İlham Əliyevin rəhbərlik etdiyi rejimdən başqa heç bir hədəfim yoxdur – VİDEO+FOTO

Əli Kərimli: “Sən şərin əlində vasitə olacaqsan, şərə xidmət edəcəksən, şərin sifarişilə bu millətin davasını aparan insanlara böhtan deyəcəksən, onları qaralamaqla məşğul olacaqsan, ictimai rəy səni cəzasız qoyacaq?”

Heydər Əlyev zala daxil olanda mən Azərbaycan parlamentində yeganə deputat olmuşam ki, ayağa qalxmamışam

“Qaynar Qazan”da bu dəfəki qonaq AXCP sədri Əli Kərimlidir. Onunla bir aydır danışıqlar gedirdi, ancaq heç cür müsahibə alınmırdı ki alınmırdı. Müsahibə ideyasını isə “Qaynar Qazan”ın 2-ci buraxılışının qonağı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vermişdi. Rauf Arifoğlu müsahibə boyu Əli Kərimlinin üzərinə getmiş, onun haqqında danışmış, onu ciddi tənqid etmişdi. Biz bu mənada Əli Kərimliyəhəm də bir cavab haqqı tanımaq istədik. Uzun zaman ötsə də, nəhayət, cənab Kərimli müsahibəyə razılıq verdi. Ancaq bu da asan olmadı. Öncə köməkçisi Faiq Əmirli bir neçə ad çəkərək, onlar haqqında danışmamaq və sual verməmək barədə razılıq əldə etmək istədi. Bu, daha doğrusu, qadağa idi. Razılaşa bilməzdik və razılaşmadıq. Sonra məlum oldu ki, Əli Kərimli heç bir şərtsiz müsahibəyə razılıq verib, amma görüşəndə eyni qaydada və eyni sözləri eşitdik. O ovqatda da müsahibəyə başladıq. Hətta bir ara bizə elə gəldi ki, ümumiyyətlə, müsahibə alınmayacaq.

Ancaq zamanla parlaq bir müsahibə alındı. Nəzərdə tutduğumuz bütün sualları verdik və hamısının da cavabını aldıq. Hətta bir ara verməyi planlamadığımız sualları belə yönəltmək imkanımız oldu. Müşahidələrimizə görə Əli Kərimlidə bəzi tərəddüdlər varmış. Tərəddüdlər aradan qalxdıqca, söhbət tam müstəqil mətbuat sərhədləri daxilində irəlilədikcə, Əli Kərimli də açıldı və bizim qənaətimizə görə, tarixə düşəcək bir müsahibə alındı.

Əvvəldə bir çox qadağalarla üzləşəcəyimizi düşündüyümüz halda, kimlər haqqında danışmadıq ki. Təxminən hamı haqqında. İndi qalır onu oxumaq və müsahibəyə baxmaq. Sonra yenə müzakirə edərik…

Əvəz Zeynallı

I hissə

Qurultayda Əli Kərimliyə alternativ olacaqmı?..

– Əli bəy, xoş gördük. Xeyli zamandır, sizdən müsahibə götürmək istəyirdik, amma bir az uzun çəkdi. Yəqin ki, bu da sizin işlərinizin çoxluğu ilə əlaqədar idi?

– Bəli.

– Yəni seçkilərlə bağlıdır?

– Hərtərəfli. Həm qurultaya hazırlaşırıq, həm də gündəmdə parlament seçkiləri var.

– Bu gün qurultayın keçirilməsinə razılıq verdilər, deyəsən?

– Bəli.

– Artıq sentyabrın 27-də partiyanın qurultayıdır?

– Bəli.

– Mətbuatda bu haqda hərtərəfli danışırlar. Hətta Cəbhədən gedənlər də danışırlar. Partiyadaxili qruplaşmalardan söhbət gedir. Qurultayda Əli bəyə alternativ olacaqmı, yoxsa Əli bəy qurultaya tək gedəcək?

Daxili sabitliyimizi poza bilmədilər…

– Qurultayın nə cür keçiriləcəyi artıq cəbhəçilərin verəcəyi qərardır. Amma bir şeyi deyə bilərəm ki, bütün səylərə baxmayaraq, nə Cəbhənin daxilində heç bir ixtilaf yarada bilməyiblər, nə heç bir qruplaşma yoxdur və əslində, AXCP də hökumətin bu qədər hədəfində ona görədir ki, uzun illər ərzində ön cəbhədə olmağına baxmayaraq, uzun illər ərzində böyük təxribatlar qurmaqlarına baxmayaraq, daxili sabitliyimizi də poza bilməyiblər, daxildəki o dostcasına mühiti də poza bilməyiblər, Xalq Cəbhəsinin daxilində çox gözəl etimad mühiti var və Allah qoysa, qurultayda siz bunu hamınız görəcəksiniz.

– İnşallah. Amma bütün hallarda hansısa qruplaşmalardan – ictimai yük daşıdığı üçün o sualları verirəm – hansısa qruplaşmaların hansısa qruplaşmalara dov gəlməsindən söhbət gedir. Bizə də açıq yazmışdılar – mən heç o sualları vermək istəmirəm – amma məsələn, Həsən Kərimov filankəsə güc gəldi və s. Mən bunu sizdən soruşa bilmərəm axı.

Yanlış bir şeydir…Ancaq partiya daxilində doğrudanmı hər şey də sizin istədiyiniz və dediyiniz kimidir?

– Əvəz bəy, kənardan hökumətin bütün media strukturları səfərbər olunub ki, Xalq Cəbhəsi Partiyası ilə bağlı arzularını gerçəklik kimi təqdim etsinlər, həyata keçirsinlər. Hökumətin media imkanları genişlənib. Bilirsiniz ki, Azərbaycanda barmaqla sayıla biləcək qədər müstəqilliyini qoruyub saxlamış mətbuat var. Qalanı bəs – bu 98 faizi kimdir? Hökumətdən pul alıb hökumətin siyasi xəttini həyata keçirən qəzetlər, saytlar, informasiya agentlikləri, televiziyalar və s. Onlar nə edirlər?

