdur!

Yeni dövlət quruculuğu zamanı, xüsusən də müstəqilliyini təzəcə əldə etmiş ölkələrdə bu tələbin ödənilməsi, yəni, psixopatiya daşıyıcılarından və “xişnik”lərdən dövləti, idarəetmə sistemini qorumaq məsələsi ən aktual və vacib vəzifələrdəndir. İlk növbədə – dövlət başçısı üçün. Ölçüsüz-əndazəsiz parlamentarizm, fikir müxtəlifliyi, plüralizm adı ilə demaqoqsayağı debat və diskussiyalar, ölçüləri, etikası, mahiyyəti, meyarları qeyri-müəyyən, dolaşıq və müəmmalı fikir toqquşmaları xeyirdən çox, ziyan gətirir, olub-qalan dəyər və fəzilətləri də alt-üst edir. Və son nəticədə dövlətdə mütərəqqi amil və tendensiyaların formalaşıb, inkişaf etməsinə yox, irtıcanın, cəmiyyəti peşəkarcasına söküb-talayanların, vicdanını itirmişlərin diktaturasına xidmət edir. Bununla da, artıq, dövlətin taleyi sapdan asılı olur. O dərəcədə ki, bəzən onu xilas etmək də mümkün olmur. Bəşər tarixində bu qanunauyğunluğu təsdiqləyən kifayət qədər misallar var.

Bizim həmyerlimiz, böyük fizik, Nobel mükafatı və üç dəfə Stalin mükafatı laureatı Lev Landau tez-tez tələbə və aspirantlarına xatırladarmış: elmdə vacib olanı bilmək və etmək, təsadüflərdən, zir-zibildən azad olmaq – ən mühüm məsələdir. Düşünürəm ki, siyasət üçün də bu tövsiyə həmişə aktualdır. Yeri gəlmişkən, F. Engels də “Təbiətin dialektikası”nda yazır: “Dünya botanikləri bütün vaxtlarını ayrıca bir noxudun minlərlə başqa bitkilərlə təsadüfi əlaqələrinə sərf etsəydilər, biologiya elmi olmazdı”.

Bəli, hər şeydən öncə Söz gəlir, bunu düz deyirlər. Ancaq, söz var qurur-yaradır, söz var dağıdıb-öldürür. Və hər ağızdan çıxan söz-fikir dövlət, millət quruculuğuna xidmət etmir. Bu missiyanı daşıyan söz-fikir ayrıca götürülmüş, göydən düşmə, alaçiy və əlahiddə nəsnə olmur (“könlüm belə istədi – belə dedim!”), səlis daxili məntiqə, struktura, funksiya və imperativlərə malik vahid elmi-nəzəri sistemin tərkib hissəsi, üzvi elementi olur. Bu nəzəri sistemə milli-dövlətçilik ideologiyası deyirlər. Ayrı-ayrı partiyaların (iqtidarlı-müxalifətli!) siyasi ideologiyalarına münasibətdə bu sistem qeyd-şərtsiz prioritetliyə və dominantlığa malik olur. Yəni, ideya-siyasi ierarxiyada yüksəkdə dayanır və müəyyənedici funksiya daşıyır. Belə deyilsə, dövlət başsız-beyinsiz, yaxud da beyni olub, ağlı olmayan adama, səmtini-istiqamətini bilməyən çapara bənzəyir. Ən ağıllı yorğa at da onu bir yana çıxara bilməz – dağa-daşa çırpılacaq, xəndəklərdə ilişib qalacaq, gölməçələrdə batacaq.

