İdrak Abbasov: “Rasim Əliyev öldürüləcəyini bilirdi!”

rasim1

Rasim Əliyev öldürüləcəyini bilirdi, ölkədən çıxmaq istəyirdi…

 

Mühacirətdə yaşayan jurnalist sensasion açıqlamalar verdi: “SOCAR atamla razılıq əldə etmişdı ki, kompensasiya barədə məlumat ictimailəşməməlidir”

 

İdrak Abbasov ən çox təzyiqlərə məruz qalan həmkarlarımızdan biri idi. Onun ən müxtəlif zamanlarda iri məmurlarla qovğalarının şahidi olurduq. Ötən il QHT-lərə hücum dalğası başlayanda, QHT dünyası pərən-pərən salınanda İdrak Abbasov ölkəni tərk etdi. O, həbs olunub siyasi məhbus siyahılarına düşənlərdən olmadı. Bir müddət sonra ölkə ictimaiyyətinə məlum oldu ki, İdrak Abbasov Avropadadır.

O, RATİ-nin təsisçilərindəndir. Adı Emin Hüseynovun ABŞ səfirliyinə, oradan da İsveçrə səfirliyinə sığınmasında hallanmışdı. Biz bu sualları ünvanlasaq da, İdrak bəy nədənsə o suallara aydınlıq gətirmədi. Amma elə sensasion açıqlamalar verdi ki, ölkə ictimaiyyəti bu açıqlamalardan bu müsahibə ilə xəbər tutacaq. Pərdəarxasında aparılan bazarlıqlar, Rövnəq Abdullayevin adamları ilə ailə üzvlərinin anlaşması və ARDNŞ-dən kampensasiya almaları, öldürülən jurnalist Rasim Əliyevin öldürüləcəyini öncədən bilməsi, o haqda İdraka deməsi və ölkədən çıxıb getmək istəməsi, eləcə də QHT camiəsi haqqında dedikləri o qəbildəndir ki, biz bu haqda hələ məlumatsızıq.

Xural.com olaraq İdrak Abbasovu danışdırdıq və bəri başdan müsahibədə adı çəkilən hər kəsin cavab haqqı olduğunu bəyan edirik. Bizdə “cavab haqqı” müqəddəsdir, sözü olan buyursun.

Əvəz Zeynallı

 

Vicdanını satmadan çörək pulu qazanan jurnalistlərdən biri idim

– İdrak bəy, necə oldu ki, ölkədən getməyə qərar verdiniz?

– Bu, çox ağır qərar oldu və öncədən heç bir planlaşdırma olmadan baş verdi. Bildiyiniz kimi ölkəni tərk edəndə Rusiya Federasiyasının “Regnum” İnformasiya Agentliyinin Azərbaycan və Türkiyə üzrə təmsilçisi idim. Eyni zamanda “Bizim yol” qəzetində çalışırdım, həmtəsisçisi oldugum Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Rəsul Cəfərovun rəhbəri oldugu İnsan Hüquqları Klubunun müəyyən layihələrində də fəaliyyət göstərirdim. Bundan başqa, Böyük Britaniyanın “Hərb və Sülh İcmalları İnstitutu” (IWPR) ilə də sıx əməkdaşlığım var idi. Arabir digər nüfuzlu qərb nəşrləri uçün də yazırdım. Yəni belə demək mümkündürsə, Azərbaycanda halal zəhməti və vicdanını satmadan çörək pulu qazanan jurnalistlərdən biri idim. Öz halal zəhmətimlə tikdiyim evim, öz əllərimlə saldığım bağım, o cümlədən “Opel Astra” olsa da, avtomobilim var idi. Yəni bunları ona görə yazdım ki, bəzi hakimiyyət mediası və TV-lərinin iddia etdiyi kimi işsizlik, uğursuzluq, “redaksiyaların kandarından içəri buraxılmamağıma” görə deyil, çox ciddi problemlərə görə ölkəni tərk etmək zorunda qaldım. Ölkəni tərk etməyə bir çox ciddi səbəblərim oldu və mərhum Əbülfəz bəy demiş, bəzi məsələlər haqqında zamanı gələndə danışacağam.

– Siz hər zaman mətbu mübarizənin önündə yer alanlardan olmusunuz. Ona görə də bu qərarı nə zaman vermişdiniz?

– Ölkəni tərk etməyə 2014-cu ilin avqust ayının 18-də qərar verdim və həmin gün qohum-əqrəbaya, iş yerində belə kimsəyə xəbər etmədən ölkəni tərk etdim. Çox ciddi  məsələlər var idi və hakimiyyətin içində olan, vicdanını itirməyən insanlar tərəfindən xəbərdarlıq alandan sorna ölkəni dərhal tərk etdim. Məni “içəri atmaq” çətin iş deyildi. Ortada QHT-lərin işi, həmtəsisçisi olduğum RATİ-nin məsələsi,  SOCAR-la bitməyən davamız və iqtidarın mənə qarşı bir çox dözümsüzlük məsələləri var idi.

– ARDNŞ-lə ölümünə savaşdığınız və qorumağa çalışdığınız evinizin və torpaq yerlərinizin axırı nə oldu? Verdiniz Rövnəq Abdullayevə?

– Çox təəssüf edirəm ki, məni yaxından tanısanız da, siz də sualı bu şəkildə qoyursunuz. Amma gözəl sual oldu. Merto Tağı demiş, sual həm də çox gülməlidir. Qısaca deyim ki, mənə ev, pul təklif ediblər. Amma almamışam. Sulutəpədəki evi də halal zəhmətimlə, düz 10 ilə hissə-hissə tikmişəm. Heç atam belə bir dənə mismarla mənə yardım etməyib. Heç bir torpağım-filanım da yoxdur. Cəmi 4-5 sot həyətyanı sahədir, orada da yaşıllıq yaratmışam. Bu səbəbdən də nəsə almamışdım ki, onu da qaytaram.

