İlham Əliyev Xaçmazda şaşırdıçı olayla qarşılaşıb…

Dərdini prezidentə çatdırmaq üçün dama çıxdı!

Gülnarə Həbibova “Xural”a danışdı…

İlham Əliyevi sentyabrın 23-də Xaçmaz rayonuna səfəri zamanı gözlənilməz olayla üzləşib. Bu barədə redaksiyamıza Xaçmaz rayonunda olan mənbələrimiz xəbər verib.

Mənbənin sözlərinə görə, İ.Əliyev Xaçmazda Heydər Əliyevin heykəli üzərinə gül qoyub geri qayıdarkən yaxınlıqda olan beşmərtəbəli binanın damında bir qadın qışqırmağa başlayıb.  Damdakı qadın qışqıraraq anasının qətlə yetirildiyini, qatilin isə prezidentin yanında dayanan Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev olduğunu bildirib. Mənbənin sözlərinə görə, qadının qışqırığını İ.Əliyevin ətrafındakılar eşidib. Prezidentin mühafizə xidmətinin əməkdaşları dərhal dama qalxaraq qadını yerə salıblar. İ.Əliyev isə qəzəbli şəkildə Xaçmazı tərk edərək Quba rayonuna gedib.

Mənbəmiz eyni zamanda dama qalxan qadın barədə də redaksiyamıza məlumat verib. Dama qalxan qadın 2010-cu ilin sentyabr ayının 15-də öz evində qətlə yetirilən Xaçmaz Mərkəzi Bazarının sahibəsi Nəcibə Babayevanın qızı Gülnarə Həbibova olub. Ailəsi N.Babayevanın qətlində Xaçmazın icra başçısı Ş.Xanbabayevin günahkar olduğunu iddia edirlər. Mərhumənin ailəsi icra başçısının davamlı olaraq N.Babayevaya təzyiq etdiyini, bazarı onun əlindən almağa cəhd etdiyini bildiriblər. N.Babayeva ilə icra başçısı arasında uzun sürən məhkəmə çəkişmələri də olub. İcra başçısı bazara tam sahib dura bilməyib. N.Babayeva eyni zamanda şairə olub, Yazıçılar Birliyinin üzvi idi. O “Dünya dərdimdən xəbərsiz” adlı şeirlər kitabının müəllifi olub. Kitabda icra başçısına həsr edilmiş şeirlər də olub. İcra başçısına həsr edilmiş şeirin bir bəndini Oxucuların nəzərinə çatdırmaq qərarına gəldik.

 Sən mələk cildində Hacı kimi gəldin bura,
Gördük ki, sirdaşındır araq, şəhvət Xaçmazda.
Üç ildə qəbuluna gələn ümidsiz qayıtdı,
Qapın açıqdır gəlsin, hər şux afət Xaçmazda.

 Şeir kitabına görə N.Babayeva məhkəməyə verilib.

Dama çıxaraq İ.Əliyevə müraciət edən Gülnarə Həbibova ilə telefon əlaqəsi saxladıq. G.Həbibova anasının qatillərinin məsuliyyətə cəlb edilmədiyi üçün bu addımı atmağa məcbur olduğunu söylədi: “Anamın qətlindən bir ildən artıq vaxt kecib. Lakin qatil və qətlin sifarişçiləri həbs edilməyib. Anamı icra başçısı qətlə yetirib. Xaçmaz rayonunun prokuroru Rasim Məmmədov isə qatilin izlərini cinayət yerindən silib. Qatilin qanlı barmaq izləri divarlarda və qapıda qalmışdı. Lakin prokuror istintaqın ilk beş günündə izlərin hamısını sildi. Yalnız mənim ayaq izlərimi saxladılar”. G.Həbibova hadisədən sonra təzyiqlə üzləşmədiyini bildirdi: “Məni mühafizə xidməti danışdırdı. Mən hadisənin təfsilatı ilə onlara bildirdim. Daha sonra məni sərbəst buraxdılar”. H.Babayeva müraciətinin nəticə verəcəyinə inandığını söylədi: “Mənim səsimi prezident və ətrafındakılar yəqin ki, eşidib. Eyni zamanda xahişimi mühafizə xidmətinin əməkdaşları vasitəsi ilə prezidentə çatdırmışam. Ümid edirəm ki, anamın qatillərini tapacaqlar ”. G.Həbibova hazırda qətl işinin Baş Prokurorluq tərəfindən araşdırıldığını bildirdi.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button