İlham Əliyev İrəvan və Zəngəzurdan danışdı…

“Bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaradıblar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi demək olar bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb”.

Bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının iclasında deyib. “Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi”, – deyən dövlət başçısının sözlərinə görə, Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilib: “Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu. Bu, bütün türk dünyasını parçaladı. Bu gün türk dünyası coğrafi baxımdan parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi təşəbbüslərlə, türkdilli dövlətlərin zirvə görüşlərinin keçirilməsi ilə, – mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm, – çalışırıq və çalışacağıq ki, bütün türk dünyasını birləşdirək, siyasi maraqları birləşdirək, iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq aparılsın. Ancaq coğrafi cəhətdən bu gün türk dünyası parçalanıb. Yəni, bütün bu tarixi həqiqətlər işıq üzü görməlidir. Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır”.

Prezident bildirib ki, indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir: “Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıb. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilib. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button