Ələ alınmağım üçün çox variantlara əl atıldı – pul da, mülk də təklif edildi

idrak

– Məlumatlar var ki, sonra Rövnəq Abdullayevin adamları ilə anlaşıb-barışıbsınız, nə dərəcədə doğrudur?

– Qoy bu məsələyə bir qədər ətraflı cavab verim və haradasa bundan əvvəlki suala da bir qədər aydınlıq gəlsin. Əvvəla, mən öz evimi qorumaq davasında olmamışam. Bunu gedib Sulutəpə camaatından soruşmaq olar. Çünki mənim evimin sökülməsi riski də yox idi. Sadə bir səbəbə görə ki, mənim evim dağın döşündə, bina, villa tikməyə yararlı olmayan yerdədir.  Bir çox jurnalist həmkarlarımız dəfələrlə evimizdə olublar və bunu təsdiq edə bilərlər. Əslində, mən “yaramazlığımla” Sulutəpədə yaşayan qohumlarıma və özümə də problem yaradırdım. Sulutəpədə çoxsaylı ictimai-siyasi, aktiv sayılan insan, jurnalistlər və “reket”lər də yaşayır. Yeganə adam mən idim ki, evimiz “Ombudsman aparatı” idi. Çox adam dərdini deməyə, ictimailəşdirməyə görə bizim qapını döyürdu. Sulutəpədəki o boyda sökəsökə isə kor qala biməzdim. İnsanların yeganə ümidi olmaq nə qədər qürurlu bir iş olsa da, bir bədəli də var. SOCAR və ümumiyyətlə hökumət bilirdi ki, icazəsiz tikilən gecəqondu olsa belə, söküntü işlərini qanunsuz aparır və bu hadisənin mediaya çıxması, sənədləşdirilməsini arzulamırdı. Hə, etiraf edim ki, ələ alınmağım üçün çox variantlara əl atıldı. Pul da, mülk də təklif edildi, hədələndim də. Amma mən yolumdan dönmədim. Meydanda tək qalmamağım üçün də SOCAR səhv bir addım atdı. Sökməyə göndərdikləri dəstə qəsəbənin mərkəzində yaşadığımı zənn edib atamgilin məhəlləsinə hücum etdi. Kiçik qardaşımın birotaqlı mənzilini başlarına uçurdular, xəstə ata-anamı, ev sahibi olan qardaşımı döyüb xəstəxanalıq etdilər. Bundan sonra isə artıq mən meydanda tək deyildim. Sonra Ramın Deko, Sevinc Vaqifqızı, Rəşad Vaqifoğlu, Ramid İbrahimov, Günay Musayeva, Esmira Cavadova və “Azadlıq” radiosunun digər uşaqları və azad mətbuat adasının bütün sakinləri də mənə qoşuldular. Yeri gəlmişkən, səxsən siz Əvəz Zeynallı və komandanız da mənə aktiv dəstək oldunuz, ən ağır günlərdə məni tək buraxmadınız. Bəli, atamgilə hücumla bağlı cinayət işi açıldı, amma ortaya ağsaqqal-qarasaqqal saldılar. Atam da dindar adamdır və kimsəyə qarşı kin saxlamır. Həm də çox sadəlövhdür. Əlqərəz, Binəqədi rayon Polis İdarəsində polisin iştirakı ilə atamı qarşı tərəflə barışdırdılar. Xəstəxana xərcləri və sökülmüş otaga dəymiş məbləğ real olaraq hesablandı və atama kompensasiya verildi. Eyni zamanda SOCAR atamla razılıq əldə etmişdı ki, kompensasiya barədə məlumat ictimailəşməməlidir. Birinci dəfədir ki, məlumatı rəsmən ictimailəşdirirəm. Əlqərəz, qardaşım yenidən mənzilini bərpa etdi, amma mən öz işimdən qalmadım. Çünki mən onlarla razılaşıb üzərimə hər hansı öhdəlik götürməmişdim, SOCAR-dan ənam, hədiyyə almamışdım, sadəcə atamgilə vurduqları ziyana görə cəmi 6.000 dollar həcmində kompensasiya vermişdilər.

Amaşov mənə üçüncü dəfə idi ki, kömək edirdi

– Qardaşlarınız, ailəniz təzyiqlərə məruz qalırdı. Siz gedəndən sonra vəziyyət necədir? Onları daha incitmirlər ki?