Cəbhəçilərin hamılıqla nəfslərinə qalib gələcəkləri mənidə təəccübləndirdi

– Hamısının da hədəfi Əli Kərimlidir…

– Bəli… Onların da hamısı çalışır ki, Xalq Cəbhəsilə bağlı arzularını, niyyətlərini gerçəklik kimi qəbul elətdirsinlər. Xalq Cəbhəsinin daxilində daxili qruplaşmalar yoxdur. Xalq Cəbhəsinin daxilində olduqca gözəl işgüzar münasibətlər var və bu qədər böyük pullar qoyulmasına baxmayaraq, Xalq Cəbhəsinin daxilindən ciddi qopmalar da yoxdur. Xalq Cəbhəsinin bütün strukturları yerindədir və açığı, mən də etiraf edim ki, bu dərəcədə cəbhəçilərin hamılıqla bu sınaqlardan, imtahanlardan salamat çıxacaqları, hamılıqla nəfslərinə qalib gələcəkləri mənim özümü də təəccübləndirdi. Çünki bir faiz mümkün sayırdım – 10 minlərlə insan var və onların da arasında “n” sayda kredit borcu, çətinlikləri olanlar var, aktiv siyasi kimliyi olmayan adamlar var. Elə adamlar var ki, heç onların partiyadan üz döndərmələrinin çox adam da fərqində olmaz. Yəni bu adamları partiyada saxlayan yalnız vicdanlarıdır. Mən fikirləşirdim ki, böyük əksəriyyət bu sınaqlardan salamat çıxacaq, amma bu dərəcədə – 100 faizə yaxın adamın qalması mənim özümü də yaxşı mənada təəccübləndirdi. Cəbhəçilərə eşq olsun, onlar hər cür tərifə layiqdirlər. Onlar birmənalı şəkildə həm təzyiqlərdən qorxmadılar, həm də iradələrini nümayiş etdirdilər. Çünki çox adama da pul təklif eləmirlər, onlara yaxınlarını, ailə üzvlərini həbs etdirməklə hədə-qorxu gəlirlər. Amma insanlar həmin o hədələrə də yox deyirlər, qorxmurlar, puldan, maddi nemətlərdən də imtina edirlər. Ona görə də Xalq Cəbhəsi yerindədir, daha-daha da güclənir.

– Əli bəy, maraqlıdır, bir də görürsən ki, qəzetdən oxuyuruq, “Biz AXCP-ni Əli kərimlidən alacağııq – möhürü, ştampı ilə bir yerdə…” və bu da sizin yaxın adamınız olur. Belə bəyanatları eşidəndə nə hisslər keçirirsiniz? Ümumiyyətlə, bu məsələyə necə baxırsınız?

İnsanlar anadangəlmə və ya siyasətə gəldiyi gündən satqın olmurlar

– Ciddiyə almıram. Bilirsinizmi…

– Keçmiş siyasi məhbus Bəxtiyar Hacıyevin də bu mövzuda sualı var: “Razi Nurullayev neçə illər onun müavini işləyib. Bu günlər isə o hakimiyyətə işləməkdə ittiham olunub və partiyadan çıxarılıb. Maraqlıdır, illərlə partiya sədri öz müavininin nə ilə məşğul olduğunu bilməyibsə, sabah daha böyük vəzifədə olanda seçdiyi kadrların müxtəlif ölkələrin agenti olub-olmamasından necə sığortalanacaq? İndi ətrafında olanların agent olub-olmamasını nə ilə müəyyənləşdirir?” Sizin statusunuzda olan bir adam üçün bu sualın həqiqətən də böyük mənası var. Çünki ölkənin bir çox tanınmış adamları sizin ətrafınızdan gedib və sonralar məlum olub ki, həmin adamlar müəyyən qruplarda, deyək ki, hakimiyyətlə əlaqəsi olub. Adamda istər-istəməz belə bir sual yaranır – yaxşı, Əli Kərimli bunu bilmirdimi?

– Aydındır, Əvəz bəy. Sizə də, Bəxtiyar bəyə də təşəkkür edirəm sual üçün. Bəxtiyar bəy bilirmiş ki, Razi Nurullayev Cəbhəyə gələndən bu yolda imiş? Onda belə bir məlumat var? Əgər yoxdursa, o zaman bu sual çox yersiz olur. İnsanlar anadangəlmə və ya siyasətə gəldiyi gündən satqın olmurlar ki… Onlar hansısa bir dönəmdə hansısa bir təklifdən imtina edə bilmirlər. Elələri də var ki, müəyyən təzyiqlərə dözürlər, dözürlər, lakin bir mərhələdə dözə bilmirlər. Siz özünüz də çox yaxşı bilirsiniz ki, çoxlu sayda siyasi məhbus var ki, onlar çox böyük əzab-əziyyət çəkirlər, biz onlara mübarizə simvolları kimi baxırıq, illərlə onları müdafiə edirik, amma onlar günlərin birində sınırlar və keçirlər onlara zülm edənlərin tərəfinə, onlara xidmət edirlər.

Heç kim siyasətə gəldiyi ilk gündən dönük insan olmur

– Çox belə nümunə var..

– Ay sağ olun. İndi ortalığa nə çıxır? Heç kim siyasətə gəldiyi ilk gündən – indi dönüşünü edən insanlar ilk gündən dönük insanlar olmurlar. Hansısa mərhələdə dönüklüyə başlayırlar. Və demək ki, ilk gündən bu adam bu yolda olub və sən hara baxırdın, niyə bunu bilməmisən, bir az düzgün yanaşma deyil.

