III Respublika Platformasının həbsdəki üzvü deyir ki, haqqındakı məhkəmə qərarında göstərilənlər yalandır

NİDA Vətəndaş Hərəkatı və III Respublika Platformasının həbsdə olan üzvü Araz Əliyev deyir ki, tutulandan sonra polis bölməsində ona əməkdaşlıq təklif edilsə də, boyun qaçırıb. O bu barədə dekabrın 29-da öz məhkəməsində danışıb.

Bakı Apellyasiya Məhkəməsində A.Əliyevə 25 sutka inzibati həbs cəzası kəsilməsinə dair Nizami rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.

29 yaşlı fəal deyir ki, haqqındakı məhkəmə qərarında göstərilənlər yalandır, nə küçədə söyüş söyüb, nə də polislərə itaətsizlik göstərib. Onu Nizami rayonu ərazisində yox “Neftçi” idman-sağlamlıq bazasının yaxınlığında, Azadlıq prospektində saxlayıblar. Saxlanılanda və Nizami rayonu, 24-cü polis bölməsinə aparılarkən, zorakılığa məruz qaldığını vurğulayan A.Əliyevin sözlərinə görə, dərhal telefon və kompüterini əlindən alıblar:

“Məni saxlayanlardan iki nəfər elektron cihazları götürüb dərhal getdi. O birilər məni 24-cü bölməyə apardı. Polis bölməsində mənə III Respublika Platforması, onu kimin yaratması, kimin maliyyələşdirməsi, nə istədiyimiz barədə suallar verirdilər. Əməkdaşlıq təklif olundu, mən imtina elədim”.

O, haqqında həbs qərarı veriləndə dövlət hesabına vəkil olan Polad Mehdiyevdən də şikayətçidir.

Deyir ki, bu şəxs onun ailə durumu, uşağının olub-olmamasından başqa heç nə ilə maraqlanmayıb. Ən əsası, özünü təqsirli bilmədiyi halda, vəkil çıxışında əksini iddia edib. A. Əliyevin sözlərinə görə, küçədə söyüş söymədiyini, polislərə tabesizlik göstərmədiyini, bənzər halların heç baş vermədiyini məhkəmədə özü deyib. Ancaq vəkil P.Mehdiyev iddia edib ki, o, polisə tabe olmayıb. Bu, məhkəmə qərarında da, protokollarda da var.

Apellyasiya məhkəməsində vəsatət qaldırılıb ki, “Neftçi” idman-sağlamlıq bazasının yaxınlığındakı təhlükəsizlik kameralarından görüntülər alınsın. Həmin görüntülərə baxanda, A.Əliyevin orada saxlanması barədə dediklərinin doğru olub-olmadığı aydınlaşacaq.

Hakim Habil Məmmədov bu vəsatətə “yox” deyib.

A.Əliyevin özü və vəkili Nemət Kərimli Nizami rayon Məhkəməsi qərarının ləğvini istəsələr də, hakim onun dəyişdirilmədən qüvvədə qalmasına qərar verib.

A.Əliyev dekabrın 23-də, axşam saatlarında saxlanılıb. Yaxınlarının bildirdiyinə görə, bir sutkaya yaxın müddətdə onun harada olması barədə ailəsinə məlumat verilməyib.

Bu üzdən, həyat yoldaşı dekabrın 24-də əlində “Araz Əliyev hardadır?” yazılmış plakatla Daxili İşlər Nazirliyinin önünə gəlib. Bu etiraz aksiyasından bir qədər sonra ona 25 sutka inzibati həbs cəzası kəsilməsi haqda bilgi verilib.

Dekabrın 7-də Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümü günündə bir qrup ictimai-siyasi şəxs III Respublika Platforması adlı siyasi təşkilat yaradıb.

“Tək Adama deyil, Hüquqa itaət edirik!” şüarı ilə çıxış edən platformanın əsas prinsiplərinin “seçkili demokratiya, özünüidarə və güc tarazlığı” (hakimiyyət bölgüsü) olduğu bildirilir.

Platforma Araz Əliyevin həbsiylə bağlı açıqlamada bu olayın siyasi motivli olduğunu bəyan edib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button