İlham Əliyev təslimçi öhdəliklər götürüb

İsa Qəmbər: «Normal bir seçki keçirilsin, səslər düzgün sayılsın, o zaman İlham Əliyevə də, hər kəsə də bəlli olacaq ki, müxalifətin səsi nə qədərdir, İlham Əliyevin, YAP-ın səsi nə qədərdir»

 Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində deyib ki, Azərbaycanda görülən işlər müxalifətin məkanını daraldır: “Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur. Ən vacib məsələ – Dağlıq Qarabağ məsələsində bizim hökumət milli maraqlarımızın daha güclü müdafiəçisidir. Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər “Media forum” saytına açıqlamasında dövlət başçısının bu ittihamını cavablandırıb: “İlham Əliyev son zamanlar beynəlxalq mediada müxalifəti tez-tez hədəfə alır. Bu da onun müxalifətdən ehtiyatlanmasından irəli gəlir. Müsavat Partiyasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi məlumdur. Hesab edirik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz həm ictimaiyyət qarşısında, həm də görüşlərimizdə eyni fikirləri söyləyirik. İlham Əliyev isə bir sıra təslimçi öhdəliklər götürüb. Bunun nəticəsidir ki, Madrid prinsipləri kimi təslimçi bir həll variantı ortaya çıxıb”.

İsa Qəmbər İlham Əliyevin müsahibədəki başqa fikirlərinə də münasibət bildirib. “Musavat.com”a danışan başqan qeyd edib ki, prezidentin müsahibəsində xeyli reklam xarakterli, həqiqətə uyğun olmayan tezislər var: “Azərbaycanın guya Əliyevlər dövründə demokratiya yolu keçməsi, Avropaya inteqrasiya yolunu seçməsi, ortaq dəyərlərlə bağlı böyük addımlar atılması ilə əlaqədar deyilənlər həqiqətə uyğun deyil”.

Müsavat başqanı qeyd edib ki, İlham Əliyevin müxalifətlə bağlı söylədiyi fikirlər həqiqətdən uzaqdır: “Birinci fikri budur ki, müxalifətin çox zəif olması bizim günahımız deyil, biz onlara məhdudiyyət qoymuruq. Əvvəla, ciddi məhdudiyyətlər var və bu da hər kəsə bəllidir. Müxalifət televiziyalara buraxılmırsa, sərbəst toplaşmaq azadlığı yoxdursa, sərbəst toplaşmaq azadlığını illərlə reallaşdırmaq istəyən müstəqilliyin memarlarından biri Arif Hacılı, bizim gənclərimiz, Müsavatdan, AXCP-dən, başqa qüvvələrdən olan, müstəqil gənclərin bu gün həbsdə olması məhdudiyyət deyilsə, bunun adı nədir?

Müxalifətin zəif olması haqqında deyilən fikir də həqiqət deyil. Müxalifət kifayət qədər güclüdür. Əgər İlham Əliyev müxalifətin zəif olması düşüncəsindədirsə, bizim sərbəst toplaşmaq azadlığını reallaşdırmaq imkanlarını məhdudlaşdırmasın. O zaman müxalifətin gücü görünəcək. Normal bir seçki keçirilsin, səslər düzgün sayılsın, o zaman İlham Əliyevə də, hər kəsə də bəlli olacaq ki, müxalifətin səsi nə qədərdir, İlham Əliyevin, YAP-ın səsi nə qədərdir”.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button