– Amma sizdə və sizin tərəfdarlarınızda belə bir təmayül hiss olunur ki, elə o vaxtdan həmin adamlar onlara işləyib və indi də onlara işləyirlər…

– Xeyr-xeyr… Nə zaman ifadə olunub bu? Əgər bilsəydim ki, ora işləyir, hansı məntiqlə yanıma dəvət edir, sonra da üzünə qarşı, “sən hökumətə işləyirsən, hökumətdən pul alırsan” kimi ittihamlar irəli sürüb, sonra da onu qovurdum? Necə olardı bu? Hansı məntiq var burada? Məntiq var burada? Bu dərəcədə diletant yanaşmağı da mənə rəva görməməlidirlər, axı.

– Məntiq var…

– Deməli ki, bu adamla bağlı nə zaman danılmaz faktlar ortaya çıxıbsa, o zaman da mənim tərəfimdən baş verənlərə adekvat reaksiya olub. Qaldı ki, digərlərilə bağlı… Bilirsiniz, Əvəz bəy, mənə opponentlik edən hökumət düşərgəsinin ideoloqları məqsədli şəkildə bu tezisi tirajlayırlar ki, Əli Kərimlinin ətrafından nə üçün bu qədər çox adam gedir…

50 partiya var, o partiyaların hansının sədr müavininə…

– Bəli, bir siyahı da var hətta… Bir deputatlar siyahısı, deputatlar korpusu var…

– Axı, bunu vicdanlı adamlar başa düşürlər ki, məhz Əli Kərimlinin ətrafına, üzr istəyirəm, bir az təvazökarlıqdan uzaq olacaq, Əli Kərimliyə yaxın olduqlarına görə onlara bu cür təkliflər verilir. Məgər başqalarına bu cür təkliflər verilir? Bu gün 50 partiya var. O partiyaların hansının sədr müavininə Prezident Aparatının göstərişi ilə bütün rayonların restoranlarında, şadlıq evlərində partiya qurmaq üçün şərait yaradırlar? Kiməsə belə “stavka” olur? Olmur, axı… Niyə bu belədir? Azı 10 ildir ki, Xalq Cəbhəsi Partiyasının sədri hökumətin əsas hədəfidir. Deməli, biz öncə hədəfdə olduğumuza görə, hökumət bütün resursları ilə bizi sarsıtmağa çalışır. Mənim yanımda olan adamların qiyməti bütün mənalarda yüksək olur. Hökumət üçün həmin adamlar cəlbedici olur. Heç öz “yapçılarına” yaratmadıqları şəraiti onlara təklif edirlər ki, təki Əli Kərimliyə zərbə vursunlar.

– Siz bu haqda, uzun illər əvvəl “Xural” qəzetinə verdiyiniz müsahibədə də demişdiniz…

– Eyni proses davam edir. Amma siz onu da qəbul eləməlisiniz ki, əgər həbs olunmamışdan əvvəl biz sizinlə “Xural”da da eyni mövzuda danışırdıqsa, o zaman da Əli Kərimlinin yanında olmağın yüksək qiyməti var idisə, indi də Əli Kərimlinin yanında olanlara bizləri sataraq, yüksək pul qazanmaq imkanları yaradılırsa, deməli, biz də bir şeylər bacarırıq ki, belə bir ağır təzyiqlər altında təşkilatlanmamızı əsas müxalifət qüvvəsi olaraq 10 ildən artıq bir müddətə qədər ön cəbhədə saxlaya bilmişik. Şərlə mübarizənin ön cəbhəsində! Bütün bu qədər illər ərzində elədiklərinə rəğmən, yenə də əsas alternativ olaraq, Xalq Cəbhəsi rejimin qarşısında durub.

Niyə ağıllı adamlar Əli Kərimlinin yanında yoxdur?

– Təbii. Mən bu fikirlə razılaşıram. Amma siz də hakimiyyətin böyük media holdinqlərinin üzərinizə gəlməyini normal qarşılamalısınız. Çünki ölkənin hakimiyyəti ilə vuruşub-döyüşənlər bu suallara da cavab verməlidir. Niyə o zaman sizin yanınızda təmərküzləşmə getmir? Bu, sizə ünvanlanan suallardan da hiss olunur. Məsələn, deyirlər ki, niyə ağıllıadamlar Əli Kərimlinin yanında yoxdur?

– Bəs haradadırlar? (İroniya ilə gülür…)

Niyə 10 ildir ki, hökumət ancaq mənimlə məşğuldur, bu, nə axmaqlıqdır?

– Elvin Cavadzadə sual verir ki, “Nə vaxtadək gündəm hadisələrinə status həsr etməklə müxalifətçilik edəcəksiniz? Yaxın 5 il üçün plan və proqramınız nədən ibarətdir?” Buna bənzər başqa bir sual var. Emin Ramiz deyir ki, bu vaxtadək müxalifətin apardığı mübarizənin müsbət nəticə vermədiyi göz önündədir:“Heç olmasa, bundan sonra görülən işlərlə bağlı yeni planlar, yeni layihələr varmı? Həm də yeni ideyalı insanları ətrafınıza cəlb etmək üçün mexanizmlər düşünübsünüzmü?”

