İlham Əliyev: Namizədlərin çıxışlarındakı kəskin tənqidi fikirləri alqışlayıram

Əli Kərimli: ”Mənim əsl qiymətim gülmək idi”

Prezident İlham Əliyev aprelin 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində ona səs verdiyi üçün Azərbaycan xalqına təşəkkürünü bildirib.

İlham Əliyev deyib ki, seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib. Onun sözlərinə görə, seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür:

“Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Son 15 ildə Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşayıb. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. 15 ildə Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilib. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Onların qaldırdıqları məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm”.

Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır

İlham Əliyev seçkini boykot edən müxalifəti də hədəfə alıb:

“O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox halda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

Nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır

Ölkə başçısı deyib ki, beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın mövqeyini dəstəkləyir:

“Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir. Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir”.

foto Azərtac
foto Azərtac.

İqtisadi-sosial məsələlər haqda Əliyev bildirib ki, maaşlar 15 ildə təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb:

“Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalinin sayı 1,5 milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən o səviyyədə artıb. 15 ildə iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıb. Sənaye istehsalı 2,6, valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub”.

Əliyevin bu zibilxanada nə işi var?

AXCP sədri Əli Kərimli İlham Əliyevin “Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır” fikrinə suallarla reaksiya verib:

“Əvvəla, onun təbirincə, müxalifətin yeri tarixin zibilxanasıdırsa, Əliyevin bu zibilxanada nə işi var? Uzun illərdir bu zibilxanada nəsə axtarır? İkinci, onun müxalifətlə nə işi var? Əliyevin seçdiyi müxalifət özü ilə yarışanlar deyildi? Özünə alternativlər təyin etmişdi, alternativlərini müxalifət saymır? Əliyev özü də etiraf edir ki, rəqibsiz və rəqabətsiz seçki keçirib, əsl müxalifət seçki prosesindən kənarda olub, bunu etiraf edir? Mən onun yerinə olsaydım, inaqurasiyanı 4-cü dəfə xəlvət keçirməyin dərdini çəkərdim. Dünyadan xəlvət, bütün dünya tərəfindən istehza ilə qarşılanan… Hətta dünya mediası açıq şəkildə yazdı ki, ona xalq səs verməyib, seçkini saxtalaşdırıb. ATƏT, Avropa Birliyi, ABŞ, Avropa Şurası Azərbaycandakı seçkilərin saxtalaşdırıldığını yekdil səslə ifadə edir, ona görə Əliyev indiki situasiyada danışmasa, daha yaxşı olar”.

Əli Kərimli bildirib ki, müxalifətin qrant, ianə hesabına fəaliyyəti barədə deyilənlər yalandır:

Əli Kərimli
Əli Kərimli.

“Partiyalar qrant ala bilməz. Qrant haqda danışmaq yox, fakt qoymaq lazımdır”.

İlham Əliyevin “yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşüb” açıqlamasına gəlincə, AXCP sədri aprelin 12-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının mətbuat konfransında baş verənləri xatırlatdı:

“Əgər seçkilər demokratik keçirilibsə, niyə hökumətin əlaltıları olan jurnalistlər o səviyyədə münasibət sərgilədilər? Yaxud niyə televiziyalar ATƏT-in ünvanına nə var deyirlər? Həm də yalnız 54 ölkənin birliyini ifadə edən ATƏT yox, başqa təşkilatlar, məsələn, Avropa Birliyi, ABŞ da bu sənədi bölüşdü. Ya da uzun müddət Azərbaycan hökumətinin rüşvət daşıdığı Avropa Şurası da hesabatla razılaşdı. Bütün bu faktlardan sonra İlham Əliyev seçki barədə elə danışa bilirsə, deməli, o, hər şey deyə bilər”.

Əli Kərimli İlham Əliyevin “söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik” fikrini gülüşlə qarşılayıb:

“Mənim əsl qiymətim gülmək idi. Bütün dünya 11 apreldə nələr olduğunu gördü və ATƏT-də hesabatında yazdı ki, mətbuat, radiolar, televiziyalar, hətta saytlar da hökumətin nəzarətindədir. Yalnız sosial şəbəkələr müstəqildir, bu da hakimiyyətin xidməti deyil, Azərbaycan xalqının fədakarlığının nəticəsidir. Sosial şəbəkələrdə həqiqətlərin yayılmasının hesabına Azərbaycan iqtidarına xalqın münasibəti olduqca mənfidir”.

Sərdar Cəlaloğlu mərasimə dəvət olunmamasını normaq qiymətləndirib

11 aprel seçkilərində namizədliyini irəli sürmüş Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Meydan TV-yə inaqurasiya mərasiminə dəvət olunmadığını bildirib:

“Ümumiyyətlə, bu gün andiçmə mərasiminin keçirilməsi haqda məlumatsız olmuşam. Dəvət almamağımı normal qiymətləndirirəm, çünki Azərbaycanda siyasi münasibətlər yüksək səviyyədə inkişaf etməyib”.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu.

O, prezidentin namizədlərin kəskin tənqidini alqışladığı və fikirlərini nəzərə alacağı barədə dediklərini belə qiymətləndirib:

“Mənim üçün xarici siyasətdə ən mühüm məqam Türkiyə ilə konfederasiyanın yaradılmasıdır. Rusiyanın təklif etdiyi Avrasiya İttifaqına alternativ olaraq türk Avrasiya İttifaqının yaradılmasıdır, bu sıraya Orta Asiya respublikaları, hətta Macarıstan və İranı da daxil etmək olar. İkinci, işğal altındakı ərazilərin qaytarılmasının müharibə variantından başqa alternativinin olmadığını çıxışlarımda səsləndirmişəm. Üçüncü, əmanətlərlə, banklara olan borclarla bağlı ciddi addımlar atılmalıdır. Bir hadisəni qeyd etmək istərdim, seçkidən iki gün sonra yolda bir nəfər qarşımı kəsib dedi ki, sizin əmanətlərlə bağlı çıxışınızdan sonra zəng edib dedilər ki, gəl, 90-cı illərdən qalan əmanətlərini apar. Dördüncü, işsizlik, yoxsulluq, məmur özbaşınalığı, nəhayət, qanunun işləməməsidir ki, bunların kompleks həlli siyasi, iqtisadi və hüquqi islahatlardan asılıdır. Bəli, prezident bir sərəncamla siyasi məhbusları azad edib bu problem müəyyən zaman daxilində aradan qaldırar, amma köklü həll üçün məhkəmə islahatları vacibdir. Bu islahatların həyata keçirilməsində nəzarət mexanizmi olmalıdır ki, onun üçün müxalifətlə əməkdaşlıq etməlidir. Əks halda hökumət özünə nəzarət edə bilməz”.

Prezidentin yoxsulluq və işsizlik barədə fikirləri haqda iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda yoxsulluq həddi düzgün hesablanmır. Əgər ölkədə beynəlxalq standartlara uyğun yoxsulluq həddi hesablansa, əhalinin ən azı 30-35 faizi yoxsulluq həddində yaşamış kimi qeyd olunmalıdır. Amma rəsmi rəqəmlərdə, bu, 5 faiz göstərilir.

İqtisadçı Nemət Əliyev son 15 ildə yeni iş yerlərinin açılmasını inkar etmədiyini deyib:

“Amma bunun üzərində manipulyasiya edib işsizlik səviyyəsinin azalması haqda fikir yaradılması bağışlanılmazdır”.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button