– Ailəmə, qardaşlarıma da mənə görə təzyiq edilirdi. Hətta iki qardaşıma qarşı Təcili Yardım Xəstəxanasının mühafizəçilərini döymək adı ilə cinayət işi də başlanmışdı və həmişə tənqid etdiyimiz Əflatun Amaşovla hər zaman simasını qoruyub saxlayan Elçin Şıxlı olmasaydılar, indi iki qardaşım həbsdə idi. Həm də işi elə qurmuşdular ki, mühafizəçilər də geri çəkilə bilmirdilər. Yoxsa iş onların əleyhinə çevrilirdi. Onların boyu-buxunu olsa da, kasıb balalarıdır və mərd uşaqlardır. Bir vəkil dostumuz işi aparırdı. Məni çox arxayın elədi ki, burada heç nə yoxdur. İndi işi çox idi, ya nə məsələdisə iş uzandı və bölmədən Polis İdarəsinə gedib çıxdı. Bildiyiniz kimi cümə günü belə həbsləri həyata keçirirdilər. Nəsə, müstəntiq zəng elədi və tələb elədi ki, qardaşlarımı da götürüb Polis İdarəsinə gəlim. Çünki mən rəsmən qardaşlarımın hüquqi nümayəndəsi idim. Vəkilə də zəng elədim və o da gəldi. Getdik və gördüm ki, qarşı tərəf də buradadılr. Paradoksal bir vəziyyət idi. O uşaqları da möhkəm qorxutmuşdular və onlar da məndən xahiş edirdilər ki, kömək edim. Əslində, mən və qardaşlarımın vəkili həm də onlara vəkillik edirdik. Müstəntiqə dedik ki, əşi, tərəflər barışıblar, işə xitam verilməlidir, heç dinləmədi. Dedi ki, ona azı idarə rəisi səviyyəsində tapşırıq olmasa, bunu edə biməz, əks təqdirdə dədəsini yandırarlar. Vəziyyət çox ciddi idi. Oradan Elçin müəllim və Mehman müəllimə zəng elədim. Mehman müəllim həm də Əflatun Amaşovu məsləhət bildi. Ona da zəng elədim. Adamın Allahı var, bu, üçüncü dəfə idi ki, Amaşov mənə analoji vəziyyətlərdən çıxmaq üçün kömək edirdi. Hərçənd ki, həmişə onu tənqid edirdim, elə bu gun də edirəm. Nədənsə mənə qarşı heç zaman kin saxlamayıb. Bu söhbətlər gecə saat 7-8-də oldu. Təxminən yarım saat sonra mənə zəng edib dedi ki, sabaha qədər möhlət al, bəs Ramil Usubovla görüş alıblar. Müstəntiqə dedim ki, bəs sabah nazirlə məsələ müzakirə olacaq. O da harasa zəng edəndən sonra yumşaldı və sabah 12-yə qədər möhlət verdi. Amma səhərisi gün saat 9-da müstəntiq özü mənə zəng edib həyəcanlı səslə “müəllim, nazirlikdən çıxan kimi idarəyə gəlin” dedi. Beləliklə, həmin işə xitam verildi.

Amma sonra nə baş verdi? Atam və qardaşlarım üstümə qəlməyə başladılar ki, daha Sulutəpədən heç nə çəkmə. Böyük qardaşım ustadır, amma Rövnəq deyən makler deyildi. Onu da hədələyirdilər. Atam da digər oğlanları ilə bir həyətdə qalırdı və çox qorxudulmuşdular. Tərsliyimə görə, atamla da mübahisəm olmuşdu və ondan xahiş etmişdim ki, işimə qarışmasın və o da məndən əlini üzmüşdü. Həm də onlara deyilirdi ki, məni öldürəcəklər. Öldürülməyimə cəhd  də bilirsiniz ki, növbəti çəkilişdə, 2012-ci ilin 18 aprelində oldu. Düzdür, onda “Yeni Müsavat”ın əməkdaşı Günay Musayevanı da mənə görə yaxşı döymüşdülər. Özü də toyundan 10 gün əvvəl. Amma bildiyiniz kimi, onda artıq meydanda tək deyildim. Məsələn, mənim o dramatik şəkillərimi “Bizim yol”un əməkdaşı Ramid İbrahimov çəkmişdi. Bu hadisədən sonra demək olar ki, qohum-əqrəba və atamgillə münasibətim çox soyumuşdu. Belə demək mümkündürsə, məndən əllərini üzmüşdülər və heç günü bu gün də sıcaq münasibətlərimiz yoxdur.

– Gəlib məqama çatdıq. Söhbət bu döyülməkdən sonra aldığınız ənamlardan və ARDNŞ-lə barışmağınızdan gedir.

– Xeyr, mən ARDNŞ-lə heç bir zaman barışmamışam.

idrak2

Beynəlxalq mükafat almışdım, bir az qazlı idim

– Axı deyirlər ki, ev, pul alıb sonra yenə üstlərinə gedib daha çox istədiyiniz üçün sizi belə cəzalandırdılar?

– Bu söhbətlərin haradan qaynaqlandığı mənə də sirrdir. Amma söhbət başqa cür olub. Döyülməyimdən cəmi 20 gün əvvəl Londonda çox nüfüzlu beynəlxalq mükafat almışdım. Bir az belə demək mümkündürsə, qazlı idim və rus demiş, “prolom” getdim. Bildiyiniz kimi, ekstremal şəraitdə işləyən 5-10 jurnalist var idi. Harada mitiq, harada mərəkə var idisə, ora cumurduq. Adətən uşaqları mən maşınımla hadisə yerlərinə aparırdım. Bu dəfə isə bizi SOCAR-a dəvət etmişdilər. Deyilmişdi ki, mətbuat konfransıdır. Amma gedib gördum ki, ələ almaq üçün dəvət edilmişik. Bu, döyülməyimdən bir həftə əvvəl olmuşdu. Hətta Sevinc Vaqifqızı həmin görüşdə məni loyallıqda ittiham eləmişdi. Amma mən o görüşdə “ləğv edilməyimə” imza atmış oldum. Bizə həmin ərazilərin neftlə çirklənməsi, insan həyatı üçün ziyanlı olması, daha sonra gecəqonduların altında “qara qızıl”ın yatması haqqında film göstərdilər və dedilər ki, belə-belə şeylərdən yazın ki, “pulunuzu da verək də”. Analoji işi “Qaradağ Sement” 2000-2001-ci illərdə artıq edib bütün rəqiblərini biz jurnalistlərin əli ilə sıradan çıxarmışdı. Rəsmi reklam xidmətləri ilə bu, faktiki rüşvət təklifi idi. Amma indi ortada hansısa rəqibin maraqlari deyil, yetim-yesirin qanı var idi. Biz dedik ki, evlər yalnız kompensasiya ödəmək şərtilə sökülə bilər. Hansı köpəyoğlu gəlib kefindən balasını neft gölməçəsində böyüdər ki? Amma mən lap dərinə getdim. Dedim ki, 2005-ci ildə evləri sökdüyünüz yerdə neft quyularının qazılacağını deyirdiniz. Amma orada Moskva Dövlət Universitetinin filialı və tələbə kotejləri tikilir.

