İki “aklad”m “tabusu”

Babalıq

Bizim Kabinet Nazirliyi… çaşdım, Nazirlər Kabineti müəllimə 24 saatdan artıq dərs yükünü qadağan etdi. Əslində, müəllimlərin bu ağır sosial durumunda 24 saatdan az dərs yükü qadağan olunmalı deyildimi?

Sən əmək haqqını qaldır hələ 4-5 qatına,
Sənə manqurt deyənin mən də söyüm lap zatına!

İki aklad tabusu ağlına hardan yeridi?
Bu damı islahatın müddəasından biridi?
İki aklad sahibi bircə sümük, bir dəridi,
Nə gərək bir də soğan doğrayasan ovqatına?
Bacarırsansa, əmək haqqını vur beş qatına.

Binadan olmayan o ağlını əqrəbmi çalıb?
“Qaldırırsan” rifahı müəllimə müəllimdən alıb?
Ölkənin sahibi var, əzmi düşünmə azalıb,
“Dur!” deyər, mən baxaram cüt gözünün “marqat”ına,
Əzm ilə nöqtə qoyar sən kiminin qır-çatına!

On faiz ildə cəhənnəm, yenə artırsa maaş,
Verərik, min bərəkət, biz onu bir toyda şabaş,
Bazarın nırxı bu artımla uyuşmur başabaş,
Varmayaq gəl bu sözün bir o qədər ifratına,
Bunu bilməkdə lüzum yox dönəsən Əflatuna.

On faiz rəhbər atır qəlbi sevindirmək üçün,
Niyə sən cəhd eləyirsən onu endirmək üçün?
Səndə yox o qafa fərli bir iş görmək üçün,
Nə tökürsən zəhəri müəllimin ədviyyatına?
Şahə qalxmırsa neçün mahmız atırsan atına?

Vurdu rüşvət iliyə, “kurikulum” oldu hədər,
Heç nədən aşmadı kar, dərsə limit qoy bu səfər,
Sonra da rəhbərə de: iş yeri açdım bu qədər…
Şərh-filan söyləmirəm aksiomun isbatına,
Yalnız “əhsən” deyirəm tədbirinin formatına.

Yandı neftin dədəsi, getdi xorumla hara pul?
Yola pul, təmirə pul, parka və bağ-bulvara pul,
Nə qələm-dəftərə çatmır, nə də pal-paltara pul,
Çatsa da, güclə çatır qazla su sərfiyyatına,
Səfalət çoxdan alıb müəllimi qeydiyyatına.

Varsa dərs, bəzisi beş, bəzisi on beş deyəcək,
Nə qədər maddi maraq var, bir elə xoş deyəcək,
Babalıq insana “can”, qanmaza “hoş-hoş” deyəcək,
Tutacaq məmuru “çöndər tatı, vur-vur tatı”na,
Sən çalış akladı qaldır hələ 4-5 qatına,
Sənə fərsiz deyənin mən də söyüm lap zatına!

“Xural” qəzeti
il: 9, sayı: 006(414), 13-19 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button