Ilham Əliyevi bağışlamayacam!!!

Liderlər vicdan məhbuslarının məhkəməsində ifadə verdi

 İsa Qəmbər: “Nə sizi, nə də İlham Əliyevi bağışlamayacağam”

 Əli Kərimli: “Tarix vicdan  məhbuslarının mükafatını verəcək”

 İctimai Palatanın  (İP) 2 aprel aksiyasına görə həbs olunan  Müsavat Mərkəzi Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrini  müavini Fuad Qəhrəmanlının, AXCP ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidlinin və Müsavat Gənclər təşkilatın sədri Tural Abbaslının işi üzrə dünən Səbail rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə proses davam etdirildi.

 “Mən İsa Qəmbər bu məsələdə cavabdeh olmağa hazıram”

 Bu dəfəki məhkəmə iclası müdafiə tərəfinin şahidlərin dindirilməsinə həsr edildi. İlkin ifadəni İP Koordinasiya Şurasının (KŞ) üzvü, Müsavat başqanı İsa Qəmbər  verdi. O, öncə İP-in yaranma zərurətini açıqladı, dedi ki, buna səbəb parlament seçkilərinin total saxtalaşdırılması olub. İP-in təsis protokolunu, qəbul etdiyi qərar və qətnamələrdə Azərbaycan və beynəlxalq qanunvericiliyə uyğun dinc və sivil formada fəaliyyət göstərəcəyinin əks olunduğunu vurğulayan başqan 2 aprel aksiyası barədə verilən qərarda heç bir hüquqazidd məqam olmadığını söylədi. Müsavat başqanı 2 aprel aksiyası barədə qərarın İP sessiyasında səsvermə yolu ilə qəbul olunduğunu qeyd edərək, bu aksiyanın məsuliyyətinin 4 təqsidirləndirilən şəxslərin üzərinə qoyulmasını absurd adlandırdı: “Əgər  istintaq bu aksiyanın fərdlərin üzərinə qoymaqda maraqlıdırsa, buyursunlar, mən İsa Qəmbər bu məsələdə cavabdeh olmağa hazıram!”

Ayrıca olaraq 2 aprel aksiyası barədə danışarkən İ.Qəmbər dedi ki, həmin gün nəinki təqsiriləndirilən şəxslər, ümumiyyətlə İP-in çağırışına cavab verib küçələrə çıxan bir kimsə belə zorakılıq etməyib, cinayət törətməyib. Başqan dedi ki, onlarda olan yüzlərlə fotoların heç birində, həmçinin “2 aprelçi”lərin başa çatan məhkəmə prosesində istintaq tərəfinin heç bir materialında İP tərəfdarlarının polisə və əhalinin obyektinə zərər yetirməklə bağlı fakt yoxdur. İ.Qəmbərin sözlərinə görə, belə faktların olmaması təbiidir, çünki İP-in ilk gündən məqsəd-məramı dinc, zorakılıqdan kənar aksiya olub, tərəfdarları bütün toplantılarda, KİV-də bu yöndə maarifləndirilib: “Həm də İP 2 apreldən əvvəl mətbuatda dərc olunan mitinq qətnaməsində və burada oturan dostlarımızın hər birinin çıxışında aksiyanın tamamilə dinc olacağı dəfələrlə vurğulanıb.”

2 aprel mitinqində bəzi obyektlərə və texnikaya vurulan xəsarəti Müsavat Başqanı hakimiyyətin öz əməli kimi qiymətləndirdi. O dedi ki, hakimiyyət aksiyadan əvvəl müxtəlif şəraitdə əzilən avtomobilləri 2 apreldə əzilən kimi rəsmiləşdirməklə həm müxalifətə qarşı qarayaxma edir, həm də təmir adı altında öz korrpusioner maraqlarını reallaşdırır. Müstəqil medianın aksiya zamanı təxribat törədən şəxsləri ifşa etməsinə diqqət çəkən İsa Qəmbər dedi ki, istintaq qəsdən bu şəxslərin müəyyən edilməsi barədə hərəkətsizlik nümayiş etdirib. İsa Qəmbər hakimiyyətin özü və kadrları kimi, istintaqın üzəduranlarının, şahidlərini saxtakar adlandıranda hakim ona siyasi çıxışlar etməmək barədə xəbərdarlıq etdi.