Bilirsiniz ki, avtoritar rejimlərdə bizim kimi bir adamla bağlı qərarı hansısa məmur deyil, birinci şəxs verə bilər. O ki qaldı hansısa səs-küylü jurnalistə qəsd birincinin razılığı ilə olmaya. Əmin olun ki, əgər mənə qarşı qəsd birincinin razılığı ilə olmasaydı, həmin adamlar mütləq cəzalandırılacaqdı. İkincisi də, “cəlladlara” əmr olunmuşdu. Çünki həmişə çəkilişə gələndə məni və biz jurnalistləri görən evsökənlər dərhal qaçırdılar. Bu dəfə isə elə bil məni gözləyirdilər. Elə hadisə yerinə çatan kimi qarşılıqlı söyüşmə başladı və ayaq altına alıb məni şikəst etdilər. Əgər camaat və həm də maraqlıdır ki, polis  bir qədər də gec reaksiya verib məni onların əlindən almasaydılar, oradan sağ çıxa bilməzdim. Hətta deyim ki, xəstəxanada da məhv edilməli idim. Amma Şahvələd Çobanoğlu və Xədicə İsmayılın birbaşa nəzarəti ilə Əfqan Muxtarlının rəhbərliyi və Samir Kazımlının belə demək mümkündürsə, komandirliyi ilə mənə mübariz gənclərdən, inanib-seçdikləri uşaqlardan mükəmməl mühafizə yaratmışdılar. Sutka boyu yanımda 3-4 nəfər qalırdı. Bütün yeməyim, iynə-dərmanlar öz həkimimizın nəzarəti ilə yoxlanılandan sonra istifadə edilirdi.

Əli Həsənovdan ev təklifi aldım

idrak1

– Bizdə olan məlumata görə elə xəstəxanada sizinlə danışığa gəliblər.

– Düzdür.  Gəliblər, amma razılaşma-filan olmayıb. Mən xəstəxanada tək olmurdum ki, nəsədə separat razılaşma olsun. İcazənizlə hər şey barədə detallı danışmaq istəyirəm ki, daha kimsədə sual qalmasın.  Maraqlıdır ki, mənə SOCAR-dan yox, o zaman Prezidentin ictimai-siyasi şöbəsinin müdiri olan Əli Həsənovdan evlə bağlı təklif gəldi. Yəni bu təklifə qədər Mətbuat Şurasından bizə adam gəlmişdi və deyildi ki, mənə jurnaılistlər binasından ev vermək istəyirlər. Sonra başqa adamlar vasitəsilə də bu söhbətlər edildi. Amma Beynəxlaq Mətbuat Mərkəzində bir tədbirdən sonra Əflatun Amaşov və Əli Həsənovla görüşdüm. O görüşdə Əli Həsənov yarızarafatla dedi ki, daha özümü döydürməyim, ev məsələm həll olunub. Dedim ki, bəs mənin evim var və evimi də heç bir zaman sökməyiblər. Amma o, yenə təkid etdi və mütləq yanına getməyimi istədi. Bu söhbətin şahidləri də Rəsul Cəfərov və Cəsur Sümərli oldu. Mən də zarafatla dedim ki, Əli müəllim, heç olmasa ayrılıqda təklifi edərdiniz də, indi mən bu adamların yanında necə razılıq verim. Beləcə, gülüşüb ayrıldıq və sizə deyim ki, ondan sonra nə Əflatun Amaşov, nə də Əli Həsənovla görüşüm olmadı. Bir nəfəri mənimlə görüşə yollamışdılar. Dedilər ki, bəs möhtərəm mənə 3 otaqlı mənzil vermək istəyir. Bu söhbət o zaman bəzi redaksiyaların dəhlizlərində gedirdi. Mən də demişdim ki, əgər ev versələr, ehtiyacı olan bir adama pay edəcəm. Məhz həmin adamı da ona görə ğöndərmişdilər ki, elə şey eləmək olmaz. Bu ölkədə yalnız bir kişi nəyisə bəxş edə bilər və o da İlham müəllimdir. Əgər verdiyi evi kiməsə bağışlasam özümü də, o adamı da məhv edərəm. Məncə elə bu söhbətə görə “kupça”ları da verməyə tələsmirdilər. Mən də dedim ki, əşi, 5 otaqlı evim var, bəs sabah dədəmin kəlləsinə söyməyəcəklərmi? Beləcə, qəti şəkildə ev almaqdan imtina elədim. Sonra da kimsə bu söhbətə qayıtmadı.

SOCAR mənə 10.000 manat təklif elədi, sonra 20.000-ə qaldırdı

– Pul söhbəti də olmayıb?

