İlham Əliyev Arif Hacılını ikinci dəfə məhbəsə göndərdi

Vicdan məhbuslarına 2 il 6 ay həbs cəzası verildi

 Dünən Səbail Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel tarixli mitinqində həbs edilən vicdan məhbusları – Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Məhkəmə binası səhər saatlarından etibarən ciddi polis nəzarətinə götürülmüşdü. Məhkəmədə Müsavat Partiyasının Başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Naxçıvan Muxtar Respublikasında Demokratiyaya Dəstək və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova,  Həkimeldostu Mehdiyev, Elman Abbasov, İctimai Palatanın üzvləri və müxalifət fəalları iştirak edirdi.  

 “Cinayətim “Azadlıq”, “İstefa” deməyimdir”

 Hakim Famil Nəsibovun sədrliyi ilə keçən məhkəmə iclasında M.Məcidli son sözlə çıxış etdi. O, üzərlərində qurulmuş məhkəməni siyasi sifariş adlandıraraq, mübarizəsini həbsdə olsa belə davam etdirəcəyini bəyan etdi: “Azərbaycanı sevirsinizsə, Azərbaycanın inkişafını, yaxşılığını istəyirsinizsə, doğru bildiyiniz qərarı qəbul edin. Mən Sizin yerinizə olsaydım, özüm həbsə gedərdim, amma buradakıları azadlığa buraxardım”.

M.Məcidli həbsinin səbəbləri barəsində bunları dedi: “Cinayətim “Azadlıq”, “İstefa” deməyimdir. Qollarıma qandal vursalar da, sizlər kimi kölə deyiləm. Ummuram ki, hakim bizi həbsdən azad edəcək. Bütün dünya bilir ki, Azərbaycanda məhkəmələr siyasi sifarişlə işləyir. 3 oktyabr 1993-cü ildən üzübəri vətəndaşlarımıza verilən bütün hüquqlar tapdalanmaqdadır, bu hüquqlar uğrunda mübarizə aparan insanlar təqib və təzyiq altındadırlar”.

 

“Siz 1969-cu ildən sifarişli, yarınma üçün edilən alqışlara öyrəncəlisiniz”

 

Məhəmməd Məcidlinin bu fikrinə dərhal hakimdən reaksiya gəldi, o son sözü mahiyyət üzrə davam etməyi tələb etdi. Məcidlinin çıxışı boyunca belə hallar yaşandı, o, hər dəfə Əliyev soyadını səsləndirəndə hakim xəbərdarlıq edirdi. Məcidli isə bu xəbərdarlığın hüquqi əsasının olmadığını, yalnız “yuxarılara” hakimin izahat verməsi üçün atdığı addımlar olduğunu dedi.

“Bizim hökmümüz bu gün verilməyəcək, bu məhkəmə başlayandan, avqust ayından onu yazıb sizə veriblər. Ona görə sizdən heç bir ədalət ummuram, lakin prosessual qayda olduğundan 2 apreldə həbs olunan yoldaşlarımıza bəraət tələb edirəm”. Məcidli həbsinin motivinin siyasi olduğunu bildirdi. “Azadlıq”, “ İstefa” şüarları səsləndirdiyinə görə cəzalandırıldığını, lakin qolları qandallansa da köləyə dönməyəcəyini bəyan etdi.

M.Məcidli Azərbaycan hakimiyyətinin Rəsulzadənin ucaltdığı bayrağın altında fəaliyyət göstərsə də, AXC qurucusunu unutdurmaq istədiyini bildirdi: “Azərbaycan adı gələndə qəzəblənən, Azərbaycan adına görə çalınan alqışları dayandıran şəxs paradoksa bax ki, bir azdan bizə Azərbaycan dövləti adından hökm oxuyacaq. Lakin bu hökm daha çox Ermənistan dövlətinin maraqlarına uyğun gələcək.  Boğduğunuz o alqışlar xalqın içindən gələn alqışlar idi, siz isə 1969-cu ildən sifarişli, yarınma üçün edilən alqışlara öyrəncəlisiniz”.