Lakin İ.Qəmbər bu xəbərdarlığı “siz uydurma ittihamlarla mənim dostlarımı ittiham edəcəksiniz və mən susacağam? Bu məntiqsizlik olardı” deməklə yersiz saydı.

Sonda başqa cinayət işinin siyasi sifariş əsasında hazırlanan uydurma olduğunu bir daha vurğulayaraq biabırçı məhkəmə şousuna son qoymağa və lənğimədən vicdan məhbuslarını azad etməyə çağırış etdi: “Bu biabırçı iş Azərbaycan tarixinə qara ləkə kimi yazılıb. O ləkəni isə heç kim, heç vaxt silə bilməyəcək”.

2 aprel aksiyası ilə bağlı dövlət ittihamçısı Ceyhun Kazımovun əksər suallarını məntiqsız, gülməli kimi dəyərləndirən İ.Qəmbər sonda məhkəməyə xəbərdarlıq da etdi: “Qarşıdan Azərbaycanın müstəqilliyinin ildönümü və Müsavat Partiyasının yüzilliyi gəlir. Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və azadlığı üçün çarpışan bu insanlar evlərində olmayacaqsa biləsiniz, nə sizi, nə də İlham Əliyevi bağışlamayacağam!”

 Növbəti ifadə verən İP KŞ-ının üzvü, AXCP sədri Əli Kərimli oldu. AXCP sədri də İP-in yaranma şərtlərindən və bu qurumun məqsədlərindən danışdı. O bildirdi ki, İP-in yaranması şərtlərinin, bu gün keçirilən bu məhkəmə prosesinin də kökündə bir məqam dayanır – 2010-cu il parlament seçkilərinin total saxtalaşdırılması. Saxtakarlığa etiraz olaraq siyasi partiyaların, ictimai xadimlərin, QHT-nin iştirakı ilə İP-i təsis etdiklərini xatırladan Ə.Kərimli əsas tələblərinin vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi, köklü islahatlara başlanılması, korrupsiya ilə real mübarizə, Qarabağ probleminin həlli və s. olduğunu dedi. Ə.Kərimlinin sözlərinə görə, sadalanan mövzuları İP dəfələrlə hakimiyyət önündə tələblər, təkliflər formasında qaldırsa da, qarşı tərəf buna əhəmiyyət verməyib. Belə olanda İP öz tələblərini kütləvi aksiyalar vasitəsilə səsləndirmək barədə martda qərar verib. AXCP sədri bildirdi ki, onlar bütün çıxış və qərarlarında keçiriləcək aksiyanın dinc, qeyri-zorakı olduğunu səsləndirsələr də hakimiyyət əks dəst-xətt seçib və aksiyanı müxalifətin əleyhinə repressiya kimi planlaşdırıb: “Biz bəyan etmişdik ki, hətta polis zorakılığı olsa belə, ona adekvat reaksiya verilməyəcək. Aksiyada bizim bu bəyanatımıza əməl olundu. Lakin hakimiyyət öncədən dinc və konstutusion tələblərə uyğun keçiriləcək aksiyanı sabitliyə qarşı əməl kimi təbliğ edərək ölkədə süni ajiotaj və qarşıdurma yaratmağa başladı”.

 “Bu insanlar heç bir cinayət etməyiblər”

 2 aprel aksiyasını müxtəlif internet resusrları, foto və videolardan, eləcə də birbaşa aksiya iştirakçılarından tam öyərəndiyini deyən Ə.Kərimli həmin gün tərəfdarlarının heç bir qanun pozuntusuna yol vermədiyini əminliklə bəyan etdi. “Amma müşahidələrimlə 2 apreldə bir sıra qanun pozuntularını aşkarlamışam, istəyirəm şahid kimi onları məhkəmənin nəzərinə çatdıram” deyərək Ə.Kərimli 5 ciddi cinayət hadisəsini sadaladı. Bunlar; polisin öz səlahiyyət həddini aşaraq dinc və müqavimət göstərməyən insanlara qarşı zorakılığı, saxlanılan şəxslərə qarşı işgəncələrin verilməsi, qapalı məkana – aksiyaçılarla dolu avtobusa polisin qaz sıxması, vətəndaşların ticarət obyektlərinə xəsarət yetirən təxribatçıların istintaqdan yayınması və s. idi.