– Niyə? Pul söhbəti də olub. Haradasa Azərbaycandan çıxmamışdan 6 ay əvvəl pulla bağlı danışıqlar başlamışdı. Rəqəmi də gizlətmirəm. Mənə SOCAR-dan əvvəl 10 min manat təklif etdilər. Təklif də ona görə idi ki, iş Avropa Məhkəməsinə getməsin. Getsə də bundan artıq kompensasiya ala bilmərəm. Mən də bir-iki adamla məsləhətləşdim. Mənə hökumətlə anlaşmanı bacaran bir dost dedi ki, təklifdən birbaşa imtina eləsən, səni bağışlamazlar. Mən isə vasitəçinin görüşündən qaçmağa başladım, rəqəmi 20 minə qaldırdılar. Amma götür-qoy edəndən sonra qəti şəkildə imtina etdim. Amma sonra da bir-iki dəfə danışıq cəhdi oldu. Danışıqlardan biri də təsisçisi olduğum digər təşkilat, Ekstremal Jurnalistika İnstitutunun qeydiyyatdan keçirilməsi, ofislə təmin edilməsi və hər dəfə də mənə qrant layihələri ilə hökumətin fondlarından babat məbləğ ayrılacağı ilə bağlı idi. Dedilər ki, RATİ-dəki kimi işləyərsən. Həm də RATİ daxilində hakimiyyətin adamının olduğuna şübhəm yox idi. Onlara mətbəx söhbətləri bəlli idi və Eminlə həmişə aramızın gərgin olduğunu bilirdilər, bundan da istifadə etmək istəyirdilər. Amma mən bazarlığa getmədim. Heç bir halda əqidədaşlarıma qarşı getməmişəm və buna görə alnım açıqdır.

– Sizin ölkədən mühacirət etməyinizdə Emin Hüseynovu gizlətməyinizin rolu oldumu?

– Mühacirət etməyimin səbəblərini yuxarıda qeyd etmişəm.

– Emini səfirliyə aparan Sizmi oldunuz? O əməliyyat haqqında danışa bilərsinizmi?

– Bildiyim qədər sizin də Emin Hüseynovla əlaqəniz var, onunla danışmaq imkanınız var və münasibətləriniz də əladır. Məncə, Emin Hüseynovun necə, harada gizlənməsi, kim tərəfindən səfirliyə aparılması barədə suallara özü cavab versə, daha yaxşı və etik olar.

Dostlara vəsiyyət etmişdim ki…

– Ölkədən necə çıxdınız? Nə yaxşı Sizə əngəl ola bilmədilər?

– Tutlacağımı mənə avqustun 8-də Moskvada “Regnum”un yubileyində olanda demişdilər. Hətta mənə bir müddət Moskvada qalmaq da təklif edilmişdi. Amma orada qalmağı təhlükəsiz hesab etmədim. Əslində, mən Moskvada 3 gün qalmalı idim. Amma böyük oğlumun böyrəyi ilə bağlı problemi var idi deyə, geri qayıtdım. Bakıda vəziyyət çox pisləşmişdi, artıq hamının qarşısında birmənalı məsələ qoyulmuşdu. Seçim etmək lazim idi, mən də şərə xidmət etmək, həbsə və ya qəbrə girməklə ölkədən getmək arasında seçim etdim. Bir daha təkrar edirəm, vaxtında və bəzi adamların köməkliyi ilə ölkəni tərk etdim. Amma hər şey apar-topar, heç bir planlama olmadan oldu. Hər zaman həbsə atılacağımı və ya öldürüləcəyimdən ehtiyat etdiyim üçün uşaqların sənədləri, yəni xarici pasportları həmişə hazır idi. Məhdud sayda dostlara vəsiyyət də etmişdim ki, bir şey olsa, uşaqları ölkədən çıxarın. Sənədlərin hazırlanmasına isə 2012-ci ildə oğlumun qəsdən maşınla vurulması, evimizə hücum təşkil edilməsindən sonra qəti qərar verib başlamışdım.

– Hazırda harada məskunlaşıbsınız?

– Norveçdəyəm. Bir beynəlxalq təşkilatın yazıçılar və jurnalistlər üçün həyata keçirdiyi “Azad şəhər” layihəsi ilə buradayam.

Bura cənnət olsa belə yad məmləkətdir

idrak5

– Xarici ölkədə yaşamaq, məskunlaşmaq, oralara alışmaq Sizə çətin olmadı ki? Hansı əziyyətlərlə qarşılaşdınız?

– Demək olar ki, elə bir əziyyətim olmadı. Bir az əziyyət yollarda oldu. Gürcüstan, Ukrayna və Pribaltikada təxminən 5 ay qaldıq. Uşaqların təhsildən qalması, fərqli-fərqli dili, mədəniyyəti, mətbəxi olan yerlərə düşməsi həm maralı idi, həm də çətin. Dolanışıq da ağır idi. Düzdür, bəzi fondlar yardım edirdi. Həm də mən dekabr ayına qədər “Regnum”la əməkdaşlığımı davam etdim. Oradan da əmək haqqı alırdım. Və olduğum ölkələrdə qiymətlər, Bakıdan çox ucuz idi deyə yola verirdik. Norveçə gəlməyim isə tam təsadüfdən oldu. Yəni mən öncədən qarşıma hansısa ölkədə məskunlaşmaq kimi məqsəd qoymamışdım. Əsas təhlükəsizlikdə olmaq idi. Əgər bu layihə baş tutmasaydı da mən ya Ukraynada, ya da Litvada qalacaqdım. Ustəlik ABŞ-a və Böyük Britaniyaya da vizam var idi. Amma ailəmi, körpə üşaqları tək saxlayıb gedə bimirdim. Belə ki, bəxtim gətirdi və mən azul, düşərgə həyatı yaşamayan nadır mühacirlərdən oldum. Biz layihə əsasında burada oturum alıb sonra gəlmişdik. Əslində, bu bir müsabiqə idi, buna lotereya kimi də baxmaq olar. Mənə aldığım üç beynəlxalq mükafata görə və Azərbaycandakı dəhşətli vəziyyətə görə üstünlük verildi deyə 50 iddiaçı arasında seçildim. Buralarda yaşamaq və alışmaq çətindir. Mən artıq gənc deyiləm, 40 yaşındayam. Mənim bütün həyatım, karyeram, dostlar, əzizlərim Azərbaycandadır. Bura cənnət olsa belə yad məmləkətdir. Heç nə dogma deyil, elə bil başqa bir planetdir. Norveçdə yay demək olar ki olmur, çox bahaçılıqdır, qanunları sərtdir. Ən böyük dərd isə odur ki, burada heç bir sənədimizi tanımırlar. Məsələn, mənim zəhmətimlə aldığım sürücülük vəsiqəsini belə burada qəbul etmədilər ki, sizin ölkədə korrupsiya var.

