İlham Əliyevlə Nikol Paşinyan iki saat təkbətək nə danışıblar…

Ötən gün Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəhayət ilk rəsmi danışıqlar baş tutub. Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin də iştirak etdiyi bu danışıqlar 3 saatdan çox çəkib. Bunun 2 saatı İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş olub.

Virtualaz.org xəbər verir ki, “Azadlıq” radiosunun “Exo Kavkaza” proqramı bu danışıqlar barədə Qarabağ üzrə britaniyalı ekspert Tomas de Vaalla müsahibəni yayıb. Həmin müsahibəni ixtisarla təqdim edirik:

Aparıcı Vadim Dubnov: Tomas, iki saat təkbətək bu ciddi məsələləri müzakirə etmək üçün kifayət qədər uzun vaxtdır. Siz necə düşünürsünüz, bütün bu vaxt ərzində Paşinyan və Əliyev nədən danışa bilərdilər?

Tomas de Vaal: Əlbəttə, iki-üç saat kifayət qədər uzun vaxtdır, amma Qarabağ münaqişəsinə dair bütün mühüm məsələləri müzakirə etmək üçün saatlar yox, günlər lazımdır. Xüsusən də bu Paşinyanla Əliyevin birinci rəsmi görüşüdürsə. Qeyri-rəsmi formatda onlar artıq görüşüblər, Düşənbədə və Davosda, amma indiyə qədər belə ciddi görüşməmişdilər. Onlar tanış olmalıdır, hər iki ölkənin məsələyə dair daxili mövqeyini anlamalıdır. Yekunda əlbəttə, iki-üç saat yaxşıdır, amma mənim fikrimcə daha çox vaxta ehtiyac var.

Vadim Dubnov: Tom, necə düşünürsünüz, onlar sadəcə olaraq Dağlıq Qarabağ, erməni-azərbaycanlı münaqişəsinin bütün qaynar məsələlərini inventarizə ediblər, yoxsa hansısa prinsipial məsələlər üzərində dayanıblar, o cümlədən Paşinyanın Vyanaya yollanmazdan əvvəl dediyi kimi Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması haqda danışıblar?

Tomas de Vaal: Bu, artıq mühüm məsələ olub. Paşinyan formatın dəyişdirilməsində israr edir, bildirir ki, proses genişlənməli və Qarabağ erməniləri də ora qoşulmalıdır. Bakı prinsipial şəkildə buna qarşıdır. Lakin qeyd etmək lazımdır ki, Qarabağ erməniləri əvvəllər, 90-cı illərin əvvəllərində danışıqlarda iştirak edib. İndiki format, hansı ki, bütün məsələlər Ermənistan və Azərbaycan liderləri tərəfindən həll olunur, artıq 20 ildir mövcuddur. Mənim fikrimcə formatı genişləndirmək olar, amma şübhəsiz ki, Azərbaycan onda Qarabağın azərbaycanlı icmasının iştirakında israr edəcək. Və bu çox uzun məsələdir. Prinsipcə mən düşünürəm ki, indiki tet-a-tet formatı münaqişənin həlli deyil, münaqişənin həllinə daha strukturlaşmış, kompleks yanaşma tətbiq edilməlidir, nəinki liderlərin müntəzəm görüşləri ilə kifayətlənmək.

Vadim Dubnov: Yeri gəlmişkən, Paşinyan nə dərəcədə özünün daxili siyasi situasiyasının girovudur?

Tomas de Vaal: Düşünürəm ki, Paşinyan tələsmir, onun üçün başlıcası daxili siyasi situasiyadır: hakimiyyətini möhkəmləndirmək, daxili islahatlar. Üstəgəl Qarabağın özündə köhnə rejim oturub – onlar Serj Sərkisyana və əvvəlki hakimiyyətə yaxın adamlardır. Bu isə o deməkdir ki, həmin adamları Qarabağ məsələsində nəyisə dəyişdirməyə inandırmaq çətindir. O, tələsmir, amma o həm də başa düşür ki, müəyyən isinmə var, hərbi situasiya kifayət qədər sakitdir və nəsə etmək barədə səmiyyətini sübut etməlidir. Amma o məhz nə edə bilər – bu böyük sualdır.

Vadim Dubnov: Mən başqa sual edim: Paşinyanla bəzi məsələlərdə anlaşmaq Sərkisyandan daha çətindir? Bir tərəfdən bəli, impuls var və Bakıda Ermənistandakı inqilaba hətta müəyyən entuziazmla yanaşdılar. Amma digər tərəfdən hazırda Bakıda Paşinyandan müəyyən məyusluq müşahidə edilir, əgər bu termin yerinə düşürsə. Paşinyan bu gözləntilər və Ermənistanda istənilən vaxt baş qaldıra biləcək revanş təhlükəsi qarşısında nə edə bilər?

Tomas de Vaal: Bəli, doğrudan da belədir, mən düşünürəm ki, bəzi məqamlarda Bakı üçün Paşinyanla dil tapmaq çətin olacaq. Birincisi, o həmişə deyir ki, məsələni təkcə həll etmir, Ermənistan üstəgəl Qarabağ həll edir. Deməli, o Sərkisyan kimi radikal mövqeni bölüşmür. Sərkisyan iddia edirdi ki, məhz o qərar verə bilərdi. Bu bir məsələ. Digər tərəfdən, Paşinyan Qarabağdan deyil, bu da şübhəsiz ki, problem yaradır. Azərbaycanda belə qəbul olunub ki, Ermənistan və Dağlıq Qarabağ, bunlar eyni mövqedədir, amma şübhə yoxdur ki, onların fərqli mövqeləri də var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button