İlham Əliyev türk qatilləri ilə bir sırada!

 Dünən Fransa prezidenti Nikola Sarkozinin Bakıya 2.5 saatlıq  səfəri oldu. Bu, onun Cənubi Qafqaza türnesi ərəfəsində Yerevandan sonrakı dayanacağı idi. Bir gün Yerevanda vaxt itirən cənab Sarkozi Bakıda cəmi 2.5 saat oldu. Yerevanda ermənilərə sevgisindən bəhs edən, Türkiyəyə soyqırımla bağlı ultimatum verən cənab Sarkozi Yerevanda «geydirmə soyqırım» abidəsini ziyarət etməyi belə yaddan çıxardmadı.

Olsun, bu, Fransanın, onun dövlət başçısının və rəsmi Yerevanın öz işidir. Görünür ki, rəsmi Yerevan öz işinin öhdəsindən bacarıqla gəlir. Bəs biz? Biz niyə təhqir olunuruq? Azərbaycana gələn kim olursa-olsun, nədən o Şəhidlər Xiyabanını ziyarət etməməlidir? Yoxsa Şəhidlər Xiyabanı Nobel prospektinə keçirdilib?

Axı, bu Sarkozi Azərbaycana niyə gəlmişdi? Bizi təhqir etməyə? Onun hətta Nobel prospektindəki çıxışı belə təhqir idi. Bəlkə dövlət bunda təhqir görmür. Amma bu çıxışda Azərbaycanın yaralarından danışmamaq, Azərbaycan prezidentinin çıxışında bu xatırlatma olmasına baxmayaraq, nəzakət xatirinə belə Qarabağ münaqişəsini yada salmamaq… Buna necə baxmaq olar?

Hər bir rəsmi şəxs özgə dövlətə gedəndə onun milli müqəddəs yerlərini ziyarət etməlidir. Ən azından protokol xətrinə, ən azından o millətə hörmətini izhar etmək xətrinə. Sarkozinin Şəhidlər Xiyabanına getməməsi Azərbaycan dövlətini və Azərbaycan xalqını heç saymamağından irəlı gələn bir təkəbbürdür. Buna başqa nə ad vermək olar?

Bizim rəsmilərin isə susaraq buna icazə vermələrinin adı yoxdur. Çünki bunun bir adı var, bu adı yazsam, təhqir sayıb, məni məhkəməyə verib, içəridə çürüdəcəklər. Axı bu səfərin bu şəkildə planlaşdırılmasını kim qəbul edib? Bizə həmişə ermənilərin yanında olan Fransa lazımdırmı ki, onlar da gəlib bizi öz torpağımızda təhqir etsinlər? Burada olan Fransız şirkətlərinə ona görə qazanc veririk ki, Fransa dövlət olaraq ermənilərə olan sevgidən danışsın?

Bizim rəsmilər də bəhanə gətirirlər ki, Fransada 500 000 erməni var, ona görə Sarkozi belə çıxışlar edir. Bəs, Fransada türklər yoxdurmu? Lap elə tutaq ki, biz Fransada yoxuq, amma Fransa ki Azərbaycanda var?! Fransa Azərbaycandan milyardlar qazanır. Niyə? Ermənilərin yanındamı olmağa, bizi təhqir etməyə?

Bütün bunların əvəzində bir orden? Nədir, bir orden bu xalqın şərəf və ləyaqətindən  üstündür?

Bəlkə bu xalq bilmir, bildirəsiniz? Bəlkə fransız liseyi Şəhidlər Xiyabanından önəmlidir? Bəs, heç olmasa Heydər Əliyevin qəbrinə ziyarətə aparaydınız!

Yox, deyəsən, bizim respublikanın rəhbərliyi ilə biz ayrı-ayrı dillərdə danışırıq və bizim təhqir meyarlarımız da ayrıdır.

Dünyanın gözündə neft və milyonlar səltənəti, Avropanı Rusiyanın qaz şantajından qurtara bilən Azərbaycan, «Borjomi Gürcüstanı» qədər də olmadı. Gürcüstanda «Var gücümlə deyirəm, mən Gürcüstanın ərazi bürövlüyünü dəstəkliyirəm”», Yerevanda «Fransa həmişə Ermənistanın yanındadır»” deyən Sarkozinin Azərbaycanda hətta prezident İ.Əliyevin çıxışında vurğulamasından sonra belə, saymazyana surətdə ancaq birinci ledinin xeyixah işlərindən, fransız şırkətlərinin bizi yaxşı şümürməsindən danışması şəxsən mənim üçün millətin üzünə tüpürməsinə bərabərdir.

Artıq dünya siyasi arenasının kulislərində növbəti lağ predmeti olan Fransanın «Şərəf Leqionu” ordeni» paylaması bizim bir dövlət olaraq, bir millət olaraq şərəf və ləyaqətimizə bərabərdirmi?

Bir ordeni ki uşaq qatili, türkün düşmənləri Andronik Ozanyan, Robert  Koçaryan, Serj Sarkisyan, Ara Abromyan və daha altı nəfər erməni alıb, o orden bizə lazımdırmı?

İndi xəmirləri türkə nifrətlə yoğrulan uşaq qatilləri tayqulaq Androniklə, Robert Köcəryanla, Serj Sərkisyanla… bir sırada Azərbaycan prezidenti və xanımı necə dayanacaq?

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button