Burada sürücülük vəsiqəsi almaq Azərbaycanda akademik olmaq kimi bir şeydir

idrak7

Diplomu təsdiqləmək isə yenidən ali təhsil almaqdan çətindir. Hakimiyyətimizin apardığı uğursuz siyasətin nəticəsi olaraq ölkəmizi banan ölkələri ilə bir cərgədə tuturlar. Amma mən də tənbəllik eləmirəm. Heç bir il keçmədi ki, sürücülük vəsiqəsini burada norveç dilində imtahan verib aldım. Özü də burada sürücülük vəsiqəsi almaq Azərbaycanda akademik olmaq kimi bir şeydir. Bir neçə mərhələli imtahanlardan və 45 sualdan ibarət nəzəri imtahandan keçirsən. Sizə maraqlı olsa, sonra detallı yazıb yollayaram. Nəsə, çox uzundərə bir şeydir.

Amma oldugumuz şəhərdə insanlar çox mehribandırlar. Bir dənə hasar, dəmir qapı, dəmir çərçivə yoxdur. Adamlar heç evlərinin qapısını bağlamırlar, pəncərələrə pərdə asmırlar. Burada velosipedləri heç zəncirləmirlər. Buradakı xalıq bahalı maşın, villa, zər-ziba ilə deyil, sən demə, xeyirxahlıqla öyünürmüş. Ona görə hamı kömək eləmək istəyir. Qonaq gəlib-gedirlər, bizi dəvət edirlər. Norveç cəmiyyətinə inteqrasiyamız çox sürətlə gedir. Əvvəla, bizim şəhərdə bizimkilərdən yoxdur. Qaldığımız binada da hamısı norveçlilərdir. Uşaqlar daha tez inteqrasiya olurlar. Onlar demək olar ki, dili mükəmməl bilirlər, çoxsaylı dostları var. Həm də uşaqlar çox aktivdir. Şəhərin peşəkar uşaq futbolu komandasında oynayırlar, üzgüçülük, xizək sürmək, sənət və sair dərnəklərdə də aktivdirlər.

Bir sözlə, bura uşaqların, gənclərin ölkəsidir. Uşaqlar üçün hər şey pulsuzdur, heç adi bir qələmi də norveçlilər uşaq üçün almırlar. Bütün kitab-dəftər, dərs ləvazimatları dövlət hesabınadır. Təhsil tam pulsuz və bizim təhsillə müayisəolunaz dərəcədə fərqlidir. Burada dərslər interaktiv keçirilir. Müəllimlər uşaqla danışanda mütləq dizi ustə oturmalı və ya ən azı şagirdin səviyyəsinə qədər əyilməlidirlər. Uşaqların bu qədər sərbəst buraxılmağına baxmayaraq, çox tərbiyəlidirlər və qanunlara, qaydalara mütləq tabe olurlar. Yəni Norveçdə gələcəyin azad insanları, şəxsiyyətləri böyüdülür.

Adam 20 ildir Fransada yaşayır, dil bilmir

 

– Xaricdə azərbaycanlılar arasında münasibətlər necədir? Əsas problemlər nələrdir?

– Bu, çox qəliz məsələdir və ağrılı mövzudur. Burada olanların əksəriyyəti acından səfalətdən başını götürüb gələnlərdir. Norveçdə isə bizimkilər  azdırlar. Çünki Norveç çox varlı ölkə olsa da,  miqrantları çox simicliklə qəbul edir.  Bildiyim qədər Stavangerdə azərbaycanlılar çoxdur. Amma onlarla əlaqəm yoxdur. Bir qadın var idi, 15 ildir ki, orada yaşadığını facebookda yazmışdı. Adam rəsmən “maniya veliçiyə” yoluxub. Gündə gəlib adam olduğu Norveçi və bu dövləti yaradan norveçliləri facebookda yıxıb-sürüyürdü. Amma qaçaq düşdüyü Azərbaycan hakimiyyətini qəti tənqid etmirdi. Çünki Bakıda evi var idi və viza verilməyəcəyindən yəqin qorxur. Bax, mən də başladım onu tənqid etməyə, elə facebook dostluğumuz da bitdi. Çox miqrantlar belədir. Gəlib avropalının yaratdığı ölkədə adam kimi yaşasalar da, adam olmayıblar. Bizim işimiz həqiqətən Allaha qalıb. Keçən yayda Fransada okeanın sahilində yerləşən cənnət bir şəhərdə bir toyda oldum. Orada elə Salyandan 500 ailə yaşayır. Amma nəyə lazım belələri. Toyda dava salıb bir-birini qırdılar, avtomatlı jandarma töküldü ora, rusvay elədilər bizi. Adam 20 ildir Fransada yaşayır, dil bilmir, elementar olaraq maşını adam kimi xüsusi ayrılmış yerlərdə park eləmir, qazonda, yol ayrıcında, harda gəldi saxlayıb gedir. Ən bərkgedəni də Maqadandan o yana Vladivastokdan bu yana bütün türmələrdə yatması ilə qürrələnir. Belə zümrə ilə nə eləmək olar axı? Elə həmin şəhər və digər Avropa ölkələrində də ləyaqətli adamlarımız var, amma onlar da belələrinə görə abırlarına qısılıb oturublar, meydanda da yoxdurlar. Nə yazıq ki, əksər camaatımız yuxarıda söz açdığım o qadının təfəkküründədir. Ölkə, vətən anlayışı, demokratiya, seçki, azad mətbuta belə insanlar tüpürüblər. Hə, ictimai-siyasi aktivliyə iddialı olanlar da bir neçə kateqoriyaya ayrılıblar. Elələri var ki, ölkə üçün nəsə etmək istəyir, elələri var ki, diasporanın 50 avrosu ilə hansısa tədbirdə bayraq qaldırır, elələri var ki, “pensiyaya çıxıblar”, yəni keçmiş xidmətlərinə görə bonuslarını xərcləyiblər və s. Yəni vəziyyət dəhşətlidir, amma ümidsiz deyil. Artıq hər kəs kimin kim olduğunu  bilir.

