Ilham Əliyev hara qaça bilər?

Qaranlıq məqam

Bakir Həsənbəyli

 ABŞ-ın və Avropanın İrana daha da yaxınlaşması projesinin tərkib hissəsi olan “ərəb baharı” adlandırılan xalq inqilabları bir ölkədə tamamlanmamış digərinə keçməkdədir. İranın çökdürülməsinə hesablanmış plan hələ ki, uğurla davam edir. Qəzzafinin, Əsədin, Salehin dirənişləri artıq nəticə vermir. ABŞ və NATO müharibələrdə birbaşa iştirak edirlər. Ərəb ölkələrində baş verənlər sadəcə vətəndaş müharibəsidir. Nə ABŞ-ın, nə də hər hansı NATO əsgərinin burnunun belə qanamadığı iç savaşdır. Hər gün daxili qarşıdurmalarda onlarla insan öldürülür. Ölkələr viran qalır. Əslində, insan ölümünün və dağıntıların çoxluğu ideoloqların planında da təqdir olunmalıdır. Bəlkə də olunub. Çünki hər iki hal diktatordan sonrakı dönəmdə yardımçı qüvvələrin ölkədə bir müddət qalması bəhanəsini təmin edir. Sadiq nümayəndənin hakimiyyətinin möhkəmləndirilməsinə qədər “dinc quruculuq kompaniyası” adı altında projeni bütünlüklə tamamlamaq lazım gələcəkdır. Qarşıdurmalarda itirilən vəsaitlər isə dəstəkçi ilə bağlanacaq müqavilələrdə nəinki bir neçə dəfə qaytarılacaq, məhz alınacaq. Diktator anlamı adamın illərlə hakimiyyət qəsbini özündə ehtiva edir. Deməli, bu prosesdə diktatorun itirdiyi də az olacaq – hakimiyyət. Almalı olduğunu artıqlaması ilə alıb. İtirən yalnız xalq olacaq. Düzdür, bu dəfə də rəhbər xalqdan seçiləcək, amma yenə də xalqın olmayacaq. Bu, diktatorların özlərindən sonra qoyub getdikləri fəsaddır.

Azərbaycanda da illər uzunudur ki, diktatura hökm sürür. 40 illik rəhbər ailə, 15-20 illik nazir. Əslində, bu, diktatura deyil, bəs nədir? 3-5 müstəqil qəzetin ciddi tənqidlərini demokratiya hesab edənlər yanılırlar. “Azadlıq” söyləyənlər zindanlara atıldılar. Müstəqil yazarların nəinki özləri, hətta ailələri belə ciddi təhdid olunur, evləri sənədsizdir deyə dağıdılır, doğmaları həbs edilir. Mətbuat üzərində ciddi mülki və hərbi senzura var. Ona görə hərbi yazıram ki, artıq Müdafiə Nazirliyi də hərbidə serial olaraq baş verənlərin dartışılmaması üçün müstəqil mətbuata hücüma keçib. Deməli, “ərəb baharı”nın Zaqafqaziya variantı da olacaq. Adını nə qoyurlarsa qoysunlar, amma olacaq. Mütləq olacaq. Maraqlıdır, əgər xalq müqaviməti başlasa, hələ də idarəçilikdə əşirətlərə söykənən ərəblərdən fərqli olaraq Azərbaycan prezidenti hara qaça bilər? Məlumdur, Ziya Məmmədov Ucarın Qazıqumlağına – kəndinə sığına bilər. Adam kəndin tam abadlaşması üçün çox şey edib, bir növ kəndi rayonun mərkəzindən daha təchizatlı duruma gətirib. Kəmaləddin Heydərov Naxçıvandan olsa da, özünə məhz azərbaycanlılarsayağı vətən Qəbələni seçib. Qəbələ də cənab Heydərovun Siirti ola bilər. Əli Həsənov nəşriyyatda gizlənə bilməyəcək, çünki həmin vaxt Ağabəy Əsgərovun ən əziz dostu Əvəz Zeynallı olacaq. Siyahını kifayət qədər uzadıb şərh vermək olar.

Əsas maraqlar köklənir İlham Əliyevin üzərində. Ölkə başçısı kritik məqamlarda hara qaça bilər? ABŞ və Avropa ölkələrinin diktatorlara sığınacaq verməsi birmənalı mümkün deyil. Artıq Rusiya bir azərbaycanlı prezidentə illər uzunudur sığınacaq verib. İkincisi üçün də eyni addımı atması mümkünsüzdür. Beynəlxalq imicin zərbə altında qalması təhlükəsi var. İran. Zatən bütün baş verənlər molla rejiminin çöküşünə hesablanıb. Deməli, İrana da olmaz. Naxçıvan. Vasif Talıbov bu regiona elə divan tutmayıb ki, naxçıvanlılar onu ora təyin edən İlham Əliyevə qucaq açsın. Mümkünü yox. Dəniz…

Olmazmı rejim dinc, qırğınsız, sivil yolla dəyişilsin?

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button