– Bu sualların hər birinə qısa olaraq fikir bildirim. Birincisi, niyə ətrafıma ağıllı adamlar konsentrasiya olunmayıb? Mən elə replika olaraq da dedim ki, əgər bu adamlar Xalq Cəbhəsinin, Milli Şuranın ətrafında konsentrasiya olunmayıbsa, o zaman harada konsentrasiya olunublar? Əgər bu ətrafda ağıllı, qabiliyyətli, işgüzar, mübariz adamlar səfərbər olunmayıblarsa, o zaman bəs niyə 10 ildir ki, hökumət ancaq mənimlə məşğuldur? Bu nə axmaqlıqdır? Əgər mən təkəmsə, qüvvə deyiləmsə, ətrafımda yoxdursa, onda niyə bu qədər əmək və vəsait sərf edirlər? Bilirsinizmi, dövlətə və hökumətə yaxın media qurumlarını saxlamaq üçün neçə milyon manat vəsait xərclənir? Özünüz də razılaşdınız ki, onların hədəfi də bizik. Yaxşı, əgər biz bu işi  bacarmamışıqsa, ətrafımızda qabiliyyətli, ağıllı adamlar yoxdurlarsa, o zaman bizdən əl çəksinlər. Getsinlər harada qabiliyyətli adamlar toplaşıbsa, onlarla mübarizə aparsınlar. Elədirmi? Növbəti məsələ… Status yazmaq məsələsinə münasibət bildirirəm. Bilirsinizmi, mən bunu açıq deməliyəm. Mənim kifayət qədər populyar səhifəm var və o səhifədə yazdıqlarım hökuməti çox narahat edir.

Fb-də şəbəkənizmi var, insanları təhqirmi etdirirsiniz…

– Mən bu sualı verməliyəm…

– Verin…

– Deyirlər, yazılır, münasibət bildirilir. Rauf Arifoğlu, Azər Həsrət də iddia edirlər ki, Əli Kərimli sosial şəbəkədə onlarla profil yaradıb. İdarə etdiyi 50-60 profildən bizi söydürür, “Azadlıq” qəzetindən bizi təhqir etdirir…

– Yalan deyirlər…

– Facebook-da sizin böyük bir şəbəkənizin olmasından bəhs edilir. Siz hansı adamı qaralayırsınızsa, orada həmin adamı məhv edirlər… Buna da münasibət bildirməyinizi istərdim. Çünki siz sosial şəbəkədə ən aktiv partiya sədrlərindən birisiniz, bəlkə də birincisisiniz…

– Mənim kifayət qədər böyük – 100 mindən çox oxucusu olan səhifəm var və mən öz sözümü həmin səhifəm vasitəsilə yazıram. Bu da hökumətə çox ciddi təsir edir. Çünki bu saat mənim səhifəmin oxucuları, ölkədə ən populyar KİV-lərin oxucularının sayından çoxdur. Onları üstələyir ki, geridə qalmır. Ona görə də, bu cür ittihamlarda bir şantaj var. Öz aləmlərində hesab edirlər ki, sanki qarşılarında bir sadəlövh adam oturub, buna tez-tez deyəcəklər ki, Facebook-da niyə tez-tez status yazırsan, mən də çəkinəcəyəm və yazmayacağam. Bu mənim mübarizə formamdır. Azərbaycanda mübarizə imkanları həddindən artıq azalıb. Sən mənə nə zaman imkan verdin ki, televiziyaya çıxım, İlham Əliyevlə debat aparım, sorğularımı birbaşa özünə deyim? Sən mənə bu imkanı verdinmi ki, mən televiziyanı buraxıb, Facebook-a gəldim? Bu gün Azərbaycanda müxalifət üçün hansı imkanlar var? “Azadlıq” qəzetində mütəmadi olaraq çıxışlar edirəm. 100 minlərlə tamaşaçısı olan “Azərbaycan saatı” proqramında çıxışlarımı edirəm, qalan vaxtlarda da mən sosial şəbəkələr vasitəsilə yüz minlərlə insana öz mesajımı çatdırıram. Hökuməti sərt tənqid edirəm, mən orada dedi-qodu ilə məşğul deyiləm ki? Məmin hədəfim birdir – hökumətin yarıtmaz siyasətini tənqid edirəm. Sadəcə, bu üsullardan bütün normal ölkələrdə istifadə edirlər. Çox da uzağa getmək istəmirəm. Azərbaycan tamaşaçıları bütün Türkiyə telekanallarına baxırlar. Xəbər proqramları başlayanda hansı xəbərlərlə başlayırlar? Müxalifət liderləri, Tvitterdə, feysbukda, sosial şəbəkələrdə hökumətə nə yazırlarsa, onları rəsmi mövqeyi olaraq TV-lər də yayımlayırlar. İndi əgər Azərbaycanda mətbuat şikəst edilibsə, məhv edilibsə, müxalifət üçün bağlıdırsa, mübarizə üçün heç bir imkan yaradılmayıbsa…əgər bütün mübarizə yollarının qarşısı alınıbsa, bunun üçün mənə tənə etmək lazım deyil, etiraf etmək lazımdır ki, mən əslində bu qədər məhdud şəraitdə də dayanmıram, mübarizəmi aparıram. Yenə də yüzminlərlə insana mesajımı çatdırıram.

Tam avtoritar bir şəraitdə, sən ölkənin dəyişməsini necə müxalifətdən tələb edə bilərsən?

– Doğrudan da şəraitiniz yoxdur. Çünki biz az qala yarım saatdır ki, çəkiliş aparmaq üçün uyğun yer axtarırıq…