Tək fəaliyyət göstərirəm

idrak6

– Kimlərlə görüşür, nələr edirsiniz?

– Mən demək olar ki, əsasən tək fəaliyyət göstərirəm. ATƏT, BMT, AB və digər strukturların təşkil etdiyi çoxsaylı tədbirlərdə çıxş edib Azərbaycan reallıqları haqqında danışıram. Ara-sıra aparıcı dünya mətbuatı üçün yazıram. Beynəlxalq təşkilatların ölkəmizdə olub baş verənlərdən məlumatlardırılmasında iştirak edirəm. Ustəlik, “Azərbaycan saatı” ilə əməkdaşlıq edirəm. Azərbaycanlılarla görüşə gəldikdə isə, yalnız Məlahət Nəsibova və İlqar Nəsibovla tez-tez görüşürük. Arabir İsa Sadixovla da görüşürəm. Bir-birimizə yaxın şəhərdə qalırıq demək olar ki. Buralarda bir-birimizdən başqa bir doğmamız da yoxdur. İlqarın böyük qızı universitetdə hüquqda oxuyur, həm də tərcüməçi işləyir. Bizə çox köməkliyi dəyir. Çox ağıllı, savadlı bir gəncdir. Bax, bizim ümidimiz də belələrinədir.

– Nə zamansa ölkəyə qayıtmaq fikriniz varmı?

– İstənilən an gələ bilərəm. Amma ehtiyat edirəm. Son bi il ərzində hökuməti çox əsəbiləşdirmişəm. Xususilə də mənasız və bədxərcliyi ilə seçilən Avropa Oyunları ərəfəsində ümumiyyətlə, bütün körpüləri yandırdığımı bilirəm. Amma təzə Avropaya gələndə mənə çox adam çıxdı və hökumətlə münasibətləri yaxşılaşdırmağı təklif etdi. Amma mən elə həmişəki adamam da. Əgər münasibət yaxşılaşdıran olsaydım, elə evimdə oturub yaşayardım.

Mətanət Əzizova Leyla Yunus haqqında məktub göndərəndən sonra…

idrak8

– Bizim Mətanət Əzizova ilə müsahibə götürməyimizə kəskin münasibət bildirmişdiniz? Niyə? Səbəbi haqqında danışa bilərsinizmi?

 – Bu adam haqqında danışmaq istəmirəm. Çünki belə insanlara nəsə sübut etmək mümkün deyil. Mənim onunla heç bir şəxsi dərdim yoxdur, olmayıb da. Əslində, belələrinə vaxt, enerji ayırmaq ağısızlıq və vaxtı israf etməkdir. Qeyd edim ki, nəinki onun özü, anası ilə də əla münasibətlərim olub. Yəni bu gün də şəxsi olaraq nəsə bir bölüşmədiyimiz şey yoxdur. Amma hər şey Leyla Yunusun məhkəməsinə göndərdiyi məktubdan sonra oldu. Çünki Leyla Yunus bu məktubun əleyhinə olduğunu demişdi. Mən də bu məsələdə və sözsüz ki, heç kimə heç nəyi güzəşt etməyən İlham Əliyevin ailəsinə nəyin qarşılığında ölkəni tərk etməyə icazə verməsi ilə bağlı facebook səhifəsində sorğu verdim. Cavab əvəzinə, məni dostluqdan sildi. Sonra bu sualı status kimi yazdım. Sonra anası mənə email yazıb hədələdi, söydü və mənimlə bağlı hansısa sandıqda saxladığını açıb-tökəcəyini dedi. Sonra onun dostları (adlarını çəkib şərəfləndirmək istəmədiklərim) məni küçə söyüşləri ilə təhqir etdilər, hədələdilər. Bundan sonra yenə mənimlə danışdı, atəşkəs elan etdik. Amma altdan-altdan yer qalmadı kı, məndən şikayət yazmasın. Yeri gəlmişkən, bu gün məni hər yerdə yalançı, böhtançı kimi tanıtmaq fikrindədir. Amma Leyla barədə mənə şəxsən xoş olmayan çox şey yazıb. Ustəlik, həmin məktubu əvvəla, ailəsinin məsləhəti ilə göndərdiyini dedi. Yəni Dinara Yunusun. Amma məlum oldu ki, Dinara ilə qanlı-bıçaqdırlar və hətta facebokda da blokdadır. Sonra dedi, Samir Kazımlı ona məsləhət edib. Amma bu da əsassız arqument idi. Axırda da dedi ki vəkilim Samirə Ağayevanın hır şeydən xəbəri var. Samirə xanım isə mənə dedi ki, yalnız ibtidai istintaqda ilk ifadəsində vəkili olub, məktubdan isə yalnız məhkəmədə xəbər tutub. Lap axırda da bu günlərdə Dinara mənə bunları yazdı: “Дорогой Идрак бей. Не может считаться правозащитником и вообще человеком чести тот, кто дал лживые показания против своего коллеги. Показания Матанат полные лжи и клеветы против моей мамы были зачитаны на суде прокурором .Эти показания процитированы и в приговоре. Это факт. Такие случаи известны в истории. С такими людьми перестают сотрудничать и не подают им руки. Это было и сегодня лучше к этому больше не возвращаться. С уважением,  Динара”. (“Əziz İdrak bəy. Öz həmkarları haqqında yalan ifadə verənləri nəinki hüquq müdafiəçisi, ümumiyyətlə, insan hesab etmək olmaz. Mətanətin ifadəsi büsbütün yalandır və məhkəmə prosesində prokuror tərəfindən mənim anamın əleyhinə istifadə olunub. Bu ifadələr hökmdə də öz əksini tapıb. Bu tip insanlarla əməkdaşlığa son vermək lazımdır və onlara salam vermək belə doğru deyil. Bu hadisə bu gün oldu və ən yaxşısı, ona bir daha qayıtmamaqdır. Hörmətlə, Dinara” – Red.) Mən də bu cümlələrdən  və Aynur İmranovanın mediaya açıqladığı sənədlərdən sonra bir daha bu mövzuya dönməyi lüzumsuz saylram. Əminım ki, o adam bundan sonra da nəsə tapıb deyəcək. Amma artıq bu məsələ mənə qətiyyən maraqlı deyil və artıq onun nə deməsi, özunü haqlı çıxarma cəhdləri mənim üçün devalvasiyadan sonrakı qəpikdən də dəyərsizdi.