Amerika dövlətinin Con Adams, Bencamin Franklin, Aleksandr Hamilton, Con Cey, Tomas Cefferson, Ceyms Medison, Corc Vaşinqton kimi baniləri və qurucuları bu tələb və məqamları dərindən anlayırdılar və anlayaraq da bütün potensiallarını, intellekt və bacarıqlarını zəruri istiqamətdə səfərbər etmiş, deyərdim ki, tayı-bərəbəri olmayan fövqəl iş görmüşlər. Nə yaxşı olardı ki, uşaqlarımıza lap ilkin çağlardan “Gülzar nənənin nağılları” əvəzinə bu yaradıcı-qurucu insanlar barədə məlumatlar veriləydi.Həqiqi iman, haqq-ədalət, dövlətçilik yolunda bu, daha düzgün olmazdımı? Lap ilkin çağlardan bilərdilər ki, dövlət nədir və onu necə qururlar, həqiqi ideoloq-siyasətçi hansı insani və professional keyfiyyətlər daşıyıcısı olmalıdır? Ən azından, əxlaqlı vətəndaş kimi böyüyərdilər – o mənada ki, gələcəkdə bilib-bacarmadıqları işin altına girməzdilər. Dərindən anlayardılar ki, əxlaqlı adam öz təşəbbüs və əməllərinin doğura biləcək nəticələri sarıdan məsuliyyətli olur və onun vicdan, ictimai borc hissi məhz bu zəmində cilalanır, möhkəmlənir və kamilləşir. Vicdanlılıq o instansiyadır ki, insan onun qarşısında məsuliyyətli, cavabdeh olur! Şükürlər ki, biz uşaq olanda kommersiya konveyerindən çıxmış indiki nağılbazlar və onların yapıb-quraşdırdıqları “uşaq nağılları” yox idi. Nənəmiz-anamız bizə, heç olmasa, “Qabusnamə” və “Gülüstan”dan, “Kəlilə və dimnə”dən, “Rüstəm və Zöhrab”dan nəsə oxuyub, başa salırdılar. Uydurmalarla, mənasız quramalarla, yalanlarla, əttökən təbliğatla böyüyən uşağın sonrakı “siyasətçi”liyi nə olmalıdır? Qırmızı-həyasız beşlik kimi girəcək 20-lərin, 50-liklərin arasına, hay-həşir salıb bağıracaq: “Mən xalqın xilaskarıyam!”. İndi, gəl, bu psixopatın qarşısını al!

“Dövlət” deyilən siyasi qurumun iqtidar və müxalifət üçün ayrı-ayrı milli-dövlətçilik ideologiyaları olmur. O, bütün siyasi və qeyri-siyasi tərəflər üçün vahid elmi-nəzəri sistemdir ki, cəmiyyətin bütün həyat sahələrinin mövcudolma və fəaliyyətinin ideya-nəzəri, dünyagörüşü və epistemoloji əsasını təşkil edir, milli təhlükəsizlik, hərbi, iqtisadi, xarici əlaqələr, sosial həyat, mənəviyyat doktrinalarının mahiyyətini və səciyyəvi xüsusiyyətlərini diktə edir, taktiki və strateji menecmentin məzmununu, simasını müəyyənləşdirir. Zamanın tələblərinə uyğun olaraq inkişaf edən milli-dövlətçilik ideologiyası bütün sahələr üzrə fəaliyyət göstərən məmurlar şəbəkəsinin əqidə möhkəmliyini, məsuliyyət və vicdan hissini qoruyub, təmin edən əsas gücdür. Dövlət işində səlis və sərrast milli ideologiya olmadan əqidə və iradə möhkəmliyindən, xalqa sədaqətdən, vətəndaşlıq borcundan danışmaq əbəsdir.Fetişləşdirilmiş şəxsiyyətlərə, “brend”lərə sitayiş dövlət işində sədaqətin, məsuliyyətin, ekstremal situasiyada düzgün seçim və hərəkətin əsası, impulsu və motivasiyası ola bilməz! Məmurun sitayiş yeri – milli maraqları ifadə və təmin edən milli-dövlətçilik ideologiyasıdır! Onun yararlığı, sədaqəti, etibarlılığı və peşəkarlığı bu ideologiyanın imtahanından keçməklə müəyyənləşir.

Şəxsiyyətlərə pərəstiş, onlar barədə mifyaradıcılığı, bütün mahiyyətləri personalara-brendlərə müncər etmək, hər şeydən əlavə, xüsusi subyektivliyi ifrat dərəcəsinə çatdırmaqdır ki, son nəticədə, hətta ən böyük və güclü dövləti də tənəzzülə, məhvə aparır. Burada dövlət ideologiyasının başında duran Mixail Suslovun “boz kardinal”lığının SSRİ üçün hansı faciələr gətirdiyini xatırlatmaq kifayətdir! Onun sayəsində ideoloji iş adı ilə, əslində, uzun müddət cəmiyyətə bütpərəstlik yeridilmiş, ikrah hissi doğuran stereotiplər, şüarlar, ştamplar təbliğ edilmiş, işartı verən hər bir ideya novatorluğu boğulmuşdur. Həqiqətən də, düz deyirlər: hən ağır və çətin iş – düşünmək, fikirləşmək işidir!