– Digər suallara da cavab verim: Gördüyümüz işlərin nəticəsi yoxmuş… Bizim hörmətli sual müəllifimiz bilmirəm, məlumatlıdır, ya yox, amma Azərbaycan beynəlxalq təşkilatların, Freedom House-nin hesabatlarına görə, azad olmayan ölkələrdən – yarımazad yox, tam azad olmayan ölkələrdən biridir. 3-5 il əvvəl bəlkə də yarımazad idi. İndi isə tamamilə azad deyil. Klassik avtoritarizmin hökm sürdüyü ölkələrdən biridir. Bizim statusda təqribən dünyada 20-25 ölkə mövcuddur ki, onların heç birində də böyük müxalifət təşkilatı yoxdur. Mən tam məsuliyyətimlə deyirəm – gedin araşdırın – onların heç birində Xalq Cəbhəsi Partiyası kimi də böyük bir təşkilat yoxdur. Tam avtoritar bir şəraitdə, sən ölkənin dəyişməsini necə müxalifətdən tələb edə bilərsən? Daha aydın başa düşülsün deyə, misal çəkmək istəyirəm. Məsələn, bir anlıq düşünün ki, Tacikistanda – əvvəllər Belarusiyanı misal çəkirdik, hazırda orada bir nəfər də olsun siyasi məhbus qalmayıb- çox qabiliyyətli bir müxalifətçi var. Hərtərəfli siyasi bilgilərə və yüksək təşkilatçılığa malikdir. Bütün arzuolunan keyfiyyətlərə malikdir. O, bu qabiliyyətlərilə Tacikistanda nə edə bilər? Ədalətli olmaq lazımdır. Bu gün Azərbaycanda ölkənin bütün imkanları tıxanıb. Bizim vətəndaşlar fərqində olmalıdırlar ki. Azərbaycan artıq diktatura qurulub. Bunu dünyanın ən aparıcı mətbu orqanları da yazırlar. Azərbaycanda klassik avtoritar sistem var, sülalə hakimiyyəti var. Bütün hüquqlar əlimizdən alınıb – indi də elə çıxır ki, bu qədər seçkiləri saxtalaşdırmış, hakimiyyəti qeyri-qanuni ələ keçirmiş bir sistem kənarda qalacaq, məsuliyyəti də biz daşımalıyıq ki, görəsən müxalifət niyə dəyişiklik etmir?

…kimlərinsə xatirinə dəyən cəbhəçilər varsa, onların hamısının əvəzindən üzr istəyirəm

– Ruslan Məmmədzadə yazır ki, “xahiş edirəm, mənim adımdan Əli bəydən soruşasınız ki, nədən AXCP-nin yuxarı eşalonunda təmsil olunanlar müstəqil, onların fikirlərinə uyğun olmayan fikirlərə qarşı aqressiv davranırlar? Sıravi üzvlər də yuxarılardan nümunə götürüb, eyni addımı atırlar. Sonra da deyirlər ki, xalqdan, ictimaiyyətdən dəstək yoxdur. Daha olmayacaq da… Ya biz deyəni deməlisiniz, ya biz deyəni düşünməlisiniz, ya da düşmənsiniz. Belə olmur axı…” İctimai rəydə bu fikir oturuşub. Bilmirəm, bəlkə Rauf Arifoğlu, Azər Həsrət kimi və digər keçmiş dostlarınız, eyni düşərgədə mübarizə apardığınız bəzi insanlar belə bir fikir yaradır? Çünki Rauf Arifoğlu bizə “Qaynar Qazan”da müsahibə verəndə də söhbəti sizin üzərinizdə qurmağa və bu mövzuya qayıtmağa cəhd edirdi və mən də bunu hiss edirdim. Çalışırdım ki, müsahibəni İlham Əliyevin üzərində qurum. Çünki hədəfdə sizin qalmağınızı istəmirdim. Jurnalistikanın qaydası budur. Yəni ictimai rəydə belə bir fikir formalaşıb. Məndə də belə bir fikir yaranıb. Baxıram ki, sosial şəbəkələrdə Əli Kərimlini kimsə tənqid etməyə cəhd göstərirsə, o təpki yağışı yağır. Bu partiya təəssübkeşliyidirmi, tərəfdarın sevgisidirmi, yoxsa həqiqətən də sizin sosial şəbəkələrdə belə bir dəstələriniz var?

– Mən Ruslan bəyə təşəkkür edirəm və salamlayıram. Şəxsən real həyatda tanış deyilik, amma feysbukdakı fəaliyyətindən ona hörmətim var. Çox da təəssüf edirəm ki, kimsə onu incidib, o da belə bir acıqlı düşünməyə başlayıb. Amma şəxsən mənim ona hörmətim var və hesab edirəm ki, demokratik fikirli, ölkənin inkişafına xidmət edən, mövqeyi olan ziyalıdır. Bilirsinizmi, Əvəz bəy, məsələnin üzərindən keçməyəcəm və açıq izah edirəm. Mənə qarşı hökumətin uzun illər ərzində o qədər sistemli kampaniyası gəlib ki, bizim tərəfdarlarımız bəzi hallarda səmimi şəkildə bizə qarşı irad bildirənlə sifarişlə bu işi görənləri ayırd etməkdə bəzən çətinlik çəkirlər. “İlan vuran ala çatıdan qorxar” misalında olduğu kimi… Mənim üzərimə o qədər sifarişlə gəlirlər, o qədər böhtan atırlar ki, ona görə də məni istəyən təbəqə ki var – o cümlədən, həm cəmiyyətdə və həm də feysbukda – onlar bir balaca narahat olublar və bu baxımdan gələn iradların hamısını oxşar hesab elədiklərinə görə, hamını da yaxından tanımadıqlarına görə, bəzən mümkün sayıram ki, səmimi şəkildə sual vermək və ya irad bildirmək istəyən insanla sifarişlə bunu edən insanı fərqləndirə bilmirlər. Ola bilər. Əgər bu baxımdan kimlərinsə xatirinə dəyən cəbhəçilər varsa, onların hamısının əvəzindən üzr istəyirəm.

– Bu, çox önəmli məqamdır…

– Növbəti məsələ. Feysbukda Xalq Cəbhəsi çox güclüdür. Çünki Xalq Cəbhəsi həm də həyatda çox güclüdür. Sadəcə həyatda biz bunu ifadə edə bilmirik. İmkan tapan kimi, ifadə edirik. Bütün bu məhdudiyyətlərə baxmayaraq, meydanlara Xalq Cəbhəsi Partiyası qədər kim çox adam çıxara bilir ki? Var elə bir qüvvə?