Avropa İnsan Haqları Məhkəməsinin bu günlərdə açıqladığı statistikanı məhkəmə heyətinin nəzərinə çatdıran şahid bu statistikaya görə, Azərbaycandan edilən şikayətlərin 90 faizinin əsaslı olmasının təmin edildiyini dedi. Əli Kərimli hakimə tövsiyə etdi ki, bu rəqəmin daha da böyüməməsi üçün ədalətli qərar verilməli və təqsirləndirilən şəxslər azadlığa buraxılmalıdır. Bundan sonra o, vicdan məhbuslarının hər biri haqqında xarakteristika verərək onları cəmiyyətin ən parlaq şəxsiyyətləri, azadlıq və demokratiya uğrunda fədakar mübarizə insanları adlandırdı. Partiya sədri bu şəxslərin heç vaxt ictimai təhlükəli əməl törətmədiyini və törətməyəcyinə inamını ifadə etdi: “Bu insanlar heç bir cinayət etməyiblər, onlar elə şəxsiyyətlərdəndir ki, bəraətə ehtiyacları yoxdur. Tarix vicdan məhbuslarının bəraətini yox, mükafatını verəcək”.

İstintaqın absurd cəhətlərini tənqid edən AXCP sədri dedi ki, Azərbaycan Cinayət Məcəlləsində insanların “Azadlıq” və “İstefa” şüarlarına görə məsuliyyət nəzərdə tutulubsa, o başda olmaqla İP KŞ-nin bütün üzvləri bu məsuliyyəti üzərilərinə götürməyə hazırdırlar.

Prokurorun “sizə aksiyanı keçirməməklə bağlı xəbərdar etmişdilərmi” sualının cavabında AXCP lideri maraqlı bir fakt açıqladı. O dedi ki, aprelin 1-də onu qəbul edən Bakı Şəhər Baş polis idarəsinin rəisi və şəhər prokuroru xəbərdarlığı təqdim ediblər. Lakin o, bu xəbərdarlığı qanunsuz hesab etdiyindən, nə onunla tanış olub, nə də imzalayıb.

2 aprelçilərə qarşı açılan cinayət işini sifariş, keçirilən məhkəməni də siyasi proses adlandıran Əli Kərimli sonda dövlət ittihamçısına da öz sözünü dedi: “Unutmayın ki, siz bu iclasda prokurorsunuz, zamanın prokuroru isə ayrıdır”.

 “İnsana qarşı istənilən zor vəhşilikdir”

 Şahid kimi dindirilən İP üzvləri Tofiq Yaqubluyla Mustafa Hacıbəyli təqsiriləndirilənlərdən Arif Hacılını və Tural Abbaslı saxlanılarkən gördüklərini danışdılar. Hər iki şahid bildirdi ki, əslində, 2 aprel günü saat 11-dən polis vətəndaşların istirahətini və nəqliyyatın normal fəaliyyətini pozub. Aksiyanın qarşısını almaq üçün şahidlər dedilər ki, polis ancaq zora istinad edib; aksiyaçılara dağılışmaqla bağlı heç bir xəbərdarlıq etmədən, onlara qarşı zor işlədilib və həbslər aparıblar. Şahidlər bildirdi ki, Arif Hacılı və Tural Abbaslı mitinq keçirilən yerin əski istiqamətdə hərəkət edərkən (onlar belə trayektoriya seçməyi polislə qarşıdurmadan qaçmaq kimi izah etdilər) mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu zaman hər iki şəxsə qarşı vəhşicəsinə zorakılıq edilib. Hakim “vəhşicəsinə zorakılıq nədir” deyə T.Yaqubluya sual verəndə o bildirdi ki, insana qarşı istənilən zor vəhşilikdir, zorakılığın heç bir mədəni formasını tanımır.

İP-in katibi Gülağa Aslanlı isə İP-in strukturları və qəbul edilən qərarlarla bağlı ifadə verdi. O, ifadəsində 2 aprellə bağlı təqsiriləndirilən şəxslərin hər hansı təşkilati komitədə birləşmədiyini, bu insanları göstərişi ilə hər hansı qanunsuz əməlin planlaşdırıldırıldığına, bu yöndə çıxışlar etməsinə şahid olmadığını dedi.