Əfsuslar ki, qabartdığım məna və kontekstdə bizdə vəziyyət heç də qənaətbəxş deyil. Otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, müxtəlif obyektiv və subyektiv səbəblər üzündən zəruri işlər aparılmayıb, ideoloji sahənin ardıcıl və sistemli inkişafı təmin olunmayıb, ölkənin elmi-yaradıcı potensialı bu istiqamətdə səfərbərliyə alınmayıb və hərəkətə gətirilməyib. Bəziləri, ümumiyyətlə, səthi ağıl və bilik ucbatından “demokratik cəmiyyətdə vahid ideologiyaya ehtiyac yoxdur!”deyərək superdemokrat olduqlarını nümayiş etdirməklə məşğul olublar, digər siyasi çoxluq isə ağır zəhmət çəkib, lazımlı iş görmək əvəzinə ayrı-ayrı nadir tarixi şəxsiyyətlərə istinadlarla, onların adından və irsindən sui-istifadə etməklə, öz keçiçi məqsəd və maraqlarını oxşayan miflər, əsatirlər yaratmaqla, milli tarixin dəyərli simalarını “brend”ə çevirməklə, onların kölgəsində rahatlıq tapıb, mürgü vurmaqla və “siyasət yürütməklə” borclarını bitmiş hesab ediblər.

Bu, o deməkdir ki, 20 faiz torpaqları işğal olunmuş, ciddi islahatlara ehtiyaclı olan ölkə bəşər tarixinin belə bir sərt, mürəkkəb dönəmində ideoloji cəhətdən silahsız qalıb. Onun olub-olmayan ideoloji təsərrüfatı kol-kos basmış baxımsız cəngəlliyə bənzəyir – hapı-gopu, uydurması-şərləməsi, söyüş ritorikası, isterikası bol, intellektual tutumu, dəyanəti-təpəri, döyüşkənliyi, sanbalı və kəsərliyi, sərtliyi və səlisliyi isə yox dərəcəsində olan bir konqlomerat! Üstəlik də, bu “ideologiya” özünü dünyaya sivil bir biçimdə göstərmək eşqinə düşərək, multikulturalizmin müəmmalı yollarında olub-qalan zirəkliyini də itirib.

Paradoksa bir bax, yüz illər boyunca formalaşmış, əməlli-başlı oturuşmuş ABŞ və İngiltərədə, Almaniya və Fransada, Belçika və Danimarkada “multikulturalizm”, “tolerantlıq” deyəndə, hər şeyə elmin, ağlın, sağlam düşüncənin gözü ilə baxırlar, milli maraqlara, dövlətə nə kimi xeyir və ziyan gətirə biləcəyini ölçüb-biçirlər, tarixi situasiyanı nəzərə alırlar, bizlər isə, təzəcə xizək üstə çıxan idmançı kimi, birdən-birə zirvələri fəth etmək, hamıdan qabağa sıçramaq istəyirik. Burada böyük Üzeyirin metodoloji tövsiyəsi yadıma düşür: sadədən mürəkkəbə doğru gedərlər! Kündəmizmi belə yoğrulub? Bu qədər dəbə, şapalaqla üz qızartmağa vurğunluq haradan gəlir?Ağına-bozuna baxmadan, hər şeydə pioner, dillər əzbəri olmaq alovu bizdən əl çəkməyəcəkmi? Odur ey, yüz il əvvəl, bütün Avropa kişilərinin ağlına gəlməyən bir vaxtda biz savadsız qadınlarımıza səsvermə hüququ vermişdik, rənginə-sortuna varmadan parlament yapmışdıq. Əfsuslar ki, pionerliyimiz və nümayişkaranəliyimiz ağır başa gəlib və gəlir də. İndi oturub, itirilən torpaqlar barədə deyinirik, göz yaşları axıdırıq.

İndi özünüz fikirləşin, belə bir ideoloji konqlomeratla başdan-ayağa hərbi-siyasi mahiyyət daşıyan, terrora sözdə yox, birbaşa əməldə dəstək verən, aparıcı dövlətlərin güc mərkəzləri tərəfindən himayə edilən, dünya ermənilərinin sistemli və ardıcıl lobbiçiliyinin hər cür qayğısından, maddi və mənəvi yardımından bəhrələnən daşnak ideologiyasına qarşı biz nə edə, hansı uğurlara nail ola bilərik?Onsuz da zəif, amorf, həddən ziyada sentimental, üzr istəyirəm, dişi, ancaq qısır qalıb bala verməyən bir ideologiyanı, daha doğrusu, ideologiya adından var-gəl edən konqlomeratı bir qədər də multikulturallaşdırmaq, genderləşdirmək, feminiləşdirmək nəyə lazımdır!? Olmazmı ki, ideoloji təsərrüfatın sistemləşdirilməsi və kamilləşməsi, bir növ, erkəkləşməsi və döyüşkənliyi barədə fikirləşək, zəruri işlər görək. 20 faiz torpaqları işğal edilmiş, amansız, hiyləgər və məkrli düşmənlə üzbəüz qalan ölkə, məncə, belə hərəkət etməlidir. Xarici düşmənlərə hədəflənmiş dişli-təpərli ideologiya olmadıqda, hər şeydən əlavə, məmurlar ordusunun özbaşınalığı, vəzifə daşıyıcılarının öz səlahiyyətlərindən qeyri-qanuni bəhrələnməyi başlayır. Son nəticədə isə, artan ədalətsizlik, qanunsuzluq, rüşvətxorluq və korrupsiya xalqla hakimiyyət arasında zəruri birliyi köklü-dibli pozur.

