İlham Əliyevin məntiq müəllimi

Elnur Astanbəyli

Əlahəzrətin «Əl-Cəzirə»yə müsahibəsinə baş qoşmamaq qənaətində idim. «Azadlıq»da köşə yazılarımın birində də bunu yazmışdım. Çünki möhtərəm orada yeni heç nə deməmişdi, hətta müstəqilliyimizə münasibəti də yeni deyildi. İlham Əliyev məramnaməsində Azərbaycanın müstəqilliyinin «tarixi proseslərin məntiqi nəticəsi» kimi qiymətləndirən, Milli Azadlıq Hərəkatının rolunu inkar edən partiyanın sədridirsə, onun «Əl-Cəzirə»yə dedikləri niyə yeni olsun ki?
Mən qənaətimdə yanıldım. Kralın müsahibəsi gündəmə oturdu. Dedikləri müzakirə doğurdu. Bu əslində müsahibənin, daha doğrusu, müsahibədə söylədiklərinin gücü deyil. Bu, Əliyevin nadir müsahibə verməsinin nəticəsidir. O qədər az-az müsahibə (həm də yalnız xaricilərə!) verir ki, danışdıqları nə qədər şablon, taftalogiya olsa belə, münasibət bildirmək ehtiyacı hiss edənlər tapılır.
İndi bir halda ki, əlahəzrətin «Əl-Cəzirə»yə dedikləri ətrafında polemikalar açılıb, sözümü geri götürür və bu polemikalara mən də qatılıram. Həm də Əliyevin müxalifət liderlərinin 20 ildir vəzifədə oturub istefa vermək istəməməsi barədə sözlərinə…
Bu sözlər üzərindən Əliyevə həmkarlarım üç aşağı, beş yuxarı oxşar cavablar verdilər. Bu cavabları dostumuz Şahvələd bəyin bir cümləsi ilə beldə ümumiləşdirmək olar: «…bunun adı “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq”dır. Baxmayaraq ki, müxalifətdəki yerlər əslində vəzifə deyil, vəzifə Ilham Əliyevin özünün oturduğu və payladığı yerlərdir…»
Mənsə indi başqa bir məqamı yazmaq istəyirəm. Deyək ki, İlham Əliyev haqlıdır: müxalifət liderləri 20 ildir vəzifədən getmirlər. Çox gözəl. Bəs onun özü niyə vəzifədən niyə getmək istəyir? Bəs onun özü niyə konstitusiyada prezidentliyə qoyulan məhdudiyyəti ləğv edir, respublikaçılığın kökünü qazımağa və monarxiya qurmağa çalışır? Bəs onun özü niyə prezidentliyinin ömrünü 20 ilə çatdırmaq istəyir?
İkincisi, İsa Qəmbərin 20 ildir Müsavatın başqanı olması ilə razılaşmazsan, buna qarşı çıxarsan, görərsən xeyri yoxdur, ən pis halda Müsavatdan gedərsən. Əlbəttə, müxalifətdən getməmək şərti ilə. Musa Qasımlı olmamaq şərti ilə. Bəs əgər İlham Əliyev, onun nazirləri, administrasiya rəhbəri vəzifədən getmək istəmirsə, onda nə etməli? Azərbaycandanmı getməli?
Axı ən elementar məntiq belə, hansısa müxalifət liderinin eyni postda 20 il qalması ilə hakimiyyətin təpəsində oturanların onilliklərlə eyni postda qalmasını eyniləşdirmək cəhdini rədd edir. Bunun biri firqə məsələsidir, digəri ümummilli məsələ. Bunun biri bir firqənin problemidir, digəri bütün ölkənin və millətin. Bunları necə tərəzinin bir gözünə qoymaq olar? Bunları necə bir tutmaq olar?
İlham Əliyevə bu məntiqi kim öyrədib? Kim öyrədibsə, sevsinlər elə məntiq müəllimini, mən başqa nə deyim?

***
İlham Əliyevin müsahibəsində üçüncü dəfə prezident olub-olmayacağına dair də sual var, cavabı da budur ki, mən bu barədə qərar verməmişəm, fikirləşirəm.
Əvvəla, İlham Əliyev mənim üçün nə birinci, nə ikinci dəfə prezident olmayıb. Milli iradəni zorlayaraq prezident olunmaz.
İkincisi, qərar verməyibmiş, fikirləşirmiş. Bu belə yetər. Niyyət əməldən əfzəldir. Fikirləşməyin özü artıq hakimiyyətin təpəsində oturan adamın zehniyyəti, təfəkkürü barədə hər şeyi deyir. Əgər 21-ci əsrdə sən monarx olmağı, krallıq qurmağı ağlının ucundan keçirirsənsə, artıq gerisi əfsanədir: istəyirsən üçüncü dəfə prezident ol, istəyirsən olma, heç nə dəyişmir.
Üçüncüsü, İlham Əliyev fikirləşməkdə gec qalıb. Daha əvvəl düşünmək lazım idi – 21-ci əsrdə, fərqli bir dünyada və zamanda hakimiyyəti ata kürkü kimi əyninə geyinəndə fikirləşməliydi…

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button