İlham Əliyev iqtisadi çöküşü etiraf etdi

«Bu il Azərbaycanın iqtisadi inkişafı, inkişaf templəri o qədər də yüksək deyildir. Bunun səbəbi neft hasilatının azalmasıdır».

İlham Əliyev həftəsonu yollandığı Quba səfərində bunları etiraf etdi. Təsəvvür edirsinizmi «inkişafın Azərbaycan modeli»ndə nələr olur? Bilirsinizmi «analoqu olmayan inkişaf» hara dirənib?

İllərdir başımızın altına yastıq qoyurdular. Bəs, nə oldu? Hər il ölkəyə gələn 40 milyard neft vəsaiti hara xərcləndi? Bu vəsaitlə qeyri-neft sektorunun inkişaf etdirilməsi stategiyası və inkişaf tempini saxlamaq siyasəti hansı cəhənnəmdə batdı?

«İqtisadi inkişaf tempi» azalırmış, çünki xam neftin istehsalı aşağı düşür. Niyə Azərbaycanın bütün iqtisadiyyatı neftdən asılı vəziyyətdə saxlanırdı? Hanı bu xarabanın iqtisadi strateqləri? Hanı görülən işlər?

Dövlət büdcəsi 70 faiz hələ də neft gəlirlərindən asılı vəziyyətdədir, Azərbaycanın ixrac etdiyi malların 93 faizi hələ də neft və neft məhsullarıdır. Neft Fondundan transferlərlə dövlət büdcəsinin kəsirlərini nə vaxta qədər ört-basdır etmək olar?

Qeyri-neft sektorunun anasını ağlatdılar, bütün sahibkarların, iş adamlarının, peşəkarların əlindən sərmayələrini sıyırıb aldılar, hamısını bir xoruza yük etdilər və zor gücünə mənimsədikləri əmlakları talamaq, dağıtmaq yolunu tutdular. 2005-ci ildə «Zülfüqarlı qardaşları» olayı ilə başlayan kampaniya ölkə boyu yayıldı, zavod və fabrikləri, istehsal obyektlərini öz əllərində cəmləşdirdilər. Təbii ki, oliqarxların nəzarətinə keçən bu istehsal müəssisələrinin vergi verməsindən söhbət gedə bilməz.

Nəticədə, dövlət büdcəsi milyardlarla pul itirir hər il, yağı malı kimi talanan sahibkar əmlakları, neft gəlirləri isə kimlərinsə adına xarici banklara oturdulur.

İndi tənəzzül başlayıb, indi çöküş zamanıdır. İllərdir Neft Fondunun vəsaitləri yol, körpü, məktəb, tibb ocaqlarının tikintisi adıyla göyə sovrulur, mənimsənilir, kimlərinsə qızıl unitazda oturmasına, ayı əti yeməsinə xərclənir. Neft bumunun başa çatdığı bir məqamda bəlli olur ki, ölkə başdan-başa sökülüb böyrü üstə qoyulmuş vəziyyətdədir, tibb, təhsil bərbad günə qalıb, ölkənin gələcəyi təhlükə altına düşüb…

İllərdir turizmi inkişaf etdirmək üçün milyardlar xərclədiklərini deyirlər, hər gələn ili dalbadal «turizm ili» elan edirlər. Turizm inkişaf edirmi? Ölkəyə turist axını varmı? Hətta heç bir təbii sərvəti olmayan, turizmin inkişafına milyardlar nədi, minlər belə xərcləməyən Gürcüstan bu sahədən fantastik gəlir əldə edir. Necə nail olub Gürcüstan buna? «Analoqu olmayan» turizm obyektləri tikməkləmi?

Altı ildir ölkəyə gələn 200 milyarddan çox vəsait hanı? Azərbaycan neftdən başqa nə istehsal edib dünya bazarına çıxara bildi bu 6 ildə?

Heç nə! Azərbaycanın taleyini dəyişməli olan bu vəsait yalnız korrupsiya layihələrinə xərcləndi, məhv edildi, Dubayda villa almağa, «Paşa», «ZQAN», «Gilan»… holdinqlərin qurulmasına və ölkənin sərvətlərinin xaricə daşınmasına sərf edildi…

İlham Əliyev həmin məşum çıxışında «bu günə kimi qəbul edilmiş bütün proqramlar icra edilir, bir dənə də olsun yubanma, geriləmə yoxdur» deyir.

Bu bəyanatın qarşısına yalnız bir fakt çıxarmaq yetər: Oğuz-Qəbələ-Bakı su kəməri nə vaxt istifadəyə verilməliydi? Niyə gecikdi? Nə üçün bu layihəyə smetada nəzərdə tutulandan iki dəfə artıq pul xərcləndi?

Bütün bunlar cəhənnəmə, niyə Oğuz-Qəbələ-Bakı su kəməri hələ də tam istifadəyə verilməyib?

Necə olur ki, 1768 kilometrdən artıq uzunluğu olan və üç ölkənin ərazisindən keçən Bakı-Ceyhan neft kəmərinin tikintisinə 4 milyard dollar xərclənir, amma 252 kilometrlik Oğuz-Bakı su kəmərinə çəkilən xərc 1 milyarda çatır? Oğuz-Bakı kəməri qızıldanmı çəkilib? Bu andıra qalmış niyə bu qədər bahalı oldu?

«Yubanma yoxdur» deyən prezident su kəmərinin açılışında yubanmadan şikayətlənmədimi? Bəzi nöqsanların olduğunu demədimi? Nə tez yadından çıxdı cənabi-möhtərəmin nöqsanlardan, yubanmalardan narazılıqları?

Onu qınamıram, zatən yalançının yaddaşı olmur…

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button