 “Avtobusda sifətimə qaz sıxdılar”

 2 aprel aksiyası barədə Məcidlinin fikirləri belə oldu: o dedi ki, həmin gün Azərbaycan xalqının mübarizə tarixinə önəmli bir gün kimi düşəcək. Həmin gün İP tərəfdarları nəinki cinayət, heç inzibati xəta da törətməyiblər. İp-in çağırışı ilə insanlar Konstitusiyanın verdiyi imkanlar istifadə edərək meydanlara çıxıb. Bu zaman isə “ərəb baharı”nın təkrarlanacağından ehtiyatlanan hakimiyyət özü cinayətə əl atıb. Öyrədilmiş təxribatçılarla bəzi mülkiyyətlərə ziyan vurulub, polislər qeyri-adekvat şəkildə onu və aksiyaçıları vəhşicəsinə döyüb işgəncə verib.

Öz saxlanması barədə o bildirdi ki, polislər tutulanlara təpik, yumruq vururdular: “6-7 polis nəfəri üstümə hücum çəkdi, qeyri-insani, sifətimə ağzıma yumruqla vurdular. Məni gətirib avtobusa mindirdilər. Avtobusda sifətimə qaz sıxdılar. Qazın iyindən avtobusda boğuldum. Bu zaman avtobusun şüşəsinin sınmasını gördüm. Həmin şüşəni polislərin qırmasına şübhə etmirəm”.

 

“Korrupsiya piramidasının başında  İlham Əliyev durur”

 

Azərbaycanda ziyalılar adına layiq həyat tərzi keçirmir. Rüşvətlə təhsilə zərbə vururlar, bu zərbəni sonda millət dadır. Mən həbs olunana qədər məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayırdım. İldə dörd dəfə bu qəsəbənin yolları, su xətləri guya yenilənir. Belə adlarla pullar mənimsənilir. Bu faktı Əli Həsənov Enn Dersi ilə söhbətində etiraf etmişdi. Korrupsiya piramidasının başında isə İlham Əliyev və onun ailəsi durur. Bu gün Əbülfəz Elçibəyə kinayə ilə yanaşan hakimiyyət rəhbərinin məktəbli oğlunun adına Dubayda milyonlarla dəyəri olan villaları var. Əbülfəz Elçibəy isə vəfat edəndə onun bəzi yerlərə borcunun qaldığı barədə söhbətlər yayılmışdı”.

 

“Diktatorlarla müqayisədə Əliyevlər uduzur”

 

Tarixdəki qəddar tiranların da rəqiblərə yanaşmada bəzi humanistlik elementləri göstərdiyini Məcidli faktlarla sadaladı. Buna misal kimi, o, makedoniyalı İsgəndərin Daranın ailəsinə, Stalinin M.Ə.Rəsulzadəyə,  Mircəfər Bağırovun Üzeyir Hacıbəyliyə olan münasibətlərindən söz açdı və dedi ki, analoji hərəkət nə Heydər Əliyevdə, nə də oğlunda olub: “Əvvəl bəhanə edirdilər ki, guya M.Ə.Rəsulzadəyə heykəl qoymağa pulları yoxdur.  “Analoqsuz inkişaf” pul gətirəndə isə Rəsulzadə unuduldu, əvəzində Heydər Əliyevin heykəlləri, bütləri hər yeri bürüdü. BDU-nun girişində üzərinə “burada Rəsulzadəyə abidə qoyulacaq” yazılan bir postament var. Həmişə onu toz-torpaq içində gördüm. Cibimin dəsmalını çıxarıb o daşı sildiklərim az olmayıb. Bu, Məhəmməd Əminə verilən qiymət deyil, hakimiyyətin özünə verdiyi mənfi qiymətdir”.

