İlham Əliyev: “Biz daha güclü Azərbaycan quracağıq”

Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib.

Dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının yenidən ona böyük etimad göstərdiyini, sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiyini bildirib.

Bu etimada görə xalqa təşəkkür edən prezident İlham Əliyev bildirib ki, xalq-iqtidar birliyi Azərbaycanda inkişafın əsasında durur: “Ordumuz aprel döyüşlərində torpaqlarımızın bir hissəsini işğaldan azad edib. Həmin torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək, işğal altındakı bütün torpaqlarımızda bayraqlarımız dalğalanacaq”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələrindən biridir: “Siyasətimizin mərkəzində həmişə Azərbaycan xalqının rifahı durur. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilib. Bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir, Avrasiyanın nəqliyyat və energetika xəritələri yenidən tərtib olunur. Heç vaxt Azərbaycan dövləti bu qədər güclü olmayıb. Biz güclü Azərbaycan qurmuşuq və daha güclü Azərbaycan quracağıq. Yeni qələbələrə doğru!”.

*   *   *23:16

Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK sədri bildirib ki, seçkinin ilkin nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 86,09 faiz

Qüdrət Həsənquliyev – 3,4  faiz

Sərdar Cəlaloğlu – 2,97  faiz

Zahid Oruc – 3, 07 faiz

Hafiz Hacıyev – 1,51  faiz

Araz Əlizadə – 1,4  faiz

Fərəc Quliyev – 1,18  faiz

Razi Nurullayev 0, 74 faiz

*   *   *19:47

Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Nəticələr aşağıdakı kimidir:

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev – 86,53%;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,10%;

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 2,92%;

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 2,81%;

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,73%;

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,21 %;

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,03%;

“Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,67%.

“Exit-poll” Naxçıvan Muxtar Respublikası istisna olmaqla, digər bütün bölgələri əhatə edib.

Qeyd edək ki, seçkilərdə 8 namizəd iştirak edib.

*   *   *19:37

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə “exit-poll” aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı.

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir:

İlham Əliyev – 82,71 faiz

Qüdrət Həsənquliyev – 4,23 faiz

Sərdar Cəlaloğlu – 3,56 faiz

Zahid Oruc – 3,37 faiz

Hafiz Hacıyev – 2,1 faiz

Araz Əlizadə – 1,87 faiz

Fərəc Quliyev – 1,33 faiz

Razi Nurullayev 0,92 faiz.

Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.

Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib. (APA)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button