Etibarlı dayaqlar üzərində qərarlaşan, yaradıcı inkişafda olan həqiqi ideologiyanın əsl məğzindən doğan məzmun-mahiyyət siyasətçini yanlış meyl və addımlardan çəkindirən əsas hökmverici, diktəedici qüvvədir. Bu qüvvə zədələnib zəifləyirsə, siyasətçini heç bir kənar güc səhvlərdən qoruya bilməz. Kimlərinsə tənqidi, ümumən, heç bir fayda verməz, əksinə, vəziyyəti tündləşdirər, siyasi abı-havanı qarışdırar və daxili hərcmərcliyi artırar. Buna sübut kimi elə yeni tariximizdən yüzlərcə misal-faktlar göstərə bilərik.

İdeoloqluğa və praktiki siyasətə can atanlar bu “elementar metafizikanı” bilməlidirlər. Bilib, anlamadan girişirlərsə, deməli, anadangəlmə psixi-idrakı və mənəvi qüsurlardan azad deyillər, bir qədər də dəqiq desək, müxtəlif növ psixopatiya daşıyıcılarıdırlar. Psixopatiyanın nüvəsini xəstə “Mən” təşkil edir ki, faktiki olaraq müalicəsi yoxdur. Vay halına o ölkənin ki, bu adamlar siyasətə və idarəetməyə daraşır. Siyasi məkanda kütləviləşən psixopatiya öz aqressiyası, məsuliyyətsizliyi, hikkəsi və kini ilə bir yerdə həmişə, son nəticədə, cəmiyyəti acınacaqlı vəziyyətə salır. Psixopat, bir qayda olaraq, xəstə olduğunu anlamır, əksinə, başqalarını – bütün ətrafı sağlam, dürüst olmamaqda suçlayır. O, pozitiv nəyisə görmür və görmək belə istəmir, çünki öz xəstə mənindən doğan “metrə”ni universal etalon bilir və bu etalondan hətta cüzi yayınmanı qəbul etmir. Azca, epsilon dərəcədə, fərq varsa, deməli, o şey pisdir, o insan düşməndir;ya tezcənə sındırılmalıdır, ya da aradan götürülməlidir. Bu minvalla Pol-Pot iki milyon adamın axırına çıxmış, Noryeqa isə Qaitini məhvolma həddinə çatdırmışdır.

Psixopat ətir-işıq saçana yox, iy verənə, üfunət yayana, qaranlığa və zülmətə meyllidir. Başqa sözlə, çürüyən, can verib ölən, aqoniya içində çabalayan onun üçün cəzbedicidir, bu stixiyada özünə rahatlıq tapır, həzz alır. O – təbiətcə nekrofildir. Bir çoxunda nekrofillik o dərəcədə şiddətli olur ki, məhz bu əsasda xəstə ambisiya, hakimiyyətə canatma formalaşır, hər cür vasitələrlə yüksək vəzifə tutmaq, kreslodan dördəlli yapışmaq həvəsi güclənir. Tarix də dəfələrlə göstərib ki, belələrinin siyasi hakimiyyətə sahiblənməsi mümkün olub – ta qədim dövrlərdən indiyə kimi. Bir çox hallarda da onların ambisiyalarının həyata keçməsi və hakimiyyəti qəsb etməsi öz maraqlarını güdən xarici güclər tərəfindən dəstəklənib. Xalqına məşəqqətlər yaşadaraq divan tutan və idarə etdiyi ölkəni son nəticədə viranə qoyan müstəbidlərin əksəriyyəti məhz bu yolla hakimiyyət başına gəliblər.

