İlham Əliyevlə bağlı sual verən ictimai fəal saxlanılıb

Gəncin həbsi barədə ailəsinə məlumat verilməyib

Yayımlandı: 21 Avqust 2022 17:42

Gəncin həbsi barədə ailəsinə məlumat verilməyib

Sosial şəbəkədəki hesablarında tez-tez hökumətin fəaliyyətini tənqid edən, sonuncu dəfə avqustun 13-də “Caspian PlatForum”da ictimai müzakirə zamanı Prezident İlham Əliyevin davranışı haqda sual verən gənc fəal Maqsud Əliyev həbs olunub. Yaxınları onun məhz prezident haqda sualına görə cəzalandırıldığını düşünür.

Bu barədə Meydan TV-yə danışan ailə üzvləri bildirib ki, 1995-ci il təvəllüdlü Maqsud Əliyev avqustun 16-da həbs olunub. Lakin ailəsi bundan bir gün sonra xəbər tutub:

“Avqustun 16-da axşam saatlarında işdən çıxıb evə gələndə tutub aparıblar. Amma bizə heç bir məlumat verilməyib. Həmin gecə düşündük ki, bəlkə dostlarının yanında qalıb. Ertəsi gün də ondan heç bir xəbər tuta bilməyəndə çox nigaran qalmışdıq. Avqustun 17-də axşam saatlarında özü zəng eləyib xəbər verdi ki, Binəqədidə inzibati həbs olunanların saxlandığı təcridxanadadır”.

Maqsud Əliyevi Binəqədi rayonu, 40-cı polis bölməsinin əməkdaşları saxlayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə inzibati xəta protokolu hazırlanıb, daha sonra Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmədə onun haqqında bu maddə ilə 1 aylıq inzibati həbs qərarı verilib.

Yaxınları onu da bildirib ki, insan haqları təşkilatlarına Maqsud Əliyevin həbsi barədə məlumat verilib, vəkillə müqavilə bağlanıb: “Məhkəmədə həbs qərarı çıxarılanda ona istədiyi vəkili dəvət etmək imkanı yaradılmayıb, müdafiə hüququ pozulub. Ona vəkil tutulub artıq, hüquqlarını Nemət Kərimli müdafiə edəcək. Həbs qərarından apelyasiya şikayəti verəcək”.

Avqustun 13-də “Caspian PlatForum”da “Demokratik dəyişikliklər üçün insan resursları” mövzusunda ictimai müzakirədə Maqsud Əliyev də iştirak edib. Həmin müzakirədə məruzəçi AXCP sədri Əli Kərimli olub. Partiya sədrinə sual verənlərdən biri də Maqsud Əliyev olub.

“İlham Əliyev son dövrlər hər çıxışında bildirir ki, xarici qüvvələr belə eləyir, elə eləyir və axır zamanlar Zelenski kimi dar geyimlər geyinir, bədən fiqurasını göstərir. Sizcə, İlham Əliyev neyləmək istəyir?”, – gənc fəalın sualı belə idi.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov da Maqsud Əliyevin bu sualına görə cəzalandırıldığı qənaətindədir.

“Şübhə etmirik ki, dövlət başçısı İlham Əliyevi müqəddəs və toxunulmaz elan edən polis əməkdaşları Maqsud Əliyevi Əli Kərimliyə verdiyi suala görə cəzalandırıblar. Böyük ehtimalla, o, həm saxlanılarkən, həm də sonradan təhqir edilib, döyülüb, pis rəftara məruz qalıb. İnanıram ki, tezliklə vəkil Nemət Kərimli Maqsud Əliyevə baş çəkib, təfərrüatları öyrənə biləcək. Məsələ “Müdafiə Xətti” olaraq, nəzarətimizdədir”, – Rüfət Səfərov bildirib.

Bakı Dövlət Universitetinin fəlsəfə fakültəsinin məzunu olan 27 yaşlı Maqsud Əliyev Bərdə rayonunun Alpoud kəndindəndir. O, ixtisasına uyğun iş tapa bilmədiyinə görə Bakıda fəhlə kimi günü 10-15 manata işləyirdi.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button