 “Kitabxana üzü görməyənlər alim olub”

 Tarixçi-tədqiqatçı kimi 3 il arxivlərdə vaxt keçirdiyini, lakin hələ də müdafiə üçün ona imkan verilməməsini də Məhəmməd Məcidli hakimiyyətin elmə dırnaqarası münasibəti və korrupsiya faktı kimi dəyərləndirdi: “Bu 3 ildə nəinki arxiv, heç kitabxana üzü görməyənlər alim olub, mənə isə imkan verlmir. Niyə? Çünki mən rüşvət vermirəm, özümü kiməsə tapşırtmağı qüruruma yaraşdırmıram. Mənim tədqiqat mövzun ərəb ölkələri ilə Azərbaycan arasındakı münasibətlər idi. Bu mövzunu tədqiq edərkən öyrəndim ki, Azərbaycandan Dubaya gedən qadınlara say məhdudiyyəti qoyulub, xəcalət çəkdim. Bu, millətimizə, mənəviyyatımıza qarşı aparılan savaşın nəticəsidir”.

M.Məcidli cıxışını M.Ə.Rəsulzadənin 1938-ci ildə Türkiyədə Azərbaycan Respublikasnın qurulmasının 20 illiyinə həsr olunmuş tədbirdə dediyi sözlərlə yekunlaşdırmaq istədiyini bildirdi: “M.Ə.Rəsulzadə həmin tədbirə qatılanda Azərbaycanın himni çalınıb və o dizini yerə qoyaraq Azərbaycan bayrağını öpərək “Bir kərə yüksələn bayraq bir daha enməz” deyib. Bu gün bayrağımız altında oturub Azərbaycan xalqının başına min bir müsibətlər gətirən korrupsioner, rüşvətxor məmurlar var. Gəlin yığışıb bayrağımızı bu adamlardan xilas edək”.

M.Məcidlinin son sözü zaldakıların alqışları ilə yekunlaşdı.

M.Məcidlinin çıxışından sonra hakim əvvəlcədən hazırlanan hökmü götürmək üçün fasilə elan etdi.

 

Arif Hacılı ikinci dəfə 3 oktyabr tarixində məhkum edildi

 

Fasilədən sonra hakim hökmü elan etdi. Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli 2 il altı ay müddətinə azadlıqdan məhrum edildilər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə 1 il müddətinə şərti azadlıqdan məhrum edildi. Hakim hökmü elan etdikdən dərhal sonra qaçaraq iclas zalını tərk etdi.

Vicdan məhbusları və məhkəmə iştirakçıları Azərbaycan himnini ifa etdilər. Daha sonra “Azadlıq!”, “İlham, istefa!” və “İstefa!” şüarları səsləndirildi.

Qeyd edək ki, A.Hacılı İlham Əliyev hakimiyyəti dövründə iki dəfə məhkum edilən yeganə siyasi xadimdir. O, 2003-cü il prezident seçkiləri zamanı da həbs edilmişdi. “16 oktyabr” hadisəsinin məhkəmə prosesi bir il davam etmişdi. 3 oktyabr 2004-cü il tarixində yekunlaşan məhkəmədə A.Hacılı 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 Məhkəmə binası önündə aksiya

 Məhkəmə binası önünə toplaşan müxalifət fəallarının “İlham, istefa!” şüarları səsləndirməsi polisin narahatlığına səbəb oldu. Polis müxalifət tərəfdarlarının mərkəzi yola çıxmasının qarşısını aldı. Daha sonra müxalifət tərəfdarları Bakının mərkəzinə doğru “İlham, istefa!” şüarları səsləndirərək yürüşə başladı. Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişovun göstərişindən sonra polislər müxalifətçilərə hücum etdi. Polislər aksiya iştirakçılarını əlləri ilə itələyir, onları provokasiyaya çəkməyə cəhd edirdilər. Bir neçə dəfə polislə aksiya iştirakçıları arasında qarşıdurma yarandı.

 Əfqan Muxtarlı

 

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button