idi amin

Əyanilik xatirinə birinin adını çəkim – İdi Amin! Uqandanı, guya, xoşbəxt etmək istəyən İngiltərənin xeyir-duası və hərtərəfli (ancaq – üstüörtülü!) yardımı ilə cadugər qadın – tibb bacısının bicbala, hələ 16 yaşında İslamı qəbul etmiş oğlu Amin 1971-ci ildə (artıq Uqanda silahlı qüvvələrinin baş komandanı vəzifəsində dövlət xəzinəsini talan etməkdə suçlanan birisi!) hərbi çevriliş yolu ilə prezident kürsüsünü ələ keçirmişdir. Heç ibtidai təhsili də olmayan, ancaq 192 sm boyu, 110 kilo çəkisi ilə adamların diri-diri sümüklərini sındırmağı bacaran bu bicbala korrupsioner hakimiyyət başına gələrkən bəyan etmişdir (ingilis xeyirxahlarının “şparqalka”sını üzündən oxuyaraq!): “Mən, söz verirəm ki, Konstitusiya və insan haqlarının qarantı olacam, Uqandada demokratiya və ədaləti bərpa edəcəm!”.

Bax, belə! Bütün şüurlu dövrü çeşidli cinayətlərlə zəngin olan yaramazın yekəsi dövlət başına gətirilmişdir. Onun qatı cinayətkar olduğunu ingilis kəşfiyyatı və siyasiləri də bilirdi, sonralar (prezidentliyi dövründə) Aminə hərtərəfli yardım etmiş SSRİ və Liviya rəhbərliyi də – guya ki, bu bicbala Afrikada sosializm quracaq! Əslində, əvvəlki prezident Milton Obote öz maymaqlığının, ləngliyinin və “humanizminin” qurbanı olmuşdur. O, Amini vaxtilə ağır cəzadan xilas etmiş, sonralar isə onun silahlı qüvvələrin baş komandanı kimi talançılığına və özbaşınalığına göz yummuşdur. Qatı cinayətkarlar isə heç vaxt ağır cinayətlərə görə onları bağışlayanlara hörmət hissiylə yaşamırlar, əksinə, nifrət edirlər və məqam yetişdikdə, fürsəti əldən vermirlər.

Demokratiya və ədalət gətirəcəyini car çəkən Amin səkkiz illik hakimiyyəti dövründə, sözün həqiqi mənasında, Uqandanın axırına çıxmışdır. Adam əti yeməkdən, siyasi rəqiblərin (“demokratik Fransa”dan sifariş etdiyi xüsusi gilyotinlə) səliqə ilə kəsilmiş başlarını soyuducularda saxlayaraq seyr etməkdən ləzzət alan bu bədheybət heyvərə iki mindən artıq adamı şəxsən öz əlləri ilə öldürmüşdür.Ümumilikdə, 500 minə yaxın uqandalı müxtəlif fiziki işgəncələr verilməklə məhv edilmişdir. Burası da maraqlıdır: 1979-cu ilin aprelində, Tanzaniya qoşunları Uqandanın paytaxtını tutarkən, Amin Liviyaya qaçmış, həmən ilin dekabrında isə birdəfəlik Səudiyyə Ərəbistanına köçmüş və ömrünün sonuna kimi (2003) əməli-saleh müsəlman qiyafəsində burada yaşamışdır. Uqanda xalqının qanı, həyatı bahasına talanmış milyardlar isə “demokratik” Səudiyyə Ərəbistanı və onun “superdemokratik” himayədarı ABŞ-ın “alicənab kişiləri”nin qisməti olmuşdur. Bir sözlə, ideologiyanın yoxluğu da, onun psixopatikliyi də dəhşətli şeydir!

P.S. Onu da bildirim ki, hörmətli xanımlar və cənablar, siyasət və idarəetmə aləmində özünü görənlər: kamil, yararlı ideologiya yalnız və yalnız müvafiq metodologiya vasitəsilə, daha dəqiq desək, mükəmməl epistemoloji sistem hesabına yaradılır.Belə bir epistemoloji sisteminiz varmı, onu işləmisizmi, adı-soyadı, fəlsəfi nüvəsi, məzmun-mahiyyəti, özəl daşıyıcıları nədir? Yoxdursa, heç olmasa, mütləq görüləsi işlər sırasına daxil etmisinizmi? Bəlkə, düşünürsünüz ki, nəzəriyyəçilik, metodoloqluq sizin siyasətçiliyinizin qaşına-gözünə yaraşan şey deyil!? Biləsiz ki, nəzəriyyəsiz siyasətçilik Sudan və Somali, Liviya və İraq, Liberiya və Burundi, Burkina-Faso və Konqo, Ruanda və Zimbabve, Qaiti və Qambiya kimi faciələr içində yaşayan, ölümlə əlləşən ölkələrdə olub və var. Nəsə, bu mövzu barədə söhbət qalsın gələn dəfəyə.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button