 “Yeni Müsavat” qəzetinin əməkdaşı hücuma məruz qalıb

 Məhkəmənin gedişatını bayırdakı insident bir müddətə pozdu. İnsidenti İsa Qəmbərin məhkəmə zalını tərk edib müsahibə verdiyi zaman idmançı görkəmli şəxslər yaradırdı. Onlar əvvəlcə bir-biri ilə nalayiq sözlər işlətməklə söhbət edirdilər. İ.Qəmbər ərazini tərk edəndən sonra isə onlar daha da aqressivləşərək zala daxil olmaq istəyənlərə qarşı nalayiq söyüşlər işlədirdilər.

Zala daxil olmaq istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Məmmədəliyev isə polis zorakılığı ilə üzləşdi. Məhkəmənin qarşısındaki idmançılar jurnalistlərə və prosesi izləmək üçün gəlmiş insanlarla kobud rəftar edirdilər. Bütün bunlar polislərin gözü qarşısında baş verirdi. Məhkəmə qarşısında olan polislərin rəisinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmədi. Bundan sonra jurnalistlər məcburiyyət qarşısında üzləşdikləri rəftarla bağlı DİN-in mətbuat xidmətinə xəbər verdilər.

Müşahidəçilər bildirirlər ki, idmançıların məhkəmə qarşısında səfərbər olunması müxalifət liderlərinin məhkəməyə gəlməsi ilə bağlıdır. Məqsəd onların ağzıyla liderləri təhqir etmək olub.

Vəkillər bu hadisəni şahidlərə təzyiq kimi qəbul etməyi hakimin diqqətinə çatdırdılar. Hakim isə öz növbəsində məhkəmənin təhlükəsizliyini təmin edən zabiti çağıraraq çöldə sakitlik yaratmağ tapşırıq verdi.

 37-ci ilin üzəduranının oğlu atasının yolunu davam edir!

 İP üzvlərinin ifadəsindən sonra 2 apreldə şüşəsındıranın videosunu çəkən müsavatçı fəal Elçin Cərullayevin çəkdiyi kadrlar nümayiş etdirildi. Sonra onun ifadəsi dinlənildi. Videoda idmançı görkəmli bir şəxsin qaçdığı, Elçinin isə ona “şüşəni niyə qırdın?” dediyi əks olunmuşdu. Şahid çəkdiyi kadrı ətraflı izah etdi, dedi ki həmin gün bir neçə şəxs mağazaların şüşələrin qırıb. Onların bu hərəkəti aksiya iştirakçılarında hiddət və qınaq yaratdıqda onlar qaçmağa başlayıblar. Polis həmin şəxslərin birini tutsa da, sonra buraxıb.

Sonda Vüsal Bayramov adlı şahid dinlənildi. O, Məhəmməd Məcidlinin saxlanılarkən üzləşdiyi polis zorakılığından danışdı. Qeyd etdi ki, polislər heç bir xəbərdarlıq etmədən, M.Məcidliyə heç aksiyada iştirak etməyə, şüar çağırmağa imkan vermədən onu həbs edib. Şahid onu da təsdiq etdi ki, polis Məcidlinin salındığı avtobusa qaz sıxıb.

Şahidin ifadəsindən sonra Məhəmməd Məcidli onun barəsində xasiyyətnamə verən Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı kənd ərazi vahidi üzrə nümayəndəsi Fəxrəddin Abbasqulu oğlu Niftəliyevin məhkəmədən yayınmasının səbəbləri barədə fikirlərini açıladı. Məlum oldu ki, hazırda həbsdə olan vicdan məhbuslarından yalnız onun barəsində şəxsiyyətini səciyyələndirən mənfi xasiyyətnamə verilib. M.Məcidli bunun səbəbini F.Niftəliyevin nəsil ənənəsi ilə əlaqələndirdi. O, akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabına istinad edərək, həmin kitabın 237-ci səhifəsində Fəxrəddinin atası, 37-ci ildə babası daxil olmaqla 3 nəfər Böyük Mərcanlı kənd sakinin üzünə durmaqla onların güllələnməsinə baiskar olduğunu açıqladı. M.Məcidlinin ifadəsindən sonra hakim məhkəmə istintaqının başa çatdığını elan etdi. Proses gələn həftənin birinci günü prokurorun çıxışı ilə davam etdiriləcək.

Məhkəmə başa catdıqdan sonra müxalifət fəalları  “Azadlıq”, “İstefa “ şüarları ilə yürüş-aksiya keçirdilər.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button