Heç bir vaxt heç bir saxta profillə heç nə yazmamışam

– Mövcud şəraitdə avanqard sizsiniz…

– Ay sağ olun… Deməli, əslində real həyatda da cəbhəçilər çoxdur, virtual aləmdə də cəbhəçilər çoxdur. Ona görə də birilərinə elə gəlir ki, bu bir kampaniyadır. Sadəcə adamlar çoxdurlar. Bu məsələ də var. Mən tam məsuliyyətimlə deyirəm, heç bir vaxt heç bir saxta profillə heç nə yazmamışam. Sözüm olanda da öz profilimdə yazıram, qəzetdə müsahibə verirəm, sizə müsahibə verirəm və s. Heç bir polemikadan da çəkinəcəyim yoxdur. Amma cəbhəçilər çoxdurlar və ictimai rəyi çoxluq müəyyənləşdirir. Bilirsinizmi, adını çəkdiyiniz adamlar niyə təntiyiblər? Adamlar ki, səhv edib, uzun illər getdikləri yola xəyanət edirlər, Xalq Cəbhəsinin də üzvləri həm çoxdurlar və həm də prinsipialdırlar, onlar ictimai basqı yaradırlar. Bəli, Azərbaycanda ictimai rəy var və mən çox sevinirəm ki, Azərbaycanda ictimai rəy var. Bu, Azərbaycan cəmiyyətinin müqavimətinin göstəricisidir.

– Bəli, ölkədə ictimai rəy var…

– Əgər 22 illik sülalə hakimiyyəti zamanı belə gündə 7-8 televiziya gündə 24 saat olmaqla işləyiblərsə, Azərbaycan müxalifəti bu şəkildə bütün imkanlardan məhrum olunubsa, amma bu gün də ictimai rəy varsa və ictimai rəy daha çox əsas müxalifət qüvvəsinin istəkləri istiqamətindədirsə, bu gün həmin ictimai rəy dönüklüyü, satqınlığı ittiham edirsə, korrupsionerlərin əlində muzdlu işləməyi ittiham edirsə, bu adamlar güzgüyə baxsınlar. Mənimlə, Xalq Cəbhəsilə nə işləri var?

– Rauf Arifoğlu…

– Mən heç kəsi adbaad çəkmək istəmirəm. Müsahibədən əvvəl də bu haqda fikirlərimi bildirdim.

– Onun maraqlı bir fikri var…

– Aydındır…

Əgər kimsə məhv olursa, özündən küssün…

– Bizə – “Qaynar Qazan”a müsahibə verəndə maraqlı bir fikir dedi. Dedi ki, bir ay olar, ayyarım olar, iki ay olar. Bu nə vaxt dayanacaq? Onun fikridir. Dedi ki, adamı bunlar məhv edirlər. Yəni mən bunu demək istəyirəm ki, bəzi adamlar var ki, onun üzərinə gedilən müddət çox çəkir. Yəni siz bunudamı ictimai rəy hesab edirsiniz?

– Gəlin birinci aydınlaşdıraq. Əli Kərimli, Xalq Cəbhəsi heç kimi məhv edə bilməz. Məhv eləmək ilk növbədə Allahın işidir, bir də adamın öz əməlinin nəticəsidir ki, Allah adamın ağlını alır, gedir elə hərəkət eləyir ki, gedir məhv olur. Əgər kimsə məhv olursa, özündən küssün. Deməli, çox böyük səhvlər edib və indi də həmin səhvlər onu məhv edir. Burada Əli Kərimlilik və ya Xalq Cəbhəlik bir məsələ yoxdur. Növbəti məsələ… Bizim dinimiz də, peyğəmbərimiz də buyurur ki, əgər adam özünün şər hərəkətindən əl çəkməyibsə, sən niyə xeyir işindən əl çəkəsən? Əgər sən şərə xidmət eləyəcəksənsə, o ictimai rəy də əbədi olaraq sənin boynunda demokl qılıncı olacaq da… Bəs nə istəyirsən? Sən şərin əlində vasitə olacaqsan, şərə xidmət edəcəksən, şərin sifarişilə bu millətin davasını aparan insanlara böhtan deyəcəksən, onları qaralamaqla məşğul olacaqsan, ictimai rəy səni cəzasız qoyacaq?Bəs sən hesab edirsən ki, belə olmağı ədalətlidir? Əlbəttə ki, mən bu sözləri özünə götürən hər kəsə aid edirəm. Bir şəxsə də ünvanlamıram. Kim özünü indi təsvir elədiyimin içərisində gördüsə, onlar bilməlidirlər ki, Azərbaycan cəmiyyəti bugünkü hökumətdən çox narazıdır. Bu gün cəmiyyət daxilində qorxu olduğuna görə, onlar açıq-aşkar şəkildə prezident İlham Əliyevə, ali məmurlara, oliqarxlara nifrətlərini ifadə edə bilmirlər.

…hökumətə olan nifrət hökumətə xidmət edənlərə yönəlib

– Kimin kimə gücü çatır, onun üzərinə yeriyir…

– Bəli… Bu gün məhz hökumətə olan nifrət hökumətə xidmət edənlərə yönəlib. Hansısa xırda, korporativ maraqlarını ödəmək üçün gedib hökumətin şərinə xidmət edib, ona haqq qazandırıb, çörəyinə yağ sürtənlər ki var, görürsünüzmü ictimai rəydən necə təpki alırlar. Çünki onlar nisbətən daha müdafiəsizdir, Azərbaycan cəmiyyəti bu şərin əsas mənbəyinə sözünü deyə bilmədiyinə görə, şərin əlindəki alət və vasitələrə hücum çəkir. Məsələn mən, heç bir vaxt onlara hücum eləmirəm, çünki mən sözümü şərin mənbəyinə deyirəm. Və bir gün gələcək ki, Azərbaycan cəmiyyəti də bütün bu illər ərzində ona qarşı edilmiş haqsızlıqların hamısının hesabını əlbəttə ki, şərin mənbəyindən soruşacaq. Narahat olmasınlar şərə xidmət eləyənlər, əsas məsuliyyət onsuz da əsas mənbədən soruşulacaq.