– Avropadan Azərbaycan necə görünür?

– Qısaca deyim ki, bədbəxt, məzlum, haqqını müdafiə edə bilməyən bir zümrənin yaşadığı, diktatura rejiminin mövcud olduğu təhlükəli bir yer kimi görünür.

– RATİ-nin təsisçilərindən və rəhbərlərindən biri olmusunuz. Təşkilatı Avropada yenidən təsis etmək düşüncələriniz varmı?

– Bu barədə hələ ki, bir məsləhətləşməmiz olmayıb.

– RATİ-nin uşaqları, həmkarlarınla əlaqə saxlayırsanmı?

– RATİ cəmi 9 il yaşasa da böyük məktəb oldu. Bizim o darısqal ofisimizdən bu gün mediamızın ən aparıcı simaları çıxıb. Əlbəttə, uşaqlarla tez-tez  dərdləşirik.

Rasim Əliyev öldürüləcəyini bilirdi

rasim

– Rasim Əliyevin öldürülməsinə münasibətin necədir? Onu necə xatırlayırsan?

– Yazıq uşaq. O, öldürüləcəyini bilirdi, mənə də demişdi. Ölkədən çıxmaq istəyirdi. Düşünürəm ki, Rasim RATİ-nin kadrı, son sədri olduğu üçün incə işlənmiş planla tora salınaraq öldürüldü. Onun ölümünə Prezident Aparatında razılıq olmasaydı, onu xəstəxanada öldürməzdilər. Axı o, xəstəxanaya ayağı ilə sağ-salamat getmişdi. Onu xilas etmək olardı, etmədilər.

Rasim şəhər uşağı idi. Köhnə şəhər uşaqlarına “qədeş” də deyirlər. O da bir az qədeş idi. Təxminən 45-50  kilo çəkisi olsa da, əjdahanın qabağında belə söz yeməzdi. İndi öləni hamı tərifləir də. Amma mən tərifləmirəm, gercəklikləri nəql edirəm. O, mərd, bacarıqlı, cəsur reportyor idi. İndi çox bədxahlar onu fotoreportyor adlandırır. Amma o, illik hesabatlar belə yazırdı. Sadəcə, o, sözünü qələmlə deyil, foto və video ilə deməyi xoşlayırdı. Mən xeyli müddət  “Obyektiv” TV-nin redaktoru oldum. Onun yeganə qüsuru işə həmişə gecikməsi idi. Amma nədəndə ölümə elə tələsdi ki… Uşaqlardan kimsə mənə “müəllim”, kimsə “bəy”, kimsə sadəcə “əmi” deyə müraciət edərdi. O isə məni təşkilatda hamıdan yaşlı olduğum üçün “ağsaqqal” deyə çağırıdı. Ən çox zarafatlışdığı adam Etimad Budaqov idi. Elə ona da “ağsaqqal” deyib, Etini əsəbiləşdirirdi. Amma heç vaxt ona verilən tapşırığı yarımçıq saxlamazdı və çox yüksək səviyyədə icra edərdi. Allah nakam qardaşımıza rəhmət eləsin! Mənə onu haqqında danışmaq ağırdır. Elə bilirəm ki, onu xilas edə bilərdim, amma etmədim. Bilirsiniz, bu gün də çoxsaylı adam mənə yazıb ölkədən çıxmaq, qaçmaq üçün kömək istəyirlər. İçində çox tanınmış jurnalistlər də var. Amma mən heç nə edə bilmirəm. Yalnız müvafiq təşkilatlara yazıram ki, belə adamlar var və həyatlarının təhlükədə olduğunu deyirlər, vəssalam. Amma onu da eşitmişəm ki, miqrant dəllalları da var və bu gün Avropada miqrant dəllallarının saysız qurbanları da var.

– Gələcək planlarınız nədir?

idrak3

– Mən hələ ki, Azərbaycandan ayrılmamışam və bütün fəaliyyətim Azərbaycanla bağlıdır. Norveç dilini qisa müddətə yaxşı-pis öyrənmişəm. Yəqin ki, 5-6 aya mükəmməl səviyyəyə çatacam. Bundan başqa, ingilis dilimi təkmilləşdirməliyəm. Çünki buralarda rus dili yararsızdır.  Bəzi planlar var. Amma öncədən söyləmək istəmirəm.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button