İki Yeniyə bir təşəkkür və …

azer_hasret_bishkekAzər Həsrət, 

Prezident İlham Əliyevin çox alicənab bir addımıyla artıq jurnalistlər üçün ev tikilib başa çatmaq üzrədir. Qaydalar müəyyən edilib, mənzillərin ədalətli paylanması üçün dövlət öz üzərinə düşəni edib. Bu proses tam olaraq jurnalistlərin ən böyük seçkili orqanı olan Mətbuat Şurasına həvalə edilib. Sonuncu da müəyyən qaydalar çərçivəsində redaksiyalarda keçirilən toplantılara qatılaraq mənzilə doğrudan ehtiyacı olanların müəyyənləşdirilməsi prosesini müşahidə edir. Əksər KİV-lərdə bu proses yetərincə şəffaf və ədalətli təşkil edilib və demək olar ki, ortalıqda narazılıq filan da yoxdur. Yəni kollektivlərdə hər kəs kimin mənzilə ehtiyacının olduğunu yaxşı bildiyi üçün və redaktorlar da öz nəfslərini boğa bildikləri üçün proses ədalətli gedir. 

Örnək üçün, bizə çatan xəbərlərə görə, ölkənin ən populyar iki qəzeti – “Yeni Müsavat” və “Yeni Azərbaycan”da bu proses olduqca ədalətli şəkildə baş tutub. Hər iki baş redaktor, istər Rauf Arifoğlu, istərsə də Hikmət Babaoğlu nəinki mənzilə iddia etməyiblər, ümumiyyətlə bununla bağlı hər hansı işarə belə verməyiblər. Elə ilk gündən onların hər ikisi yetərincə böyük olan kollektivlərində mənzilə ən çox ehtiyacı olan və buna doğrudan haqqı çatanları müəyyən edə biliblər. Ona görə də bu kollektivlərdən hər hansı narazılıq işartısı müşahidə edilmir. Baxmayaraq ki, hər iki kollektivdə mənzilə ehtiyacı olanların sayı MŞ-nın müəyyən etdiyi 3 nəfərdən daha artıqdır, proses ədalətli aparıldığı üçün kimsə narazılıq etmir.

Bu “Yeni”lərin biri rəsmən iqtidar, digəri isə müstəqil olsa da, əslində, müxalifət qəzetidir. Və mənzil məsələsində maksimal ədalət nümayiş etdirdikləri üçün hər ikisi alqışa layiqdir. Ona görə də hər iki “Yeni”nin baş redaktorlarını – Hikmət Babaoğlunu və Rauf Arifoğlunu həm təbrik edir, həm də onlara təşəkkürümü bildirirəm. Siz əsl komandir, əsl lider, əsl rəhbərsiniz ki, öz nəfsinizi kollektivin xeyrinə boğa bilirsiniz! Alqış sizin hər ikinizə!

Bunların fonunda dünəndən sosial şəbəkələr və mediada 5 otaqlı mənzili olan bir yaşlı baş redaktorun nəfsini boğa bilməməsi haqqında söhbətlər də dolaşır. Adam kollektivi toplayıb və iddia edib ki, onlara ayrılacaq tək bir mənzil ona çatmalıdır. Xatırladılanda ki, lap bu yaxın illərdə axı dövlət sizə 5 (!) otaqlı mənzil verib, adam deyib ki, bu, onun yaradıcılığı üçün yetərli deyilmiş! Düzü, bu adamın yetmiş neçə yaşlıq həyatında nə yaratdığını, necə yaratdığını bilməsək də, hətta onu düz-əməlli tanımasaq da belə başa düşürük ki, dərdi-səri yalnız özünə gün ağlamaqdan başqa bir şey olmayıb! Yəni adam böyüklük göstərib deyə bilərdi ki, bu mənzil daha çox ehtiyacı olana verilsin. Deyə bilməyib! Böyüklüyü çatmayıb! Liderliyi, komandirliyi, əsl rəhbər xarakteri çatışmayıb bu adamda! Və nəticədə bütün ölkədə rəzil duruma düşüb! Bir mənzildən ötrü! Ehtiyacı olmayan dörd divardan ötrü!

Bu mənzil məsələsi ortaya çıxanda bəzi dostlarla söhbətlərim olmuşdu. Elə ilk gündən birmənalı şəkildə bəyan etmişdim ki, hətta mənə də bir mənzil təklif edilərsə, bundan mütləq imtina edəcəm. Çünki pis-yaxşı mənzilim var, Allaha şükür, biz aza qane olmağa öyrəşmişik və başqasının haqqını yemək kimi bir şakərimiz də yoxdur. Qoy bu mənzillər illərdir kirayə evlərdə, yataqxanalarda ömrünü çürüdənlərə (məhz çürüdənlərə! – A.H.) qismət olsun. Çünki onların buna həm daha çox haqqı, həm də daha çox ehtiyacı var.

Amma mənim kimi düşünməyənlər də varmış ki, onlardan biri haqqında yuxarıda yazdıq. Qulağımıza başqa xəbərlər də çatır. Hətta deyirlər ki, yüz min manat qiyməti olan maşın sürən bəzi jurnalist həmkarlarımız da mənzilsizlikdən əziyyət çəkdikləri iddiasıyla cənab Prezidentin alicənablığından sui-istifadə etmək istəyirlər.

Bir şeyi başa düşə bilmirəm. Axı hamı bilir ki, sizin eviniz, bəzilərinizin hətta bir neçə mənziliniz, villanız belə var. Hansı üzlə, hansı abırla yenə də mənzilə iddia edirsiniz? Niyə imkan vermirsiniz ki, doğrudan da illər uzunu bir koma həsrətində yaşayanlar bu imkandan istifadə etsinlər?

Niyə, misal üçün, sizin kimi müftəxorların bir neçə mənzili olsun, Nadir Azəri, Elşad Paşasoy, Zərəngiz Dəmirçi, Aqil Camal, Qalib İbrahimoğlu kimi ümumiyyətlə şəxsi mənzil üzü görməyən neçə-neçə gerçək jurnalist, bu dövlətin, bu millətin yolunda həqiqətən can qoyanlar yenə də borc içində, kirayələrdə sürünsün? Siz yalan-dolanla alacağınız o mənzillərin qapısından içəri girərkən əsir-yesir günündə olan, kirayə pulunu tapmaq kimi ağır dərd içində əriyən vicdanlı həmkarlarınız gözünüzün önünə gəlməyəcəkmi?

Yaxud da Şaiq Vəli, Eyvaz Əlləzoğlu kimi bu dünyanı kirayə evlərdən, yataqxanalardan tərk edən neçə-neçə yazarın taleyi sizi heçmi rahatsız etmir? Etmir yəqin ki. Etsəydi, 5 otaqlı mənzili varkən gözü doymayanlar, bir neçə mənzili olub yüz min manatlıq maşın sürənlər cənab Prezidentin alicənablığından sui-istifadə yolu tutmazdılar!

Vicdan məsələsidir bu, vicdan! Qoyun qarşınıza vicdanınızı, düşünün, daşının, sonra nəyəsə iddia edin! Və hətta belə haram yolla, haqqınız olmadan, kimlərisə aldadaraq o mənzillərə sahib olsanız, vallah orda salamat yaşaya biləcəyiniz şübhəlidir! Evsiz-eşiksiz qalan gerçək jurnalistlərin ahı sizi mütləq tutacaq! Necə demişlər? Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə. Almayın o ahları, almayın!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button