– Yəni deyirsiniz ki, 2-3 ay məsələnin dayandırılması üçün hələ azdır, məsələ bundan sonra da davam edəcək?

– Yox. Mən tam açıq və birmənalı şəkildə bəyan edirəm. Hökumətdən və İlham Əliyevin rəhbərlik etdiyi rejimdən başqa heç bir hədəfim yoxdur. Heç kimlə şəxsi mübarizə aparmıram. Heç kimlə şəxsi qərəzliyim yoxdur. Sadəcə olaraq, bu millətin azad olmaq haqqına, bu millətin demokratik, hüquqi dövlətdə yaşamaq haqqına mane olan, bu mübarizənin qarşısına çıxan kim olursa olsun – tək mənim tərəfimdən deyil – bu mübarizəyə səmimi bağlı olan hər bir insan tərəfindən təpki görəcək. Heç kim arxayınlaşmasın ki, xalqın bu ümumxalq arzularının gerçəkləşməsinə gizli-gizli, xəlvətcə mane olacaq, Azərbaycan cəmiyyəti də onun əməllərini görməyəcək. Azərbaycan cəmiyyəti çox ayıq-sayıqdır və hər kəsin də hansı işlə məşğul olduğunu yaxşı bilir.

Yalan deyirlər axı, yalan deyirlər…

– Əli bəy, bu ittihammı deyim, iddiamı deyim, sizə də ünvanlayırlar. Deyirlər ki, 1995-ci ildə hökumətlə danışığa getdi, 2000 ildə getdi… Onda o getdi, indi də biz gedirik. Belə şeylər var…

– Yalan deyirlər axı, yalan deyirlər… Nə vaxt danışığa getdim?

– Yəqin parlamentdə iştirak etdiyinizə işarə vururlar.

– Aha… Bilirsinizmi, Əvəz bəy, Əli Kərimli parlamentdə nə vaxt olub? Əli Kərimli parlamentdə olub proporsional seçki sistemi Azərbaycanda mövcud olanda.

– Yəni siyahı ilə…

– Siyahıda birinci Əli Kərimli olub. Ondan sonra Mirmahmud Fəttayev, sonra Qulamhüseyin Əlibəyli və s. Yəni Əli Kərimlisiz parlamentə girmək mümkün deyildi. Birinci mən idim.

– AXCP var idisə, siz birinci olmalı idiniz, bəli.

– İndi o adamlar məndən ayrılıblar. Gedin onlardan da soruşun ki, doğrudan da Xalq Cəbhəsi ilə birlikdə hansısa bir sövdələşmə içərisində olublar parlamentə düşməkdən ötrü? Axı onlar da mənimlə bir yerdə parlamentə gediblər…

– Maraqlıdır… Soruşarıq…

– Mən parlamentə düşəndə partiyamızın sədri Əbülfəz Elçibəy olub. Necə ola bilər axı? Və ən nəhayət, Əvəz bəy, parlamentə sövdələşmə ilə o adamları salırlar ki, o adamlar parlamentdə ya birbaşa, ya dolayısı ilə hökumətə xidmət eləyir.

…yarım cümləmi də tapıb çıxara bilmirlər

– Bir dəfə Cəlal Əliyev də demişdi: “Otur, sus!!!”

– Bəli…

– Təxminən elə?

– Bəli. Amma mənim 10 illik parlament fəaliyyətimdə fikir verin, yarım cümləmi də tapıb çıxara bilmirlər ki, orada hökumətə hansısa bir formada yumşaq referans olsun. Mən parlamentdə də xalqın sözünü demişəm, heç zaman fərqli bir mövqe bildirməmişəm. Hətta mən sizə açıq bir şey ifadə etmək istəyirəm və etiraf da edim ki, heç bir zaman bundan xoşlanmamışam da… O vaxtlar çox cavan idim.

– İndi özünüzü yaşlanmış hiss edirsiniz?

– Hər halda o yaş da deyil, vaxt da deyil. Mən o dərəcədə öz mövqeyimə prinsipial olmuşam ki, məsələn, Heydər Əlyev zala daxil olanda mən Azərbaycan parlamentində yeganə deputat olmuşam ki, hər zaman o gələndə ayağa qalxmamışam. Etiraf edirəm ki, yaş prizmasından baxanda özümü diskomfortda hiss edirdim, açığı…

– Yəni, yaxşı bir şey də deyil…

– Bəli… Özümü diskomfortda hiss edirdim. Amma mən o zaman da öz mesajlarımı o yolla çatdırmağa çalışırdım. O vaxt Xalq Cəbhəsinin 30-40 siyasi məhbusu var idi. Həm də siyasi münasibətlərin aydın olmağını istəyirdim ki, əgər iqtidar-müxalifət münasibəti yoxdursa, müxalifətə legitim münasibət yoxdursa, müxalifətə düşmən kimi baxılırsa, mən bu hökumətə və onun başçısına da hörmət edə bilmərəm… Mən bunun açıq-aşkar nümayişini edirdim. İndi o parlamentə razılıqla buraxılanların hansı Heydər Əliyevi demirəm, onun oğlu gələndə ayağa qalxmaya bilər?

– Bilirsinizmi, nə demək istəyirəm. Siz qadağa qoymaq istədiyiniz tərs suallara daha yaxşı cavab verirsiniz. O zaman nə üçün buna getmirsiniz? Mən köğməkçiniz Faiq bəylə də danışanda hiss elədim: “Bu suallar olmasın”, “o suallar olmasın” və s. Məni də öz-özümə təəccüb bürüdü ki, Əli Kərimli necə olur ki, cavablamaqda çətinlik çəkər. Elə suallar var idi ki, ümumiyyətlə, özüm də vermək istəmirdim, amma siz o qədər yaxşı cavab verdiniz ki, məmnun qaldım.

