İlham Əliyev: “Bu seçkilərdə nə saxtakarlıq olub, nə də nəticələri şübhə altına alan hər hansı pozuntu…”

Xəbər verildiyi kimi ötən gün prezidnt İlham Əliyev Kürdəmir rayonuna səfəri zamanı ASAN Xidmət mərkəzinin də açılışında iştirak edib. Prezident könüllü gənclər qarşısında çıxışı zamanı Azərbaycanda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri barədə də danışıb. İlham Əliyev deyib ki, bu seçkilərdə saxtakarlıq və nəticələri şübhə alan hər hansı pozuntular olmayıb.

Sitat:

-Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meylləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni, bu, hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu.

Müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu, bir çox ölkələr üçün nümunə ola bilər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, – hansı ki, bizə həmişə qərəzli yanaşır, – hesabatı da hesab edirəm ki, tarazlı idi, əvvəlki dövrlərə nisbətən daha obyektiv idi. Əlbəttə ki, bəzi məsələlərlə biz razılaşa bilmərik. Amma məruzənin ümumi nəticəsi, hesab edirəm ki, obyektivliyə daha yaxın idi. Biz də bəyan etmişik ki, mövcud olan pozuntular ciddi araşdırılacaq, pozuntulara yol vermiş şəxslər cəzalandırılacaq və bundan sonra da biz bütün beynəlxalq təşkilatlarla bu istiqamətdə fəaliyyətimizi və əməkdaşlığımızı davam etdirəcəyik.

Bu dəfə 1300-dən çox namizəd olub. Bu, rekord göstəricidir. Bu, onu göstərir ki, seçkilər rəqabət şəraitində keçib. Əgər bir dairədən orta hesabla on nəfər iştirak edirsə, bu, rəqabət deyilmi? Ona görə o yekun məruzədə yazılmışdı ki, rəqabət olmayıb. Bəs, onda rəqabət nədir? Hər bir namizəd öz dairəsində açıq görüşlər keçirirdi, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi. Bəs, onda açıq rəqabət nədir? Nəyə görə həmişə bizə qarşı “sərbəst toplaşmaq azadlığı təmin olunmayıb” ifadəsini işlədirlər, yalandır, olunub. Çünki indi hər kəs sərbəst toplaşmaq haqqını müvafiq yerlərdə icra edə bilər, amma qanun çərçivəsində. Necə ki, başqa ölkələrdə.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button