İki qardaşdan biri əfvə düşdü, digəri həbsdə qaldı…-“ Gözlərim əfv siyahısında Fərəci də axtardı…”

Raqif Kərimli

Raqif Kərimli: “Fərəc deyirdi ki, qardaşım azad olunsa yaxşı olar…”

Dövlət başçısının imzaladığı sərəncam ölkə gündəmini dəyişdi. İctimaiyyətin diqqət mərkəzində olan siyasi məhbusların bir çoxunun adını əfv siyahısında  görmək mümkündür. Azadlığa çıxacaq siyasilərdən biri də müsavat gənc Sirac Kərimlidir. Onun eyni maddə üzrə həbs olunan qardaşı, Müsavat başqanının müavini Fərəc Kərimli isə yenə də həbsdə qaldı…
Kərimlilər ailəsi həm sevinir, həm də kədərlənir. İki övlad atası olan oğlunu sabah azadlıqda görəcək Raqif Kərimli, digər oğlunun hələ də azadlığa çıxacağı günü intizarla gözləyəcək.
Müsavat.com-a açıqlamasında Raqif Kərimli bunları dedi:
“Hər iki oğlumun azad olunmasını çox istərdim. Amma Siracın iki azyaşlı övladı var. Çox sevinməsək də, sevinc hisslərimizin olmadığını desəm düzgün olmaz. Siracın uşaqları, anası, mən və digər qohumlar böyük sevinc içərisindəyik. Əfvdən sonra Siracın özü zəng etdi. O da çox sevinir. Amma Fərəc həbsdə qaldı, nə etmək olar. Gözlərim əfv siyahısında Fərəcin adını da axtardı. Bu dəfə hakimiyyətin davranışları əvvəlki kimi deyildi. Böyük ümidlərimiz var idi. Mənə elə gəlirdi ki, bütün siyasilər azad olunacaqlar. Proseslər buna ümid etməyə əsas verirdi. Yenə də siyasi məhbusların bir çoxu həbsdə qaldı. Onların hamısının azad olunması daha yaxşı olardı. Fərəc zəng etmişdi. O da çox sevinir. Bizə gözaydınlığı verdi. O, hər görüşdə deyirdi ki, qardaşım azad olunsa yaxşı olar. Bu onun arzusu idi. Elə çıxmasın ki, övladlarıma fərq qoyuram. Amma Siracın övladlarına görə onun azadlığı xəbəri bizi çox sevindirdi. Onun övladlarının hərəkətləri bizə də, özünə də ağır təsir edirdi. Atasızlığı Allah heç kəsə qismət eləməsin. Hər övlad valideynlərinin yanında olmasını istəyir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button