İlham Əliyev: “Rədd olsunlar!”

ilham əliyev1“Bu gün dünya miqyasında iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan dövləti güclü dövlətdir və ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi üçün bütün lazımi tədbirləri görür. Hərbi Dəniz Qüvvələrinin inkişafına diqqət göstərilir, gəmilər əsaslı təmir edilir, müasir infrastruktur, belə gözəl, möhtəşəm hərbi bazalar yaradılır. Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrimizin tərkib hissəsidir. Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaqdır”.

xural.com azərtac-a istinadən bildirir ki, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.

Prezident qeyd edib ki, Xəzər sülh, əməkdaşlıq dənizidir: “Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır.

Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Bu, bizim üçün prioritet məsələdir. Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik.

Son illər ərzində ordumuzun maddi-texniki bazası böyük dərəcədə artmışdır. Sadəcə olaraq hərbi məqsədlərə ayrılan vəsaitin həcminə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. On il bundan əvvəl bizim hərbi xərclərimiz heç 200 milyon dollara çatmırdısa, bu gün bu xərclər 3 milyard dollardan artıqdır. Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda hərbi xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Bu, əlbəttə ki, ölkəmizin gücünü göstərir, eyni zamanda, orduya göstərilən diqqətin təzahürüdür.

Hərbçilərin məişət problemləri də həllini tapır, maaşlar artırılır və 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi infrastruktur yaradılır. Mənim göstərişimlə bu gün ölkəmizin bütün bölgələrində yeni bazalar, hərbi hissələr, şəhərciklər tikilir. Eyni zamanda, hərbçilərin məişət və xidmət problemləri də yüksək səviyyədə həll olunur. Hərbi infrastrukturun yaradılması prosesi bundan sonra da davam etdiriləcək, hələ görüləsi işlər çoxdur. Ancaq deyə bilərəm ki, qısa müddət ərzində çox böyük işlər görülüb. Hərbçilər də bunu yaxşı bilirlər, mən də mütəmadi surətdə hərbi hissələrdə olarkən bunu öz gözümlə görürəm və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bir sözlə, ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir, maddi-texniki təchizat ən yüksək səviyyədədir. Hərbçilərin məişət problemləri həll olunur, hərbi infrastruktur yaradılır.

Qeyd etməliyəm ki, son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilmişdir. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək.Bununla bərabər, təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlamışdır. Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır. Beləliklə biz idxaldan asılılığımızı böyük dərəcədə azaltmışıq. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi məhsullarımızı ixrac etməyə başlamışıq.Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirir. Artıq Bakıda da beynəlxalq sərgi keçirilmişdir ki, bu da ölkəmizin hərbi potensialının göstəricisidir.

Qeyd etdiyim kimi, ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, belə də olmalıdır. Ancaq müasir dünyada gedən proseslər, qanlı toqquşmalar, müxtəlif regionlarda yaranan hərbi münaqişələr diktə edir ki, hətta müharibə şəraitində olmayan ölkələr də hərbi və ordu quruculuğunu prioritet kimi qəbul etsinlər.

Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam edir. 1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir.

Belə olan halda əlbəttə ki, ancaq və ancaq öz gücümüzə güvənməliyik və biz bunu edirik. Əlbəttə, beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulubdur. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır.Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq.

Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir.Bizə gəldikdə isə 20 il keçibdir, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq.

Biz münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq. Biz güclü dövlət qururuq. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır. Baxın, bütün bölgələrdə, bütün regionlarda qanlı toqquşmalar, münaqişələr, vətəndaş müharibələri, siyasi və iqtisadi böhranlar hökm sürür. Azərbaycan isə inkişaf, sabitlik adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir. Biz güclü iqtisadiyyat qurmuşuq və bu gün iqtisadi inkişaf baxımından heç bir ölkə Azərbaycan ilə müqayisə oluna bilməz. Son on il ərzində bizdə olan iqtisadi inkişaf templəri heç bir başqa ölkədə heç vaxt olmamışdır. Bu gün Azərbaycan uğurlu iqtisadi inkişafını davam etdirir. Bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Əgər bizim iqtisadiyyatımız başqa ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə institutlarından asılı olsaydı, əlbəttə, başqa ölkələrin iradəsini bizə diktə edə bilərdilər. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Əgər belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını qətiyyətlə alırıq. Azərbaycan dövləti öz yolu ilə gedir. Bu yol müstəqillik və inkişaf yoludur. Azərbaycan xalqı öz taleyinin sahibidir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi inkişaf yolundan döndərə bilməz. Ona görə ki, iqtisadi inkişaf bizim uğurlu inkişafımızın, müstəqilliyimizin əsas təminatçısıdır.

Təmas xəttindəki vəziyyətlə hərbçilər yaxından tanışdırlar. Azərbaycan ictimaiyyəti də bunu bilir. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər.

Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, – əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.

Əziz hərbçilər, biz 24 ilə yaxındır ki, müstəqillik şəraitində yaşayırıq. Müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir. Əsrlər boyu Azərbaycan xalqı, bizim əcdadlarımız müstəqillik eşqi ilə yaşamışlar. Ancaq bu xoşbəxtlik bizə nəsib olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button