– Əvəz bəy, qeyri-təvazökarlığa görə üzr istəyirəm. Mənim cavab verə bilməyəcəyim heç bir sual yoxdur. Həyatda da heç bir kompromatım yoxdur. Tam alnım açıq, üzüm də ağdır. Mən hər bir sualı cavablandırmağa hazıram. Sadəcə, mənim demək istədiyim odur ki…

Bəlkə də 100 dənə KİV yaradıblar, hamısının da istəyi odur ki…

– Hədəfdən yayındırmasınlar?..

– Bəli, əsas hədəfdən yayındırmasınlar. Söhbətin əvvəlində də dedim. Bəlkə də yüz dənə KİV yaradıblar. Hamısı da aybaay hökumətdən paketini alır. Hamısının da istəyi odur ki, Əli Kərimli ilə danışsınlar, onu daxili intriqalarla bağlı söhbətə çəksinlər. İlham Əliyevi, hökuməti hədəfdən yayındırsınlar, öz istədikləri istiqamətə aparsınlar – filankəs sənin haqqında bunu dedi, sən də ona cavab ver. Mən bunun əleyhinəyəm. Sizinlə söhbətimizin əvvəlində də mən bunu dedim. İndi də bunu açıq ifadə edirəm ki, bir sıra hökumətin sifarişlərini yerinə yetirən KİV-in suallarına cavab vermirəm və ona görə danışmıram. Çünki onlar məni əsas hədəfimdən yayındırmaq istəyirlər.

– Yəni deyirsiniz ki, əslində müstəqil, heç kimə işləməyən, yalnız prinsipləri ilə məşğul olan jurnalistikaya mən hər zaman hər cür cavab verməyə hazıram?

Bu müsahibəni tarixi bir gündə alırsınız

– Hər zaman hər suala açığam. Amma sizə də söhbətin əvvəlində təklif elədim ki, ümumi hədəfimizdən yayınmayaq. Baxın, siz bu müsahibəni tarixi bir gündə alırsınız. Çünki bu gün Avropa Birliyi Azərbaycanla bağlı çox mühüm bir qətnamə qəbul elədi. Hətta o səviyyədə ki, seçkilərin indiyədək saxtalaşdırıldığını nəzərə alaraq, sonuncu – 2013-cü il seçkilərinin tam saxtalaşdırılmasını nəzərə alaraq, seçkilərlə bağlı indiyə qədər verilmiş bütün tövsiyələrin ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının nəzərə alınmadığını nəzərə alaraq,  çoxsaylı siyasi məhbusların, müxalifətin təqib altında olmasını nəzərə alaraq, bu seçkilərin demokratik keçirilməyəcəyini indidən bəyan edib, Avropa ölkələrini xəbərdar etdilər ki, seçkilərdə iştirakdan imtina etsinlər.

– Çox sərt qərardır…

– Bəli, çox sərtdir… Azərbaycanla bağlı korrupsiya hallarını araşdırmağı Avropa Birliyi artıq öz icraatına götürür. Baxın görün, gündəmdə nələr var: Azərbaycanı bütün dünyada rusvay ediblər. Dünyanın ən cəsarətli araşdırmaçı jurnalistləri Azərbaycan hakimiyyətinin korrupsiya əməllərini araşdırmaqla məşğuldur. Ama burada böyük bir istək var ki, bu məsələlər Azərbaycanda gündəm olmasın. Gündəm olmasın, bəs nə olsun? Kimsə müxalifətdən Əli Kərimliyə qarşı “şok açıqlamalar” verəcək, Əli Kərimli də onların suallarına cavab verəcək və gündəm bu söhbətlərlə dolacaq.

Müxalifətin başı daxili intriqalara və dedi-qodulara qarışdırılmamalıdır

– Əli bəy, onun da cavabı olmalıdır.

– Bəlkə də suallar yığılar və ayda-ildə bir dəfə belə bir söhbət ola bilər. Bunu ona görə dedim ki, əgər bir həftə sonra siz eyni mövzu ilə bağlı mənə müraciət etsəniz, açığı, mən bununla razılaşmayacam. Çünki bu, ona xidmət eləməli deyil ki, gündəmi süni şəkildə hökumətdən yayındırasan. Bəli, burada bir balans tapmaq lazımdır. Mən onunla razılaşıram ki, cəmiyyətin müəyyən təbəqəsini haqlı-haqsız narahat edən suallar varsa, bunlar mənə ünvanlana bilməlidir. Və sizin vasitənizlə bu mənə ünvanlanacaqsa, mən buna cavab verməyə hazıram. Bundan sonra da nə suallarınız var, verərsiniz, cavablandıraram. Amma bu aparıcı xətt olmalı deyil. Müxalifətin başı daxili intriqalara və dedi-qodulara qarışdırılmamalıdır. Müxalifət öz missiyasını yerinə yetirməlidir. Mənim missiyam müxalifətçi kimi nədir? Mənim missiyam hökumətlə mübarizədir. Bu hökumətin üçüncü dərəcəli alət avsitəsilə mübarizə aparmaq mənim missiyam deyil axı…

– Təbii ki… Belə hesab edək ki, bu, həm də üç ilin yığılıb qalan müsahibəsidir. Cəbhədaxilindəki intriqalara toxunduq. Ancaq bir Əbülfəz Qurbanlı məsələsi də var ki, bu haqda tez-tez sual verirlər – görəsən, o niyə Cəbhədən getdi? Həmişə öndə olardı və mitinqlərdə aparıcılıq edərdi…

I hissənin sonu

Xural.com

11997404_939435799451428_171175066_n 11998117_939435796118095_770397504_n 11995544_939435822784759_1052951351_n 11845200_939293309465677_304625747777645163_o 11997875_939435812784760_1225729830_n 11997152_939435819451426_836021586_n 11995710_939435816118093_456315564_n 11958117_939293312799010_8487733858856377075_o 11998707_939435826118092_1078175946_n

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button